Adı Mariyadır. 20 ildən çox olar ki, tanıyıram. O zamanlar o,
qəşəng qız idi. Arxasınca düşənlər də az deyildi. İndi səfil və
kimsəsiz olan bu qadın "Lenkombinat"ın (indiki H.Z.Tağıyev adına
toxuculuq fabriki) toxuculuq məktəbində oxuyur və elə həmin
müəssisənin də yataqxanasında qalırdı. Əksəriyyəti yetimxanalarda
böyüyən qızlar təhsillərini başa vurub burada işlə təmin olunar,
ailə qurardılar.
Mariya və onun bir çox rəfiqəsinin axşamlar əyləndiyi yer
yaxınlıqdakı Liman bazada dayanan gəmilər olardı. Ümumiyyətlə,
dənizçiləri reys arası boş dayananda bura gələr və dostluq etdiyi
qızları axşam yataqxanadan götürər, gəzməyə gedərdilər. Qızların
əksəriyyətinin bir neçə dostu olardı ki, bu da onların "boş
dayanmamasına" şərait yaradardı. O qızlardan çoxu indi ərdədir.
Ana, hətta nənə olanları da var. Ötən günləri ancaq xatirələrdə
yaşatsalar da, söhbətlərdə o günlərə dönmək belə istəmirlər. Hər
halda, təsadüfdən-təsadüfə qarşılaşdığım həmin xanımlardan bəziləri
ilə o günlərin şirinliyini "yaşamaq" mümkün olmayıb.
Dənizçilər qızları gəmiyə gətirmişdilər
Mariyanı da sevən vardı. O, şənlənməyi xoşlayırdı. Gözəlliyi ilə
çoxunun diqqət mərkəzində idi.
Bir gün onun ərə getməsi haqda eşitdik. Aleksey adlı bir dənizçi
ilə ailə qurmuşdu. Toydan sonra o qızın sərxoş rəfiqələrinin çoxu
səhəri gəmilərdə açdılar. Toyda olan dənizçilər qızları gəmiyə
gətirmişdilər.
Bütün bunlar ötənlərdə qalıb. Mariyanın indi dörd uşağı var.
Aleksey çoxdan Mariyadan ayrılıb. Mariyadan bir oğlu varmış və
yüngül həyat tərzi keçirməyə başlayanda uşağı atası götürüb.
Mariyanı vaxtaşırı Nobel prospektində görürəm. Yalın iri
ayaqlarında rezin çəkələklər, saçları dağınıq, yanaqları boyu göz
yaşlarının, çənəsində isə ağzından süzülən içdiyi suyun izi olur.
Günlərlə üzünə suyun dəymədiyi aydındır.
Mariya ilə Zığ şosesinin Toxuculuq kombinatına tərəf dönən
yerində təsadüfən qarşılaşdım. Ayaq saxladım. Yanında üç uşağı
vardı. İki oğlan və bir qız. Qız eynən anasının gəncliyidir. Gözəl
və sarışın. Oğlan uşaqlarından biri qarabuğdayı, digər isə bacısı
kimi sarıbəniz və yaraşıqlı idi.
"Vas tak mnoqo..."
Mariyanı söhbətə tuturam. Adını çəkən kimi dayanır, diqqətlə
üzümə baxır.
- Məni tanıdınmı? – rusca soruşuram,
azərbaycanca cavab verir:
- Yox. Sən kimsən ki!? – sonra da rusca əlavə edir: – Vas tak
mnoqo...
Onun yaddaşını vərəqləyirəm. Gəmiləri, rəfiqələrini, Alekseyi
yadına salıram.
- Lyoxa... o mənim yoldaşım idi. Sergeyin atası...
- Sergey haradadır?
- Bilmirəm. Əsgər gedəndə gəlmişdi məni görməyə. Mən onu
tanımadım. Atası uzaqdan məni göstərib.
- Öpdü səni?
Mariyanın gözündən lal yaş süzülür. Göz yaşları eyni xətt üzrə
çənəsindən yaxasına axır.
Yerə oturur. Köhnə, enli və bir neçə yerdən deşilmiş yubkasının
ətəyi aralanır. Ağ, amma çirkli dizləri, baldırı görünür. 20 ilin
arxasında qalan cazibədən əsər-əlamət belə yoxdur. Ağ baldırlarda
göyərmiş qalın damarlar qarışıq xətlər kimidir. Boynunu bükmüş
qızına, əlindəki cib bıçağı ilə dırnağının arasını təmizləyən 13-14
yaşlı oğluna baxır. Sarışın oğlu isə bir qədər aralıda kolluqda
özünün təbii borcunu verir. Mənə tərəf çevrilir:
- Deyirsən məni tanıyırsan? Sən o uşaqlara 60 qəpik ver. Bulka
alsınlar...
- Bir manat verərəm, su da alarlar, –
deyirəm.
- Su lazım deyil, krandan içərlər.
Uşaqlardan böyüyünə, qarabuğdayısına 2 manatlıq uzadıram.
- Axı bir manat dedin, – uşaq anasına baxaraq dillənir.
- Götür, atanızın dostudur, – deyir Mariya...
Uşaqlar gedir. Marinadan bu uşaqların atasının kim olduğunu
soruşuram.
- Sən Xasanın atasını tanıyarsan, əgər məni, Alekseyi
tanıyırsansa... Oğluma atasının adını qoydu. – Bir qədər susdu və:
- Sergey məni öpmədi, üzümə baxdı: "Mən sənin oğlunam, məni sən
doğmusan, - dedi. - Sən mənim atamı alçaltmısan. Mənim qardaşlarım,
bacım olsaydı, yaxşı olardı. Amma mən sənin doğduğun bu uşaqlara
doğmam kimi baxmıram". Xasan böyük oğlandır axı, bıçaq çəkdi
Sergeyə. Amma vurmadı.
- Xasanın atası kimdir axı?
- Sizdə matros vardı, alkaşın biri idi. Maarif. Alekseyin
işçisiydi. Mən onunla dost idim əvvəl. Bir dəfə gəmiyə aparmışdı
məni. Alekseylə orada tanış oldum, sonra da evləndik. Sergey oldu.
Lyoxa onu tez-tez bizə göndərirdi. Ərzaq-zad gətirərdi. Özü dənizdə
olanda da Maarif gələrdi bizə. Bir dəfə gecədən keçmiş evə gəldi.
Maarif bizdə idi, çay içirdi. O zamandan mənimlə düz gəlmədi.
Axırda ayrıldıq. Maarif ona dedi ki, mən Mariya ilə yatmıram.
İnanmadı.
- Bəs həqiqət necə idi?
- Mən Alekseydən sonra onunla yatdım. Ev tutdu. Kombinatda işə
düzəldim. Xasan doğulduqdan bir qədər sonra o, getdi Qusarda başqa
qızla evləndi. Mənə baxmadı. Kombinatda da işlər dayanmışdı. Gəmiyə
aşpaz düzəlmək istədim. Dənizçilər məni içirtdilər, sonra da...
Alekseyin dostları da, onu istəməyənlər də mənimlə olurdu. Sonra da
hər yerdə deyirdilər ki, Aleksey kişi deyil, arvadıyla
yatmışıq.
- Yaxşı, bəs o biri iki uşağın atası
kimdir?
- Bilmirəm. Bir də görürdüm uşağa qalmışam. İşə düzələ bilmədim
axı. Məni gəmidə saxlayırdılar. Mən hamının arvadı olmuşdum az
qala.
- Mariya, indi sən harada qalırsan, harada yatırsan? Bu
uşaqlar dərsə gedir?
- Hərf də tanımırlar. Sənədləri də yoxdur. Maarif Xasana metrika
alacaqdı. Amma yalançı çıxdı.
Mariya ilə söhbətim zamanı bir neçə dəfə müşahidə etdim ki,
yaxınlıqdan ötən insanlar mənə başlarını bulayaraq baxırlar. Hər
kəsin öz könlündən keçən. Bir dəstə cavan uşaq mənə söz atdı:
- Day-day, alınmır? – gülüşdülər.
Fikir vermədim.
Ana ola bilmədi o
Mariyanın ötən günləri daha şirindir. Yaşı 50-yə yaxınlaşdığı,
diqqət tələb etdiyi bir vaxtda, onu gəncliyinə, ona olunan diqqətli
bir vaxta aparmaqdır niyyətim. Rəfiqələrini soruşuram.
- Gülyanı da "maryaklar" yoldan çıxartdı. Narkotikə meyl elədi.
"Leyla Şıxliniski"də doğdu, uşağını orda qoydu, qaçdı. İki ay
bundan qabaq gördüm. Mənim uşaqlarıma, özümə lağ elədi. "Bu nədir
saxlayırsan, ver uşaq evinə, oxusunlar, adam olsunlar", - dedi.
Sonra da uşaqlarımın başıma necə dolanmasını görüb ağladı, "sən
xoşbəxtsən, Maşa", - dedi. İt günündə olsa da, balaların var. Dedi,
uşağımı yadıma salmaq istəyirəm. Amma necə, bilmirəm axı? Heç
görmədim də. Ana ola bilmədi o, elə bil yük daşıyırdı, qoydu yerə,
"i vsyo..."
Burada nə qədər qız bədbəxt oldu
- Yaxşı Maşa, işləmirsən, gözəlliyin də qalmayıb ki,
başına fırlanan, qadanı alan olsun. Səfil həyatı yaşayırsan. Nəyin
var, əlindəki əski kisələrdədir. Yəqin dəyişəyindir, uşaqlarının
paltarıdır. Harada yatırsan, nə yeyirsən, görünüşündən korluq
çəkənə oxşamırsan, maşallah, 100 kilo olarsan...
Doluxsunur. Bir qədər kənarda oynaşan uşaqlarına baxır.
Kişi vardı, qızları 5 rubla satırdı
- Heç yerdə yaşamıram. Bu, yaşamaq deyil. Mən yetimxanada, bir
də burda yaşayıb gün görmüşəm, - əli ilə Toxuculuğun tədris
mərkəzini göstərir. - İndi burda da qaçqınlar yaşayır. Bilmirəm,
nədirsə, bura məni özünə çəkir. Uşaq evinə getmək uzaqdır.
Mərdəkana necə gedim? Gedim nə deyim? Amma bura yolumun üstüdür.
Elə bilirəm, bura mənim ata evimdir. Axı Aleksey məni burdan gəlin
çıxartdı. Burada nə qədər qız bədbəxt oldu, bilirsən? Sizin
oğlanlar, milislər, hər kəs bura gələr, qız çıxarardı. Qapıçı kişi
vardı, qızları 5 rubla satırdı.
- Necə yəni satırdı?
- Hə, satırdı. Qafar idi adı. Deyirdik ki, bizi soruşan olsa de
ki, çıxıblar, yoxdur. O isə pul alırdı, oğlanları buraxırdı içəri,
hansı otağa yığışdığımızı deyirdi. Toma, Oksana, Leyla, Aliyə və
Sona ərə getdilər. Leyla Kiyevdə ukrayna getdi. Onun anası ukrayn
qızı idi. Getdi, orda bir oğlanla ailə qurdu. Mən hamısından qabaq
ərə getdim. Amma nə olsun, "sudba..." - Kirpiyindən bir damla su
asılıb, intihara hazırlaşır elə bil, indicə sifətində qabağa çıxmış
almacıq sümüyünə - "qayaya" çırpılacaq. İnanmıram bu gözlər həmin
qəşəng Maşanın gözləridir... "Səfillər" layihəsinin mənə verdiyi
ürək ağrılarına biri də əlavə olunur...
İti küçəyə necə qovurlarsa...
- Hər halda gecələdiyin, yatdığın bir ev, sığınacaq
olmalıdır axı...
Mariya suallarıma cavab vermək əvəzinə xəyallarının qucağında
xumarlanır, heç vaxt heç kəsə danışa bilməyəcəklərini mənə nəql
edir:
- Arada gəlirəm bura. Girirəm həyətə. İti küçəyə necə qovurlar
ha, bax məni belə qovurlar burdan. Bir dəfə, bir qadın var burada,
ona dedim ki, mənim ata evimdir bura. Güldü. Gülə-gülə söydü məni.
Qovmasalar, yatıb qalaram bu binanın bir küncündə,
zirzəmisində...
Mənə ana demək olar?
Qəfildən gözlərimin içinə baxır:
- Mənə ana demək olar?
Bu dəfə mən duruxuram. Nə deyim? Amma danışmaq lazımdır:
- Sən anasan, özü də pis ana deyilsən. Balalarını
qanadının altına yığmısan, qarınlarını doyuzdurursan.
- "Çestno?.." Düz deyirsən, "lapşa ne veşaeş?"
O qadından zəhləm gedərdi
- Amma sən yaxşı qadın deyilsən, yaxşı qadın olsaydın
axırın belə olmazdı.
- Mən guya bilmirəm? Bax Sergey istəsə, qardaşlarına kömək edər.
İşə düzəldər. Mən onu görmürəm. Qalmağımı soruşursan. Küçələrdəyəm.
Heç nədən qorxmuram. Nəyə qorxum ki? Mənim yaraşığım yox, dilənçi
günündə də deyiləm. Dilənçilərin himayəsində olanlar var. Amma mən
Alekseyin atasından qalma toyuq hinində qalıram. Onun arvadı
metisdi. Atası azərbaycanlı olub. Əvvəllər o tərəfə gedər, bir
vaxtlar xanımı olduğum evə baxardım. O qadından zəhləm gedərdi.
Sergey əsgər gedəndə ondan xahiş edib ki, atasına desin, mənə
yardım etsin. Qadın Alekseylə danışıb həyətin küncündəki bu toyuq
hinini mənə verdirib. Arxadan qapı qoydurub. Həyətlə, onlarla heç
bir əlaqəmiz yoxdur.
Uşaqları belə böyütmüşəm - ayaq üstə,
yeriyə-yeriyə
- Maşa, nə istəyirsən? Kimi istəyirsən?
- Sergey mənim oğlumdur. Ona analıq edə bilmədim. O mənə yaddır
elə bil. Amma bu uşaqları özüm saxlamışam, böyütmüşəm. Şadlıq
evlərinin, yeməkxanaların tör-töküntüsünü toplamışam, gətirib
yedizdirmişəm. İtlərlə birlikdə. İtlər məndən qorxmayıb, özlərinin
həmcinsi kimi baxıb mənə. Bəzən itlərlə bir-birimizin əlindən tikə
qapmışıq. Bu uşaqları belə böyütmüşəm, ayaq üstə, yeriyə-yeriyə.
Niyə doğdum onları... Mənim yerim cəhənnəm olacaq...
Çox kitablar oxuyardım. Qız vaxtlarımda elə xəyallar qurardım
ki... istəyirəm isti bir yer olsun, uzanım, gözümü yumum, özümə
xəyalən bir həyat qurum. Gerçəkdə həyatım alınmadı. Kimi istəyirəm?
Əlbəttə, Alekseyi. O, çox yaxşı kişidir. Nə olsun mənə inanmadı,
dostuna inanmadı. Mən Maarifi ona görə evə buraxırdım ki, o zaman
yaşadığım xoşbəxtliyə görə ona minnətdar idim. Məni Alekseylə o
tanış etmişdi...
Mariyanı xəyalları ilə baş-başa qoydum. Xasanı yanıma çağırdım.
5 manat pul verdim. Götürmək istəmirdi.
- Anan dedi, hava istidi, dondurma
alarsız...