İndi çoxdan arxada qalmış illərdən üzü bəri boylanan
türmə xatirələrimdə Xosrov dayının özünəməxsus yeri var. Güləbirdli
Vaqif kişi və Xosrov dayı sözün əsl mənasında böyük bir həyat
yaşamış və çoxlarına nümunə olacaq insanlar idi. Vaqif dayı haqda
ötən yazılarım da bəhs etmişəm...
Xosrov dayı ilə ilk tanışlığımın qəribə tarixçəsi var. 10 saylı
CÇM-in tibb məntəqəsinin həyətinə ilk girişimdə mənə çox tanış olan
və zamanında daim işlətdiyim bir komanda eşitdim: "Adday kançı"
(Kəndirləri verin!).
Tanıdın məni?
Bu əmr dənizçilər tərəfindən işlədilir. Gəmi bir körpüdən, yaxud
haradansa aralanarkən komandir, yaxud köməkçi tərəfindən növbətçi
matroslara verilir. Sonradan adının Xosrov olduğunu bildiyim bu
kişinin hündürdən dediyi əmrə tərəf dönürəm. Mənə baxıb gülür,
yanında oturan laçınlı Ramizə:
- Gördün, dedim də o, dönüb baxacaq? – Sonra da mənə dönür. -
Tanıdın məni?
Tanımadığımı deyirəm və yaxın gəlirəm. Salamlaşıram. Kimliyini
soruşuram.
- Məhbus Xosrov, – deyir və xırda-xırda gülür.
Yox, bu adamda cinayətkarlara xas olan heç nə yoxdur.
Oturuşundan belə ağayanalıq, böyüklük, ağsaqqallıq oxunur.
Hal-əhval tutur mənimlə.
Bu "heç nə"lərin altından nələr çıxır e...
- Sən nə etmisən, niyə buxovlayıblar səni? - soruşur.
Cavabım ənənəvidir: - Heç nə...
Üçümüz də gülürük. Ramiz deyir:
- Qurdalayandan sonra bu "heç nə"lərin altından nələr çıxır
e...
Siqaret çəkmək istəyirəm.
- Trubkan yoxdur? – Xosrov dayının sualı məndə ona bir qədər də
maraq oyadır. Və yenə də onun həmən xırda gülüşləri. "Sirr gizlənir
bu adamda", – düşünürəm.
Hacı Məmmədova görə həbs olunub
Xosrov dayı həmin gün özünün kimliyini və məni haradan
tanıdığını demədi. Əksinə, mən həmin tanışlıqdan təxminən bir saat
sonra onunla bağlı bəzi məlumatlar əldə etdim:
"Xosrov kişi hörmətli adamdır, Hacı Məmmədova görə həbs olunub.
Onun bacısının əridir. Evindən silah tapılıb və qanunsuz silah
saxlama ilə həbsə atılıb".
Xosrov dayı ilə güləbirdli Vaqif dayıdan daha tez
doğmalaşmışdıq. Bu ağsaqqalların fərqi onda idi ki, Vaqif kişi daha
söhbətcil və macəra dolu adam idi. Xosrov dayı isə onunla
müqayisədə fəndgir və azdanışan adam kimi tanınırdı.
Xosrov dayının hər kəsə diqqəti vardı. Yaşlı xanımı hər həftə
sonu onun görüşünə gəlirdi. Etdiyi bazarlığı, sovqatı gətirirdi.
Onun burjuy kimi qaldığı palatadakı dolabında xeyli dərman vardı.
Özünün ehtiyacı belə olmadığı dərmanları gətizdirərdi. Tanıdığı,
münasibət qurduğu dustaqlara yardım da edərdi. Onların səhhətinə
xüsusi diqqət ayırardı. Onun haqda pis heç nə demək mümkün deyildi.
Vaqif dayıdan fərqli olaraq rejim qaydalarına da riayət edərdi.
Səhər və axşam yoxlamaları olanda "platsa" çıxardı. Təsbehi əlində,
boz rəngli yay kepkasının "dimdiyi" – günlüyü gözünün üstündə
olardı. Köhnə kişilərdən idi.
Bəs kim idi Xosrov dayı?
Onunla daha yaxından tanış olmağımda da ilk addımı elə o özü
atmışdı. Hər kəsin mənə "şair" deyə müraciət etdiyi yerdə o,
qəflətən:
- Sən "Bahar"da üzübsən? "Banka Makarov"da olubsan? –
dəqiqləşdirmə aparmışdı.
Bax, həmin anda o mənə daha yaxın və doğma göründü, demək,
dənizçidir, deyə düşündüm. Oraları tanıdığımı, Bulla adasında da
olduğumu dedim. Söhbətimizdən məlum oldu ki, Xosrov dayı uzun
müddət Sanqaçal, "Bahar", "Bulla More" neft yataqlarında sahə rəisi
işləyib, baş mühəndis kimi də fəaliyyət göstərib.
- Səni görən kimi tanıdım. "Şirvan" gəmisi ilə yükümüzü
gətirərdiz, - sonra da məni yaddaşsızlıqda qınadı, – cavan
oğlansan, mənim yaşıma çatanda nə olacaq?
- Mən sizi görməmişəm, Xosrov dayı, siz buruqdan məni
görübsüz, yadınızda qalmışam, – dedim.
Razılaşdı.
O, uzun müddət neft sənayemizin aparıcı mütəxəssislərindən
olmuşdu. 70-ci illərdə Küveytdə neft çıxaran sovet neftçilərinin
başçısı vəzifəsində çalışmışdı. Yaxşı mütəxəssis kimi dövlət
mükafatları ilə təltif edilmişdi. Keçmişi ilə bağlı xoş xatirələri
bol idi...
Xosrov dayı bütün mövzularda söhbətə açıq idi. Lakin söhbəti
fırlayıb onun həbsinə gətirəndə çox əsəbiləşərdi. Mövzunu
qapayardı. Tamam başqa istiqamətə yönəldərdi. Zaman keçdikcə
münasibətlərimiz daha da yaxşılaşırdı.
Bu haqda danışmaq istəmirəm
Axır ki, tilsimi qıra bildim. Söhbəti yenə də Hacı Məmmədovun
üstünə gətirdim.
- Mən doğurdan da bu haqda danışmaq istəmirəm. Mənə ağır
gəlir.
- Xosrov dayı, Hacı Məmmədov sizin qaynınız olsa da, onun
ədalətsizliyi haqda faktlar doğrudur. Hətta bir gənc polis işçisi,
baş leytenant onun təhriklərinə, adam oğurluğuna, qətlə çəkməsinə
etiraz olaraq özünü asıb da... Söz gəzir ki, Hacı Məmmədov guya özü
öldürtdürüb həmin polisi...
O mənim oğlum idi
Xosrov dayıya hadisənin mətbuatda necə getməsini nəql etdim. Hər
şeyi bilirmiş, əlbəttə. Mən bunu yaxşı bilirdim. Lakin o gəncin
Xosrov dayının oğlu olmasını bilmirdim. Xosrov dayının üzündəki
ifadəni təsvir etmək çox çətindir. Bu ifadəni görməyənlərin
təsəvvür etməsi isə ondan da çətin.
- Düz deyil. Yazılanlar, danışılanlar düz deyil. O mənim oğlum
idi.
Çox pis oldum. O da düzdür ki, Xosrov dayı az da olsa, mənə
nələrisə danışdı. Amma bütün bunların gizlinliyini istədiyini
bilirdim, bunu məndən xahiş etməsə də. Mən içimdə ona söz
vermişdim. Yalnız onu demək lazımdır ki, bu gənc polisin Hacının
cinayətlərinə heç bir əlaqəsi olmayıb...
Orda Hacının üstü yazılı silahları vardı
- "Moryak", mənim Saraydakı bağ evimdə axtarış aparıldı. Orda
Hacının üstü yazılı, ona bağışlanmış silahları vardı. Mənim evimdə
saxlayırdı. Burda nə cinayət vardı ki? Məni o silahlara görə həbs
etdilər. Bir də həbsimdən qabaq qohumu kimi məndən ifadə
almışdılar, mən də onu yaxşı adam kimi tanıdığımı demişdim. Bu,
doğrudan da belə idi. O mənim nəzərimdə çox mülayim, ailə və
qohumcanlı adam idi.
Xosrov dayı ilə 2007-ci ilin 11 iyulundan bu günə kimi heç
görüşmədik. O da azadlığa çıxıb. İndi Sarayda bağ evində
yaşayır.