"Səfillər" layihəsində…
Sorağını çoxdan almışdım. İmkan tapıb görüşmək
istəyirdim. Elə bu istəklə də köhnə tanışımın mənə istiqamət
verdiyi yerə gedəsi oldum.
Hövsan qəsəbəsinə gedən yoldan Duzlu göl tərəfə dönürəm.
Çimərlik mövsümü olmadığından bu yolda gediş-gəliş azdır. Gölün
ətrafında isə tam sakitlikdir. Soxulcan yığan balıqçılar istisna
olmaqla ins-cins belə gözə dəymir. Nahamar, bərkimiş qum yolla
gölün şimal tərəfindən fırlanıb Xəzərin sahilinə doğru
irəliləyirəm. Ətrafda xırda kurqanlar var. Bu təpələr çox-çox
illərin xırda palçıq vulkanlarından qalmadır. Bir az aralıda
qəhrəmanımın məskunlaşdığı mağara görünür. Sığınacaq – mağaranın
qarşısında yarpağı tökülmüş yulğun kolunun budaqlarına ilişmiş
klyonka bayraq kimi yellənməkdədir.
Palçıq vulkanın – kurqanın tülkü yuvasını xatırladan, amma iki
üç adamın sığışa biləcəyi mağaranın beş addımlığında maşını
saxlayıram. Dənizdən əsən yod qoxulu hava ciyərlərimə dolur. Bu,
səhərlər adama xoş gəlir. Yadıma düşür ki, bir vaxtlar ürəyimi
müalicə edən həkim mənə dənizin neft-mazut qığnağı olan sahildə
gəzməyi məsləhət bilmişdi. Dərindən nəfəs alıram, məni öskürək
tutur. Səsimi bir az da ucaldıb mağaraya yaxın gəlirəm. Səfil kimi
ömrünün qalan hissəsini yaşayan qadın burdadır. İçəridə torpağa
sərilmiş köhnə yun parçaların üstündə uzanıb. Amma yuxulu deyil,
sinəsinə göy rəngli cırıq, çirkli adyal çəkib.
Kürəyini dikəldib mağaranın divarına söykənir:
- Burda balıq olmur. "Peşşanı" tərəfə get, - deyir.
Xırıltılı səs, qadın səsindən çox, boğuq kişi səsidir. Məni
balıqçı zənn edib.
- Mən balıq tutmağa görə gəlməmişəm. Səninlə söhbət
etmək istəyirəm, – deyirəm və mağaranın qarşısında çömbəlirəm, -
çıx çölə, bir sifətini görüm, elə bil kimdənsə
gizlənirsən.
Qadın başındakı qalın örpəyin ucu ilə ağzının kənarlarını silir.
Bu dəfə hıqqanıb yerinin içində oturur. Başı tülkü kahasının
tavanına dirənir. Yanının üstündə irəli dartınır. 3-cü həmlədə
artıq mağaranın girişindədir. Kənara çəkilirəm. Yerini rahlayıb
deyir:
- Nə söhbət?
- Bilirsən, qarı, mən balıqçı deyiləm. Yazı adamıyam,
açıq danışacam, sənin taleyini yazacam, ona görə istəyirəm mənə öz
keçmişindən danışasan, niyə sən bu günə düşmüsən, ev-eşiyin,
doğmaların haradadır?
Ölü, nurdan düşmüş gözləri ilə məni təpədən-dırnağa süzür.
Öskürür və yenə də boğuq xırıltılı səslə:
- Səndə termos var? Çayın var?
Səhv etdiyimi indi başa düşdüm. Adətən, belə insanlarla görüşə
gedəndə özümlə nə isə aparıram, axı. Təəssüflə:
- Su var məndə. Özüm içməyə götürmüşəm, onu verim sənə.
Mən axı bilmədim sən çay istəyərsən...
- Gətir.
Suyu verirəm. İçmir. Yuvasına tərəf dığırladır.
- Axırıncı dəfə nə vaxt çay içibsən?
- Səhər indi açılıb. Hər gün çay içirəm...
BALIQ BİŞİRİB, ÇAXIR İÇİB, DAVA SALIB…
Danışır və məlum olur ki, bunun da dostları var. Balıq tutmağa
gələn bir-iki nəfər buradan keçəndə ona çörək verir, çay süzürlər.
Əynindəki sırıqlıya bənzər kişi fəhlə gödəkcəsinin cibindən toz
basmış qənd və iki ədəd konfet çıxarır:
- Onlar verib. Vityaynan dostları. Bura tez-tez gəlirlər. Balıq
bişirib, çaxır içib, dava salıb gedirlər. O biri iki nəfər
"muşqurmandır" (müsəlman. - Red.), bizimkilərdəndir. Amma Vityanın
adı yadımda qalır, onlarınkı yox.
- Bəs sənin adın nədir?
- Adım Gülsümdü. İndi hamı mənə "ay arvad" deyir...
TÜRMƏYƏ DÜŞMƏYƏNLƏRƏ PİS BAXARDILAR
Gülsüm arvadla tez "dostlaşdıq". "Mən özgəsi deyiləm, bu dünyada
dərd çəkənlərin dərdini çəkənlərdənəm", - deyib zarafat elədim:
- Gülsüm arvad, bax, danışmasan ürəyim ağrıyacaq, danış
sən də yüngülləş, mən də bir qədər toxtayım.
Gülsüm:
- Nə danışım axı, danışmağa nə var ki, danışım? - dedi və...
danışdı: - Mən dağlı qızıyam. Xızıda qohumlarım çoxdur. Yadıma
gəlir ki, nəslimizdə atıb-vuran çox olub. Müharibədən sonrakı
illərdə,- mən onda dəstək qız idim,- yığışıb gəldik Bakıya.
Mal-heyvan saxlayırdı atam, əmilərim. Dayılarım lap qabaq
gəlmişdilər. Tez-tez dava-dalaş düşərdi. Türməyə düşməyənlərə pis
baxardılar. Cavanlar hamısı dava-dalaş salıb türməyə düşərdi.
Qızlar da elələrinə baxardı. Amma qızlar elə oğlanlara ərə getmək
istəməzdi.
Gülsüm arvadla danışığım uzun çəkdi. Yeniyetməlik vaxtlarından
ta indiyə qədər həyatını vərəqlədim.
- Kənd Suraxanıya gəlin köçdüm. Yoldaşım Buzovnada işləyirdi.
Ona ev verdilər, ora yığışdıq. Zavoddan oğurluq etdiyinə görə
tutuldu. Bir oğlum vardı onda. Sovxozda işə düzəldim. Ərimi
Volqoqrada yatab elədilər. Orada kimyada işlədi. Qayıdanda artıq
xədtə idi. Uşağımız olmadı. Hər gecə mənimlə dava edirdi. Ürəyindən
çox şey keçirdi, amma xəstəliyi arzusunu ürəyində qoyurdu. Məni
işdən çıxartdı. Hər kəsə qısqanırdı məni. İş yerindən xəlvət qaçıb
gəlirdi, girirdi evə ki, görsün nə edirəm. Nə isə, sonradan evə
telefon çəkdirdik. Hər yarım saatdan bir zəng vururdu. Vay olurdu
ki, telefon məşğul ola. Qırğın düşürdü.
- Kişi nə oldu bəs?
- Öldü. Oğlumun dərdi onu qoymadı yaşasın...
- Elə bildim sənə olan qısqanclıq onun bağrını
çatladıb...
- Yox, mən onunla yaşamadım. Ayrıldım ondan. Gəldim atam evinə.
Oğlum da mənimlə olurdu. Sonra qardaşlarım mənə ev aldı. Həyət evi
idi.
DOSTLARI İLƏ EVƏ QADIN GƏTİRİRDİ
- Niyə ayrıldın ki?
- O, pis yola düşdü. Əyyaşlıq etdi. Dostları ilə evə qadın
gətirirdi. Yeyib içirdilər. Sonra dostları bizim yataq otağımızda
əylənirdi. Buna danışırdılar. Bəzən onlar sevgi ilə məşğul olanda
xəlvəti baxırdı. Məni də məcbur edirdi ki, baxım. Evimiz pritona
dönmüşdü. Tüpürdüm ona, aralandım.
- Bəs oğlun nə etdi?
- Oğlum böyüdü, güləşə getdi. Qoşuldu pis uşaqlara, oğurluğa
qurşandı. Həbs olundu. Türmədən çıxdı, sonra yenidən tutuldu. Sonra
yenə də çıxdı və yenə də tutuldu. Bu dəfə narkoman kimi. Yaşı 40-a
çatırdı. Evlənməmişdi də. Ərimə xəbər göndərdim. Gəldi. Bu vaxta
qədər heç maraqlanmamışdı. Qardaşlarım da mənə baxmadı. Yaşım da
ki, çox idi. Ərimlə məsləhətləşdik. Evimi satdıq, getdik ərimin
evinə. Orada bir müddət yaşadıq. Oğlumu evləndirdik. Amma pis
yoldan çəkindirə bilmədik. Gəlin qalmadı onda, boşandı. İndi
başqasına gedib.
UŞAĞIMDAN NİGARANAM
- Ərim, sən demə, oğlumuzu çox istəyirmiş. Yatıb sonradan
ayılmışdı da. Özünü günahkar bilirdi. Həm də xəstə idi. O cür
xəstələr çox yaşamır axı. Bu isə yaşadı, çox yaşadı. 2013-cü ildə
öldü. Oğlum bundan sonra mənə zülm verməyə başladı. Atamı sən
çərlədibsən, deyirdi. Yoxsa bizi atmazdı. Bir gün də evimizi
satmağı tələb etdi. Razı olmadım. Dedi, müalicə olunuram. Yaşı
artıq 50-ni keçmişdi. Razılaşdım. Dedi kəndlərin birindən ev
alarıq. Ev tapdıq da. Amma evi satan kimi, oğlum yoxa çıxdı. Qaldım
küçələrdə. Orda-burda. Qardaşımın uşaqları məni bir ay saxladı,
sonra qocalar evinə yerləşdirəcəklərinə söz verdilər. Amma
etmədilər. İndi də burdayam. Niyə buranı seçmişəm? Çünki bura qəbrə
oxşayır. Elə istəyirəm ki, məni yuxu aparsın, ayılmayım. Amma
sonradan qorxuram. Axı oğlumdan heç bir xəbər yoxdur. Uşağımdan
nigaranam. Kaş bir dəfə görə biləydim...
Bu söhbət mənim yaddaşımda qalanlardı. Bu günlərdə yenidən həmin
yerə getdim ki, Gülsüm arvadı görüm, "Səfillər" layihəsi üçün yazı
hazırlayım. Rəhbərliyin dəstəyi ilə onu qocalar evində
yerləşdirək.
Getdim. Kahası boş idi...
Bir qədər uzaqda balıqçılar vardı. Onların yanına getdim.
Vityanı soruşdum.
- Vitya 3 ay olar ölüb, - dedilər.
- Bəs orada bir adam yaşayardı, o necə oldu? -
soruşdum.
- Nə adam?! Biz orada heç vaxt adam görməmişik. Orada Vityagil
əvvəllər çaxır içərdilər...