Yuxarı

Türmə əhvalatları - Gürcülər və güneyli məhbuslar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türmə əhvalatları - Gürcülər və güneyli məhbuslar

"TÜRMƏ ƏHVALATLARI" LAYİHƏSİNDƏ

Nə qədər ağrıdıcı və darıxdırıcı günlər olsa da, dustaq həyatının da xoş xatirələrlə yadda qalan günləri az olmur. Buranın müvəqqəti sakinlərinin fantaziyasının bəhrəsi olan o qədər danışılası hadisələr olub ki... bu dəfə dustaq həyatının zarafatlarla izlənilən anlarından bəhs edəcəyəm. Onu da deyim ki, türmədə kimliyindən aslı olmayaraq, hər kəs zarafatı sevir, amma gərək həddi aşmaya və baxır kimin kiminlə söhbəti tutur. Elə çöldəki kimi.

Tibb məntəqəsində "kirəkeş" olduğum üçün buranın həkim və feldşer heyəti ilə də münasibətlərim normal idi. Bütün günü bir yerdə olardıq. Cəza Çəkmə Müəssisəsinin başqa əməkdaşları ilə müqayisədə tibb personalının işçiləri daha münasib insanlar idilər. Baxmayaraq ki, onların da gəlir mənbəyi dustaqlardı. Lakin onlara münasibət heç vaxt aqressiv olmur.

Tibb məntəqəsinin baş həkimi mayor Bəhram idi və dustaqlardan palatadakı kirayəyə görə aldığı pulun yarısını demək olar ki, nərddə dustaqların özünə uduzardı. Məsələn, mən iki ayımın kirə haqqını onunla nisyə oynayıb udmuşdum. Uduzduğu adamdan əl çəkməz, onu narahat edər, daima nərd oynayardı. Olmuşdu ki, bir neçə dəfə evə getməsin, gecəni "sançast"da olan dustaqlarla "interes"ə nərd çırpsın.

Kapitan rütbəli Səttar həkimlə isə münasibətimizi dostluq həddinə qədər çatdıra bilmişdik. Səttarın çox böyük yumor hissi vardı. Ona müraciət edən pasiyent dustaqlar əslində həkimin şux zarafatlarına görə bura gələrdi, desəm, yanılmaram.

Yaxşı da səsi vardı. Bir də gördün, pəsdən hansısa mahnını zümzümə etdi. Arada ona, "səsini bir ağız qaldır", - deyə, xahiş edərdim. "Ayıbdır, bura "zon" yeridi, düşər-düşməzi olar", – cavab verərdi.

Səttar həkimin dustaqlarla etdiyi zarafatlar ilk baxışdan çox ciddi olardı. Amma baxır kiminlə və hansı situasiyada. Sözünün, hərəkətinin yerini bilərdi. Bir dəfə Astaradan olan gənc dustaq özünü hövlnak həkimin otağına atdı:

- Doktor, özümü pis hiss edirəm, üç gündür ürəyim bulanır, öyümə tutub məni.

Səttar həkim həyəcanla oturduğu yerdən qalxdı, canıyananlıqla soruşdu:

- Kimdən şübhələnirsən?..

Xəstə dustaq çaşıb qaldı. Həkimin gözlərinin içinə baxıb:

- Nə bilim vallah, uşaqlarla bir yerdə olmuşam. Bəlkə çipsidəndir? - gözlərini döydü.

Səttar bizə göz vurdu:

- "Cipsi"? Mən beləsini tanımıram. Hansı əhldəndir, 149-la tutulub? (149-cu maddə zorlamadır) - sən niyə onunla "salam-məlik" etdin ki?

Etimad adlı bu oğlan doktorun nə dediyini bu zaman başa düşdü və gülərək:

-Yekə kişisən, bax gör, zəhərlənib-eləməmişəm? - dedi. Xeyli gülüşdük.

Səttardan heç kəs incimirdi. Çox təcrübəli həkim idi. Uzun illər həbsxanada işləməsi, dediyinə görə, dəfələrlə yanlış diaqnozların təcrübəsi onu peşəkar həkim etmişdi. İçərinin qanunlarını da gözəl bilirdi.

"Şmon" vaxtı bizim bəzi əşyalarımızı qoruduğu da olmuşdu. Hər ikimiz zarafat etməyi xoşladığımızdan mənimlə daha səmimi idi. İlk zarafatı belə olmuşdu: nə üçünsə ona müraciət etdim. Qulaq asdı və dedi:

- Kişi, - sonra da ciddi, həm də hansısa qəbahətli işi tuturmuş kimi utancaq görkəm alıb, – "kişi" deməyim xətrinə dəymədi ki?

Tutulduğumu və əsəbiləşməyimi görüb güldü, əlini çiynimə qoydu, "zarafat edirəm də", - dedi. Və bundan sonra artıq mənim zarafatlarımın təzyiqinə davam gətirməklə məşğul oldu.

Onun yanına gələn xəstə dustaqlar bizi birlikdə gördükdə zənn edərdilər ki, mən də azadlıqda olanda həkim işləmişəm. Çünki Səttar onları müayinə etdikdə üzünü mənə tutar, doktor, düşünürəm ki, bunun xəstəliyi filan şeydir, siz nə məsləhət görürsüz? – deyərdi. Mən də onun diaqnozunu təsdiqləyər və xəstəyə əlavə "məsləhətlər" verərdim.

Çox vaxt iş zamanı başa çatdıqdan sonra ağrıkəsici və digər həbləri mənə verərdi. Axşam hansı xəstə gələcəksə, ona verməyi xahiş edərdi. Həm də bu baxımdan bəziləri məni həkim kimi qəbul edrdi.

Zarafatlarımız isə çox vaxt gürcülər və İrandan olan dustaqlarla effektli alınardı. Gürcülərdə bir şeyi müşayiət etmişdim; onlar məqsədlərinə çatmaq üçün adama özlərini anlaqsız kimi də göstərirdilər. Bilərəkdən özlərini gülüş obyektinə çevirirdilər. İranlılar isə hər şeyə inanırdılar. Əlbəttə ki, hamısı yox.

Təbrizli dustağın xəstəliyi

Bir gün axşam yoxlanışından sonra İrandan olan Pərviz adlı dustaq bizim qaldığımız otağa gəldi. Aqillə oturub çay içir, "dağı arana, aranı dağa" daşıyırdıq. Ədəblə salam verdi, cənublu şivəsi ilə:

- Doxtur Fayiq, Araz dedi ki, öskürürəm, mənə biseptol versin.

Araz Cəlilabad əhlindən olan dustaq idi. Narkotik maddələrin daşınması və dövlət sərhədini qanunsuz olaraq keçməsinə görə günahkar bilinib həbs olunmuşdu. Sakit və "özünü tanıyan" adam idi. Dərmanı verdim. Pərviz üzümə baxdı, nə isə demək istədi. Çəkindi. Həmən ağlımdan keçdi ki, bununla bir zarafat edim:

Baba, məni kəsəcəksizmi?

- Pərviz, bir yerin ağrımır ki, dərmana ehtiyacın olar birdən, de, utanma.

- Ağrımayan yerim varmı, baba, hər yerim zoqquldayır mənim. Mənə də dərman ver.

- Otur, - dedim.

Aqildən xahiş etdim ki, Pərvizin çiyinlərini sıxıb ovuşdursun ki, mən onun gözlərinə baxıb xəstəliyini "müayinə edə bilim". Aqil pıçıltı ilə, "yox başın qənimisən" - deyib, qonşu otaqdan naxçıvanlı Mehmanla laçınlı Ramizi də çağırdı ki, bəri gəlin, Faiq iranlını müayinə edir, birdən köməyiniz lazım olar.

Nigeriyadan olan dustaq Samsundan belə hamı bizim palataya topalaşdı. Ramiz dedi ki, Aqilin ürəyi yuxadır, qoy onun çiyinlərini mən ovum. Pərvizin halını təsəvvür etmək gərəkdir. Gözlərində, sifətində qorxuqarışıq təlaş "yuvaladı":

- Baba, məni kəsəcəksizmi?

Demək istəyirdi ki, bu qədər adamın bura topalaşması nəyə görədir, əməliyyat olunacam?

ALLAH, SƏN ÖZÜN SAXLA!

Ramiz onun çiyinlərini möhkəm sıxdıqca Pərvizin iniltisi ətrafı bürüdü. Alışqanın işığnı "xəstəmin" gözlərinin içinə tutub dərindən nəfəs almasını, yavaşca öskürməsini tələb edirdim. Arada Samsuna dedim ki, sən də onun topuqlarını ovxala. Zənci zarafatımızı başa düşmədiyinə görə, "bu yanlış müalicədir, niyə belə edirsən?" - dedi. Əsəbi halda ona:

- Sən Afrikadan gəlib bizə müalicəmi öyrədəcəksən, - dedim.

Aqil Pərvizin dizlərini sıxdı. Bir də "xəstənin" gözlərinə baxıb, çölə necə çıxdığı ilə maraqlandım. Bir neçə sual da verdim. Dostlar mənə dəstək olurdu, onun xəstəliyinin "fəsadlarını" söylədikcə içlərini çəkir, "Allah, sən özün kömək ol, cavandır, qədibçilikdədir, heç Kafirə də bu bəlanı, dərdi vermə" deyə dua edirdilər. Pərvizə dəxli olmayan suallar verirdim. Məsələn, yatanda xoruldayırsanmı, xoruldayırsansa, ayaqların keyləşmir ki? Yuxulu olarkən yerini batırırsanmı? Fit çalanda boynunun ardı qaşınırmı, qulağında tıxac olurmu və sair. Hər cavaba da dostlar ah çəkib, "Allah, özün saxla"! deyib, ah-fəğan edirdilər. Pərvizi tanımaq olmurdu. Baxışları ilə dil olub mənə yalvarırdı ki, onda nələri aşkarlamışamsa, özünə dəqiq deyim.

Müayinə başa çatdıqdan sonra bir qədər dərindən nəfəs aldım. Stolun üstündə vitamin həbləri və gicitkən yağı vardı. Evdən mənim üçün gətirmişdilər. Bir qaşıq yağ içirdib, sonra da həbdən ikisini verdim ki, atsın. Amma həbi atdıqdan sonra mütləq 10 dəqiqə boynunu sola qıssın, sağ ayağını qaldırıb, tək ayaq dayansın. Danışmasın. 10 dəqiqədən sonra bu dəfə əksini təkrara etsin, boynunu sağa qıssın və sol ayağını qaldırsın. Bütün bunlardan sonra rahat yatmağa çalışsın. Üstünü möhkəm örtsün ki, tərləyə bilsin.

Pərviz dediyimi etdi. Sonra da mənə dua edərək yatmaq üçün barakına getdi. Xeyli güldük.

MƏNİM SƏNƏ NƏ PİSLİYİM KEÇİB

Səhəri meydanda yoxlanış zamanı mənə yaxınlaşıb, təşəkkürünü bildirdi, gecəni rahat yatdığını dedi. Ona hələ müalicənin bitmədiyini söylədim. "Sənə elə dərman verəcəyəm ki, - dedim, - bədəninin bütün ağrıları, mikrobları sidik kanalından çıxacaq".

Axşam palatamıza gəldi. Gündüz Səttardan 4 gilə sidikqovucu həb götürmüşdüm. Bunun biri bəs edir ki, müntəzəm olaraq insan sidiyə getsin. Pərvizə 4 ədəd həbi verdim və dedim ki, çoxlu maye qəbul et ki, bədənin su ehtiyatı tükənməsin. Növbəti gün Pərviz yorğun, yuxusuz, gözlərinin altı şişmiş halda mənə yaxınlaşdı, bu dəfə hirslə:

- Baba doxtur, Fayiq şair, mənim sənə nə pisliyim keçib? Səhəri tualetdə dirigözlü açmışam.

Əsəbi idi. Halımı pozmadan:

- Sən nə danışırsan, istəyirdin ayaqyolunda gözü bağlı qalasan?

Sonra onu inandırdım ki, sənin bəxtin gətirib sidiyə getmisən, xəstəliyin canından çıxıb, əks halda bunun fəsadları çox pis olardı.

Sən demə, gecə o hər çarpayıdan düşüb ayaqyoluna getdikcə səs küy salırmış və narahat dustaqlar onunla mübahisə edib. Pərviz:

- Yaxşı mənim xəstəliyim nə idi axı?

- Bu, həkim sirridir, demək olmaz, ağzından çıxar, biabır olarsan, - dedim və aralandım. Müəmmalı baxışlarla ardımca baxa-baxa qaldı.

YASAMALLI TEYMUR

Cəza Müəssisəsinin "promzon"unda emalatxanalar vardı. Burada əsasən sənətkarlar işləyir və qazandıqları pulla həm özləri dolanır, həm də türmə rəhbərliyinə aylıq ödəyirdilər. Bu haqda növbəti dəfə daha geniş bəhs edəcəyəm. Lakin indilərdə taxta sexlərindən birindəki başagəldini söyləməyə ehtiyac var.

