Yuxarı

Mehdi Hüseyn dedi ki, ürəkdə bu qədər qan olar?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın “Xatirə dəftəri” layihəsinin budəfəki qonağı qocaman şair Əşrəf Veysəllidir. Hər kəsin “Əşrəf əmi” deyə müraciət etdiyi şairlə üz-üzə oturub, onun haqq dünyasında olan dostları ilə bağlı xatirələrini vərəqlədik.

- Əşrəf əmi, xatirələr sizə nə verir, çoxmu xəyala dalırsınız?

- Ömür, məncə, yaddaşa xatirələr muncuğunu düzməkdir. Acılı-şirinli xatirələrdən ibarətdir bu həyat. Düzünə qalsa, ötən gün - xatirə, indimiz - reallıq, gələcək isə xəyallardır... Xatirə dəftərini vərəqlədikcə orda çox sayda maraqlı və heç vaxt yaddan çıxmayan səhifələr var...

- Bəlkə, bəzi məqamları bizimlə bölüşəsiniz...

- Altmışıncı illər idi, Azərbaycan Yazıçılar İttifaqının “Natəvan” klubunda tez-tez görüşlər keçirilər, gənclərin yaradıcılığına münasibət bildirilər və onlara faydalı məsləhət verilərdi... Yaxşı yadımdadır: Osman Sarıvəlli şeirlərimi dinləyirdi. O zaman çox dəbdə olan “Araz” mövzusunda “Arazda nə günah var?” şeirimi oxuyurdum:

Araza cəllad deyib,

Heç günaha batmayın.

Günahsız ola-ola,

Arazı ağlatmayın...

Öz dərdiylə torpağı

Yandırıb-yaxır Araz.

Araz deyil yurdumu

ikiyə parçalayan,

parçalanmış qəlbimin

qanıdır, axır Araz.

Elə bu dəmdə o vaxt Yazıçılar İttifaqının sədri işləyən Mehdi Hüseyn otağa daxil oldu və şeirdəki son misraları dinlədikdən sonra üzünü mənə tutub, soruşdu: “Ay bala, heç ürəyin də o boyda qanı olar?” Dərhal cavab verdim: “Əlbəttə, Azərbaycan boyda ürəyin Araz boyda da qanı olar”.

Mehdi Hüseynin üzündə xoş bir təbəssüm yarandı və “Ayə, Osman, aşıq olmağına aşıqdır” deyib otağı tərk etdi...

- Xatirələrinizin hansısa məqamında dodaq qaçıracaq anlar da var, yəqin ki...

- Az deyil.. O vaxtlar gözəl şairimiz Qabilə oxşadır, hətta bəzən bizi dəyişik salırdılar. Heç yadımdan çıxmaz: Sumqayıtda dəniz kənarında sinəsi sözlə-şeirlə dolu İbrahim Səfərovun baş həkimi olduğu poliklinikanın açılışı idi. Poliklinikanın həyətində yaradıcı ziyalılar adından şair Qabil çıxış etdi... İçəriyə daxil olduq. Böyük alim, akademik Əsgər Abdullayev mənə yaxınlaşıb əlimi sıxaraq, “Çox sağ ol, şair, yaxşı çıxış etdin”, - dedi. Tədbirin ikinci hissəsini idarə etməyi mənə tapşırdılar. Təxminən 3 saata yaxın davam edən ədəbi-bədii gecə başa çatdıqdan sonra Əsgər Abdullayev şair Qabilə yaxınlaşaraq, onu təbrik etdi. Məclisi “Yaxşı idarə etdiyi üçün” minnətdarlıq hisslərini çatdırdı... Haçansa oxuduğum bir fikir yadıma düşdü: “Cıdırda qələbəni at qazansa da, mükafatı çapara verərlər...”

- İtirdiklərinizdən yaddaşınızda qala biləcək, xatirələrini bölüşə biləcəyiniz insanlar çoxdur, bilirəm, amma indi kimi xatırladınız?

- Azərbaycanımızın demək olar ki, bütün yazarları ilə isti münasibətlərim olub. Kiçik bir yazıda bütün xatirələri çözələmək mümkünsüzdür. Taleyimi Sumqayıtla bağlayandan sonra jurnalist-yazıçı Feyzi Mustafayevlə çox yaxın olmuşuq. O, son dərəcə sadə, təvazökar və dünya ədəbiyyatı incilərinə dərindən bələd olan, bədii publisistikamızın yaradıcılarından biri, bəlkə də birincisi idi. Yeri gəlmişkən deyim ki, o, “Dinmə, ey kədər” kitabı ilə dövrümüzün böyük şairi Əli Kərimə sözdən heykəl ucaldıb. Azərbaycan radiosunda Əli Kərimin öz ifasında şeirləri də Feyzi Mustafayevin təqdimatında olmuşdu. Dəfələrlə şair və yazıçılarla Feyzi Mustafayevin halal süfrəsinin qonağı olmuşuq. Son tikəsini də dostuna bağışlamağı bacaran insan idi Feyzi. Heç vaxt sinəsinə döyməz, mənəm-mənəm deməzdi. Amma özündən çox razı olanları yerində oturtmağı bacarardı... Özünü Nazim Hikmətin bilicisi kimi aparan şair dostumuz bir az yeyib-içəndən sonra Nazim Hikmətin “Məmləkətim”şeirini əzbərdən deməyə başladı. Şeirin ortalarında “Düz demirsən”- deyə Feyzi ayağa qalxdı. Onu nə qədər sakitləşdirmək istəsək də, dediyindən dönmədi. Hamımız pərt olmuşduq. Elə bilirdik ki, bütün bunlar içkinin təsirindəndir... Bu zaman Feyzi böyük səliqə və zövq ilə üzləyib kitab rəfinə düzdüyü kitablardan birini çıxardı. Bu, Nazim Hikmətin “Məmləkətim”şeiri çap olunan kitabı idi. O, səhifəni açdı və şeiri dostumuza göstərdi. Hər şey aydın oldu, doğrudan da Feyzi haqlı imiş...

- Xaraktercə necə insan idi?

- Feyzi halal maaşı ilə dolanmağa üstünlük verər, acından ölsə belə, heç kəsə ağız açmazdı... Eşitdiyimə görə, şəhər qəzetində işlədiyi zaman bir qabaqcıl müəssisədən yazı hazırlamaq üçün Feyzi həmin müəssisəyə gedir. İşi başa vurub qayıdarkən müəssisə rəhbəri onu günorta yeməyinə dəvət edir. Feyzi isə “Mən həmişə öz evimdə nahar edirəm” deyərək onun təklifini qəbul etmir. Bu zaman həmin müdir Feyzinin pencəyinin döş cibinə xeyli miqdarda pul basır. Feyzi çox pərt olur: “Qardaş, mənim əlim təmizdir, əlimi o pula vura bilmərəm. Necə cibimə qoydunsa, o cür də götür! Yoxsa gedib özümü öldürərəm”, - deyir. Mən bu faktı indiki reket jurnalistlərə görk olsun deyə xatırladım.

- O, sizin üçün kim idi?

- Biz onunla demək olar ki, hər gün görüşərdik. Buna imkanımız olmayanda isə zəngləşərdik. Görüş yerimiz Sumqayıtda “Əyri bina” kimi tanınan evin həndəvəri olardı. Çünki bura qədər hər ikimiz yaşadığımız ünvandan təxminən eyni məsafəni qət etmiş olardıq.

Qılınca bənzəyər söz adamları,
Paslı qılıncları qınında gördüm.
Təmiz adamları, düz adamları
“Əyri bina”ların yanında gördüm.

Haçansa bədahətən dilimə gələn bu misraları Feyzi hər görüşümüzdə xatırladardı... Kəndimiz erməni quldurları tərəfindən işğal olunandan sonra o, mənimlə az-az görüşməyə çalışardı. Özünü bu işdə günahı varmış kimi aparardı... Bir müddət sonra “Qarabağ əldən gedir, dost, gözümə görünmə!” adlı son dərəcə təsirli və gözəl bir yazı yazdı. Kəndimizin işğalından sonra anam bizimlə qalırdı. Feyzi Mustafayev Qarabağın işğalına görə bir oğul olaraq elə bil ki, anamdan utanardı... “Qardaş, Ostayır kəndində, dağların döşündə bir otaq evimiz var, bəlkə, anamızı ora aparaq?” - deyərdi... Hər şey tərsinə oldu. Mən Feyzinin özünü ora aparmalı oldum. O, mənim üçün hər şey idi. Çox zaman onu özümün qibləm adlandırırdım:

Azda çoxum, çoxda azım,
Qarlı qışım, güllü yazım.
Atam ,anam, oğlum,qızım,
Qardaşım Feyzi Mustafa.

Başında qış yuva quran,
Gözündə yaş yuva quran,
Köksündə quş yuva quran
Bir daşım Feyzi Mustafa.

O, aramızdan çox vaxtsız getdi. Biz onu qoruya bilmədik. Layiq olduğu qiyməti almadı. “ Dinmə, ey kədər”, “Ölənlər evə qayıdır”, “Atamın çarığını öpdüyüm anlar”, “Kədərinə oxşayan adam” və s kitablarının müəllifini, yaxın dostumuzu itirdik. Öz vəsiyyətinə uyğun olaraq onun nəşini Yardımlının Ostayır kəndinə mən aparmalı oldum. Ömrümün ən ağır saatlarını yaşayırdım o vaxtlar... On beş ildir ki, Feyzini görmürəm. Biz iki dostun “bir ürəyi” idik. Təsəllim qardaşımın kitabları, acılı-şirinli xatirələrim və bir də çox az-az görüşə bildiyim övladlarıdır.

Canı candan ayrı imiş dostumun
Nə tez belə cəhd eyləyib qayıtdım.
Son nəfəsdə Veysəlliyə getməyi
Dönə-dönə əhd eyləyib qayıtdım.

Duman gəldi, bürüdü çən dağları,
Daşlarında kəklik səkən dağları.
Gözəlliyə keşik çəkən dağları
Göz yaşımla mədh eyləyib qayıtdım.

Qanlı fələk göstərdi öz gücünü,
Ölüm yıxdı topdağıtmaz bürcümü.
Guya gəldim, güya verdim borcumu
Günahımı əfv eyləyib qayıtdım.

Harda olsa olmalıydım yanında,
Solurdusa solmalıydım yanında.
Mən də ölüb qalmalıydım yanında,
Niyə belə səhv eyləyib qayıtdım.

Güvəndiyim qəlbi dağlar qar idi,
Bu gen dünya dost başına dar idi.
İki dostun “bir ürəyi” var idi,
Ostayırda dəfn eyləyib qayıtdım.

Tarix
2017.07.13 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla