Nizar barədə "Masallı Mamed" yazımda qısaca da olsa bəhs
etmişəm. İndi onların hər ikisi haqq dünyasındadır.
Bu günlərdə təsadüfən həbsxanada tutduğum şeir dəftərində onunla
bağlı qeydlərimi gördüm. Qeydlər və yaddaşımda qorunan xatirələr
ondan bəhs etməyə imkan verdi.
Nizar Cəlilabadda – Göytəpədə doğulmuşdu. Atasının adı Rahil
idi. Soyadını unutmuşam. Peşəkar hərbçi olmuşdu. Milli Ordunun "N"
saylı kəşfiyyat bölüyünün komandiri vəzifəsində xidmət etmişdi.
Əsgərini çuğulluq etməyə məcbur edən "osobist"i "dəli inək balasını
tapdaladığı kimi tapdaladıqdan" (ifadə ona məxsusdur) sonra həbs
olunmuşdu. Tribunal Nizarı 4 il azadlıqdan məhrum etmişdi.
Keçmiş əsgərləri tez-tez onun yanına gəlirdi. Sovqat gətirir,
cibinə xərclik qoyurdular. Ona "komandir" deyə müraciət
edirdilər.
Nizarın işi-gücü 6 saylı barakın güngörən yerində özünü günə
vermək idi. Çömələrək oturar, əlindəki təsbehi fırladar, hər kəsi
müşahidə edərdi. Cəza evinin ən yeni xəbərləri onda olardı. Verdiyi
informasiya, dediyi xəbər yanlış çıxmazdı. Bu onun peşəkar
kəşfiyyatçı olmasından da irəli gələ bilərdi. Bir xəbəri ən azı 3
nəfərdən dəqiqləşdirərdi.
Dikbaş
"Zon"da işləyən nəzarətçilərlə heç arası yox idi:
- Bilsəydim ki, sizin kimi paqon daşıyanlar var, mən o paqonu
çiyinlərimdən çıxarıb, ... soxardım, – deyərdi.
CÇM-də nə baş verirdi, yaxud verəcəkdisə, onun dəqiq məlumatı
olardı. "Xlebnik"im olmasa da, məlumatlı olduğu məsələlərdən məni
dərhal agah edərdi. Onu çox adam sevməzdi, heç bizim əhldən də.
Diliacı idi. Təəssübkeşliyi isə kifayət qədər idi. Bir dəfə
Əlibayramlı əhlinin başçısı Bayramla mübahisələri düşmüşdü, elə əhl
uşaqlarının gözünün önündə Bayrama kəllə ilə güclü bir zərbə
ilişdirmişdi. Ara qarışmışdı və Nizarın kəşfiyyatçı olması burda
bir daha karına yetmişdi. Əlbəyaxa döyüşdə onunla bacarmaq çətin
idi.
Davakar
Dava-dalaş böyüyüb iki əhlin arasında baş verəcək həddə
çatmamış, "yaxşı oğlanlar" işi düzüb-qoşdular. Nizar 4 günlük
karser cəzasından sonra sınıxmış halda tibb məntəqəsinə - mənim
yanıma gəldi. Çay içdik, hazır yeməyimiz vardı, nahar etdik. Bir
qədər "kars"dakı dözülməz şəraitdən danışdıqdan sonra:
- Şair, inanırsan, xirtdəyə qədər p..-püsürün içindəyəm.
Karserdə mənimlə olan ağdamlı Siracı döymüşəm. Sabah da o çıxacaq.
Onu o gündə görsələr, qanım getdi.
Sirac doğurdanda "it günündə" idi. Nizar onu hansısa ehtiyatsız
sözünə, ona "paqon" deyərək aşağılamaq niyyətinə görə yumruqlamaqla
cavab vermişdi.
Rejim rəisi Siracdan onu bu günə kimin saldığını soruşanda,
Nizarın adını vermədi:
- Nə bilim, axşamlar "nadzor"lar işığı söndürüb içəri girir,
bizi döyürdülər.
Nizar da bir-neçə dəfə belə halın baş verdiyini deyərək, Siracın
dediklərinə haqq qazandırmışdı. Rəhbərlik nəzarətçiləri sorğu-suala
tutsa da, heç kəs belə halın baş verdiyini təsdiqləməmişdi. İçəridə
isə söz-söhbət gəzirdi ki, doğurdan da Nizargili hər axşam
döyürmüşlər. Həqiqəti isə cəmi üç nəfər bilirdi. Nizar, Sirac və
mən. Mənim bilməyimdən isə Sirac xəbərsizdi.
Nizarın Bayramı döyüb karserə düşməyi ilə iş bitmirdi. Bu
qanunun ona verdiyi cəza idi. Veriləcək cəzanın, çıxarılacaq hökmün
nəticəsi isə CÇM-də vəziyyətə ("polojeniya") baxan tərtərli
"Malış"ın və "bratva"nın qərarından sonra olacaqdı. Malışla aram
yaxşı idi. Onu bir iki dəfə şahmatda udmuşdum. İnadcıl idi və imkan
tapan kimi mənimlə şahmat oynamağa gəlirdi. Ağdamlı dustaq
yoldaşım, indi isə ən yaxın dostlarımdan olan "xlebnikim" Aqil
deyirdi ki, sən ona uduz, qoy ayaqlarını burdan çəksin. Mənə isə
Malışı udmaq ləzzət edirdi. Həm də onunla söhbət etmək maraqlı
olurdu. Kriminal aləmin sayılanlarından idi.
Malışa axşam olacaq "sxodka"da iştirak etmək istədiyimi dedim.
Razı olmadı:
- Sənə olmaz. Sən öz həyatını yaşa. Səninlə bağlı heç nə yoxdur.
Sonra da dedi ki, Nizar da düz eləməyib, əhl başçısına əl
qaldırıb.
- Özü də hər ikiniz "paqon"sunuz. Nizara qarşı uşaqlar
qəzəblidir.
Dediklərindən təxminən belə anladım:
- Sizin əhl başçınız istəsə söhbətə kurs ola bilər. Amma ona da
ehtiyac yoxdur. Qardaşlar məsələyə aydınlıq gətirər.
Mən əhl başçısı olmasam da, əhlin bütün üzvləri məni ağsaqqal
hesab edirdi və bütün məsələlərin müzakirəsi, məsləhətləşməsi
mənimlə aparılırdı. Malış bunu yaxşı bilirdi. Gecədən keçmiş
aparılan "məhkəmədə" mən ola bilmədim. Amma nəticəni öyrənmək üçün
də səbirsizliklə gözlədim.
Hümanist
"Sxodka"dan sonra Nizar "sançast"a yanıma gəldi. Üzü
gülürdü:
- Bayrama yazıqlığım gəldi. Onu "vurdular". Əhl başçısı olmaz
dedilər, səndən.
Bayramla arada yaşanan konflikti Nizar olduğu kimi nəql etmişdi.
"Səhər razvodundan sonra yemək zamanı Əlibayramlıdan olan cavan bir
dustaq niyə tutulmasından danışdı. Əsgər olmasını və komandiri
tərəfindən döyüldüyünü, təhqir olunduğunu dedi. Bayram əsəbi halda
dedi ki, zabitlər hamısı belədir. Əsgərdən pul yığır, aparır evinə.
Arvadları da o pulla başqaları ilə kef çəkir. Mən də bu sözünə görə
onu vurdum. O, gərək ümumi danışmayaydı. Mən də zabitəm, amma mən
əsgərimi qoruduğuma görə həbs olunmuşam. Əsgərdən, onun
valideynindən pul almamışam".
Qardaşların qərarı Nizarın xeyrinə öz həllini tapmışdı. Həmin
gündən sonra Bayram Cəza müəssisəsinin həyətində pərt və
sındırılmış kimi gəzirdi. Onunla hörmətsiz davranırdılar...
Hiyləgər
Nizar həm də hiyləgər idi. Di gəl, hiyləsi şərə xidmət etməzdi.
Əhlin ehtiyacı olan dustaqlara yardım əlini uzadardı. Siqaret alar,
iynə-dərmana pul xərcləyərdi. Zonda faizə pul buraxırdı. Mən
"burjuy" olduğuma və tibb məntəqəsində qaldığıma görə pulunun
saxlanmasını mənə etibar edirdi. Sən demə, məqsədi varmış. Hərdən
yanıma gələr, bir qədər söhbət etdikdən sonra, pulundan müəyyən
qədər götürər və deyərdi ki, 10 günlüyə filankəsə verəcəyəm. Gedək,
sən də kurs ol ki, sonra danmasın. Türmədə belə hallar əsasən
kiminsə şahidliyi ilə olardı ki, sonradan başağrısı olmasın. Hər
iki tərəfdən – borc verən və borc alan tərəfdən şahidin olması çox
vacibdir. Sən demə, Nizar pulu faizə verirmiş. Şahidlərin gözü
önündə məndən pulu götürüb ehtiyacı olana verirmiş. Sonradan
biləcəkdim ki, sələminə verilən pullar mənim adımdan verilirmiş,
Nizar özü isə yaxşı oğlan olaraq qalırmış. Məsələnin üstü açılanda
Nizarla aramızda çox dərin mübahisə yaşandı. Səhvini boynuna aldı.
Ondan pul götürən aralıq uşaqlarını dəvət etdim. Onlara məsələni
etiraf etdi, məndən üzr istədi. Məsələ böyümədi, elə ikimizin
arasında da qaldı.
Ailəcanlı
Nizar həbsdə qaldıqca kriminal aləmə meyli artırdı. Dəfələrlə
söhbət etmişdim, aralıq uşaqları ilə az otur demişdim. Ən böyük
arzusu azadlığa çıxıb yenidən orduya qayıtmaq olsa da, etiraf
edirdi ki, oğru dünyasına marağı daha çoxdur:
- Burda həqiqətə daha çox dəyər verirlər. Adamı yalandan məhkum
etmirlər. Kimin günahı nədirsə, onu da çəkir.
Atasını, qardaşını çox istəyirdi.
- Çölə çıxandan sonra onlara imkan verməyəcəm əziyyət
çəksinlər.
Nizar azadlığa çıxdıqdan sonra mənimlə əlaqə saxladı. Görüşdük.
Xeyli söhbət etdik. Orduya qayıda bilməmişdi. Dayısı ilə birlikdə
ticarətlə məşğul idi.
- Bir az pulum var. Faizə verirəm. Allah bərəkət versin.
Dolanıram, oğlum böyüyür. Onunüçün yaşayaıram, – dedi.
Nizar yaşaya bilmədi. Faizə verdiyi pulun gecikdirildiyini
gördükdə bir-neçə dəfə pulunu istəmək üçün gedib və dilinin acı
tərəfinə salaraq borclusunu təhqir etmişdi.
Borclu adam da bu təhqirə dözməyərək Nizarı bıçaqla ürəyindən
vurmuşdu.
Onun 40 məclisində oldum...