Oxucularımız az da olsa, Pərvizi tanıyır. Məşhur cibgir Məsmə
arvadla mənim görüşümə də o vasitəçi olmuşdu. Həm də azadlığa təzə
çıxdığına görə söz vermişdi ki, bir qədər vaxt keçsin, özü də
layihəmizin qonağı olacaq. Bu dəfə onun haqda "Türmə
əhvalatları"nda bəhs edirəm.
Mənim gəlməyimi ona çöldən deyiblər
Pərvizlə Bayıl türməsinin birinci korpusunun birinci qatındakı
25 saylı "xata"da tanış olmuşduq. Qarayanız, hündürboy, qayışbaldır
oğlan idi. Kameraya düşən andan özünün bu həyata elə də yad
olmadığını diqtə etməyi bacardı. "Bratva"nın, "Allah qapını açsın,
özünü yad hesab etmə, bura qardaşlıq xatasıdır", - "xoşgəldin"indən
sonra, Pərviz salyanlı şivəsində:
- Allah razı olsun, – dedi. Yerini rahatladıqdan sonra isə, -
"Canavar"dı da indi buranın vəziyyətinə baxan. Necədir, görəsən,
qardaşlarla maraqlanır? Rauf ("Canavar" ayamalı məşhur avtoritet. –
F.B) böyük qardaşdır. Mənim gəlməyimi ona çöldən deyiblər, -
əlavəsi əslində kamerada olanlara bir mesaj idi. Yəni mən təsadüfi
adam deyiləm. Kriminal aləmin söz və güc sahibləri ilə tanışlığım
var.
Beləsinə baş qoşma, köpük kimidirlər
Pərvizin gəlişi, özünü aparması köhnə "koterjan"ların xoşuna
gəlməsə də, onun mənim həmsöhbətim olması ürəyimcə idi. Söhbətləri
maraqlı idi. Masallının Şərəfə kəndindən olan, dələduzluğa görə
həbs olunmuş Xanlar kişi mənim onunla şirin-şirin söhbət etdiyimi
görüb, dəfələrlə hər kəsin eşidəcəyi tərzdə:
- Şair, belələrinə baş qoşma, köpük kimidirlər, içlərində nə
var, iki günə boşaldacaqlar, - deyirdi.
Mən isə Pərvizin söhbətlərinin şirinliyində dustaq həyatımın
günlərini vərəqləyirdim. Etiraf edim ki, bəzən mən də onun ifrata
vardığını, gopa basdığını başa düşürdüm.
O qədər taxta-şalban çəkib satmışıq ki...
Açığı, Pərviz kasıb adam idi. İlk günlər onun üçün sovqat
göndərən yox idi. Başqa dustaqlara göndərilən ərzaqdan isə
çəkinmədən bəhrələnərdi. Türmə həyatı onun üçün yad deyildi. Atası
da bir vaxtlar həbsdə yatıbmış. Diribaş idi. Danışıqlarından belə
başa düşürdüm ki, Salyanda "stansiya uşaqları"nın arasında böyüməsi
erkən yaşdan gözüaçıq böyüməsinə şərait yaradıb:
- Vaqonlardan o qədər taxta-şalban çəkib satmışıq ki...
Cibgir olması ilə də fəxr edirdi
Pərviz cibgir idi və bununla da fəxr edirdi:
- Bu, təmiz sənətdir. Əli-ayağı quru, işini görürsən. Son dərəcə
ehtiyatlı və həssas olmalısan. Bu sənətin müsbət cəhəti odur ki,
insanlar ona dəyən zərbəni, ağrını o qədər də hiss etmir. Vaxt
keçdikdən sonra bilirlər. Pulu, qiymətli əşyası aparılanlar çox
vaxt özlərini ehtiyatsızlıqda qınayır. Cibgirin qurbanı olduqları
ağıllarına heç gəlməz.