Şıxovlu Çingiz usta vardı və Aqillə mən çölə göndərdiyimiz hədiyyələrin əksəriyyətini ona hazırladardıq. Vaxtı ilə dənizdə işlədiyindən həmkar kimi hörmətimi saxlayardı. Başqaları ilə müqayisədə güzəştlər olardı.

SƏNİN XƏSTƏN OLMUŞAM AXI

Aqillə sifariş verdiyimiz əşyaların ardınca getmişdik. Emalatxanaya girər-girməz Çingiz bizi hörmətlə qarşıladı. Köməkçisi olan "bedalaq"a dustaqlara bizə çay süzməsini tapşırdı. Ayağını ayağının üstünə aşıraraq təsbeh fırlayan və qədeş-qədeş danışan tanımadığımız yeni dustaqlardan da bir nəfər vardı içəridə. Hiss etdik ki, bizə olan diqqət qardaşın heç xoşuna gəlmədi. Aqillə gözləşdik. Çingizin mənə "şair" deməsi dostumuzun qırışığını açdı:

- Qədeş, yazansan? - soruşdu.

- Yox dedim, həkiməm. Adım Şairdir, dedim. Fikir verdim, bu adamın başı keçəl idi və mən ömrümdə ilk dəfə idi ki, belə keçəl baş görürdüm. Elə bil, xətkeş qoyub dördbucaq şəklində başının ortasının saçını götürmüşdülər. Söhbətə girişdi, gözümün içinə baxdı:

- Doktor, sən məni tanımadın? Sənin xəstən olmuşam axı, Semaşkoda işləyirdin də, - lap həyasızlıq etdi. Və eyni zamanda mənim necə hörmətli həkim olmağımdan ağız dolusu danışdı.

- Səhv edirsən, görünür, məni kiminləsə səhv salırsan, ya da mənim qardaşımla. O da orada işləyir. Mən dəri-zöhrəvidə işləyirdim. Tökülmüş saçların bərpası kafedrasının dosenti idim.

ALƏ, QƏDEŞ, QARPIZ ALMIRSAN E...

Həbsimlə maraqlandı. Dedim, xəstədən rüşvət alıb müalicə etmişdim. Saçı başına bir az seyrək gəlmişdi deyə, acığa düşüb şikayətçi oldu. Sonra da izah etdim ki, o adamın başı tamam keçəl idi. Əgər sənin başındakı kimi tükü olsaydı, nə vardı onun saçını bərpa etməyə. Axı sənin başında olan saçın toxumasını genişləndirmək çox asandır. O adamda isə elə bil ki, yoxdan nəyi isə "rasplantasiya" etməliydim. Əlavə etdim:

- Məni buna görə həbs etdilər, indi onun başında mənim tüklərim, azadlıqdadır, mən isə burda...

Dostlarla mövzunu bir qədər də geniş müzakirə etdik və Yasamallı Teymur nəhayət ki, əlini başına çəkib, saçlarının bərpa olunmasını istədiyini dedi. Qulaqardına vurdum. Axır ki, Aqilin "tənəli" sözləri ilə Teymurun başının müalicəsini boynuma götürəsi oldum. Onun başını işığa çəkib bir qədər sıxdım.

– Alə, qədeş, qarpız almırsan e...

Acığa düşdüm, heç baxmıram, dedim və Aqillə Çingizin emalatxanasını tərk etdik. Aqil:

- Gərək bir az dolayaydıq onu.

- Narahat olma, hələ burdayıq, gələcək yanımıza, - dedim.

Elə də oldu. Teymur "sançast"a gəldi. Xeyli söhbət etdik. Dedim, sənin içindəki mikrobları təmizləməliyəm. Ona 8 ədəd sidikqovucu həb verdim.

- Bunların dozası azdır, ona görə 8-də at ki, effekti olsun.

Yarım saatdan sonra Teymurun ümumi ayaqyolunun qapısına söykənərək halsız halda təsbehini fırlamasını, 2-3 dəqiqədən bir tələsik ayaqyoluna qaçmasını kənardan müşahidə edib gülüşürdük...

Tarix
2014.05.08 / 09:25
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla