Bu həftə "Güzgüdəkilər" layihəsinin qonağı yazar Kənan
Hacıdır. Görək bu yazarımız güzgüyə hayandan baxıb? Güzgüdəki onu
necə görüb, o, güzgüdəkini necə? Qeyd edək ki, Kənan Hacı özü ilə
doğum günü ərəfəsində danışıb və bir çox şeyləri ilk dəfə səmimi
etiraf edib.
Ölməmək üçün "tolküçka"da araba sürən yazar
İndi hərə taleyin əlindən bir ümid çəkib
qoparır
- Bu yaşında özünü necə hiss
edirsən?
- Yatsam yuxuma da girməzdi ki, bu qədər uzun ömür yaşayaram.
Mən heç vaxt qocalığımı təsəvvür edə bilməmişəm, elə indi də...
Gənclərlə ünsiyyət zamanı onların münasibəti mənə bir qədər qəribə
gəlir. Müəyyən distansiya saxlayırlar, bu da hər dəfə mənə yaşımı
xatırladır. Amma inan ki, içimdəki uşaq səmimiyyəti indi də qalır.
İçimdəki sevgi bir az da artıb. Həmişə insanları sevmişəm və bu
sevgi məni həmişə xoşbəxt edib. Evsiz-eşiksiz, ac-susuz, küçədə
gecələdiyim vaxtlarda da mən içimdəki sevgiyə sığınmışam və o
sevgini qorumuşam. Əks halda indi biz belə oturub söhbət edə
bilməzdik. Bu mənada özümü yaxşı hiss edirəm.
- Həyatından razısan?
- Həyatla amansız döyüşdən sağ çıxdım. Həyatım taleyin qəsdindən
yarımcan çıxdı, şeirlərimdəki üsyan da taleyin mənə qarşı
amansızlığından doğur. Fatalist deyiləm, amma tale deyilən bir şeyə
həmişə inanmışam və müəyyən mənada taleyimi redaktə edə bilmişəm.
İndi hərə taleyin əlindən bir ümid çəkib qoparır. Mən də taleyimlə
çox savaşmışam. İnadımla onun yönünü dəyişmişəm, tale məni çox pis
yerlərə aparıb çıxara bilərdi. Kimsəsiz, arxasız, pulsuz-parasız
bir oğlan idim. Sığınmağa bir komam belə yox idi. Acından ölməmək
üçün "tolküçka"da araba sürmüşəm, günlərlə vağzalda gecələmişəm,
ilk dəfədir ki, bunu etiraf edirəm. Heç utanmıram da... Amma
inanırdım ki, nə vaxtsa mütləq özümü təsdiq edəcəm. Həyat qəsdimə
durmuşdu, mən məğlub olmadım.
Kəndir tapırdım, başım əlimə keçmirdi
- Yenə nədənsə narazısan?
- Həyatla qovğam bitməyib axı. Yəqin elə ölənəcən də belə
olacaq.
- Bəs indi nə istəyirsən həyatdan?
- Həyat axıb gedir, özü ilə nələrisə aparır, nələrisə gətirir.
Hisslər, duyğular təzələnir. İstəklər də bir-birini əvəz edir. Elə
vaxt olur ki, duyğular adamın əl-ayağına dolaşır. Ürəyimdə ölən
arzular da az olmayıb. Bu ölən arzuların acığını özümdən çıxmışam,
özümə divan tutmuşam, bəzən doğmalarıma qarşı həddən artıq amansız
olmağım da bundan irəli gəlir. İyirmi yaşımda istəyirdim ki, evim,
pulum, maşınım olsun, otuz yaşıma çatanda evimi də, maşınımı da
satdım, artıq əlimdə heç nə qalmadı, bircə qələmim vardı, o da
çörək ağacı idi. Həyata yenidən başlamaq lazım gəlirdi. Özümdə güc
tapa bilmirdim, dəniz kənarında bir uçuq daxmada qalırdım, hər gün
gecədən xeyli keçmiş o uçuq daxmaya sərxoş vəziyyətdə gəlirdim.
Özümü asmaq istəyirdim, kəndir tapırdım, başım əlimə keçmirdi. Amma
içimdə o dediyim mübarizə gedirdi. O vaxtlar həyatdan vur-tut bir
qadın istəyirdim ki, bütün ağrılarıma məlhəm olsun. Çox qadınlar
oldu, o ağrının yerini tapa bilmədilər. Görünür, o ağrının yerini
həyatda yalnız bir qadın tapa bilir. İndi mən o qadına ancaq
şeirlər yazıram, ancaq onu xoşbəxt edə bilmirəm. Sevgi hissdən
əmələ keçə bilməyəndə faciə başlanır.
...əvvəl sevgi doğulur,
sonra uşaq,
bəlkə o uşağı sən doğacaqsan,
zaman bətnində yubanır bəlkə?!..
Həyatdan son istəyim budur. Bu istəyimə də yetsəm, bütün
yazdıqlarımın üstündən xətt çəkərəm. İnan mənə...
Söz ömrümü un kimi ələdi
- Axı yazdıqların da sənin balalarındı, onlardan
necə imtina etmək olar?
- Yazdığın ən yaxşı şeir belə canından qopan bir körpənin
qığıltısına dəyməz!
- Ədəbiyyat səni niyə bezdirir?
- Çünki ədəbiyyat xilas etmir. Ədəbiyyat sadəcə, həyat adlı
labirintdən baş çıxarmağa bir az kömək edir. Bir vaxt düşünürdüm
ki, ədəbiyyat mənim xilasımdı, amma zaman keçdi, gördüm ki, söz
ömrümü un kimi ələdi. O vaxtdan sözdən qaçıram, amma yenə gəlib
durduğum yerə çıxıram. Ömür bu dairənin içində keçir. Ədəbiyyat
həyatdakı uğursuzluqlarımızın müəyyən mənada əvəzini ödəyir. Buna
görə biz yazanda xoşbəxt oluruq. Yazı bitəndən sonra qatı bir kədər
yenə boğazımıza çökür. Baxmayaraq ki, yazmaq yaşamaqdan çox asandı,
amma yenə yaşamaq istəyirsən. Mən yavaş-yavaş bununla barışıram.
Ola bilsin ki, nə vaxtsa yazmağa bir dəfəlik son qoydum. Bu, hər
vaxt ola bilər.
Saatımı tənhalığa qururam
- Sən həmişə qeyri-sabit həyat tərzi keçirmisən.
Niyə axı?...
- Sabitlik xarakterimə yaddır. Mənim həyatım rejimsizliyin ən
bariz nümunəsidir. Son vaxtlar bir az ağıllanmağa cəhd edirəm, amma
alınmır. Mən istədiyim vaxt istənilən addımı ata bilərəm. Elə vaxt
olub ki, iş vaxtı qəfildən çıxıb getmişəm, heç kəslə sağollaşmadan.
Görmüşəm ki, boğuluram, havam çatmır, getmək lazımdır. Ən doğma
adamımdan da qəfil üz döndərə bilərəm, heç bir səbəb olmadan. Çox
tez yorulan adamam, eyni mühitdə çox qala bilmirəm, adamlar mənə
darıxdırıcı gəlir. Tez öz tənhalığıma qaçıram, saatımı tənhalığa
qururam. Bir də ki, ömür azaldıqca tənhalıq qatılaşır. Tənhalıq
bəzən adamı fiziki ağrı kimi incidir. Görünür, bu mənim
xarakterimdə nöqsanlı cəhətdi, bunu mən heç cür izah edə bilmirəm.
Bəzən adamlar inciyir, küsür. Amma mən o adamlara vəziyyəti izah
edə bilmirəm. Daxilimdəkiləri anlada bilmirəm. Bilirsən, insan öz
bədbəxtliyi ilə məzələnəndə ona dəli kimi baxırlar.
- Deyirlər ədəbiyyatda iddiasız adamsan. Axı yazıçı
həm də iddialı olmalıdır.
- Mən heç vaxt yazdıqlarıma görə kimdənsə nəsə ummamışam.
Sakitcə oturub yazılarımı yazmışam. Kimin buna necə qiymət
verəcəyi, qəbul edib-etməyəcəyi məni zərrə qədər maraqlandırmır.
Daxilimdən nə gəlibsə, onu yazmışam, nəyi bacarmışamsa, onu
yazmışam. Qalanı mənlik deyil. Şairə yön verən onun daxili
stixiyasıdır. Heç bir tənqidçi şairi tərbiyələndirə bilməz.
- Yazmaq istədiklərini yaza
bilmisən?
- Yox. Bu, bəzən mənə dəhşətli dərəcədə əzab verir. Amma
düşünürəm ki, nə vaxtsa bütün qayğılardan azad olub bir kənara
çəkiləcəm və indi üzərində işlədiyim romanı yazıb bitirəcəm. Ondan
sonra yazmasam da olar.
Vaxta da soyuq çöküb, o da adamı üşüdür
- İndiyə qədər yazdıqların içərisində ürəyincə olan
əsərlər varmı?
- Bəzi şeirlərimi və 5-6 hekayəmi çox bəyənirəm. Məncə, "Yağ
kimi" də pis alınmayıb. O əsər 10-15 il bundan əvvəlki yiyəsiz
ədəbi mühiti tam mənada əks etdirir. Məzəli üslubda yazılsa da,
əslində o əsərdə bir insanın faciəsi var. O əsərdən çox arxayınam.
"Rəqqasə" povestim də pis alınmayıb. Onu da bu yaxınlarda çap
etdirəcəyəm. "Yaddaş kartı" xatirələrdən ibarət bir kitabdır, tam
mənada məni razı salmadı, çünki o əsərə lazımi diqqəti ayıra
bilmədim. Güzəran, qayğılar imkan vermədi. Dolanışıq üçün məcburən
yazdığım cari yazılar vaxtımı və enerjimi aldı. Tərcümə və redaktə
işləri də mənim bu əsəri ürəyim istədiyi kimi yazmağıma mane oldu.
Düşünəndə ki, ədəbiyyat heç bir qazanc gətirmir, əlim iş-gücdən
soyuyur.
- Vaxt səni sıxır deyəsən.
- Elə bil vaxta da soyuq çöküb, o da adamı üşüdür.
Bir qadının ümidini öldürməkdən qorxuram
- Məğlubiyyətdən qorxursan?
- Dünyada taleyə, arzulara, ümidə, bir də bir gözəl qadına
uduzmaq daha gözəldi.
- Ölümdən qorxursan?
- Ölüm həyatı ağırlaşdırmır, yüngülləşdirir. Bu halda niyə
qorxmalıyam ki? Hər gün ölüb-dirilirəm, ölüm də belə zarafatı
xoşlamır. Görək axırı nə olur...
- Bəs nədən qorxursan?
- Bir qadının ümidini öldürməkdən...
- Bundan sonra özünə nə
arzulayırsan?
- Çox yorulmuşam, dincəlmək istəyirəm. Qəribədir, hə? Bu yaşda
yorulmaq... Bayaqdan o mənfur həyatdan danışırıq, məni həyat yordu.
"Hər şey yaxşıdır" deyənlərə çox inanma, bu sözün arxasında mütləq
bir ağrı var.
- Yəqin ki, bu, bizim son söhbətimiz
olmayacaq.
- Təki sən deyən olsun... Fürsət olsa, yenə görüşərik.