Yuxarı

Keçmiş milis: “Rəisin ağzına tərs şillə vurmaq istəyirdim...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş milis: “Rəisin ağzına tərs şillə vurmaq istəyirdim...”

"XATİRƏ DƏFTƏRİ" LAYİHƏSİNDƏ

İndi ötən günlərinin xatirələrini, özünün təbirilə desəm, bu günün boş və mənasız günlərini başa vurmaq üçün yada salır:

"İnan, əgər o günlər olmasaydı, indi bağrım çatlayardı. Otururam həyətdə, bir az nəvələrlə oynayıram, keçirəm otağa, şifoneri açıb mundirimə baxıram, uzanıram. Gözümün qabağına gətirirəm ötənləri. Elə bilirəm, yenə də iş başındayam".

Dediyindən başa düşürəm ki, bu gün də onu geri qaytarsalar, desələr, gəl işlə, məmnuniyyətlə qayıdar:

- Baxma ki, indi vəziyyət əvvəlki kimi deyil, amma gedib işləyərdim.

BİZDƏ POLİS OLMAĞA YAXŞI BAXIRDILAR

Yaxşı, oxucuları intizarda saxlamayım. Budəfəki həmsöhbətim keçmiş milis əməkdaşı, uzun müddət sahə müvəkkili işləmiş İsgəndər kişidir.

İsgəndər kişi Gədəbəydə doğulub. Gəncədə ali təhsil alıb. Milis olmaq isə uşaqlıq arzusu olub:

- Bizdə milis olmağa pis baxmırdılar. Hər kəs istəyirdi ki, oğlu milisioner olsun. Mənim də valideynlərimin arzusu bu olub. O arzu mənə də sirayət edib.

Sonra uşaqlıq illərinin silinməz anlarını xatırlayır:

- Hələ balaca olanda sovxozun qoruğunda qoyun otarırdım. Qoruqçu mənim ölənlərimə söydü. Qovdu, qoyunları aparıb saldı sovxozun saxlanc yerinə. Mən də sonra onu söydüm, dedim, böyüyüb milis olub səni tutacam...

Qaşının gözünə tərəf əyilmiş tüklərinə sığal çəkib, "vərgəsinə" yatırır. Altında oturduğumuz söyüdün nazik budağını qırır, əvvəlcə dişlərinin arasını təmizləyir, sonra da qulağına salıb qurdalayır:

- Qulağımda "probka" var, gecə arvada deyəcəm, "perikes" töksün...

MƏNİM QIRILMIŞLARIM

Sonra əlini gözünün önündən yelləyir, siqaretimin tüstüsünü qovur:

- Papruzuyun nə pis iyi gəlir! Yəqin ucuzundan çəkirsən. Mənim qırılmışlarım manat yarımlıqdan çəkir. 72 yaşım var, hələ dilimə də vurmamışam.

Siqareti yerə atıb söndürürəm. İsgəndərə mövzudan yayınmağa imkan vermirəm:

- Nə oldu, tutdun qoruqçunu?

- Yox, əşşi.

- Niyə? Yazığın gəldi?

- Yazığım gəlmədi. Mən milisə düzələndə o ölmüşdü...

- Arzun ürəyində qalıb ki!

Ürəkdən gülür. Boş damarını tutmuşam, deyəsən, əlini əlimə tərəf tutur:

- Sən canın, çək gəlsin, - ovcunu şappıldadıram. - Kaş elə ürəyimdə qalan arzum bu olaydı, Allah evini tiksin, o qədər arzum olub ki...

RƏİSİN AĞZINA TƏRS ŞİLLƏ

- Məsələn, nə arzun olub?

- Məsələn, arzum olub ki, rəisimiz bizi otağına yığıb söhbət edəndə, danlayanda, özünü yekəxana-yekəxana aparanda duram ağzının üstünə tərs bir şillə vuram. Amma vurmamışam. De, niyə?

TƏRBİYƏM MƏNƏ DEYİRDİ Kİ...

- Niyə deyirəm e? Məlumdur da, vura bilməzdin, sənin tərbiyən buna yol verməzdi, – bilərəkdən "qorxmusan" demirəm.

- Tərbiyəm? – azacıq fikrə gedir. – Yox, tərbiyəm mənə deyirdi ki, dur, bu tərbiyəsizi vur. Amma qorxurdum. Arxamda kimim vardı ki! Gədəbəyin qoca dağları? Onun dibinə qoyun-quzu otaranda o qədər oturmuşam ki! Arxam yox idi, şair, arxam...

İsgəndər kişi ilə 20 ildir tanışam. Yaşadığım ərazinin sahə müvəkkili işləyirdi. Kapitan idi ilk tanışlığımız zamanı. Milis sıralarından tərxis olunanda mayor rütbəsi daşıyırdı. Tez-tez həmsöhbət olardıq. Bir neçə dəfə tanış-bilişin işini xahiş etmişdim. Eşitmişdi. Sözsüz ki, nəzərə almışdıq. Onun:

"Kitaba işlənilib, mən koppolu rəisə nəsə deməliyəm axı", – deməsi yazılmamış qanunlardan idi.

PUL TƏKLİF ETMİRLƏR

İndi illərdir ki, təqaüd alır.

- Uşaqlarımı yaxşı bir yerə ilişdirə bildim, min şükür, dolanışıqları pis deyil. Hələ arada analarına da xərclik verirlər. Məndən həya edirlər, pul təklif etmirlər.

- İsgəndər kişi, sən canın, neçə ev yıxmısan?

İnciyir, üzünü kənara tutur. Dili ilə dişlərinin dibini "süpürür". Üzümə baxır:

- Nə ev yıxmaq, az olub dava salan "moryak" qonşularının işini bağladığım?

MƏN DƏ TUTUB BASDIM QODUQLUĞA

- Yox, ta olmadı da, özün həmişə deyirdin ki, elə şeylər var, demək olmur, bizi məcbur edirlər...

- Yaxşı ki, milis olmamısan, şair, adamın torbasını tikərdin... Bilirsən, adamlarla dolanmaq, yola getmək lazımdır. Guya kimsə oğurluq edib, mən də basdım qoduqluğa, nə qazanacam? Heç nə. Söyüş, qarğış. O adamın da balaları böyüdü, pis yola düşdü, narkoman oldu. Mənim vicdanım dözməzdi. Ona görə də deyirdim, gedin, amma ağıllı olun.

- Təmənnasız?..

- Təmənnasız niyə? Dədələrinə borcum yoxdur ki! Yuxarılara da nəsə verirdik axı...

- Bir vaxtlar məcburi köçkünlərə çox yardım etdin, onların evlərdə yerləşdirilməsi-zad...

- Günlər vardı e... Ayə, neynəyəydim bəs? Onsuz da qapıları sındırıb girirdilər də evlərə. Ona görə də yazıqları boşalmış evlərə tuşudurdum. Elə özümü onda tutdum da. İki qıza ürəyin istəyən cehiz qoşdum. Gedələrin yaşı keçmişdi, amma oxuda bildim. Qoydum özəl universitetlərə. Oxudular. Adam oldular.

RƏİS DEYİRDİ, FİLAN EV BOŞDU

- İsgəndər kişi, neçəyə satırdın evləri?

- Başın haqqı, mən satmırdım. Çaqqal var gödən yırtır, qurdun adı bədnamdır. İnan, rəis harada boş ev vardı, bilirdi. JEK-in müdirinə nə təhər hədə-qorxu gəlmişdisə, boş evlərin siyahısını qoyurdu rəisin qabağına. O da "uçastkovılara" göstəriş verirdi ki, filan evlər boşdur, gözdə-qulaqda olun, qaçqınlar girməsin. Biz də həmin evlərə nəzarət edirdik. Hərbiçilərin evi idi əksəriyyəti. İş yerlərini dəyişirdilər, gedirdilər Rusiyaya. Evləri təhvil verirdilər MN-nə. Əllərində order, evlərin təzə sahibləri gələndə artıq evdə məskunlaşmış qaçqınlar olurdu.

İsgəndər kişi arada evinə tərəf çevrilir:

- Ay bala, bir çay gətirin də...

Çayın gec verilməsindən narahat olur. Bir az da söhbəti qızışdırıram:

- Allah haqqı, yəqin özün demisən ki, çay verməyin, yalandan haylayırsan...

Möhkəm inciyir: "Bir çaynik çay içəcəyik də, nəmənə şeydi", - deyir:

- Konfetlə verin çayı, kəkotuynan...

Zarafat etdiyimi deyirəm. Yenə də xatirələrini çözməsini istəyirəm:

İKİ KİLO NƏŞƏM VAR

- Heç olmayıb, nəyə görəsə peşman olasan?

- Olub. Sən də bəlkə tanıyırsan, adını deməyəcəm. Bir toyxana şairi vardı. Qonşuluqda olurdu. Aramız çox yaxşı idi. Bir dəfə yaşadığı binanın qarşısında gördüm onu. Yanında bir qonşusu və iki nəfər də başqa adam vardı. Xətri əziz olsun deyə, diqqət göstərdim, nə var, nə yox, dedim. Qayıtdı ki, iki kilo nəşəm var, evdə çarpayının altındadır. Gülüşdük, "sənə olar" dedim. Amma sən demə, düz deyirmiş. Qonşusunun qardaşının gətirdiyi nəşəni qonşu öz evindən narahatmış deyə, qoyub evinə, bundan xahiş eləyib saxlasın ki, şairdən kimsə şübhələnməz də, özü də müştərini gözləyirmiş... Çox sonra özü dedi, inandım. Bax buna peşman olmuşam.

- Əgər o zaman düşünsəydin ki, zarafat etmir, nə edərdin?

- Çox şey, ən azından xalxın balalarının zəhərlənməsinin qarşısını alardım, 5-6 manat da çörəyimiz olardı...

İsgəndər kişinin çay qonaqlığı axır ki, baş tutdu. Hələ bir tas nərd də oynadıq.

OĞLANLARIMI QOYMADIM POLİS OLMAĞA

- Gecədən keçib, yatmaq istəmirsən?

Bütün günü yatdığını deyir. Əlavə edir:

- Sənə çox şey danışdım. Amma elə şeylər var ki, danışmaq olmur. Rəhmətlik atam məni milis görmək istədi. Amma mən oğlanlarımı qoymadım milis olmağa. Bilirsən, dədəmə acığım tutmur. O kişi yaxşı fikirləşmişdi. Qoyun-quzunu satdı, mənə poqon verdi. Amma elə poqonlular vardı ki, mən kənddə otardığım qoyunları onlara etibar etməzdim... Neynəyəsən ki, başqa çıxış yolum da yox idi...

Sonda İsgəndər kişinin, "arada görün, - deməsinə, - bir şərtlə - səninlə söhbətimi yazacam", - dedim.

- Adımı dəyiş. Baxma, indi polislər ayrı cürdür, bunu oxuyarlar, onlara pis təsir edər, küsərlər məndən. Sonra necə deyim mən milisdən danışmışam, polisdən yox.

Dəyişdim. İsgəndər qonşumun şərti adıdır...

Tarix
2014.05.15 / 15:35
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla