"İş adamı" layihəsi
Yayın isti günlərində, qızmar günəşin altında dəmir yığanların
iş prosesini izləyib dözmək üçün insana yəqin ki, dəmir ürək
lazımdır.
"Dəmir alıram, dəmir"- səsləri eşidirəm. Yaxınlaşıb ordan-burdan
söhbət etməyə başlayıram. Sizinlə tanış edəcəyim adamı gözüm
bayaqdan alıb, ancaq ona qədər bir az yolum var. Dəmirin qiyməti
ilə maraqlanıram və beləcə söhbətə körpü salıram.
- Bir az dəmirim var, neçəyə
alarsınız?
- Çəkilə alırıq.
Sonra dəmir maşınına doğru yaxınlaşıb azyaşlı oğlanı və günün
şüasından qaralan o qadını danışdırmağa başlayıram...
- Bu dəmirləri pulla alıb yığırsınız, yoxsa
haradansa toplayıb satırsınız?
- Yox, dəmiri qapı-qapı düşüb puluyla alırıq, sonra dəmir
zavoduna aparıb satırıq.
Sonra bu işlə nə vaxtdan məşğul olduqlarını, haradan
gəldiklərini və niyə məhz dəmir yığmaqla çörək pulu qazandıqlarını
soruşuram...
Otuz üç yaşlı qadın utanaraq qara gözlərinin baxışlarını
gizlətməyə çalışsa da, yenə özü ilə bacarmır. Üzümə gülümsünərək
"nə danışım", - deyib, qəmli və qara günlərini danışmağa
başlayır:
- Adım İlhamədir, otuz üç yaşım var. On ildir Qax rayonundan
Bakıya gəlmişik. Qaxda dolana bilmədik.
Yanımdakı oğlan bacımın oğludur, bizi maşınla gəzdirən isə
bacımın həyat yoldaşıdır. Yunisin on iki yaşı var, anası xəstədir
deyə, kürəkənim və Yunis mənə qoşulub dəmir yığmağa kömək
edirlər.
"Küləklər şəhəri"ndə də heç üzlərinin gülmədiyindən
şikayətlənən zavallı qadın yazılan taleyindən də narazı qaldığını
və bəxtinin gətirmədiyini söyləyir:
- Bacımın əri olmasaydı acından ölərdim. İki qızım var, ailəm
dağılıb. Ərim qız doğduğum üçün üstümə arvad aldı. Mənə deyirdi ki,
sən oğlan doğmursan, mənə qız lazım deyil. Onun mənə çəkdirdiyi
əzablara iki qızımın xətrinə dözürdüm. İkinci arvadı gətirəndən
sonra məni rayonda dilənməyə göndərirdi. Dilənçilik edib, qızlarımı
ac qoymurdum. Sonra o qadının yanında alçaldığıma görə, qızlarımı
da götürüb gəldim, bacımgilə yığışdım.
Üzünü Yunisə çevirib baxır və doluxsunur. Kirli, dəmir
pası kəsmiş əllərini gözünə sıxır və göz yaşını gizlədərək başını
aşağı dikir.
- Bəs həyat yoldaşınız arxanızca gəlmədimi? İndi bilmir
haradasınız, heç maraqlanmır uşaqlarınızla?
- Yox bu günə kimi nə mənimlə, nə uşaqlarla maraqlanıb. Məndən
sonra üç dəfə ailə qurdu, yenə oğlu olmadı. Allah verməyəndə vermir
də, mənim qızlarım günahsız idi, onların ahı yerdə qalmazdı ki...
(deyir və Allaha şükür edərək əlin göyə qaldırır). Bacım da
qaraciyər xərçəngidir, özü də üç uşağı var. Mənim üstümdədir
hamısı.
Qadına baxdıqca ehtiyacın insanı nə günə saldığını
düşünürsən. Əlləri, üstü-başı pas, kir, toz-torpaq içindədir.
Yanında durmaq dözüm istər. Elə bil neçə illərdir su üzünə
həsrətdir biçarə qadın.
Suraxanıda çox acınacaqlı vəziyyətdə yaşadıqlarını,
uşaqların təhsilsiz qaldıqlarını, Bakıda heç bir yerdə işə
götürülmədiyini deyir:
- Suraxanıda qalırıq, bir otaq evdir. İnan, iti bağlasan, it
itliyi ilə orda yaşamaz, amma nə edim, bir parça çörəyə görə
məcburam. Heç yerdə işə götürmürlər, dəmir yığıb başımızı
dolandırırıq.
Dəmir yığmaqdan da çox qazanmadıqalrını, dəfələrlə
təhqirlərə, hücumlara məruz qaldıqlarını söyləyir:
- Elə bilirsən dəmir yığmaq asandır? Heç də asan deyil. Neçə
dəfə dəmir yığanda təhqir ediblər, üstümə hücum çəkiblər. O qədər
pis hadisələrlə üzləşmişəm ki, danışsam ağlayarsınız...
(doluxsunur)
"Danı", - deyirəm, - əlimi tutur, üzümə baxır,
utana-utana söhbətə davam edir:
- Bir dəfə möhkəm xəstə idim. Yeznəmiz də Yunislə rayona
getmişdi. Evdə heç nə yox idi yeməyə, bacım da ağır xəstədir də,
evdən bayıra çıxmır. Məcbur qalıb evdən çıxdım, təkbaşına dəmir
yığmağa getdim. Suraxanıda məhəllə var idi, ora girdim, qapının
ağzında dəmir parçaları gördüm. O yana-bu yana baxdım, gördüm,
görən yoxdur. Kisəyə yığanda, qapıdan yaşlı kişi çıxdı. İçkiliydi.
Dəmirləri hara apardığımı soruşdu, mən də satmaq üçün yığdığımı
dedim. Kişi həyətində də dəmir olduğunu deyib, məni həyətə çağırdı.
Elə həyətə girmişdim ki, qapını arxadan bağlayıb məni evə salmaq
istədi. Qorxdum, ağlamağa başladım və qapını açsın deyə, yalvardım.
O da mənə "səni heç yerə buraxmayacağam, bu gecə mənliksən", -
deyib hırıldadı.
Bir anlıq susur və danışmır. Niyə danışmadığını
soruşuram. Əllərini bir-birinə sıxaraq ayağının arasında
gizlədir.
Yunisə "sən get atanın yanına, mən də indi gəlirəm", -
deyib, söhbətə davam edir:
- Kişi əlimdən tutub, güclə evə saldı. Paltarımın ətəyindən
tutub dartmağa başladı. Nə istədiyini başa düşmüşdüm... Amma elə
bil, allah mənə güc verdi, canımı onun əlindən qurtardım. Kişinin
qapının ağzında dəmir ağırlığında ayaqqabıları var idi, əlimi atıb
bir tayını götürdüm. Paltarlarımı cırmaq istəyəndə ayaqqabını onun
başına vurdum. Huşunu itirdi. Qaçıb çıxdım oradan. Əclafın
dəmir-dümürünə əlimi də vurmadım. Gəlib həmən günü yolun qırağında
dilənməyə başladım. Bu on ildə başıma gələn ən acınacaqlı və iyrənc
hadisələrdən biri bu hadisə olub. Bu hadisə yadıma düşəndə bəzən
özümü alçaldılmış qadın sayıram (əllərinin kirini tez-tez ətəyinə
silir və qəribə tərzdə gülür, bilinmir ki, hövlündən, yoxsa onun
əlindən necə qurtula bildiyinin sevincindən gülür).
Davam edir:
- Mən də hamı kimi xoşbəxt olmaq istəyirəm. Əlimə-ayağıma baxın,
nə gündəyəm. Bəzən təhqir olunanda utanıram, qadın olduğuma nifrət
edirəm. Amma başımı dik tuturam, çünki pis yola düşüb, namusuma
ləkə gətirəcək bir iş görmürəm. Dəmir yığsam da, halallıqla pul
qazanıram. Heç kimin yanında başım aşağı deyil, mənim də bəxtimə bu
günləri yaşamaq yazılıb. Yazıya pozu yoxdur (üzünü dəmir
qırıntılarına sarı çevirir).
Onunla söhbət etdikcə hiss edirəm ki, ümidləri hələ də
tükənməyib, nə vaxtsa xoşbəxt yaşayacağına inamı var. Onu çox
danışdırıb mane olmaq, yaralarının qaysağını qoparmaq istəmirəm.
Ancaq mənə bir şey maraqlı gəlir – bu qədər ağrı-acıdan danışır,
ancaq bircə dəfə də dilinə giley gətirmir. Sanki dəmir yığa-yığa
özü də dəmirə dönüb.
Sağollaşırıq.
- Səhərdən dilimə bir tikə çörək dəyməyib, - deyir, - gedib
görüm neynirəm...