"Qəlbiqırıq" layihəsində
Hələ gəncdir. Bütün dişləri çürüsə də, üzündəki
gözəlliyə xələl gəlməyib. Ancaq gülümsünəndə adamın ürəyi
ağrıyır.
Qonşuların köməyi ilə yaşayan 3 uşaq anası Şəhla
əslində, işləmək istəyir, amma xəstə görünüşü olduğuna görə onu
kimsə işə götürmür.
Beləcə, "Qəlbiqırıq" layihəsinin qonağı gənc yaşlarından
həyatı qaralan bir qadındır.
ANAMA DEYƏNDƏ DƏ ARTIQ GEC İDİ
- Şəhla, yoxsulsan, bilirəm, illərdir də səni tanıyıram.
Amma incimə, bu yoxsulluqda 3 uşağı niyə dünyaya gətirdin? Axı
onlara da yazıq, nə verəcəksən onlara?
- Ağlım olsaydı bu halda olmazdım ki... Amma 3 uşağın hamısı
mənim istəyimlə olmayıb. Böyük qızım…
Bir az dayanır, mənə baxır və tərəddüd edir. Onu ürəkləndirirəm
ki, nə demək istədiyini bilirəm.
- Hə, ögey atam 15 yaşım olanda mənə təcavüz etdi, balaca idim,
heç düz əməlli-başlı nə baş verdiyini də anlamadım, anama deyəndə
də artıq gec idi.
ATAM ÖLƏNDƏN SONRA ƏRƏ GETMƏSƏYDİ…
- Anan nə etdi?
- Elə nə edibsə, o edib də… Atam öləndən sonra təzədən ərə
getməsəydi, hər şey başqa olardı. Bakının mərkəzində 3 otaqlı
evimiz vardı, anam bu adama ərə gedəndən sonra atalığım evi satdı,
bizi gətirib bu daxmaya tıxadı. Bura gələndə məni evə almadı, iki
həftə bayırda qaldım, qorxudan evdən uzaqlaşmadım, gecələri də
qapının arxasında büzüşüb yatırdım ki, kimsə mənə nəsə etməsin.
- Bəs anan nə deyir olanlara?
- Heç nə…
- Hamilə olduğunu biləndə nə dedi?
- Məni döydü… İnanmadı, döydü ki, başqası ilə zibil eləmisən,
şər atırsan ona… Sonra atalığımla danışdı, o da anamı döydü. İnkar
da etmədi. Anam ancaq bundan sonra inandı.
ATALIĞIMIN İYİ GƏLİRDİ BURNUMA
- Bu hadisədən sonra da anan ayrılmadı bu
adamdan?
- Yox, görürsən də ayrılmayıb… Qız doğulandan sonra ona baxa
bilmədim, özümdən də, ondan da iyrənirdim, atalığımın iyi gəlirdi
burnuma qızı götürən kimi… Elə nə oldusa onda oldu, arıqlayıb bu
hala gəldim, vərəmli xəstəyə oxşayıram. Qızı da əvvəl anam saxladı,
böyüyəndən sonra analıq üstün gəldi, yanıma aldım. Hərdən qorxuram
ki, atalığım ona da nəsə edər. Evin yanında ona bir otaq tikiblər,
qoymuram orda yatsın, yanımda, elə bu balaca evdə qalır
mənimlə…
- Sonra sən böyüdün, nə oldu, bəs bu iki uşağın atası
kimdir? İndi də təksən axı...
- 22 yaşım olanda Biləsuvar rayonundan biri ilə tanış oldum.
Orda qohumlarımız var, kəndə getmişdim, bir ayağı şikəst idi, mən
də bilirdim ki, bu halımla mənə sahib çıxan olmayacaq, dedilər, mən
də razılaşdım. Elə orda da evlənib qaldım kənddə. İki uşaq
doğulandan sonra onun ayağı tam tutuldu. Ev də atasının idi, mənim
orda qalmamı istəmirdilər baldızlarım. Yoldaşım pis adam deyildi,
amma məni də qoruya bilmirdi. Əvvəl İrana gedib alver etməyə
başladım, uşaqları saxlamaq üçün... Amma evdən çıxarandan sonra
yenə bura gəldim. Başqa hara gedəydim?!.
AĞZIMDA DİŞİM YOXDUR
- İndi nə deyir, yenədəmi incidir?
-İncidir də sözdür?Allahın bəlasıdır, iki gündən bir deyir ki,
çıx evdən. Anam dərzilik edir, amma qazandığı pulu da o əlindən
alır ki, birdən mənə verər.
- Heç anana demisən ki, ayrıl bu adamdan?
- Nə ayrılması, hələ ona kömək də edir. Gözü ağrıyırdı,
ordan-burdan borc tapıb əməliyyat etdirdi. Amma mənim ağzımda dişim
yoxdur, heç nə etmir. Sonra keçən il bir uşaq vurdu maşınla, iş
verdilər, hansısa rayonda cəza çəkməlidir, komendaturadır, nədir,
orda qalmalıdır. Hər ay anam paltar tikib 220 manatı ora verir ki,
bu qalsın evdə…
- Bəs indi nə edəcəksən? Bu uşaqların taleyi necə
olacaq?
- Bilmirəm. Böyük qızı rahat adamla evləndirə bilsəm, yaxşı
olar. Oğlanlardan böyüyü işləyir indi…
- Balacadır axı… O, nə iş görə bilər?
- Bu vaxtlar kəndlərdə bağları şumlayıb bir az pul qazanır. Amma
inanırsan, elə allahsız adamlar var ki, onun belə, pulunu
kəsirlər.
DÜKAN SAHİBİ TƏKLİF ETDİ Kİ, ONUNLA…
- Yaxşı, bəs özün niyə işləmirsən?
- İstəyirəm, bir necə dəfə getmişəm. Bir dəfə hələ onda dişlərim
də çürüməmişdi, getdim, dükanın sahibi təklif etdi ki, onunla
yaxınlıq edim, mən də razılaşmadım. İşə götürmədi. Sonra yaxınlıqda
böyük market açıldı, ora getdim ki, süpürgəçi işləyim. İşə
götürdülər, iki həftə işlədim. Sonra dükanı işlədən qadın, Məlahət
çağırdı ki, vallah, mən də istəyirdim işləyəsən, ancaq alıcılar
sənin xəstə olduğunu düşünür, dükana gəlməyə çəkinirlər. Nə deyə
bilərdim, dükanın sahibi odur…
- Sənin qaldığın otaq əslində pis deyil, kim təmir
edib?
- İki il əvvəl Türkiyədən gəlmiş bir adam vardı. Yaxşı adam idi.
Dindardı, onunla tanış olan iki azərbaycanlı qadın mənim
vəziyyətimi deyiblər ona, o də gəldi, danışdı, kömək etmək
istədiyini dedi. Mənə ayrıca ev də tikmək istədi, amma ögey atam
həyətdən torpaq vermədi, yazıq da elə bu balaca otağı təmir edib
yanında bir hamam, tualet artıra bildi. Yaxşı da kömək edirdi mənə
burda olanda. Pul da verirdi, onun da yarısını atalığım tutub
alırdı, vermək istəməyəndə də iki dəfə evdən qovdu. O türk mənə
yaxşı soyuducu, televizor da almışdı, irilərindən, amma onu da bu
adam satdı, bu qırıq soyuducunu verdi ki, bəsindir.
ADAMIN ALLAHI VAR
- Yaxşı, o bu pulları neynir axı?
- Bilmirəm… Özünün övladı yoxdur, Mətişi (böyük qızı nəzərdə
tutur) övladı saymır. Deyir ki, bu boyda həyəti, evi sizə qoyub
gedəcəm. İndidən onun qisasını alır bizdən.
- Bəs ərindən xəbər yoxdur?
- Var, keçən il ayağı bir az açıldı, İrana müalicəyə gedəndən
sonra… Sonra yeşik sexində işləməyə başladı, işləyəndə kömək edir
yazıq, adamın Allahı var, amma nə qazanır ki…
BİLİRƏM Kİ, BU PULLAR NƏZİRDİR
- Yaxşı, sən işləmirsən, vəziyyətin belə… Necə
dolanırsan?
- Qonşular verir. Yemək, pul… Bilirəm ki, bu pullar nəzirdir,
hərdən düşünürəm ki, bu nəzir mənə düşmür, əlim-ayağım tutur, niyə
mənə nəzir verməlidirlər? Ancaq nə edim…
- Uşaqlar nə deyir, ürəkləri bir şey istəyəndə necə yola
verirsən onları?
- Ən pisi də budur. Kiçik oğlum yoxdan-vardan anlamaq istəmir.
Bayramqabağı, sən demə, gedirmiş qonşuya ki, anam belə dedi, elə
dedi. Ya da balaca vedrəni götürüb gedirmiş ki, suya gəlmişəm.
Qadın da bilirmiş ki, bu, əslində pula gəlib, çünki o qadın bunu
heç vaxt boş qaytarmırdı. O da pulu alıb yığırmış. Novruz bayramı
gələndə çıxartdı ki, məndə pul var, bayram bazarlığı edək. Saydım,
12 manat pul idi, götürüb getdim dükana, özünə də püstə aldım. Ən
çox püstəni sevir. İnanırsan, o püstəni yeyəndə boğazım
düyünləndi.
- Qonşularından razısan deyəsən?
- Hə, Allah onlardan razı olsun.
ÇÜRÜK DİŞLƏRİNİN GÖRÜNMƏSİ
Şəhlanın dərdi çoxdur, danışmaqla bitməz. Amma mən daha çox
danışdırmıram onu… Kiçik oğlu adını eşidib bir az daha diqqətlə
bizim söhbətimizə qulaq asmağa başlayır, gülümsəyirəm. Dərslərini
soruşuram. Bir az dili dolaşa-dolaş yaxşı olduğunu deyir. Çox
arıqdır, elə o da anası kimi xəstəyə oxşayır.
Şəklini çəkmək istəyirəm razı olmur, ehtiyat eləyir ki, birdən
atalığı hardansa öyrənər, bunu da bəhanə edib onu incidər.
Sağollaşıb çıxıram… Şəhla isə əli ilə ağzını tutaraq arxamca
gülümsünür. Çünki çürük dişlərinin görünməsini istəmir.