Yağmurun qonaqları rubrikasının budəfəki qonağı BDU-nun
"Televiziya və radio jurnalistikası" kafedrasının professoru və
Xəzər TV-nin məsləhətçisi Qulu Məhərrəmlidir. Yəqin gözləyirsiniz
ki, Qulu Məhərrəmli mütləq Azərbaycan telekanallarının
problemlərindən danışacaq. Amma biz bu dəfə söhbəti bir az fərqli
istiqamətdə apardıq.
Xəyallarımdakı adam olmasam da...
- Qulu müəllim, adətən insanlar haqqında danışanda
onları bir neçə cümləyə sığışdırmağa çalışırıq. Özümüz haqqında
danışanda da böyük və mənalı cümlələr qurmağa çəkinirik, çünki ayıb
olduğunu düşünürük. İndi gəlin, bu kompleksi bir kənara qoyaq...
Özünüzdən başlayaq. İstədiyiniz insan kimi formalaşa bildinizmi? Bu
gün bir zamanlar xəyalını qurduğunuz
insansınızmı?
- İnsanın xəyalında arzuladığı kimi olması çətin məsələdir,
çünki xəyal həmişə düzxətlidir, romantikası çoxdur, gerçəkləri,
xüsusən maneələri nəzərə almır. Həyatın isə öz sərt qaydaları,
xeyli keçilməz dönüşləri var. Həmin dönüşlərdə insanın məzmunu,
xarakteri və əxlaqı formalaşır. Bu baxımdan mən yüz faiz
xəyallarımdakı adam olmasam da, mahiyyətcə ona çox yaxınam.
- Dünya, həyat sizi çoxmu dəyişdi, yoxsa siz heç
dəyişmədiniz, insanların dəyişmək kimi dəyərləndirdikləri, əslində,
sizin özünüzə dönməniz olub?
- Dəyişmək deyəndə kimin nəyi nəzərdə tutması önəmlidir. Sən
cəmiyyətdə yaşayırsansa, görüb-duyub qavrayırsansa, deməli, daim
dəyişmə halındasan. Bu hal daimi hərəkəti, yeniliyi duymağı,
ətrafındakı dəyişmələrə reaksiya verməyi tələb edir. Dəmir
işlədilməyəndə paslandığı, su durğun qalanda xarab olduğu kimi,
cəmiyyət və insan da sükunətdə qalanda çürüyür. Bu, dəyişmənin
zahiri tərəflərinə subyektiv baxışdır. Bir də var mahiyyətlə bağlı
dəyişiklik ki, o baxımdan mənim həyat prinsiplərim dəyişməyib.
Harada çalışmağımdan asılı olmayaraq, mən həmişə daxili
azadlığımla peşə borcum arasındakı harmoniyanı qoruyub saxlamağa
çalışmışam. Düzdür, bəzən kiçik güzəştlərə də getmişəm ki, insanın
mahiyyətini dəyişən böyük güzəştlərə getməyim. Yəni həmişə öz
prinsiplərimə sadiq qalmağa çalışmışam. Uzun illər işlədiyim
AzTV-də də, bir vaxtlar üzv olduğum Mətbuat Şurasında da, Xəzər
TV-də də, indi dərs dediyim BDU-da da belə olub. İnsana ictimai
mahiyyət verən onun ləyaqəti, ədalət duyğusu, azadlıq və həqiqət
hissidir. Məncə, bunları itirəndə insanın məzmunu da itmiş və ya
dəyişmiş olur.
Vicdanlı adamlar azalıb
- Bu gün ölkədə hamı nədənsə narazıdır, sizcə, bu
insan xarakterindən irəli gəlir, yoxsa narazı olmaq üçün əsaslar
var?
- Burada hər iki məqam var. Narazılıq daha çox ondan irəli gəlir
ki, insan təbiəti etibarilə konkret nə istədiyini bilmir, amma
həmişə mövcud vəziyyətin dəyişməsini arzulayır. Psixoloji olaraq,
ona elə gəlir ki, bu dəyişmə qayğılarını azaldacaq, həyatını
yüngülləşdirəcək. Konkret bizim ölkəyə gəldikdə, hesab edirəm ki,
adamların narazılığı üçün ciddi əsaslar var: ədaətsizliyin miqyası
böyüyüb, yerində olmayan məmurların sayı artıb, onların nəfsi
itiləşib, təbii ki, rüşvət və korrupsiya da genişlənib. Digər
tərəfdən vicdanlı adamlar azalıb, bəlkə bütün bunlara görədir ki,
cəmiyyətdə ümidsizlik artıb.
İndi sanki vəhşi instinktlər işə düşüb
- Baş verənlər zəmanədəndir, yoxsa elə dünya, həyat
belə olmalıdır? Ya bəlkə bizim başqa təcrübəmiz yoxdur, ona görə
düşünürük ki, dünya elə belə olmalıdır, ədalətsiz,
haqsız...
- Təbii ki, zəmanə də, dəyərlərin dayanıqlı olmaması da,
susqunluğa meyillilik və mentalitet də bu məsələdə müəyyən rol
oynayır. Amma məncə, burada çox şey insan xisləti ilə bağlıdır.
İndi sanki vəhşi instinktlər işə düşüb, tamah artıb, adamların
bir-birinə sevgisi azalıb, şəfqət hissi itib. Halbuki Allah
insanları bir-birinə kömək üçün yaradıb, bir anlığa insanın
quruluşuna baxın, təbiətən hər şey harmoniyadadır: iki əl
bir-birinə kömək üçündür, ayaqlar da bir-birinə dayaq verir, alt
çənə üst çənə ilə birlikdədir. Amma cəmiyyətdə, insan
münasibətlərində, ictimai ünsiyyətdə bunlar pozulub. Bizi fəlakətə
aparan bir səbəb də budur.
...Don Kixotu yada salırıq
- Ədalətsizliyə qarşı dayanmaq indi sizə Don
Kixotluq kimi görünmür ki?
- Baxır bu dayanışı kim necə qiymətləndirir. Əslində, bütün
dünya tarixi ədalətsizliyə, ictimai haqsızlığa qarşı mübarizə
tarixidir. Hələ uşaqlıqdan insanın içində ədalətsizliyə qarşı bir
od olur. Mütilik üstün gəlməsə, bu odu qoruyub saxlayanlar yaxşı
vətəndaşa çevrilə bilir. Ölkə konstitusiyası ədalətsizliyə qarşı
durmaq üçün böyük hüquqlar verir, Quran da haqsızlıq və
ədalətsizlik önündə susmamağı tövsiyyə edir. Bəs onda biz niyə belə
ümidsiz danışırıq? Burda bir psixoloji məqam da ondan ibarətdir ki,
hamı ədalətsizliyə qarşı dayanmağı özünün yox, başqalarının borcu
hesab edir. Ona görə də kimlərinsə ədalət hayqırtıları ətrafda
əks-səda verməyəndə biz Don Kixotu yada salırıq. Sizə deyim ki, bu
davranışın bir səbəbi də səssizliyə əbədi bəraət qazandıran bir
sevimli milli cümləmizdə gizlənib... "Əşi, bunlar mənə qalmayıb
ki..."
Xalqı şərəfləndirməyin canlı nümunəsi
- Özünüz necə, xalq üçün savaşıb ölmək istəyərdiniz,
yoxsa Əkrəm Əylisli demişkən, heç qəhrəman olmaq fikrində
olmamısınız?
- Qəhrəmanlıq haqqında düşünən və guya özünü bunun üçün
hazırlayan adam heç vaxt qəhrəman olmur. Xalq, vətən və qəhrəmanlıq
haqqında pafosla danışanların səmimiyyətinə mən heç vaxt
inanmamışam. Uzaq tarixdəki hadisələri bir yana qoyuram, son
illərdə istənilən azərbaycanlı üçün vətəni sevməyin, onun
heysiyyətini qorumağın, xalqı şərəfləndirməyin canlı nümunəsi
Mübariz İbrahimovdur. Vətənpərvərlik də, millət və xalq sevgisi də
söz deyil, əməldir. Mənim üçün qəhrəmanlıq insanın öz nəfsinə qalib
gəlməsindən, bir də öz ləyaqətini qoruya bilməsindən başlanır.
İstəklər, iztirablar doğurduğu kimi, bu iki amilin olmaması da
insana mənəvi faciələr gətirir, onu hara desən sürükləyə bilir.
- Deyəsən, sizdə də bir az axına qarşı üzmək meyli
var...
- Yox, tam elə deyil... Bilmirəm, kənardan necə görünür, amma
mən özümü dərk edəndən axına qarşı getməkdən çox kütləyə
qoşulmaqdan ehtiyatlanmışam. Mənim üçün həyat çoxluğun tərəfində
olmaq deyil, öz içimdə yaratdığım qaydalarla yaşamaqdır. O yerdə
ki, kimə və nəyə qarşısa, "ura" ilə hücum var, orada çox vaxt Şərin
izləri olur. Kütlə hər şeyi ağ və ya qara, müsbət, yaxud mənfi
görür. Bu, reallığın təhrif olunması, düşüncənin zədələnməsidir,
həm də plüralizmin, özgəfikirliliyin, dözümlüyün istisna olunması
deməkdir. Halbuki, kamilliyə iddia edən insan bunlarsız ötüşə
bilməz.
Bilik həlledici deyil
- Maraqlıdır, siz kamil insanı necə
təsəvvür edirsiniz?
- Məncə, kamillik nə təkcə biliklə, Allaha ibadət etməklə, elm
və təhsillə, nə də ayrıca əxlaqla ölçülür. Kamil insan bütün
bunları özündə birləşdirə biləndir. Qədim filosoflar da, orta əsr
maarifçiləri də hesab edirdilər ki, oxuyub savadlanmaqla insanları
cahillikdən, nadanlıqdan qurtarmaq olar. Bəli, bilik insanları
kamilliyə aparan çox vacib amildir, amma həlledici deyil. Biliyə
qalsa, görün göz qabağında nə qədər savadlı, hətta alim diplomlu,
yaxşı yazı və natiqlik qabiliyyəti olan yaramaz var. Deməli,
kamillik üçün bilik, savad kifayət deyil, bu məsələdə mütləq və
mütləq əxlaq faktoru iştirak etməlidir.
- İnsanlar başqa planetlərə köçə bilsəydilər, siz də
yeri tərk edənlər sırasında olardınız, yoxsa buranı düzəltmək üçün
mübarizə aparardınız?
- Təbii ki, başqa planet insanın arzuladığı möcüzədir. Əli hər
şeydən üzüləndə insan möcüzəyə inanmağa başlayır. İşdir, belə bir
möcüzə baş versə, maraq üçün başqa planetlərə də baş çəkmək olardı,
amma Allah insan üçün bu Yeri yaradıb. Ona görə də burada yaşamaq
və ən azı kölə olmamaq üçün qımıldanmaq zorundayıq.
Qarğalar ötməyə başladıqda bülbüllər susar
- Deyəsən arada Sizə də hücum çəkənlər olur, diqqət
yetirirəm ki, siz bu hücumlara cavab vermirsiniz.
- Olur, bəzən ağıllı iradlar, tənqidlər olur, belə yanaşmalar
adamda güclü polemika duyğusu yaradır. Prinsipial, ictimai
əhəmiyyəti olan məsələlərə bəzən reaksiya verirəm. Çox dayaz,
sifarişli, mənasız cırmaqlamalara rast gələndə isə Mövlanənin
sərrast dediyi "qarğalar ötməyə başladıqda bülbüllər susar"
hikmətini yadıma salıram. İndi əclafların əsas silahına çevrilmiş
böhtanlara, yalanlara isə gülməkdən başqa çarə qalmır.
Əxlaqımız həmin güzgüdə əks olunur
- İndi yenə qayıdaq Yer kürəsinə... Lap dəqiq desək,
TV-lərə... Televiziyaların nə halda olmasından danışmayaq, nə baş
verdiyi bəlli... Tutaq ki, bu şəkildə davam edəcək, nə olacaq bunun
sonu?
- Elə bilirsiniz sonu deyil? Bu qədər telekanal var, dövlət öz
büdcəsindən milyonlarla pul xərcləyir, hanı səmərə? Televiziya bir
güzgüdür, bizim ağlımız, düşüncəmiz, səviyyəmiz və əxlaqımız da
həmin güzgüdə necə varsa əks olunur. Mən TV və onun problemləri
haqqında ən çox danışanlardan biriyəm. Biz bəlkə bu gün TV-lərin
insanların düşüncə, davranış və əxlaqına vurduğu ziyanı tam hiss
etmirik, amma əmin olun ki, bir azdan üzləşəcəyimiz çox ciddi
mənəvi təhlükələrdə onun hansı zərəri vurduğunu anlayacağıq.
Hələ də iki azərbaycanlı bir-biri ilə rus dilində
danışır
- TV-lər sözün həqiqi mənasında dilimizi qətl edir,
bu dilin heç olmasa tabutunu qaldırmaq üçün kimsə qolunu
çırmayacaq, yoxsa eləcə ortada qalacaq?
- Biz dil və ona qayğı haqqında çox danışırıq. Həqiqətən də
Azərbaycan dilinin işlənməsi ilə bağlı ortada ciddi sənədlər var.
Təəssüf ki, kağızlar və qərarlar dilə sevginin ifadəsi deyil. 20
ildən çoxdur ki, müstəqilik, amma baxın, hələ də iki azərbaycanlı
bir-biri ilə rus dilində danışır. Başqalarının simasızlıq kimi
yanaşdığı bu halı bizlər mədəniyyət göstəricisi kimi qəbul
edirik.
Televiziya və radiolarda vəziyyət xeyli dramatikdir. Dil
savadsız aparıcı və reportyorların timsalında öz təravətini,
obrazlılığını və ifadə gücünü itirməkdədir. Ortada tamaşaçının
beynini yağır edən quru və sxematik bir dil qalıb. MTRŞ bu
vəziyyəti düzəltmək üçün səmimi səylər göstərir, Dilçilik institutu
ilə birgə monitorinqlər aparır. Fəqət bu, problemdən çıxış yolu
deyil. TV-lərin bir çoxu düşüncə etibarı ilə bu xalqdan, bu
millətdən uzaq olan adamların əlindədir. Onlar üçün gündəlikdə dil
problemi deyilən bir şey yoxdur.
Yaramazlıqların içində yox, ona qarşı
olmalıyıq
- Bilirəm ki, baş verənlərin mahiyyətini, hər şeyi
anlayırsınız. Bir gün, bir səhər qalxıb üsyan etmək, içindəki
etirazı üzə vurmaq istəyirsiniz, yoxsa içinizdə üsyan
bitib?
- Söhbət üsyandan getmir, bir vətəndaş olaraq bu xalqın və
dövlətin gələcəyini yaxşı görmək istəyiriksə, yaramazlıqların
içində yox, ona qarşı olmalıyıq. Qarşı olmaq üsyan deyil. Bu gün
"dövlət" və "dövlətçilik" adı ilə alver edənlərin maskası arxasında
nələrin gizləndiyini görmək dəhşətdir. Yaradıcılıq və mənəviyyat
sahəsinin adamı kimi bunları müşahidə etmək mənim üçün də ağırdır.
Amma bütün hallarda mən üsyanlara, kütləvi dağıdıcılığa və bunların
törətdiyi fəlakətə qarşıyam.
- Son olaraq, Qulu müəllim, gəlin nə yer kürəsini
tərk edin, nə də qəhrəman olun. Sadəcə, vətəndaş kimi deyin. Nəyi
dəyişmək istərdiniz?
- Heç bilmirəm hansını deyim?! Adi məişət davranışından tutmuş
düşüncə tərzi və milli problemlərədək nə qədər dəyişdirilməli
şeylər var...