"GERÇƏKLƏŞMƏYƏN ARZULAR"
LAYIHƏSİNDƏ
Bu dəfə tanınmış yazar Aslan Quliyevi redaksiyaya dəvət
etdik. Razılaşdı. Görüşdük, onun uşaqlıq, yeniyetməlik illərinə
"baş çəkdik". "Gerçəkləşməyən arzular"ını öyrəndik. Həm də
məlumumuz oldu ki, Yardımlıda yaşayıb-yaradan yazıçının Bakıda bir
neçə günlük işi var. Bu günlərdə yazıçının "Qanun" nəşriyyatında
yeni kitabı dərc olunacaq. Elə söhbətimizə körpünü də yeni kitadan
salıq.
ARZUNUN ADI AĞRI...
- Deyəsən kitabınız çıxmalıdır, adını nə
qoydunuz?
- "Ağrı".
- Bu "Ağrı" hansısa əsərin adıdır, yoxsa ümumiyyətlə,
ümumilikdə ağrıların toplusudur?
- Azərbaycan insanının, vətəndaşının, hər bir azərbaycanlının
qəlbində gəzdirdiyi ağrıdır. Bizim də borcumuz o ağrıları
yazmaqdır.
- Deməli, o ağrıları qələmə almaq bir qələm adamı kimi
sizin yazıçı görəvinizdir. Özünüz də vətəndaşsınız, demək, bu
ağrıları hiss edirsizsə, nə isə bağlı arzularınız gərçəkləşməyib.
Gərçəkləşsəydi adını "Ağrı" qoymazdınız.
- Yox, bunun arzuya dəxili yoxdur. Biz bunu indi yazırıq,
danışırıq. Ancaq Azərbaycan xalqının əsrlər öncə başlayan
faciəsinin kökündə nələr dayanır? Hər şey rus çarının 1828-ği ildə
fərman verib İrəvan və Naxçıvan xanlıqlarını ləğv eləməsi, yerində
"Erməni vilayəti" yaratması ilə başladı.
ERMƏNİLƏŞDİRİLƏN TÜRKLƏR
- Yəni xalqın bundan əvvəl heç ağrısı
olmayıb?
- Yox, təbii, olub. Masştabına, miqyasına görə bu səviyyədə
olmayıb. İndi biz Xocalı faciəsindən danışırıq, amma mən sizə bütün
məsuliyyətilə, bütün əminliyi ilə deyirəm ki, miqyasına,
qəddarlığına görə də bu faciədən dəfələrlə ağır olan, yüzlərlə,
minlərlə Xocalı faciəmiz olub. Ərəblər bu torpaqlara ayaq açandan
sonra xalqımızın bir qismi islamı qəbul elədi, bu faciə deyildi,
faciə onların islamı qəbul eləməyənləri dışlaması, onları erməni,
kafir adlandırmaları oldu.
- Yəni türkü erməniləşdiriblər?
- Bəli, əgər sən müsəlman deyilsənsə, demək, ermənisən. Murad
Adci "Qafqaz Albaniyası haqda ağı" adlı əsərində yazır:
"Qafqaz Albaniyası çökdü, Rusiya Əlahəzrət Sərəncamı ilə Alban
Apostol Avtokefal kilsəsini ləğv elədi. Onun tarixini, əmlakını,
adamlarını erməni kilsəsinə verdi. Parçalamağa! Bu Qafqaz türkləri
üçün ən qara günlər idi, əsl genosid idi. Güclə bizi boğaraq
əcdadlarımızdan, Tanrıdan ayırdılar. Bir qismini ayırdılar, islamı
qəbul elətdirdilər və zaqafqaziya tatarları, ləzgilər, kumıklar,
avarlar (avarçılar) adlandırdılar…"
BİZİMLƏ BİR YERDƏ QOYUN OTARAN
- Deyəsən əvvəl şeirlə başlamısınız
ədəbiyyata?
- Yox, mən elə əvvəldən nəsr yazmağa başladım.
Sabir Rüstəmxanlıdan təsirlənmişəm. Atam Əlibayramlıdan onun
kəpənək qanadı nazikliyində "Tanımaq istəsən" adlı ilk kitabını
alıb gətirmişdi. Kitabdakı şeirlərdə səmimilik, təbiilik, Yardımlı
torpağının ətri, qoxusu var idi. Mənə ən çox da qəribə gələn o idi
ki, bizimlə bir yerdə qoyun otaran, eyni meşədə dolaşan, bizimlə
eyni havanı udan, eyni çöldə gəzən biri bunları yaza bilərmiş.
NƏNƏMİN DİVLƏRİ
- O vaxta qədər mütaliə etmişdiniz?
- Çox. Siz inanmazsınız ki, kənd kitabxanasında yüzlərlə kitab
var idi, beşinci sinfə qədər onların hamısını oxumuşdum.
- Və heç vaxt da ağlınıza gəlməmişdi ki, yazıçı
olacaqsınız?
- Yox, heç vaxt. Yazıçılara peyğəmbər kimi
baxırdıq. Sabir Rüstəmxanlının kitabı çıxandan
sonra ondan təsirlənib yazmağa başladım. Sonra xoşbəxtçilikdən
Rəhim Əliyevlə görüşdüm, onun mənim yaradıcılığımda böyük təsiri
oldu. Nənəm bizə nağıllar, dastanlar
danışaırdı. Onun nağıllarının sonu
uşaqların xoşuna gəlməzdi, orda mütləq ya div öldürməlidir, ya
şeytan. Mən o nağıllardan şeytanı, divi qovurdum, ora mələklər, xoş
üzlü insanlar gətirirdim.
- Uşaqlar da bu nağıllara inanardı?
- Əlbəttə. Onların xoşuna daha çox mənim danışdığım nağıllar
gəlirdi. O nağıllar mənim arzularımın dünyası idi.
- Sonra nağıllardan gərçək ədəbiyyata keçdiniz. Uşaq
vaxtı yaşadığınız, yaşatdığınız, yaratdığınız nağılların
gərçəkləşməsi ilə qarşılaşa bildinizmi?
- Yox əstəğfirullah, onunla heç bir yazıçı rastlaşa bilməz.
Mənim ilk yazılarım da elə nağıllar kimi idi. Bu yazılarda daş da,
ot da, ağac da, ay da, quş da danışırdı. Yazılarımı gətirirdim
redaksiyalara, məni lağa qoyurdular. Bir dəfə günəbaxan tarlası
yazmışdım, dedilər, bu nədir, bizdə günabaxan tarlası da olur/
- Bəlkə "plantasiya" yazaydınız, o cür qəbul
edərdilər?
- "Plantasiya" bizim sözümüz deyil. Günəbaxan zəmiləri.
Deyirdim, mənim elə də maddi imkanlarım yoxdur, amma sizi tarlaya
aparmağa pulum çatar, gedəyin göstərim... Nə o arzular
gerçəkləşmədi, nə də xəyalımda yaşatdığm o dünyanı görə
bilmədim.
YAZIÇI - ONUN BUNUN QAPISINDA DİLƏNƏN ADAM
- Gənclik illərində yazıçı kimi özünüzü harada
görürdünüz, hara dartınırdınız?
- Bizim vaxtımızda yazıçı müqəddəs bir şey idi, biz belə
baxırdıq. Özümü müqəddəs iş görən insanların sırasında
görürdüm.
- Bəs nə vaxt yazıçıya müqəddəs kimi
baxmadılar?
- Azərbaycan televiziyasında Anarın "Evləri köndələn yar" pyesi
göstərilən gündən. Orda bir bambılı, alasəfeh, yerində olmayan şair
obrazı vardı. Azərbaycan xalqı dəhşətə gəldi. Məlum oldu ki, yazıçı
avara, başdan xarab, səfeh, yerində olmayan, bambılı, özünə hörmət
eləməyən, qəpik-quruş üçün onun bunun qapısında dilənən adamdır
.
- Deməyinizdən belə başa düşmək olur ki, Azərbaycan
yazıçısını Anar gözdən saldı?
- Gözdən salmadı, sındırdı. Azərbaycan xalqı o tamaşaya qədər
yazıçıya peyğəmbər kimi baxırdı, sabah yuxudan duranda
isə artıq bambılı kimi baxmağa başladı.. O günə yazarları
barmaqla göstərirdilər. İlk kitabım çıxanda barmaqla göstərilməyim
yadımdadı.
- Bəlkə Anar müəllim onu o məqsədlə yazmayıb, Azərbaycan
yazıçısının gərçək durumunu qələmə alıb.
- Gerçəklik çoxdur, onda Həmin dövrdə gerçəklik
nə idi, kimləri lağa qoyardılar - alverçiləri, taksi sürücülərini,
mollaları, falçıları... Müəllimi, həkimi, partiya işçisini, vəzifə
sahibini lağa qoymazdılar. Anar yazıçıları da qatdı o cərgəyə. Cəmi
bir telekanalımız var idi, orda nə gedirdisə, xalqın düşüncəsini,
fikrini o formalaşdırırdı.
QIRMIZI İŞIQLAR
- Bəlkə yenilik deyək buna?
- Anar o qədər istedadsız, yerində olmayan adam deyil ki, nə
etdiyini bilməyə. O bunu bilərəkdən edirdi. Çünki o artıq bütün
adları almışdı, SSRİ Ali Sovetinin deputatı, AYB-nin sədri idi.
Yəni onun nə düşməyə, nə sınmağa yeri yox idi. Ona ağır gəlirdi,
görürdü ki, istedadlı adamlar gəlir. Onun şöhrətinə şərik ola
bilərlər. Onları yerində oturtmaq üçün bu pyesi yazdı.
Məni niyə çap etmirdilər, hə? Onlar özlərindən pis yazan hər bir
adam üçün yaşıl işıq yandırdılar. Özlərindən yaxşı yazan hər kəsi
düşmənləri kimi görür və qarşılarında qırmızı işıq yandırırdılar.
olurdular.
- Özləri deyəndə ki, kimlər?
- Hamısı. Anar, Seyran Səxavət, Mustafa
Çəmənli, Yusif Səmədoğlu, Mövlud Süleymanlı və başqaları...
- Sizinlə razılaşmıram. Dağda, aranda yazıçıya peyğəmbər
kimi baxırdıq, çünkü biz onlarıN əsərlərin də görürdük. Amma Anarın
müasiri olan və doğrudan da əsərdə özünün əksini tapan yazarlar
vardı axı, indi də var.
- Anarın özünün ətrafında bir nəfər də olsun o tip yazıçı yox
idi. Amma danmıram ki, ümumiyyətlə elə yazıçı-şair olmayıb. Olub,
yüzündən ikisi elə idi.
- Yazmağa başlayanda kumiriniz kim idi, kim olmaq
istəyirdiniz?
- O vaxt mən Yazmağa başlayanda qarşımda Sabir
Rüstəmxanlını görürdüm. Mən təzə sözü, təzə nəfəsi Sabir bəydə
gördüm. Amma düzünü deyim, sonra öz ədəbiyyatımızdan
qidalanmadım.
- Sizə məlum oldu ki, ədəbiyyatın hansı məqamı boşluq,
hansı yüksəklikdir. Və özünüzü o yüksəklikdə
görürdünüzmü?
- Görürdüm. Mən bizim ədəbiyyatla rus ədəbiyyatını müqayisəli
şəkildə oxuyanda dəhşətə gəlirdim.
XALQ YAZIÇISI OLMAQ İSTƏMİRDİM
- Aslan müəllim, yenə də həmin mövzuya qayıdaq ki,
özünüzü harada görürdüz və gerçəkdə hara qədər gəlib çıxa bildiniz?
Xalq yazıçı olmaq istəyirdinizmi?
- Xalq yazıçısı olmaq istəmirdim. İstəyirdim mənim əsərlərimi
oxusunlar. İstəyiridim ki, Mark Tvenin qəhrəmanları oxucuya necə
doğmadırsa, mənim də qəhrəmanlarım oxucularıma eləcə doğma olsun.
Mənim 80-ci ildə "Bahar küləkləri" kitabım çıxanda yüzlərlə məktub
aldım, haqqımda elə danışırdılar ki, düşünürdüm,
doğurdanmı bu kitabı mən yazmışam? Xalq yazıçısı olmaq
istəmirdim, ancaq tanınmaq, pul qazanmaq
istəmişəm, dolanmaq istəmişəm, təbii.
- Bəs nəyə nail ola bildiniz?
- Yazıçılıqla heç nəyə nail ola bilmədim.
ÖZLƏRİNDƏN ZƏİFLƏRƏ TƏQAÜD VERİRLƏR
- Seyran Səxavətin adını çəkdiniz, oxumusunuz
onu?
- Oxumuşam.
- Belə başa düşdüm ki, onun əsərləri sizi qane
etməyib...
- Konkret deyim də, mənim yazıçım deyil. Yalandan deyim ki,
Seyran Səxavət dahi, böyük yazıçıdır, yox, orta səviyyəli
Azərbaycan yazıçısıdır. Azərbaycanda əlli şair, yazıçı varsa, biri
də mənəm, Özlərindən zəiflərə təqaüd verirlər, mənə yox.
- Təqaüd almaq da gerçəkləşməyən bir arzu
idi?
- Yox, arzu deyil. Nə arzu? Sadəcə, o vaxt maddi ehtiyacım var
idi. Müraciət elədim, vermədilər. aldım nə olasıdı, almadım
nə?..
- Birdən oxucular elə düşünər ki, Aslan müəllim təqaüd
davasını döyür?..
-"Onlar məni öldürdülər" adlı bir yazı yazdım, o zaman
təqaüd-filan ortalıqda yox idi ki... Bu adamların hamısının
bir-bir, - nə iş görüblər, necə görüblər, - adlarını çəkdim o
yazıda. Təqaüd son illərin söhbətidir.
- Bəlkə bununla bağlı müraciət edəsiniz, ya da yada
salmaq lazımdır?
- Bir naxçıvanlı yazıçı dostumla birlikdə Anarın yanına
getmişik. Azərbaycan ədəbiyyatında mənim qəbul etdiyim gözəl
yazıçılardan biridir həmin adam. Vəziyyəti danışdıq. O, həmən il
təqaüd aldı, mənə isə verilmədi. Dostuma təqaüdü yaxşı yazıçı
olduğuna görə yox, Naxçıvanlı olduğuna görə verdilər. Mənsə
Yardımlıdandım
MƏNI DÖYMƏK, ƏZMƏK TƏHLÜKƏSIZ OLDU
- Deyirsiniz, Yardımlıdan yox, qarabağlı olsaydınız
təqaüdü ala bilərdiniz?
- Onu bilmirəm. Yardımlı ucqar, adamsızdır . İlk kitabım çıxanda
Vilayət Quliyev məni tənqid etdi, özü də nə cür tənqid etdi! "21-ci
əsrin astanasında oxuculara yumruq davası, göz yaşı, ekzotik koma "
təqdim eləyən yazıçıya lazımınca divan tutdu .
Çünki məni döymək, əzmək təhlükəsiz idi.
YARDIMLININ SİMASI
- Sizin üçün Yardımlının siması kimdir?
- Bir dəfə Məmməd Aslan dedi: "Bir Yardımlı burdadır, bir
Yardımlı da var, o da dünyanı gəzib-dolaşır. O, Sabir
Rüstəmxanlıdır".
- Sabir bəyin də şeirində var, "sənə ucqar dedilər", siz
də bayaq dediniz, kimsəsiz regiondur. Doğurdanmı kimsəsizliyi hiss
etmək olar?
- Çox kimsəsizdir.
- Aslan müəllim, gənclik arzularınızın hansı
gerçəkləşdi, hansı yox?
- Mən yazmaq istəyirdim.
- Yazmaq arzunuz gerçəkləşdi, yazı sizin əlinizdən tutub
o yerə ki aparmalıydı, bildimi?
- Yox ora apara bilmədi.
AZƏRBAYCAN SƏNİN ÜÇÜN AMERİKA DEYİL
- Yenə apara biləcəyinə ümid qalıbmı?
- Yox, yox. İndi daha ədəbiyyatın o vaxtı deyil ki, durub kimisə
harasa apara...
- Məsələn, o zaman sizi hara apara bilərdi
ədəbiyyat?
- Təbii ki, Bakıda da otura bilərdim, dünyanı da gəzə bilərdim,
yaxşı pullar qazanardım ədəbiyyatın hesabına, hər şey ola
bilərdi.
- İçinizdən bu hisslər keçdi, özünüz özünüzə mane
oldunuz?
- Onda Rəhim Əliyev mənə məktub yazdı ki, sən bu arzularla
yaşama, Azərbaycan sənin üçün Amerika deyil.
MƏĞLUB OLDUĞUMU ETİRAF ETDİYİMƏ GÖRƏ
- Arzularınızla bağlı heç olmasa istədiyiniz bir yeri
tuta bildiniz?
- Əslində, heç yazılarımı da ürəyim istəyən kimi yaza bilmədim.
Heç nəyə nail ola bilmədim. Azərbaycanda olub böyük ideallarla
yaşamaq, böyük əsərlər yazmaq mümkün deyil. İstədiyim kitabları
yaza bilmədim. Qoymurdular yazılarımı çap eləməyə. İyirmi beş il
bir yazıçının yazılarını çap eləməyələr, necə ola bilər? Sonda
yoruldum, yazmağım mənasızlığını başa düşdüm çap edilməyən bir
çamadan əlyazmamı yandırdım. Onların içərisində Sabir
Rüstəmxanlının da oxuyub bəyəndiyi yazılar var idi. Məğlub olduğumu
etiraf etdiyimə görə yandırdım. Yandırmaqla heç nəyin qisasını
almadım, sadəcə, gördüm ki, nahaq yerə özümü yormuşam.
- Bəs bu Azərbaycan oxucusuna xəyanət deyildi? O əsəri
ki, Seyran Səxavət, digər naşirlər, jurnal rəhbərləri oxumuşdu, nə
vardı bilirdilər, daha yandırmaq niyə?
- Mən onları yandıranda oxucunu yox, bəzi ədəbiyyat məmurlarını
yox, özümü düşünürdüm. Düşündüm ki, bəsdir. İnsan məğlub olduğunu
etiraf etməlidir. Mən bunlara dedim ki, siz məni məğlub etdiniz.
Məni öldürdünüz.
- Aslan müəllim, sonda bunu da soruşum da: bəs sizin
gerçəkləşən arzularınız hansılardı?
- Mən arzularıma çatmış insan deyiləm...