Yuxarı

Anam məni qıçlarının arasına sıxıb, komissara dedi ki...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anam məni qıçlarının arasına sıxıb, komissara dedi ki...

"Xatirə dəftəri" – layihəsində

"Xatirə dəftəri"nin budəfəki qonağı ilə təsadüfən həmsöhbət olduq. Ağır bir məclisdə yaşının və dünya görüşünün ona verdiyi imkanlardan üstünlüklərdən yararlanaraq, "bizim vaxtımızda belə deyildi, indiki cavanlar bərkə-boşa düşməyib, maşallah, nə istəyirsən qapının ağzındadır, buyur al", - deyib özündən sonrakı nəsli asıb kəsirdi. Söhbətə hamı diqqət kəsilmişdi. Məclisin yuxarı başında oturan molla da sanki oxuyacağı yasini unutmuş, diqqətlə İsmayıl kişiyə qulaq asır, araqçınlı başını sağa-sola, aşağı–yuxarı yelləyirdi. Bilinmirdi deyilənləri təsdiq edir, yoxsa inkar. Hər halda İsmayıl kişi mollanı küncə sıxışdırmağı bacarmışdı.

Naşükürlər

- Qudurğanlıqdır. Çörək qırıntıları ayaq altındadır. Zibil yeşikləri ərzaqla doludur. Görməyiblər. Aclığın nə olduğunu bilmirlər. Naşükürdürlər.

Məclisdəki cavanlar, orta yaşlılar sakitcə tənqidi qəbul edirdi, bir-birinin üzünə baxıb, gülümsəyənlər də yox deyildi. Ağsaqqalla söz güləşdirmirdilər.

Ona verilən suallardan məlum olurdu ki, ağsaqqalın 84 yaşı var, əslən Astara rayonundandır. Adı İsmayıl kişidir. Uşaqlıq illəri müharibə vaxtına təsadüf edib. Həyatın bütün üzünü görüb, sevincli anları da olub, kədərli günləri də...

Məclisin sonunda imkan tapıb İsmayıl kişiyə yaxınlaşdım. Jurnalist olduğumu, onunla ömrünün ötən anları barədə söhbət etmək istədiyində olduğumu dedim. Etiraz etmədi. Görüş vaxtını razılaşdıq. Onun uşaqlıq, yeniyetməlik xatirələrinin "Xatirə dəftəri"mizin oxucuları üçün də maraqlı olacağı qənaətindəydim.

"Çoşka-loşka"

Dediyimiz vaxt görüşdük və bildim ki, İsmayıl kişi doğulduğu Astara rayonunda cəmi 15 il yaşayıb. Sonradan oxumaq, sənət sahibi olmaq üçün paytaxta üz tutub. Neftçi olub, buruqlarda işləyib, orden-medalları var, yüksək təqaüd alır. Hazırda isə Sabunçuda yaşayır. 8-ci km-də ticarət obyekti var. İcarəyə verib. Balaları, özünün təbiri ilə desək, bifər – yəni fərsiz çıxmayıb. Nəticələrinin sayı nəvələrinin sayına çatmaqdadır. Arvadını gənclik illərində necə sevibsə, indi də elə sevir:

"Ona heç vaxt xəyanət etməmişəm. Arada dincə qoymuşam, zarafat deyil, doqquz uşaq doğub. Erməni, rus arvadları ilə "çoşka-loşka" olmuşam, amma onun adını batırmamışam. Elə iş görmüşəm ki, o arvadlar mənə görə qarımın paxıllığını çəkiblər, həsəd aparıblar ki, bəxtinə mənim kimi kişi düşüb".

Bu zarafatı o söhbətimizin şirin bir məcraya yönəldiyi zaman deyəcəkdi. İndilərdə isə görüşümüzdə ilk sözü bu oldu:

- Dədə balası, o gün hüzr məclisində dedin, səndən yazacam, mən də day üz vurmadım, nəyimdən yazacaqsan?

- İsmayıl dayı, gəl hələ bir səbir elə, oturaq söhbət edək, nədən yazacağım sənə məlum olar.

Hiss etdim ki, ərklə danışmağım xoşuna gəldi. Özünü kölgəliyə verib, məni də çağırdı. Yaxınlıqdakı çayxanaya nəzər saldı, başından buxara papağını çıxartdı, alnının tərini sildi, sonra da papağını havada yelləyib çayxanada əldə-ayaqda işləyən yeniyetməyə:

- Astara limonu olsun, - dedi.

Bu, həm də çay sifarişi demək idi...

Uşaqlıq illərini yadına salmağı xahiş edirəm. Çayından dərin bir udum alıb:

- Dədə balası, mən diplomat deyiləm, artist, sirk işçisi, kosmonavt, kolxoz sədri, NKV-deşnik olmamışam, nəyimnən yazacaqsan?

Məni heç doğub əski üstünə qoymayıblar

- Ay dayı, söhbət etməyə o qədər mövzu var ki. O gün çox maraqlı danışdın, hamı sənə diqqət kəsilmişdi...

- Səninlə ona görə danışıram ki, o rəhmətliyin dostu olmusan. O isə Allah yerini behişt eləsin, ayrı oğul idi... O ki qaldı uşaqlığıma, mən uşaq olmamışam. Onda gözümü açıb söz deməyə, danışmağa, ayaq tutub yeriməyə başlamışam, özümü çəltiklidə, iş başında görmüşəm. Elə bilirəm ki, məni heç doğub əski üstünə qoymayıblar, bələməyiblər də. Uşaqlıqdan söz düşəndə özümü əziyyətin, əzabın içində görürəm, dədə balası.

Biz işə geciksək, qələbə gecikər

- Müharibə vaxtı idi. Kişiləri yığıb apardılar "fronta". Atam, əmilərim, dayılarım hamısı davaya getmişdi. Onları analar, bacılar, nənələr əvəz elədi. Sonra atları apardılar, eşşəkləri yığışdırdılar, göndərdilər cəbhəyə. Onları da biz uşaqlar əvəz edirdik. İşləyirdik. Səhərdən axşama qədər işləyirdik ki, dədələrimiz cəbhədə ac qalmasın. Elə bilirdim ki, biz işə geciksək, qələbə gecikər. Sən nə görübsən, nə bilirsən axı... Kənd arvadlarının zənən olmaları da yadlarından çıxmışdı. Oturuşlarında, yerişlərində kişi hərəkəti hiss olunurdu.

Bir NKV-deşnik vardı

- Mən kolxoz sədri görmüşəm ki, zəhmindən arvadlar uşaq salardı. Milis rəisi görmüşəm ki, anbardan buğda oğurladığına görə tutulan məktəb yaşlı uşağa cibində buğda dənəsi aparıb verib ki, yesin, ölməsin. Bir NKV-deşnik vardı, gözümüzün qabağında tapançasını çıxarıb kolxozdan yarım girvənkə düyü aparan kişinin başından vurmuşdu. Elə çöldə, sahədə məhkəmənin hökmünü oxutdurub, özü icra eləmişdi. Pis zamana idi, dədə balası.

Nənəmin ətəyindən tutub çəltiklikdə böyüdüm

- Deyirsən xatirələrini danış. Uşaqlığımda bunları gördüm. Nənəmin ətəyindən tutub çəltiklikdə dərz daşıya-daşıya böyüdüm. Kolxozun payını toplayıb qurtardıqdan sonra deyirdilər ki, indi də öhdəliyi verin. Sonra yerdə qalan məhsuldan adambaşına bölürdülər. Biz uşaq idik, amma bizə də əmək haqqı verirdilər. Adama iki-üç ovuc da bizim üçün qoyurdular. Başaq bilirsən nədir? Hə, bax başağa gedirdik ki, evə ruzi yığaq, onu da əlimizdən alırdılar. Hətta başaq topladığına, kolxoz anbarına vermədiyinə görə bir nəfəri həbs də eləmişdilər.

Bu gündən mənim ərim budur

- 10 yaşım tamam olmamışdı hələ. Məktəbə də gedirdim. Dərsdən sonra da sahəyə baş çəkirdim. Bir gün dərsdən gələndə gördüm ki, həyətimizdə çoxlu adam var. "Furajka"sında ulduzları olan kişilər, kolxozun sədri, partkom, axsaq briqadir vardı, kopoğlunun biri idi... hamısı həyətdə idi. Anam ağlayırdı. Nənəm üz gözünü cırıq-cırıq etmişdi. Həyətimizdə olan yad kişilərin hamısı mənim başımı sığalladı. Bostanlıqdan xıra yığanda məni təpiyin altına salan o axsaq briqadir də başımı sığalladı, üzümdən öpdü. Çox mehriban idilər. Bu qayğı, anamın ağlaması, böyük nənənin belə ah etməsi, üzünü cırması isə məni çaşdırırdı. Sən demə, atamdan qara kağız gəlibmiş. Anam məni qıçlarının arasına sıxdı, üzümdən öpdü. Komissara dedi ki, bu gündən mənim ərim budur, İsmayılımdır. Sabahdan da işə gedəcəyik.