Davakar idi
Pərviz sakit adam deyildi. Davakardı və hər kəslə də mübahisə
etməzdi. Kamerada olan münaqişəyə girməyə meylli idi. Amma işi
davaya-dalaşa qədər böyütməzdi. O, həm də dil pəhləvanı idi. Sözdə
asıb kəsərdi. Onun fiziki cəhətdən sağlam və güclü olmasını da
etiraf etmək lazımdır. Bir dəfə mən məhkəməyə aparılıb
gətirildikdən sonra Pərvizi əli sarıqlı gördüm. İranlı bir dustağa
olan haqsızlığa görə kameradakı qarabağlı dustaqlarla mübahisə
etmişdi. İş dava-dalaşa qədər yüksəlibmiş və Pərviz divardakı
güzgünü əli ilə sındıraraq şüşə parçasından bıçaq kimi istifadə
edib sözünü yeridə bilibmiş. Hər halda, mis oğurladığına görə həbs
olunmuş "Makar" ləqəbli ağdamlı İlqar həmin gündən sonra Pərvizin
qəzəbli baxışlarından gizlənməyə çalışırdı.
Sən "pasajirsən", bu adamlara baş qoşma
Pərviz məni özünə dost kimi qəbul etmişdi:
- Şair, sən "pasajirsən", bu adamlara baş qoşma. Ağsaqqallığını
elə, bacıoğlun yanındadır, - deyirdi və hər kəsin dik gözünün içinə
baxırdı. Belə anlarda Xanlar kişi:
- Şair, sən pərvizkimilərə bel bağlama, nə qədər ki, sənin
siqaretini çəkir və onun yanına gələn yoxdur, o sənin dostun
olacaq, belələrini çox görmüşəm.
Maraqlı olan o idi ki, Pərviz Xanlar kişinin açıq mətnlə dediyi
bu sözlərdən heç inciməzdi.
Lalların kralı
Pərvizin isə yanına gələnlər tapıldı. Pərviz cibgir idi və onun
çöldəki dostlarının çoxu da kriminal aləmin adamlarıydı. O,
lallarla daha çox oturub dururmuş və lalların əl jestiylə
danışdıqlarını da çox gözəl bilirdi. Azərbaycanda lalların
mafiyasının rəhbəri olmuş Nurəddin adlı şəxsdən ağız dolusu
danışırdı. Deyirdi ki, onlar müntəzəm olaraq "Qaya" restoranına
yığışırlar. Siqaret satan, başqa işlərlə məşğul olan lallar hər gün
ona bac-xərac ödəyir və Nurəddin bu pulu imkansız lallara sərf
edir. Pərvizin dediyindən belə başa düşürdüm ki, Nurəddin lalların
kralıdır. Onun haqqında ürəklə danışardı. Bu vaxtlar hər kəs onun
söhbətinə diqqət kəsilərdi.
O mənim yaşadığım qadındır
Pərvizə ilk "peredaça"nı gətirən Babək adlı "taksist"
(dustaqlara gələn çantaları daşıyan dustaqlara belə ad verilir. -
F.B) dustaq dedi ki, bunları göndərən qadındır, yanında da uşağı
var. Pərviz sovqatı qəbul etdikdən sonra:
- O mənim yaşadığım qadındır. Hər kəsdən vəfalı çıxdı.
Sonra çöldən gələn məktubu oxuduyub, üzünü mənə tutdu:
- Şair, ona çox köməyim dəyib, - dedi. Sonra xeyli danışdı. Bu
dəfə hiss etdim ki, danışıqlarına boya vurmur - nə var, onu
danışır. - Onunla necə dostlaşdım? Danışım sənə?
O Məleykə Əsədova var ha...
Hiss etdim ki, danışmaq istəyir. Mənim qulaq asmaq istəyim onun
söhbət etmək marağından heç də az deyildi.
- Həzrət Abbas haqqı, - yalan deyirəmsə, Həzrət Abbas belimi
qırsın, - Neftçilərdən Razinə tərəf qalxırdım. Bıy, bi də gördüm
adə, bu nədi adə, dəf kimi bir xala, xala deyirəm e, televizorda
qız var e, veriliş-zad aparır, onun yanında hezz zad. O Məleykə
Əsədova var ha, heç onun əlinə su tökməyə dəyməz. Gözüm tutdu. Mən
də intiligent formasında. Kostyum, qalstuk, qoltuğumda da "papka".
Niyə belə geyinirdim? Ona görə ki, məndən şübhələnməsinlər.
Cibgirlik edirdim də... özü də tək işləyirdim. Kim fikirləşərdi ki,
bu adam cibgir olsun.
"Risovka"lıq elədim
- Nə isə, düşdüm arxasınca. Avtobusa minəndə bilərəkdən
toxundum. Çevrilib mənə baxanda, bi dənə "risovkalıq" elədim, gəl
görəsən. Əlimi qoydum sinəmə, təzim etdim: "siz Allah, bağışlayın,
bilmədim". Gülümsədi. Avtobusa mindik. Oturdum yanında. Qovluğumdan
qəzet çıxartdım, "vedmost"-zad vardı, yalandan onlara baxdım. Özümü
işgüzar adam kimi göstərdim. Arada qoluna ehmalca toxundum, söz
dedim. Hay vermədi. Eləcə baxdı, üzümə gülümsədi. "Ayna
Sultanova"ya qədər bir gəldik. İşarə elədi ki, düşürəm. Yol verdim.
Ardınca da özüm düşmədim bə?.. Yaxınlaşdım, "Ramin şadlıq evi"ni
soruşdum. Əli ilə işarə elədi ki, başa düşmürəm. Bildim ki, laldır.
Hə, bundan sonra onu güdməyə başladım. Özümü ona göstərmirdim.
Keçmək olmurdu axı ondan.
Basa-basda çantasından "koşelyokunu"
çıxartdım
- Bir dəfə avtobusda yol haqqını ödəyib pulqabını çantasına
qoydu. Aman vermədim, basa-basda çantasından "koşelyok"unu
çıxartdım. 3-4 mini (80 qəpiyəcən) vardı. İçinə bir dənə beş
"şirvanlıq" qoydum. Bir az aralanmışdı ki, arxadan qaçıb çatdım.
Pulqabısını verdim. Dedim ki, əlindən yerə salıb. Götürmüşəm. Məni
tanıdı deyəsən, gülümsədi. Açıb içinə baxdı, pulu görcək, şair, sən
ölməyəsən, "Makar" ölsün yalan deyirəmsə, təəccübləndi. Beş
"şirvanlığa" baxıb, çiyinlərini çəkdi. Dostlaşdıq. Yataqxanada
qalırdı. Bir qızı vardı. Qızı lal deyildi, danışa bilirdi. Mənə
laldili danışmağı onlar öyrətdi.
İt kimi marıtlamışdım
Pərvizin humanistliyi də varmış. Danışırdı:
- Bir dəfə "Binə" bazarında "işləyirdim". Qadın alt paltarı
satılan yerdə işləyən oğlanla "hamaş" olmuşduq. Basırıq yarananda
hansı alıcının pullu olmasını işarə edərdi. Həmən özümü salardım
"talpa"nın içinə. Guya nə isə alıram. Sözsüz, satıcının da haqqı
çatırdı. Məndən heç kəs şübhələnmirdi. Danışığım, geyimim,
boy-buxunumu da ki, görürsən. Çox yaxşı pul tuturdum. Hə, bir dəfə
satıcı mənə bir qadını işarələdi. Fikir verdim. İt kimi
marıtlamışdım. Xeyli mal seçdi. İmkan edən kimi ehmalca çantasına
əl gəzdirdim. Amma bu qadının sifətinin quruluşu, dərdli çöhrəsi
mənə çox tanış gəlirdi. Elə bil ki, bu mənim doğma insanım idi.
Yorğun görünürdü, əzab çəkmiş adam idi. Qadın satıcıya, "qoy burda
dursun, - dedi, - indi gələrəm pulunu verərəm", - dedi. Digər
dükanlara girdi. Ardınca düşdüm. Yanında iki gənc qız da vardı.
İnan, hiss etdim ki, bunlardan biri gəlinidir və onun üçün
bazarlığa gəliblər.
Anamın dərdli cizgiləri
- Qabağa keçdim, qadının sifətinə fikir verdim. Və birdən içimdə
bir hönkürtü hiss etdim. Bu qadının bütün cizgiləri anamın dərdli
cizgiləri ilə eyni idi. Atam türmədə olanda anamla Salyan bazarına
getmişdik. Onda anam pulunu itirdi. Şair, inanmazsan, anam necə
ağladı. Bax, mənim rəhmətlik anamın üz cizgiləri onda idi. Ağlımdan
keçən o oldu ki, bəlkə o vaxt anamın pulunu çəkibmişlər? Onları
izlədim. İmkan tapmadım ki, pulqabını yenidən çantasına qoyam. Bu
vaxt çantasından cib dəsmalını çıxardıb alnının tərini sildi. Bir
iki addım atmışdılar ki, arxadan çağırdım:
- Ay xala, pulqabınız yerə düşdü.
Mənə o qədər dua elədi ki... utandım. Dedi ki, nə yaxşı sənin
kimi təmiz insanlar var...
Çox oğraşlıqlar etmişəm
- Bir dəfə də belə hadisə olmuşdu. Danışacam, inanmayacaqsan.
Demək, orta yaşlı kişinin basırıqda pencəyinin döş cibindən pulunu
çəkdim. Mənim bir xüsusiyyətim var da, malını apardığım yerdən
uzaqlaşmazdım. Şübhə yaratmazdım. Həm də onların sonrakı
vəziyyətlərini müşahidə etmək hobbim idi. Bu bədbəxt də uşaqlarına
məktəb ləvazimatı almağa gəlibmiş. Fikir verdim, əlini atdı
cibindən pulunu çıxarsın, yanındakı məktəbli uşaqlarına aldığı
paltarın pulunu versin, elə bil, onu gürzə çaldı. Tok vurmuş adam
kimi gözləri bərələ qaldı. "Pulları itirmişəm", - dedi. Şalvarının
ciblərinə baxdı. Pul yoxdur axı. İnan, şair, mən çox oğraşlıq
etmişəm, amma ürəyim həmişə ağrıyıb. Kişi 10-14 yaş arası olan
qızlarının qarşısında ağladı. Qızlar da ona qoşuldu. Hamı onlara
baxır, təskinlik verirdi. Yaxın gəldim, nə olub deyə soruşdum, mənə
də danışdı. "Bura etibarlı olar deyə pulumu döş cibimə qoydum, indi
yoxdur". Təskinlik verdim, sinəmə sıxdım, qardaş, ciblərinə yaxşı
bax, dedim, uşaqları üzmə. Bir də yoxladı, pullar pencəyinin yan
cibindən tapıldı. Elə sevinirdi ki...
7. 000 dollarlıq kostyumu götürüb getdim
Pərvizin macəraları çox olub. Deyirdi ki, Binədə "polka"
götürdüm bir dəfə, başladım kostyum satmağa. Topdan satanlarla
aranı sazladım. Onlardan kostyumu götürür, dəyər-dəyməzinə satır,
üstünü düzəldib pullarını ödəyirdim. Etibarlarını qazanmışdım. Mənə
ürək qızdırırdılar. Adımı, haradan olduğumu yanlış demişdim. Bir
dəfə də qaça-qaça tələsik gəldim ki, bəs təcili müştərim var. Çoxlu
mal verin. İnanmazsan, 7. 000 dollarlıq kostyumu götürdüm və o
gedən getdim.
Saldım yumruğun altına
Pərvizi cibgirliyinə görə həbs etməmişdilər. O, əsgər yoldaşını
döyüb əynindən dəri gödəkcəsini və telefonunu aldığına görə
quldurluqda ittiham etmişdilər.
- O, yaxşı oğlan deyildi. Əsgər yoldaşlarını satardı. Ona söz
vermişdim ki, "qrajdanski"də əlimə keçsə, uşaqların heyfini alacam.
"Üç"ün kruqunda gördüm onu, dedim, yadına düşür? Dedi, hə. Mən də
saldım yumruğun altına. Sonra da apardım çayxanaya, çay içdik.
Yaxşı telefonu vardı, dedim, 3 günlük ver, qaytararam. Dəri
gödəkcəsini də aldım ki, rayona toya gedib gəlim, 3 gündən sonra
elə burda qaytararam. Dediyim vaxt gəldim. O məndən şikayət
edibmiş. Məni tutdular. Kişi deyil dənə...
Pərviz indi azadlıqdadır. Bir dəfə redaksiyamızın da qonağı
olub. Hal-hazırda namaz qılıb, oruc tutur və mollalıqla məşğuldur.
Zarafatla deyir:
- Nə fərqi var e, indi də belə girirəm də cibə...