9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində
anadan olub 48 illik ömrünün 37 ilini kino sənətinə bağlayan
istedadlı aktyor, rejissor, "Mozalan" satirik kinojurnalının bədii
rəhbəri Ceyhun Mirzəyev yaşasaydı bu gün 68 yaşını qeyd
edərdi.
Moskvada Dövlət Teatr
Sənəti İnstitutunun rejissorluq və aktyorluq fakültəsini
bitirmiş, Bakı, Gəncə, Mahaçkalada bir sıra tamaşalara
quruluş vermiş Həbib İsmayılov (1906-1966) 1943-cü ildən
çalışdığı kinostudiyada bir neçə sənədli film
çəkmişdi. Həbib İsmayılovun quruluş verdiyi "Ögey ana"
(ssenari müəllifi Həbib İsmayılov. Anna Yan. 1958) filminin
mövzusu şifahi və yazılı ədəbiyyatda dəfələrlə
təkrarlansa da, özünün yeni həlli ilə diqqəti cəlb edirdi.
Hələ film istehsalata buraxılarkən gürcü rejissoru
Tengiz Abuladzenin R.Caparidze ilə yazdığı bu mövzuda
"Ögey uşaqlar" ssenariyə əsasən film üzərində çalışdığı
üzə çıxmışdı. Ssenarinin müqayisə edilməsi üçün
göndərildiyi, "Gürcüstanfilm" kinostudiyasından gələn
29 may 1957-ci il tarixli məktubda: "bir birindən kəskin
fərqli" bu ssenarilərin birinin "kənddə yeni ailənin
qurulmasından, ögey ananın oğulluğunun sevgisini,
inamını mühitin maneələrinə baxmayaraq qazanmaq
cəhdindən, qalibiyyətindən" digərinin isə "şəhərdə
atanın qoyub getdiyi kimsəsiz uşaqlara sahib çıxan
fədakar anadan" (АРДЯИА.
фонд 330, ситйащы 5. сахлама ващиди 273) bəhs etdiyi təsdiqlənir. Filmdə
atasının şəhərdən gəlişinə sevinərək geyinib-kecinib
atlanaraq Qurbanəli kişi və çoban Ayazla pişvaza çıxan
İsmayılın (Ceyhun Mirzəyev), onunla görüşə can atan atası
Arifin (Fateh Fətullayev) yanındakı yad qadını, onun kiçik
qızını çaşqınlıqla qarşılaması qarşıdurmanı həmən
göstərir. Kəndin yeni həkimi Dilarə xanımın (Nəcibə
Məlikova) həm də İsmayıla ana olacağını Qurbanəli kişinin
dilindən eşidən İsmayılın atını minib aradan çıxması ilə
kəndə gedən yolun qarşısını kəsən sıldırım qayanın təsviri
dramaturji modelə qoşulacaq gələcək məkanı
göstərir.
Geoloqların dağlarda tapdıqları faydalı qazıntılara yolun
məhz İsmayılın atasının açdığının bildirilməsi süjeti
fabulaya bağlayır. Plov süzən Qəmər nənənin, Fatmanisə
qarının (Nəsibə Zeynalova) heyrətlənməsinə, İsmayılın
yaylağa qaçmasına rəğmən Arifin Dilarəni ruhlandırması
ümidverici amilə çevrilir. Yataqda yuxulayan İsmayılı Arifə
bənzədən Dilarənin nəvazişi ana kimi qəbul ediləcəyinə
inamı artırır. Fırlanan oyuncaq meymuna, qol saatına
sevinən İsmayılın atasının Cəmiləni öpməsinə qısqanması,
bikefliyin səbəbini soruşan Qəmər nənənin kövrəlməsi, Fatmanisə
qarının: "Ax, ögey ana!" deməklə problemi qabartması
melodramanın modelini cızır. Qol saatının Dilarə
xanımın hədiyyəsi olduğunun bildirilməsi ilə yumşalan
İsmayılın bir an fikrə gedərək atasının onu da tikintiyə
aparmasını xahiş etməsi, ögey ana ilə ağrılı yaxınlaşma
prosesinə hələ hazır olmadığını bildirir. Səmədin yol
çəkməyə gedəcəyi ilə qürrələnən İsmayılın pis qiymətlərini yada
salaraq: "Qol saatını ögey anan bağışlayıb?" deyə sancması,
Dilarə xanımın tələb etdiyi gündəliyin gizlədilməsi,
nəvəsinə qahmar çıxan Qəmər nənənin: "Yetim balam" xitabı
ilə yatağı yığışdırması, nümunə göstərilən Cəmilənin
başına ağacdan almaların "yağması" strukturu
nizamlayır.
Gündəlikdəki ikilərdən xəbərdar olan Dilarə xanımın
İsmayılın tikintiyə aparıb-aparmamasından asılı olmayaraq bu
məsələnin Arifə bildirilməsini təklif etməsi gözönü
hadisədə əksini tapır. Gündəliyi ərinə verməklə satqın
kimi qəbul edilən Dilarə xanıma Qəmər nənənin qəzəbi
münaqişənin tərəflərini üz-üzə qoysa da, qızının ölümünə
yanan anaya Arifin bəraət qazandırması, İsmayılın
rəğbətinin qazanılacağına ümid edilməsi mövzu həllinə
yönəlir. Xorun sədaları altında tikintiyə yollananların
fonunda heybəsini hazırlayan İsmayılın çəpərə dırmaşaraq
atasının dalınca hönkürtü ilə ağlaması, Fatmanisə
qarının: "Ögey ana" xitabından sonra anasının portreti
qarşısında diz çökərək qolundan çıxartdığı saatı
Dilarənin üstünə atması əşyanı yeni kontekstdə
canlandırır. Xorla oxuyaraq təcrübə sahəsində çalışan
məktəblilərin arasında fəaliyyətsiz qalan İsmayıla Dilarə
xanımın xahişi ilə hasarı rəngləmək üçün rəng və fırçanın
verilməsi isə ideyaya doğru yolu səciyyələndirir.
Mahnının mətnində İsmayılın tikintiyə getmədiyinə sataşan
Səmədlə əlbəyaxa olmasına müdaxilə edən Dilarənin
dağlara üz tutaraq daş uçqunlarından, asma körpüdən
keçən İsmayılı səsləməsi gözlənilən əsas hadisələrin
məkanını hazırlayır. Yaylağa qalxıb dərdini, evə
qayıtmamaq qərarını çoban Ayaza danışan, ağsaqqalın oxumaq
haqqında tövsiyyəsini dinləyən İsmayılın çomağı götürüb
sürünü otarması onun daxili təbəddülatlarının
səngidiyini göstərir. Tikintidə çalışanların nahar
fasiləsində üzünü təraş edən işçinin xanəndə Əbülfət
Əliyevin səsilə: "O, körpəmin anasıdır" mahnısını oxuması ilə
yenidən strukturda görünən Arifə ağsaqqal Hüseyn kişinin
evə dəyməsini, uşağın qayğısına qalmasını məsləhət görməsi
problemi də qaytarır.
Qulaqlarında Arifin: "Mənim ən böyük arzum budur ki, İsmayıl
səni sevsin, səni "Ana" deyə səsləsin, sən də, ona mehriban bir
ana olasan" cümləsi səslənən Dilarənin Şövkət xanım
Ələkbərovanın səsilə lay-lay oxuması musiqi motivini uzatması
nəzərdən qaçmır. Dilarənin dərman verdiyi qadına "müalicə"
üçün sarımsağı eşşək südündə qaynadıb qırmızı istiotun əlavə
edilməsini məsləhət görən Fatmanisə qarı cahilliyin
timsalına çevrilməklə mənfi personaj ifşa edilir. İsmayılı
fərsizlikdə günahlandıran Cəmilənin yarasa ilə
cəzalandırılması personajlararası ziddiyyətin vizual
həllini verməklə Dilarənin mövqeyini önə çəkir. Əlindən
sapandı alınıb sındırılan İsmayılın dəftərə yazdığı "Ögey
ana" kəlmələri mövzunu əhatələndirən filmin adını
qabardır. Bu yazını oxumaqla qəm dəryasına qərq olan Dilarəni
pəncərə önündəki budaqların arasından seyr edən İsmayıl
tamaşaçı mövqeyinin formalaşmasına imkan verir.
Tikintidən gələn atanın həmən baxmaq istədiyi gündəliyi
gizlədən Dilarəyə rəğbəti yaranan İsmayılın bir əl
hərəkətilə qlobusu fırlatması vizuallığı gerçəkləşdirir.
Yağışlı havada, gecə gələn Qurbanəli kişinin yaralanan
Ayazın üstünə Dilarə həkimi aparmaq istəməsi yeni
hadisəyə keçid edir. Dostu Ayazdan nigaran qalan İsmayılın
"Ayaz ölür?" sualı ilə pənah gözləməsi, Dilarə xanımın ona
ümid verərək Qəmər nənəyə uşaqlardan muğayat olmağı tapşırması
ziddiyyətin tərəflərini təmsil edən personajları fabula
daxilində yaxınlaşdırır. Tufanlı havada Qurbanəlinin
köməyilə asma körpünü çətinliklə keçən Dilarə xanımın
Ayazın imdadına çatması, özünü yaylağa çatdıran İsmayılın
sağalan xəstədən: "Anan məni ölümdən qurtardı"
kəlmələrini eşitməsi mövzu həllinə istiqamətlənir. Aşığın
oxuduğu "Cəlili" havasını dinləyənlərin fonunda İsmayılın
ağızlarını analarının əmcəyinə çatdıran quzulara baxması,
asma körpünün ətrafını müşahidə etməklə tapdığı itmiş
çəkmə tayını evə gətirməsi ideyanı reallaşdıran mərhələyə
çevrilir.
Güzgüdəki əksində razılıqla gülümsəyən Dilarənin bağdan
çiçək yığa-yığa "Mənlə danış, gül oğlum" mətnli mahnı
oxuması, hədiyyə saatı qoluna bağlamaq istəyən İsmayılın
vaxtilə "Ögey ana" yazdığı vərəqi cırıb atması
hadisələri dramaturji düyünün açılışına yönəldir.
Meşədəki qaya parçası üzərində dərslərini hazırlayan
İsmayılın hələ ki, ona bir dəfə də, "Ana" demədiyindən gileylənən
Dilarəyə bozaran Qəmər nənənin "İsmayıl öz doğma anasını
yaddan çıxarıb sənə ana deməyəcək" xəbərdarlığından sonra
kamançanın həzin naləsi altında uşağın ölmüş anasının
portretini divardan çıxarıb uzun-uzadı nəzərdən keçirməklə
tərəddüdünü göstərməsi dramaturji düyünün açılışını
maneələri dəf etməklə həyata keçirərək hadisəliliyi
artırır. Dərslərini hazırlaması barədə Dilarə xanımın
məktubunu atasına çatdıraraq ağır texnikaya baxıb
həvəslənməklə yolçəkən olacağını bildirən İsmayılın
partlayıcılar üçün dəliklər açılan qayanın üstündəki
pardaqlanmış çiçək kolunun itburnu olduğunu öyrənməsi bu
bitkinin dramaturji struktura qoşulmasını
nizamlayır. "Kəndimiz" mahnısının meşədə gəzən İsmayılın
dilindən səslənməsi epizodu nikbin notlarla tamamlayır.
Tikintidən aldığı təəssüratı uşaqlarla bölüşən
İsmayılı "Niyə doğma atanın yanında qalmadın, ögey anan
yadına düşdü?" sözləri ilə sancan Səmədlə növbəti
qalmaqaldan sonra İsmayılın çayı keçirmək üçün qolları
üstünə götürdüyü Cəmilənin suya düşərək soyuqlayıb
xəstələnməsi "bacı-qardaş" ziddiyyətinə sığal çəkməklə
finala zəmin hazırlayır. Cəmilənin sağalması naminə
həyatını təhlükəyə ataraq qaya üzərindəki itburnu
çiçəklərini dərməyi bacardıqdan sonra partlayışdan huşunu
itirən İsmayılı Dilarə xanımın yenidən həyata
qaytarması analığın təzahürünə çevrilir. Və özünə
gələn İsmayılın gözlərini açaraq ona nəvaziş göstərən Dilarə
xanıma "Ana. Anacan!" deyərək boynuna sarılması ideyanın
təntənəsinə çevrilir. Beləliklə xüsusən Ceyhun Mizəyevin
istedadı hesabına tarixən eyni istiqamətdə işlənmiş ögey ana
personajı yeni bədii həllini tapır. İsmayıl haqqında kino
tənqidçisi NatalyaTolçenovanın "İskusstvo kino" jurnalının 1959-cu
il 10-cu sayındakı "Ekranın özündə və yanında" məqaləsindəki:
"Demək lazımdır ki, beşinci sinif şagirdi Ceyhun Mizəyev bu rolda
sadəcə təkrarolunmazdır. Qalan aktyorları sentimental melodrama
tez-tez karıxdırır" fikri peşəkarın səlis müşahidəsidir.
Filmin müzakirəsi zamanı ağlaşmanı ucuz
melodramatizm sayaraq uşaqlara pis təsir göstərəcəyini
öncə görən dramaturq Sabit Rəhmanın gələcəyin aktyoru
saydığı "İsmayıl"ı studiyanın tapıntısı hesab edərək:
"Onun üçün məxsusi ssenarilər yazmaq gərəkdir" fikrini
səsləndirir. Bu zəif ssenarinin istehsalata
buraxılmasının səhv olduğuna əvvəldən diqqət
çəkildiyini yada salan, Dilarə xanımın itirdiyi,
İsmayılın tapdığı çəkmələri artıq, hasarın
rənglənməsini, uşaqların dalaşmasını qeyri dramaturji
hesab edən Hüseyn Seyidzadə: "Oğlan tapıntıdır. O, hiss
edərək oynayır" deməklə Ceyhun Mirzəyev üçün məxsusi
ssenarilər yazılması fikrini dəstəkləyir. Filmdə
musiqinin həmişə yerində olmadığını bildirən Ədhəm
Qulubəyov isə İsmayılın bəzən mənfi təsir
bağışlamasında rejissoru günahlandırır. Filmdəki göz
yaşlarını saxlamağın tərəfdarı olan Muxtar Dadaşov:
"Mahnılar isə həddən artıq çoxdur. Onlara gərək yoxdur, bu
operetta deyil axı!" cümlələrini səsləndirir. Sonda söz
verilən Həbib İsmayılovun: "Deyilənlərdən belə çıxır
ki, film alınmayıbdır, hamısını atmaq gərəkdir. Biz
yoldaşların dedikləri barədə düşünərik, ayrı-ayrı
məsləhətlərin xeyrinə əmin olsaq şübhəsiz ki, nəzərə
alarıq" (АРДЯИА. фонд 330, ситйащы 5. сахлама ващиди 273)
cümlələrindən sonra təkcə qəbristanlıq səhnəsini atan
rejissor dözümünü nümayiş etdirir.
Film haqqında yazılan pozotiv, neqativ resenziyalar arasında
Nelli Hacınskayanın: "Çox zaman mahnının, musiqinin bolluğundan
dramaturji film də operettaya çevrilirdi. Beləliklə "Ögey ana"
filmində sıralanan kolxozçular marş sədaları altında yol
tikintisinə gedir; analıq oğulluğunun çarpayısı üzərində oxuyur;
üstəlik rejissorun kolluqda gizlətdiyi uşaqların xoru da
oxuya-oxuya meşədə gedən oğlana qoşulur; çiçək yığa-yığa oxuyan
anadan sonra da uşaqlar yenidən oxumağa başlayırlar"
(Гаджинская Н.Ш. Киноискусства страны огней. М., 1971.
с.49) müşahidəsi həqiqəti analitik metodla üzə çıxarsa da,
qüsurları ilə birgə hələ ki, qocalmayan bir ekran əsərini
Həbib İsmayılov tamaşaçılara bəxş etdi.
***
Qarabağ mövzusunda 1993-cü ildə ərsəyə gələn "Fəryad"
(ssenari müəllifi V.Mustafayev. 1993) filminin rejissoru
və baş rolun ifaçısı kino tariximizin incilərindən olan
"Ögey ana" filmindən İsmayıl kimi məşhurlaşan Ceyhun
Mirzəyevdir. Strukturunda sənədli hadisələrin və
faktların bərpasından geniş istifadə olunan filmin ilk
epizodlardan erməni millətçilərinin törətdikləri
vəhşiliklər hadisələrə təkan verir. Belə ki, haqqı
benzinlə ödənilməklə işğal zonasında azyaşlı qızı
zorlayaraq öldürmüş erməninin adını öyrənərək,
qaça-qaça düşmən səngərinin üzərindən keçməklə
günahkarı qətlə yetirən İsmayılın əsir düşməsi mövzu
istiqamətini qabardır. Ermənilər tərəfindən davamlı
olaraq vəhşicəsinə döyülən, ayaqqabıları belə yaralı
ayaqlarından çıxarılıb mənimsənilən İsmayılın
sərhədsiz həkimlər birliyinin xaricdən gəlmiş üzvünün
müdaxiləsi ilə ölümdən qurtarması, dəyişdirilmək üçün
Xoren adlı erməni əsirinin ailəsində, zirzəmidə
saxlanılması əsas məkanı təqdim edir. Hadisələri idarə
edən erməni komandiri Armen Xaçaturyantsın (Məlik Dadaşov)
daim gəlib-getdiyi, top mərmilərindən ətrafdakı
tikililər dağılsa da, yalnız bu evin salamat qalmasının
vurğulanması, sanki qərargaha çevrilən bu məkanı diqqət
mərkəzində saxlayır. Yaralı İsmayılın ekskursiyaya gələn
məktəblilərə düşmən kimi təqdim olunması, Xocalının,
Şuşanın, Laçının işğalının bayram edilməsi işğalçı
erməni millətçiliyinin mənfur niyyətinin açılmasına
yönəlsə də, Xorenin arvadının danışdığı yuxularında
günbəgün ərinin başını və nəhayət "ən vacib bədən üzvünü"
itirməsi barədə söhbətlərin sadəcə gülüş doğurmağa
yönəlməsi əsassız görünür. Erməni Vardan Mamikonyanın
türk atlıları ilə döyüşlərdən qalib çıxması ilə bağlı
mövzu fantaziya, Xaçatur Abovyanın, Silva Kaputikyanın
əsərlərindən səhifələrin təqdimatı ziddiyyətin bir
tərəfini canlandırsa da, atılan mərmilərdən qaçaraq
hamının zirzəmidə gizləndiyi bir məqamda ölümlə
əlləşən yaralı İsmayılın onun üzərinə əyilən Armen
Xaçaturyantsın cibindən götürə bildiyi kibritlə evə od
vurması və körpə erməni uşağını məhv olmaqdan xilas
etmək naminə həyatını təhlükəyə atması epizodu azlıq
edir.
İsmayılın epizodlarda görünən, filmin operatoru
Kənan Məmmədovun oynadığı coğrafiya elmləri doktoru
Sumbat Sumbatyanın tərtib etdiyi xəritəni göstərərək:
"Bütün dünya bilir ki, Qarabağ böyük Ermənistanın bir
parçasıdır!"- deyən Armen Xaçaturyantsın üzünə
tüpürməsindən sonra işgəncələrə məruz qalması filmin
əvvəlindəki qətl hadisəsindən sonra ikinci daxili
müqavimətin təzahürünə çevrilir. Bizim uzaqvuran
topların darmadağın etdiyi evin qalıqları arasından
Armen Xaçaturyants başda olmaqla çıxan erməni hərbiçilərin
təsviri üzərində İncildən dini ayinin titrlərdə
yazılması isə müəmmalı görünür. Filmin sonunda
İsmayılın marş sədaları altında Xoren də, daxil olmaqla
on nəfər əsirlə dəyişdirilməsi qoyulan problemin
həllinə, torpaqlarımızın azadlığı ideyasına
yönəlmədiyindən film yarımçıqlıq təsiri bağışlayır. Əsir
düşmüş İsmayılın iki mövzu-xatirəsində "Ögey ana"
filmindən kadrlardan istifadə olunur; döyülərkən
anasının fotoşəkili qarşısında hıçqıran, cəbhəyə
yollandığını xatırlayarkən atasının arxasınca
ağlayan balaca oğlanın təqdimatı qəhrəmanın sonrakı
həyatının yaşandığını bəlli edilir. Əlbəttə ki, bu cəhd
dramaturji prinsiplə yerinə yetirilmədiyindən
təsadüfi görünməklə ciddi əhəmiyyət daşımasa da,
personajın deyil, aktyorun həyatının bərpası baxımından
maraqlı görünür. Filmin drmaturji modeli dəqiq olmasa
da, İsmayılın döyülməsində ifratçılığa, naturalizmə yer
verilsə də, aktyorlarla iş və mühitin təqdimatı yetərincə
peşəkar səviyyədə həyata keçirilir. Xüsusən xalq
artisti Məlik Dadaşovun yaratdığı Armen Xaçaturyants
personajının bitkinliyi diqqəti cəlb edir.
29 noyabr 2008-cu il tarixli "Mədəniyyət" qəzetində kinoşünas
İntiqam Hacılının "Qarabağ savaşı filmlərdə" məqaləsindəki: "
"Fəryad" filminin süjeti bir qədər Sergey Bondarçukun "İnsanın
taleyi" filminə bənzəyir. Burda müharibə fondur, əsas mövzu əsir
düşmüş İsmayılın mənəvi cəhətdən məhv olmamaq, ucuzlaşmamaq üçün
öz-özü ilə apardığı mübarizədir" fikirləri tutarlı səslənir.
16 oktyabr 2009-cu il tarixli "Mədəniyyət" qəzetində jurnalist
Gülcahan Məmmədlinin: "Məlumlar, naməlumlar, bir də…" məqaləsində
bu film barədəki: "…düşmən çox zəifdir, axmaqdır, biz hamıdan
güclüyük, qüdrətliyik, vətənpərvərik, amma qələbəyə hələ çox var"
qənaətləri dəqiq müşahidədir. Və əlbəttə ki, həyatda və bu son
filmində daim Qarabağ dərdini yaşayan vətəndaş mövqeli
Ceyhun Mirzəyevin son "Fəryad"ı yaşamaq hüququ qazanır.
Kinomuzun parlaq siması olan Ceyhun Mirzəyevin filmi
tamamlamaq ərəfəsində dünyasını dəyişməsi, ağrılı
olsa da, ssenari müəllifi V.Mustafayevin
montaj-səsləndirmə prosesini həyata keçirməsi mənəvi
məsuliyyətin təzahürünə çevrildi.