Böyük bacıma elçi gələndə son sözü mən dedim

Anam da, böyük nənəm də məni evin böyüyü bildi. Sonra iki əmimin qara kağızı, bir dayımın itkin düşməsi xəbəri gəldi. Dava bitəndən sonra da kənddə toy olanda məni göndərdilər, yas olanda məni başa çəkdilər. Əmimin qızlarına, məndən böyük bacıma elçi gələndə son sözü mən dedim. Mən tək deyildim ki, dədə balası, mənim günümdə olanlar çox idi. Dədələri davadan dönənlər oldu. Onlar da böyüdü, mən də. İndi nə qədər çox yesəm də, qarnımda aclıq hiss edirəm. Muğandan, Cəlilabaddan. Onda Astarxanbazar deyərdilər adına, buğda gətirərdilər, qızıla, balığa dəyişərdilər. Çəltiklə, balıqla doyuzdururduq özümüzü. Balıq çox idi. Külək vururdu dənizdən atırdı çölə ki, yetimlər yesin, ölməsin. Dədə balası, bizi dəniz ölməyə qoymadı.

Uşaqlarıma möhtac deyiləm

- Bakıya göndərdilər məni, get oxu, dedilər. Oxudum. Buruqda işə düzəldim. Anamı gətirdim yanıma. Sonra üç il əsgər oldum. Qayıdanda anam dedi, evlən. Dedim, ana, kimi alım? Dedi gedək, kəndimizdən birini bəyənək, onu alarsan. Getdik kəndimizə. Çəltiklikdən bir qız seçdim. Təzə-təzə saçına sığal verirdi. Hündürboy idim. Bakıda işləyirdim. Dədəmə oxşayırdım. Böyük nənə elçi getdi. Anam atamdan qalma üzüyü taxdı qızın barmağına. Toyumu etdilər. Doqquz uşağım var. Hamısı oxuyub, sənət sahibidirlər. Özümün bu qədər yaşım var, dədə balası, amma uşaqlarıma möhtac deyiləm. Pensiyamı alıram, dükanlarım var, kirayə vermişəm. Maşınımla gəzirəm yeməkxanalara, kafelərə demişəm ki, çörək qırıntılarını zibilliyə atmasınlar. Hər səhər axşamdan qalma çörəkləri yığıb aparıram həyətimdəki toyuq-cücəyə verirəm.

Arvadım istəsə, yenə də doğar

- Cavanlığım sən deyən olub. Bah, arvadı vurardım qoltuğuma, yer qalmazdı, gəzdirərdim. Bütün kurortlara aparmışam. O yanlarda bəzən arvadıma lağ edirdilər, geyiminə, başının yaylığına... Deyirdim, ay yazıqlar, bu qadın ki mənə dözüb, siz dözə bilməzdiz. Eşidəndə ki, 9 uşaq doğub, mat qalırdılar. Deyirdim, nəvələrindən, gəlinlərindən həya edir, istəsə yenə də doğar. Mənim uşaqlarımın anası doğurdan da həyat yoldaşı olub.

İndiki cavanlar qudurğandır

- Nəvələrim, nəticələrim də bifər çıxmadı. Amma yenə də indiki cavanlar qudurğandır. Onlar bərkə-boşa düşməyiblər. Bu gözəl hökumətdən incimək olar? Hər şey var. Pulunu ver, işini gör. Qazan, dolan. Bunlar ciblərində oğurluq buğda dənəsi yeyə-yeyə böyüməyiblər.

İsmayıl dayı ilə iki çaydan çay içdik. Onu görüb salamlaşan, stul çəkib oturmaq istəyənlərə ərklə:

- Dədə balası, salam verdin, əleyk aldın, day niyə oturursan? Bəlkə elə başqa sözüm var, sən eşidəsi deyilsən, durma, get, - deyirdi. Heç kəs də incimirdi...

Tarix
2014.05.12 / 10:06
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla