Yuxarı

“İçəri girib gördüm ki, gəlinim...” – 16+

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İçəri girib gördüm ki, gəlinim...” – 16+

Dərnəgül şosesində toz-torpağın qat-qat qalandığı bir yerdə tapdım onu. Köhnə fəhlə sırıqlısına bükülüb yaz küləyinin canına sindiyi soyuqdan və bu küləyin qovduğu toz-torpaqdan qorunurdu. Kirpiklərinin arası tozdan sırsıra bağlamış kimi görünürdü. İnsan cildindən çıxmış kimiydi.

Ayaqlarına fikir verirəm. Köhnə, balağı qatlanmış cins şalvarın ətəyindən xora düşmüş dabanı görünür. Əlindən bəhs etməyə dəyməz. İnkişaf etmiş bir ölkənin paytaxtında belə acınacaqlı durumda olanların varlığı təəssüf doğurur.

Ətrafdakılar öz işləri ilə məşğuldur. Bu adamın varlığı onları heç maraqlandırmır da. Verdiyim salamı dilucu alır. Bəlkə də heysiz olduğuna görə səsi belə çıxır. Baxışındakı yalvarış "sən Allah, qoy oturum yerimdə, mənimlə işin olmasın" deyir.

Oturduğu, yaxud uzandığı bilinməyən karton parçasının bir küncündə özümə yer eləyirəm. Söhbətə girişməyin yolunu götür-qoy edirəm. Nədən başlayım?

Özü köməyimə çatır:

- Altına bir şey qoy, soyuq çəkər...

Xeyirxahlıq edir, qayğıma qalır, özünün isə qayğıya daha çox ehtiyacı var.

- Heç nə olmaz, öyrəncəliyəm, - deyirəm, gözlərimlə ətrafa nəzər salıram, taxta parçasını götürüb üstündə otururam.

MƏNƏ KİŞİ DEMƏ

- Sənin adını bilirəm, sənə Tağı kişi deyirlər.

Baxışları kirpiklərinin arasında qartmaq bağlamış tozun arxasından gözümə dikilir. Mənim nə qədər ciddi olmağımın fərqindədir güman ki! Hıçqırıq idi, gülüş idi, istehza idi, nə idisə, ayırd edə bilmədiyim bir jestlə dilləndi:

- Deyərdilər... Hə, əvvəllər mənə Tağı kişi deyərdilər. Onda kişi idim, kişilərin sırasında idim, evim vardı, hörmətim vardı...

- Tağı kişi..

- Səni and verirəm səni əkən kişinin canına, mənə kişi demə. Elə Tağı de.

Siqaret təklif edirəm. Özüm də birini yandırıb sinəmə çəkirəm. Burada qəribə bir qoxu var, tütün qoxusuna qarışıb ciyərlərimə "əl gəzdirir". Uşaq vaxtı kəndimizdə bu qoxunu çox hiss edərdim. Qəribəsi də o idi ki, mənə tanış gələn bu qoxu doğma, sevimli qoxu deyildi nəsə.

- Mən siqaret çəkmirəm. Siqareti kişiliyimi atdığım gündən atmışam.

Dərdlidir. Amma bu adamdan dərdlərini soruşmaq da düzgün olmazdı. Bu adam dərdin içində üzür. Həyat hekayəsini vərəqləmək yetər, dərdi düzülər ard-arda.

Tağının həyat hekayəsi acınacaqlı olduğu qədər də ibrətamizdir. Onun hekayətini dinləyənlər, diqqət kəsilənlər buraxdığı səhvi təkrar etməzlər. Bu da bir alın yazısıdır.

Qeyri-ixtiyari Tağının alnına baxıram - bəlkə orada yazılan yazını oxuya bilim. Alnındakı qırışlar da tozun, qartmağın içindədir. Hə, birdən ağlıma gəldi, bayaq mənə tanış gələn qoxu toz qoxusu idi. Yay aylarında kənd yolunda havalanan tozun belə qoxusu gələrdi.

- Nə oldu axı sənə? Deyirlər, yeyib-içən kişi olubsan.

"Yeyib-içən" kişi olmaq Azərbaycan erkəyinin çox xoşuna gələn ifadədir. Bu ifadə həmin adamın zənginliyindən, əliaçıq olmasından, başqasına diqqətindən, pul xərcləməyindən soraq verir. Tağını bu sözlə dilləndirə, könlünü ala, dərdlərini çözələyə bilərəm, düşünürəm və yanılmıram da...

Mənimlə maraqlanır. Kimliyimi soruşur. "Allah adamıyam, - deyirəm, - səni gördüm, eləcə söhbət etmək istədim".

Söhbətimiz, daha doğrusu, məni maraqlandıran mövzuya çox çətinliklə giriş edə bilirəm. Tağı əlini qoltuğunun arasına aparır, nəyi isə sıxıb öldürür, sonra barmaqlarını iyləyir. İstər-istəməz çimçişirəm, o isə sanki bu qoxunu qəlyanaltı edir.

- Mənim iki oğlum var. Nəvələrimin də toyunu görmüşəm. Bu yaxınlarda olurduq. Yolu genişləndirdilər. Bizə yaxşı pul verdilər. Uşaqlarıma ev aldım. Kiçik oğlumla qalırdım. Gəlinim məni qovdu evdən.

MƏNİ LAĞA QOYDU, ÜZÜMƏ TÜPÜRDÜ

- Niyə?

- Uzun söhbətdi. Başın ağrıyar.

- Heç nə olmaz, sən yüngülləşərsən danışsan.

- Mən, burda bir ayrım balası var, ona danışdım. Məni lağa qoydu, üzümə tüpürdü.

- Tağı, sən öl, mən elə adam deyiləm, gəlinin səni niyə evdən qovdu axı? Bəs oğlun nə dedi? Böyük oğlun da var axı, gedəydin onun yanına. Arvadın hanı bəs?

Sualları ard-arda düzməyim onu çaşdırır. Dırnaqları ilə dabanının qaysaq bağlamış yarasını qoparır. Baxışlarında ürkəklik, qorxu var. Hiss edirəm ki, danışmaq istəmir. Gəlininin yamını vermək istəmir. Amma mən də inadcılam. Özümdən bir əhvalat uydururam, guya nə vaxtsa qonşuluqda yaşayan bir kişinin gəlininə elədiyi zülmdən bəhs edirəm. Sözü fırlayıb gətirirəm onun ailə faciəsinin üstünə:

- Bəlkə sən də belə olubsan?

- Yox, mən elə olmamışam. Amma gəlinim təzə evə köçəndən sonra mənimlə yola getmədi. Dava salırdı, get o biri gəlinin yanına, deyirdi. Mən də evə ancaq axşamlar gəlirdim. İçkili olurdum, girib yatırdım. Bir dəfə isə gecədən keçmiş evdə hənirti eşitdim, keçdim, gördüm gəlinim, nə isə... pis yoldadır.

MƏN GÖZÜYLƏGÖRMÜŞƏM

- A kişi, bəs deyirsən oğlum, nəvəm var, bu, haradan çıxdı?

- Oğlum maşın alveri edirdi. Gedir, 10 gün çəkir gəlməyi. Nə isə, gəlinə bir söz demədim, keçdim tualetə səs-küy saldım ki, "qonağını" yola salsın. Mənim adım gözüyləgörmüşdü... Sonra hiss etdim ki, sakitlikdir. Ayaqyolundan çıxdım. Gəlin əsəbi halda koridorda idi. Çımxırdı üstümə ki, niyə yatmırsan, bu nə səs küydür? Dedim bala, mane oldum, adamın getdi? Hay-küy saldı, dedi nə adam, "alkaş", nə danışırsan?! Qeyrət güc gəldi mənə, girdim bunun otağına, ardımca gəldi. Saçından tutub basdım yatağına, əynində nə vardısa dartdım cırdım, çıxartdım. Saxladım lüt-ətcəbala. Döydüm o ki var. Dedim ki, sabah açılan kimi çıx evdən. Düşdüm həyətə. Heç yarım saat keçməmişdi polislər gəldi. Qalxdılar yuxarı. Mən də bunların ardınca içəri keçdim. Gəlin dedi ki, guya mən onu döyüb zorlamaq istəmişəm. Axırım da belə.

OĞLUM MƏNƏ DEDİ Kİ, SƏN OĞRAŞSAN

- Amma sən onu zorlamağa cəhd etmədin heç...

- Nə danışırsan, mənim qeyrətim buna yol verməz. Heç belə şey olmaz axı. Kişi də gəlinini...

Tağının faciəsi bununla bitmir. Oğlu səfərdən gəldikdən sonra çox çalışsa da, hadisə necə olduğuna onu inandıra bilməyib:

- Oğlum mənə dedi ki, sən oğraşsan, get burdan, gözüm görməsin. Yoxsa səni özüm üzdəniraq edərəm. Böyük oğlumgilə getdim, arvadı dedi ki, bu evə gəlmə, evdə gəlinim var, bizi biabır etmisən.

- Sən demədin ki, uzun müddət bir yerdə yaşamışıq, mən heç elə adam deyiləm?..

- ...

BACIN QIZI QONŞU KİŞİLƏRƏ GÖZ-QAŞ EDİR

Tağının faciəsi doğrudan da ürək ağrıdıcıdır. Söhbəti burda da bitirmək istərdim. Lakin kiçik bir araşdırma aparmaq qərarına gəldim. Növbəti gün onun nişan verdiyi yerdə yaşayanların axtarışına çıxdım. Vaxtı ilə o ərazidə yaşamış xanım şairə mənə istiqamət verdi. Onun qonşuluğunda yaşayan Rafiqlə (adlar şərtidir) məni tanış etdi. Rafiq uzun-çək çevirdən sonra bəzi məsələlərə aydınlıq gətirdi:

- Tağı oğraş adamdır. Onun arvadının ürəyi partladı öldü. O, yaxşı pul qazanırdı. Yaşı çox da olsa, gümrah idi. O, baldızının qızına sataşmışdı bir dəfə. Rayondan xalasıgilə gələn gənc qadın uşağını həkimə göstərəcəkmiş. Bir dəfə hamamda çiməndə sərxoş halda girib içəri, qadına təcavüz etmək istəyib. Baldızı qızı da bunu itələyib, yıxıb yerə, başı zədələnib. Hadisə böyüməsin deyə, Tağı arvadına hadisəni özünə sərf etdiyi kimi nəql edib: "Bacın qızını evdən çıxart, qonşu kişilərə göz-qaş edir, danlamaq istədim, itələdi, başım zədələndi". Arvad inanmayıb, bacısı qızı ilə söhbət edib. Qız deyib ki, bəs mən hamamda çiməndə ərin qapını açıb içəri keçib. Mən də özümü qorumuşam. Onda qonşular da bildi bu söhbəti. Amma abırlarını içlərinə saldılar. Onu məhəllədə heç kəs sevmirdi.

YENİDƏN TAĞININ YANINDA

Ertəsi gün Tağının yanına gəldim. Bu dəfə məni köhnə tanış kimi qarşıladı. Kefimi soruşdu. Dedim, kefim pisdi. Səbəbini soruşdu. Dedim ki, təsadüfən sənin baldızının qızı ilə qarşılaşdım. Uşağını həkimə gətirmişdi, o səndən heç də yaxşı olmayan söz-söhbət danışdı.

MƏN NAKİŞİ DEYİLƏM...

Tağı üzümə baxdı, toz-torpaqlı başını qaşıdı. Boynunu çiyinlərinin arasına qısdı, sanki başını gizləmək istəyirdi. Öskürdü. Qorxuqarışıq qəzəbi hiss etdim baxışlarında. Çömbələrək qarşısında oturdum.

- Düzünü de, sənin gəlinin yanında yad adam olanda niyə otağa girib, onu, yaxud gəlinini öldürmədin? Niyə onları iş başında tutmadın ki, dilin uzun olsun? Nə fikirləşdin? Niyə gəlini döyməzdən qabaq onun əynindəkiləri cırdın?

Dinmədi. Üzümə baxmaqda davam etdi. Mən:

- Mənə hər şey aydındır. Sən gəlinini şantaj edib, onun yatağına girmək istəyibsən...

Aralandım. Ardımca zəif səsini eşitdim:

- Yox, düz demirsən, mən nakişi deyiləm... Amma kişi də deyiləm...

Tarix
2014.05.02 / 13:20
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla