Cəlilabadda yaşayan yazıçı Meyxoş Abdullahın qapısını
döymək qərarına gəldim. "Anakonda ovu", "Alagöz", "Əsir qadın" və
digər əsərləri ilə çoxunun qapısını döyən yazıçının qapısını döymək
istədim. Amma dəqiqləşdirmək lazım gəlirdi, görəsən
evdədirmi?
Telefon açdım. Məlum oldu ki, yas yerindədi. Şair Əlövsət
Tahirli ilə birlikdə evə gedir. Ona Bakıdan zəng vurduğumu
demişdim. Artıq yarım saatdan sonra Meyxoşun darvazasının
qarşısındaydım.Qapını döyürəm. Meyxoş özü açır:
- Bəs Bakıda deyildin? -Sonra üzünü Əlövsətə tutur:
-Sənə demədim ki, bu zəng edibsə, bizi hansısa sürpriz
gözləyir?
Həyətdə xeyli söhbət edirik. Meyxoş müəllimin böyük təsərrüfatı
var. Tofiq Bayramın sözünü yada salırıq; həyətdə çəpərə alınmış
geniş ərazidə qaçışan toyuq–cücəni göstərib "hara qaçırsız, ay
dünyanın səyyar zakuskaları" deyirik. Yuxarı qalxırıq. Meyxoş
müəllimin geniş, rahat evinin artırmasında çay süfrəsi artıq
hazırdır. Evin sahibəsi Mənzər xanımın özünün hazırladığı
mürəbbələrdə stolun üstündədir.
Qəfil qonaq qəfil ölüm kimidir
Söhbətimiz çay süfrəsinin arxasında davam edir. Meyxoş müəllim
oğlunun Kərbəla ziyarətinə getməsindən danışır. Söhbət zamanı məlum
olur ki, ailədə özündən başqa hamı namaz qılıb, oruc tutandır. Özü
bu ayinlərə riayət etməsə də, inanclı adamdır. Əlövsət Tahirli bu
məqamda Meyxoşla bağlı bəzi detalları açıqlayır:
-Meyxoşla niyə dostluğum tutdu, bilirsənmi? Bu insanın
dəqiqliyi məni həmişə valeh edib. 30 ildən çoxdur ki, onunla
dostam...
Qəfil qonağı olduğum yazıçıdan çoxdandır sosial şəbəkədə
görünmədiyinin səbəbini soruşuram.
- Orada hər şey sanki ütülü vəziyyətdədir, münasibətlər,
davranışlar qabaqcadan hazırlanmış kimi görünür. Saxtalıq hiss
edirəm. Mən xalqı əvvəlki formada görmürəm. Elə bunlara görə
Feysbukdan çıxdım. Tanıdığım insanları əvvəlki vəziyyətdə, necə
var, elə o cür görmək istəyirdim, gördüm ki, yox e.
- Meyxoş müəllim, qəfil qonağın oldum, yəqin ki, narahat
etdim. Qəfil qonağa münasibətin necədir?
- Qəfil qonaq qəfil ölüm kimidir. Qəfil gələn ölümdə necə ki,
vəsiyyətini deyə bilmirsən, halallıq ala bilmirsən, bax
gözlənilmədən gələn gəliş də adama ani olaraq o hissi yaşadır. Amma
qonağı qarşılamaq, yola salmaq adətimizdir. Bundan nigaran
deyiləm...
- Pərəstişkarların kifayət qədər çoxdur. Kitablarını
oxuyurlar, haqqında yazırlar. Onlarla görüşməkdən qorxursan
ki?
-Yox Faiq, o qədərdə deyil, amma dediyindəhəqiqət var. Misal
üçün, məni həyatda elə vəziyyətdə görüblər ki, inanmayıblar bu
mənəm. Yəni mən halal zəhmətlə uşaqlarımı böyüdürəm. Qaldı ki,
kifayət qədərolmasa da, ədəbi mühitdə tanınıram.
Əlövsət zəng edəndə ürəyim üzülür ki, kimsə
ölüb
- Çox xoş oldu ki, Əlövsət Tahirli ilə birlikdə tutdum
səni. Deyirlər, Cəlilabad ədəbi mühiti arasında soyuqluq var, bu,
doğrudurmu?
- Səmimi deyim, Əlövsətlə, Əlirza Həsrətlə biz tez-tez
görüşürük. Əlövsətlə görüşlərimiz həmişə yas məclislərinə təsadüf
edir. İnan, bundan zəng gələndə ürəyim üzülür, hiss edirəm ki,
kimsə rəhmətə gedib. Bu gün də elə yaxın dostumuzun-qardaşımızın
hüzründən gəlirik.
Əlövsət dillənir:
-Amma bu dəfə fərqli oldu. Meyxoş müəllim zəng edib, hüzrə dəvət
etdi məni. Meyxoşun sözünə qüvvət, sənin sualına cavab olaraq
deyim, hər bir yazarın yazdıqları ilə şəxsiyyəti üst-üstə
düşməlidir. Yazıçını əsərlərində tanıyıb, onu bütləşdirənlər,
yazıçını bəzən şəxsən tanıyanda təəssüratlarında yanılır. Meyxoş
sözü və özü bir olan yazıçıdır. Oxucu bəzən yazarı əsərinə görə
tanıyır, kürəyində onun hənirtisini hiss edir.
- Meyxoş, sən arxa olmağı bacarırsan, hənirtini hiss
etdirirsən?
- Mən bir qədər fərqli fikirdəyəm, düşünürəm ki, əgər
görünürəmsə, tanınıramsa, demək, bir boy aşağı düşürəm. Əzab
çəkirəm.
-Niyə elə düşünürsən?
- Düzdür,məni tanıyırlar, hörmət edirlər, amma elə bilirəm ki,
xırdalanıram. Həm də fikirləşirəm ki,bir yerə gedərəm, həmin yerdə
nəyi isə görüb iradımı bildirərəm və bukiminsə xoşuna gəlməz.
Susmağa üstünlük verirəm. Qorxuram ki, danışam, düz anlanmaya.
- Sokratın sözüdür, danış, bilim ki, kimsən. Qorxun odur
ki, səni şəxsən tanıdıqdan sonra haqqında yanlışlığa yol
verdiklərini düşünərlər?
- Belə də olur, bəzən.
- Belə düşünmək olarmı, sən yazanda fikirləşibsən ki,
oxucu görəsən bu yerdə nə deyəcək? Məndə belə təəssürat yaranır ki,
sən hər hansı bir əsəri yazanda gözünün qabağınaoxucuları, yaxud
konkret kimi isə gətirirsən.
- Yox, razılaşmıram, məndə bu belə deyil...
-Mən axı sənin danışığından belə tutdum.
- Tuta bilərsən, Faiq. Mən hər hansı bir əsəri yazanda
kiminçünsə yazdığımı deyiblər, düzdür. Səndə, elə məndə bilirik ki,
hansı yazı məqsədli şəkildə yazılıbsa, bunun uğuru olmur. Mən tam
əmin eləyim ki, yazdığım bütün yazıları çap üçün yazmıram. Elə
bilirəm, mənim yazdıqlarım hec vaxt oxunmayacaq. Düşünürdüm ki,
sandıq ədəbiyyatı olaraq qalacaq. Nəyi necə yaşamışımsa, hiss
etmişəmsə elə də yazmışam. Ona görədə müəyyən qədər uğur əldə edə
bilmişəm. Hər kəs öz içindən keçəni, yaşadıqlarını yazmalıdır.
Sən məni durduğum yerdə qana salmaq
istəyirsən
- Evin xanımı səndən nə vaxt inciyir, evə gec gələndə,
ya heç gəlməyəndə?
- Bu söhbət, bilirsən, hamının dərdli, bəlalı yeridi. Mən
bilirəm Faiq, sən məni durduğum yerdə qana salmaq istəyirsən. Amma
tam səmimi olaraq deyirəm, çünki sən məni tanıyırsan, müəyyən qədər
münasibətimiz olub. Səntək qarşındakı müsahibinlə işini bitmiş
hesab etmirsən. Mənə qədər çoxlu insanlarla görüşdün, yazdın. Acıq
deyim ki, bəlkə ədəbiyyatımızda sənin kimi səmimi qəlbdən müsahibə
götürən, yazan ikinci yazıçı-jurnalist tanımadım.
Təbii ki, qadınların hamısının xislətindəqısqanclıq hissi var.
Nəqədər özünü ağır aparasan, nə qədər də hərəkətlərinə sədd
qoyasan, yenədə qadın qısqanmalı, qadın soruşmalıdır. O analıqdan
irəli gəlir. Sevgidən irəli gəlir. Amma bu söhbət hər yerdə olduğu
kimi elə mənimdə, evində narahatçılığına səbəb olur. Sözsüz ki,
olur. Təbii ki, maraqlanırlar haradaydım. Olur bizim evə çox
qonaqlar gəlir. Qonaqlarımın arasındazərif məxluqlar da olur.
