Ağdamlı Aqillə ilk tanışlığımız 10 saylı CÇM-ə qədəm
qoyduğumuz andan başladı. Qarayanız, hündürboy bir adam idi. Eyni
yaşda olardıq. Gözümə narahat adam kimi dəyirdi.
Bayıldan "voronok"da gəlmişdik. Maşında tanış olmaq mümkün
olmamışdı. İstiydi, hər kəs öz hayındaydı. Həmin gün 3-cü
yoxlanışdan sonra bizi - təxminən 15 dustağı karserin gəzinti üçün
nəzərdə tutulan yerinə apardılar. Bayılda gün işığından məhrum
olunan dustaqların birdən-birə günün altına atılması yaxşı hal
deyildi. Kölgələnməyə yer yox idi. Köynəyimizin boyunluğunu
qaldırmışdıq. Demək olar ki, hamının saçı dibdən qırxılmışdı. Zonda
saçını necə gəldi qırxmasınlar deyə, mən də özüm könüllü olaraq
saçımı belə qırxdırmışdım.
"Eşşək" ayamalı baş gizir Əli
Gəzinti yerində nəzarətçilərdən, "Eşşək" ayamalı baş gizir Əli
və çavuş rütbəli lerikli Rafiq vardı. Yenicə yerləşmişdik ki,
ayaqlarını çəkən bir mayor nəzarətçilərə yaxınlaşdı. Nə isə
danışdılar və mayor getdi. Rafiq əlindəki qeydiyyat dəftərini açıb
bir-bir adları oxudu. Əliyev Aqil İbad oğlu deyildikdə, həmin
qarayanız hündürboy adam səsini çıxartdı.
- Keç bu üzə, - Rafiq dəmir hörgülü qapını açıb Aqili
məftillərlə hasarlanmış üzbəüz gəzinti yerinə dəvət etdi və oturmaq
üçün kətil verdi. Ardınca mən dəvət gözləmədən nisbətən kölgə düşən
həmin tərəfə keçdim. Rafiq:
- Ağsaqqal, sən hara? - dedi.
- Ağsaqqal deməyin hara, qabağımı kəsməyin hara?
Eşitmədin, mayor ikimizin də adını çəkdi? – talışların şivəsində
dedim. Rafiq gülümsədi və söhbəti böyütmədi.
Aqil ilə beləcə tanış olduq. İndi isə yaxın dostuq.
Aqil Az. CM-in 213-cü maddəsi ilə həbs olunmuşdu. Bu maddədə
vergidən yayınma nəzərdə tutulur. Əslində isə onun həbsinin
motivləri tam başqa idi. Aqilin mənə nəql etdiyini qısaca danışsam
yerinə düşər:
"Özəl müəssisəm – oksigen hazırlayan mini zavodum vardı.
Vergilərdə Xətai rayonunda qeydiyyatda idim. Rayonun vergi
müfəttişliyində yaxın dostum işləyirdi. Çox vaxt yanıma gələrdi.
Olurdu ki, arada mən də onun yanına gedəm. Bir dəfə də onun
kabinetində oturub dərdləşir, köhnə xatirələri təzələyirdik. Onun
daxili telefonu zəng çaldı. Rəisi idi. Bir qədər danışdıqdan sonra
dostum dedi ki, boş dayanmamışam, işləyirəm, yanımda filan firmanın
müdiri var. Bir qədər də qulaq asdıqdan sonra, dostum dedi ki, bəs
rəis deyir, onu da götür, gəl yanıma. Nə isə, getdik. Rəisin
yanında iki nəfər də əlavə adam vardı. Dostları imiş. İçəri
girməyimi gördüm. Ayağa qalxıb üstümə hücum çəkdi. Küçə söyüşləri
ilə danışdı. Niyə vergidən yayınırsan, büdcəyə ziyan vurursan və
sairə... "Başa düşmədim, məni niyə təhqir edirsiniz, mən vergidən
yayınmamışam. Və tərbiyəsiz danışma", - dedim. Bu isə dayanmadan
söyür, özünü yanındakılara göstərirdi: - Basacağam səni qoduqluğa"
və sair...
Arvadının gözü onun-bunun ....-da qalsın
Dostum imkan tapıb deyə bilmədi ki, mən vergidən yayınan,
cinayətə cəlb olunan firma müdiri deyiləm. Artıq rəislə yaxın
dayanmışdım. Gözləmədiyi halda ağzının üstünə bir şillə vurdum.
Duruxdu, əlini telefona atanda, birini də vurdum. Yıxdım yerə 2- 3
dəqiqəyə onun ağız-burnu partladı, üst-başı qan oldu, sonda da
qasığına bir təpik vurdum. Dedim, sənin "buranı" şikəst edəcəm ki,
arvadının gözü onun-bunun ora-burasında qalsın. Beləcə, məni
tutdular. Günah onda idi".
Sonradan, kifayət qədər xərcin hesabına Aqil "işini" vergidən
yayınmaya çevirib, il yarım müddətinə həbs cəzası almışdı.
Həkimlər məhbusa spirt satır
İlk gündən sonra bir oturub-durmağa başladıq. Tibb məntəqəsində
eyni otağı kirələmişdik, yeməyimiz içməyimiz bir idi. Əksər
dustaqlar qumar oynayıb, narkotikdən istifadə etməklə rejim
qaydalarını pozurdularsa, biz Aqillə spirtli içki içməklə bu
azarımızı öldürürdük. Həkimlər aptekdə satılan 100 qramlıq spirti
üçqat qiymətə bizə satırdı.
Aqilə hörmət kifayət qədər idi. həm Ağdam əhli, həm də başqa
əhlin dustaqları onun hörmətini saxlayardı. Elə CÇM-in işçiləri də.
O, sözün həqiqi mənasında ağsaqqalıq edə bilirdi. Bizim dostluq
münasibətlərimiz, "xlebnik" olmağımız həm Cəlilabad, həm də Ağdam
əhlinin üzvlərinin münasibətinin yaxşı olmasına da səbəb
olmuşdu.
Aqil səliqə-sahmanı sevən adam idi. Hətta mənim dolabımdakı
əşyaların səliqəli yığılmasına nəzər salar, "şustryaka"
tapşırıqlarını verərdi. Uzun axşamlarda mən ucadan şeir oxuyardım,
o isə çay dəmləyər, qulaq asar, başagəldi maraqlı hadisələr
danışardı. Bizim otağımız hər axşam "burjuy"ların daha çox cəm
olduğu otaq idi. Arada ikimiz olanda zarafata salar, deyərdim,
ürəyim alma istəyir, armud istəyir, bir soyanı təmizləyəni yoxdur.
Elə ürəkdən gülərdi ki...
Aqilin yanına çox dost, qohum gələrdi. Heç nəyə ehtiyacı yox
idi, azadlıqdan başqa. Kasıblara əl tutmağı da vardı. Ən çox gələn
isə qardaşları Zabil və Mobil idi. Mobillə əkiz idilər və bu iki
qardaşı ayırmaq mümkün deyildi. Bir dəfə qəribə hadisə baş verdi.
Mobil və Zabil görüşdən sonra bayıra çıxdıqda zabitlərdən birisi
Mobilin qolundan tutaraq saxlayaraq, yaxınlıqdakı əsgərləri köməyə
çağırmışdı ki, dustaq çöldədir. Sonradan həmişə gülə-gülə bunu
xatırlayardıq.
Türmədən qaçmağa razı olmadı
Aqilin iki oğlu və iki yaşlı bir qızı vardı. Balalarından sarı,
xüsusi ilə qızından ötrü çox darıxırdı. Bir gün Aqilə dedim ki, sən
gəl, get evə, bir həftə qal, təzədən qayıdarsan. Təəccüblə üzümə
baxdı:
- Necə? Bu, mümkün olmaz, – dedi. Ardınca isə: - Daha mənə yox
da, mən sənə iranlılar deyiləm ki, dolayasan, - deyib ürəkdən
güldü.
- Tam ciddi deyirəm. Mobillə səni hər kəs dəyişik salır.
Onu saxlayarıq burda, bilməzlər. Bunun üçün qorxmağa
dəyməz.
Həmin gün bütün gecəni bu barədə söhbət etdik. Aqili qorxudan
həm də o idi ki, Mobil burda özünü idarə edə bilməsin, çaşdırsın,
ona olunan müraciətləri, bizim bildiyimiz hadisələri, tanıdığımız
adamları çaşdırsın.
- Narahat olma, hay salacam ki, xəstələnmisən,
sançastdan çıxmırsan çölə, həm də Mobil mənim yanımda
olacaq.
Razı salıb, axır ki, saqqızını oğurlaya bildim. Həmin günü Aqil
də xəyalən uşaqlarının yanında oldu. Növbəti görüş zamanı
qardaşlara fikrimizi bildirdik. Zabil, böyük qardaş təklif etdi ki,
bu, belə olmaz, gedək türmə rəisinin yanına, razılaşdıraq məsələni,
xərcini çəkək, nə qədər lazımdır, inandıraq ki, səsi-sorağı çıxmaz.
Amma buna yol vermək olmaz, allah eləməmiş üstü açılar, daha pis
olar.
Zabilə dedik ki, sənin təklifin keçərli deyil və rəhbərlik
bununla razılaşmaz. Həm də artıq Aqilə qarşı olan sayğı, inam itə
bilər. Mobil isə əvəzedici qismində "zonda" qalmağa əlbəəl
razılaşdı. Yetər ki, qardaşı bir həftə azadlıqda qalsın.
- Seyid Lazım ağanın cəddi, lap "srok"un hamısını qalaram.
Türmədən qaçışın gerçəkləşməsi növbəti görüşə, özü də bazar
gününə razılaşdıq. Bazar günü qələbəlik olur. Görüşə gəlib
gedənlərin çoxluğu imkan verirdi ki, niyyətimiz baş tutsun.
Vaxt-vədə tamam oldu. Görüş zamanı xəlvəti yerdə mobillə Aqil
üst geyimlərini dəyişdi. Görüş sonu içəridən çölə daşınacaq qablar,
mələfələr qablaşdırılan çantanı Aqil əlinə götürdü. Qapıya tərəf
getdik. Mobil (Aqil) qardaşı Aqili (Mobili) yola salırdı. İki nəfər
zabitin yanından keçdik, hər ikisi, Aqilə üz tutub:
- Kurtkanı qardaşınla dəyişmisən, deyəsən, - dedilər.
Aqil fikrindən daşındı, məni tanıdılar dedi. Və qaçış baş
tutmadı.
Sonradan bu hadisəni danışıb xeyli güldük. Aqil deyirdi ki,
doğurdan da bir həftə özümü evimdə hiss etdim.
Nəzrətçini otaqdan qovdu
Çapıq Şahin deyilən nəzarətçi vardı. Axşamlar vaxtının çoxunu
"sançast"da keçirər, çay içər, hətta şam da elərdi. Artıq bəzi
nəzarətçilər və zabitlərlə dostluq da vardı aramızda. Bizimlə yaxın
olan nəzarətçilər ondan gileylənir, ehtiyatlı olmamızı tövsiyə
edirdilər.
- O, "stukaç"dır, yediyi qaba tüpürəndir. Adamı uf demədən
baqaja qoyar, - bunu da elə onun paqon yoldaşları demişdi. Bir gün
hər ikimiz də görüşdə idik. Nəzarətçilər, DPN-ka işçiləri və
başqaları bizimlə görüşüb, hədiyyələrini almışdılar. Aqil "axşam
növbəsi də gəlsin, hərəsinə bir qutu siqaret verək, getsinlər", -
demişdi ki, lerikli Rafiqlə, Çapıq Şahin içəri daxil oldu. Rafiq
ayaqqabılarını kandarda çıxarıb otağa sərdiyimiz palazın üstünə
ayaqyalın keçdisə də, Çapıq ayaqqabı ilə daxil oldu. Ərklə, əlini
stolun üstünə qoyulan meyvəyə uzatdı.
- Arvada bənzəriniz haradadır, bir çay süzsün içək, - dedi.
"Şustryak"ımızı nəzərdə tuturdu. Aqil əsəbi halda uzandığı
çarpayının üstündən ayağa qalxdı:
- Bas bayıra, qoduq. Gözüm səni görməsin! Almanı da qoy
yerinə.
Şahin zarafata salsa da, köməyi olmadı. Aqil almanı alıb, açıq
pəncərədən bayıra atdı. Aradakı gərginliyi Rafiqlə mən yatırtdıq.
Həmin gündən sonra Çapıq Şahin tibb məntəqəsinin həyətinə gəldikdə
bizim otağımıza girməzdi.
Aqil məndən 14 gün qabaq azadlığa çıxdı. O gedəndən sonra özümü
doğrudan da kimsəsiz hiss edirdim. Çöldən mənə və Ağdam əhlinə
sovqat göndərmişdi. O gedəndən sonra bəzən mənə onun adı ilə Aqil
deyərək müraciət edirdilər. Mən azadlığa çıxdığım gün məni CÇM-in
qarşısında qarşılayanların içərisində o da vardı - qardaşları,
dostları ilə gəlmişdi. Bağrına basdı:
- Ayə, sən öl, Rauf (rejimin rəisi) deyirdi ki, Faiq səndən
sonra "plats"da tək gəzir, öz-özünə danışır.