Onlarıngedişindən sonra evdə narahatçılıq olub. Mən bilirəm, sənin
açıq suallarında olacaq, bunu gözləyirəm.
Gecə ailə yatandan sonra
-Sən hadisələri qabaqlama.Ümumiyyətlə, sən xəyanətə pis
baxmırsan. Çünki ömrü boyu sən xəyanətkar olmusan.
- Yazı-pozu adamına elə bil ki, xəyanət xarakterik haldı. Bu
sualın cavabını dəqiq verən yazarlarda olub. Bunu "ilham pərisi"
adlandıranlarda var. Vaxtı ilə "dostluq elədiyim" çox sayda
adamların indi heç biri qalmayib.
- Sən "Əsir qadın"ı, "Alagöz"ü, "Anakonda ovu"nu yazanda
buna nə ilham pərisi?
- Bilirsən, gecə ailə yatandan sonra gəlir yazmaq təbim. Əsir
qadının başına gələnləri yazmaq üçün ilham pərisi necə gələ bilər,
deyirsən? Sən şeirlərini yazarkən şən, sevgi pərisi gəlirsə, belə
yazılara da qəm pərisi gəlir də. Elə yazılarım var ki, mən onu
yazanda, o hissləri yaşayib hönkür-hönkür aglamışam. Həmin anda
mənim hiçqırığıma nə ailə, nə dost, nədə bir başqası hay verib.
Çiyinlərimdə sanki bir qəm pərisi oturub. Mənə o qəmli notları
diktə edib.
Çömçəquyruqları elə çömçəquyruğu olaraq
qalacaq
- Doğurdanmi balıq dəryada böyüyür?
- Ramilə Qurbanlını tanıyırsan? Təxminən oda belə bir sual
vermişdi, balıq dəryada böyüyər, əyalətdə nə gəzirsən. Cavab
vermişdim ki, balıq dəryada böyüyür, bu düzdü. Amma o qədər
çömçəquyruqları var ki, nəinki dəryaya, aparıb okeana da atsan, elə
çömçəquyruğu qalacaq. Bu baxımdan yaxşı yazar harada olsa əsərini
ortaya qoyacaq.O da düzdür ki, əyalətdə yaşamaq bir qədər gec
tanınmağına, oxunmağına səbəb ola bilər.
- Sənin hansısa əsərinə film çəkilmək söhbəti oldu bir
ara...
- "Azərbaycanfilm" kinostudiyasından zəng etdilər. Görüşdük.
"Alagöz" povestimə tammetrajlı film çəkəcəklərini dedilər.
Anlaşdıq, müqavilə imzalandı, qonorar təsdiq olundu, ssenari
yazıldı və yarımçıq qaldı. Bu 2008-ci ildə oldu. "Əsir qadın"
romanım haqda isə Moskvada yaşayan şair Afaq Şıxlı müsahibələrinin
birində demişdi ki, qızımla tərcümə edib, rus dilli oxuculara
təqdim edirik. Yəqin ki, bu yaxınlarda tamamlayarlar.
Zakir Sadatlını qonaq kimi gözləmişəm
- Ən çox kimi arzulamısan, qonağın olsun?
-Faiq, ən çox arzuladığım adam, yolunu gözlədiyim qonaq mərhum
yazıçımız Zakir Sadatlı olub. Mənə özü demişdiki, gəlib üç gün
qonağın olaram. O, xəstə olan vaxtı daha çox isinişmişdik
bir-birimizə. Çox duyumlu insan idi. Mənə demişdi ki, sən mənim
üçün Cəlilabadın istinad nöqtəsinə çevrilirsən. Həmdə Əfqanıstan
döyüşçüsü idi. Onun o sözü mənim o qədər xoşuma gəldiki. Onu çox
arzuladım. Ölümü mənə çox təsir elədi. Allah rəhmət eləsin.Bir də
Elman Tovuzun sağalmasını, qonağım olmasını arzulamışam.
- Qonaq getmək istəsən kimə gedərsən?
- Sözün düzü, deyim ki, mən Bakıya gələndə sizə qonaq düşmək
istəmişəm. Səni çox istəyirəm. Biz cəlilabadlılar hamımız səni çox
istəyirik. Amma sən heç qonaq dəvət etməmisən...
- Qəfil qonaq gəlmək lazım imiş...