"Türmə əhvalatları" layihəsində
(əvvəli burada: "İcra başçısı olacaqdı, türməyə
düşdü – Ağır seyid")
Bayıl türməsindən sonra
Seyidlə 10 saylı CÇM-də görüşdük. Bayıldakı "dostlardan" məni ilk
görən Elnur Sadıqov oldu və hal-əhval tutduqdan sonra dedi ki,
Seyid də burdadır. Amma əvvəlki kimi mehriban deyil, adamdan uzaq
gəzir.
Elnura dedim ki, Seyid sənin tayın deyil, o, ağır adamdır, sən
isə narkomansan. Elnur mənimlə razılaşdı...
SEYİDİN YENİ
DOSTLARI...
Elnur düz deyirdi, artıq
Seyidin yeni dostları vardı. Əslində, bunlara "dost" demək düzgün
deyildi. "Əhl" uşaqları ilə oturub-dururdu. Ağdam və Tərtər əhli
istisna olmaqla, Qarabağ əhli bir idi. Hər iki rayondan olan
dustaqların sayı xeyli çox olduğundan onlar özlərinin
"müstəqilliyini" elan etmişdilər.
Qarabağın digər rayonlarının bir əhldə toplaşması isə müxtəlif
söz-söhbətə səbəb olurdu. Seyid həbsxana dünyasına uzaq olan biri
idi. Onun burada baş çıxarması müşkül məsələydi. Əhlin
dələduzluqda, oğurluqda, cibgirlikdə, qətldə, narkotikə meyllikdə
ad çıxaran üzviləri Seyid kimisini göz görə-görə, özü də diri-diri
yeyərdi. Elə yeyirdilər də...
NAMAZ QILANDA EDİLƏN
DUA
Seyid 10 saylı CÇM-ə məndən 1
ay tez gəlmişdi. Ona görə də ilk görüşümüzün iki günü köhnə
dostlarla bağlı oldu. Necədirlər, işləri nə yerdədir və sair? Ona
hər biri haqda söhbət açdım. Seyid dedi ki, Faiq, and olsun
cəddimə, səni çox istəyirəm və hər namaz qılanda sənə dua edirəm.
Mən bilirdim ki, Seyid yalan deyir, o mənə dua-zad oxumur, amma
üzünə də vurmadım. Hələ onunla xeyli bir yolun yolçusu
olacaqdıq.
QEYRƏT
ZAMANIDIR
Seyidi öz yerliləri aldadırdı. Əlbəttə ki, hamısı yox. Seyidin
çox nüfuzlu yerliləri vardı ki, zonda xüsusi hörmətə, çəkiyə malik
idilər. Namazəliyev Namiq, maşın təmiri ustası Cavad və başqaları.
Keçmiş döyüşçülər olmuş beyləqanlılar vardı. Amma ad batıranları da
az deyildi. Hər əhldə olduğu kimi. Bir də görürdün ki, bir nəfər
"aralıq uşağı" təngnəfəs gəldi Seyidin yanına:
- Seyid, cəddinə qurban, bəs deməzsən, filankəs telefonla
ilişib, 300 manat istəyirlər. Gərək uşağı qoymayaq yansın. 500
manatdan 300-ə salmışıq, cəddin haqqı, 200 yaxın yığmışıq, 10-15
dəqiqəyə çatdırmasaq, uşaq "yanacaq". Telefon yiyəsi də bizim əhlin
günahından "yanır". Əhlimiz rayonumuz haqda pis fikirləşəcək. Ümid
sənədir. Qeyrət zamanıdır...
Vaxtı o qədər az qoyurdular ki, Seyidin fikirləşib
məsləhətləşməyə macalı olmurdu. Çatışmayan pulu ödəyirdi.
Xatakarlar özü də başqa əhlin yanında bunu edirdilər ki, qarmağa
saldıqları Seyidin basaratı bağlansın, yox deyə bilməsin. Bəs
nədir, o boyda əhl, rayon və s. adı batardı.
ZONDA BAZAR
Seyid əlində təsbehi, çiynində
qonur rəngli bahalı dəri gödəkcəsi var gəl edərdi. Mütləq də
yanında Beyləqandan olan bir-iki dələduz məhbus olardı. Seyidə
mövzu verər, o da basıb-bağlayardı. Belə anlarda Aqilə deyərdim ki,
sən öl, axşam bu uşaqlar "mal" alacaqlar, Seyidi bişirib ondan pul
götürəcəklər. Elə də olurdu. Hər həftənin 3–5-ci günlərində zonun
həyətində bazar olurdu. Narkotik maddələr satılırdı. Həmin günlərin
səhəri onlarla dustaq cəza müəssisənin rəis müavini Vəli müəllimin
qəzəbinə düçar olur, karsa yola salınırdı. Elə dustaqlar da vardı
ki, məsələlərini Vəli müəllimə qədər həll edə bilirdilər. İşin
böyüməyinə imkan verilmirdi. Seyiddən müxtəlif yollarla pul
qoparanlardan da bu işlə məşğul olanları vardı.
Seyid müəssisənin tibb məntəqəsində qalırdı. Bizim qaldığımız
palatalar qonşu idi. Sadəcə, onun məskunlaşdığı palata böyük
olduğundan 4 nəfər "burjuy" oranı kirayələmişdi. Axşamlar
"sançast"ın həyətində, soyuq havalarda isə palatada gecədən keçənə
qədər söhbətlərimiz olardı. Seyidi Bayıldan tanıdığıma görə burada
onun köhnə tanışı mən hesab olunurdum.
Ona görə də onun bir dəfə mənə əhlin uşaqlarının rahatlıq
verməməsi haqda gileyindən sonra uzun söhbətimiz oldu. Onu inandıra
bildim ki, bu adamlar fırıldaqçıdır. Müxtəlif məsələlərlə ilgili
səni narahat edib, pul qoparırlar. Elələrindən uzaq olmasını, elə
məsələlər ortaya çıxanda əhl başçısı ilə məsləhətləşməsini tövsiyə
elədim. Razılaşdı.
SEYİD QADINSIZ QALA BİLMİRDİ
Seyidin fantaziyaları isə
tükənmək bilmirdi. Yenə də haradan, nədən danışırdısa, söhbətin
sonu mütləq qadınların üstünə gələrdi. Doğrusu, yaşından,
nüfuzundan aşlı olmayaraq ürək qızdırdığı adamlar arasında keçən
səmimi söhbətlərdə qadın mövzusu mütləq olurdu. Seyid də isə ifrata
qədər qalxardı. O, "qadınsız" qala bilmirdi.
Seyidlə zarafatımız alınırdı. Bir dəfə söhbətimiz çəp gəldi,
pozuluşduq, bir-birimizə əl qaldırdıq. Və mən indi də onu vurduğuma
görə xəcalət çəkirəm. Elə o da dalaşma gedə-gedə səhv etdiyini
anlayaraq məndən üzrxahlıq etdi. Bu vaxta qədər də nə vaxt
görüşsək, Seyid böyüklük edir:
- Şair, o zaman mən düz deyildim, çıxart yadından.
Mən isə Seyidə cavabında:
- Axı imkan vermirsən, unudam, yadıma
salırsan.
HƏR ŞEYƏ QADİR
CƏDD
Seyidi inandırmışdım ki, onun
cəddi hər şeyə qadirdi. Aqil həmişə deyirdi ki, sən o kişini dəli
edəcəksən. Seyid belə anlarda mənə:
- Aqilə fikir vermə, o, içkidən baş açmayıb. Sən isə cənub
zonasındansan, dinə-imana yaxınsan, həqiqəti sən bilirsən.
Bir dəfə oturub çay içirdik. Seyid də gəldi. Əllərini çiynimə
qoyub ayaq üstə dayandı. Dedim:
- Seyid çiynimi sıx, soyuqlamışam.
O da bacardığı kimi ovxaladı.
Həmin günün axşamı otaq yoldaşlarımızla domino oynayırdıq. Seyid
palataya girdi və yaşda hər kəsdən kiçik mən olduğuma görə
ərklə:
- Şair, dur yerini Ağaya ver. (Yeganə adam mən idim ki, arada
ona seyid olduğuna görə "ağa" deyirdim. Hər kəs onu "Seyid" deyə
çağırırdı).
RANTİQİN VAR-YOXU
Ürəyimdən onunla zarafat etmək keçdi:
- Ağa, nə yaxşı gəldin. And olsun Rantiqin səndən ötrü
dəli-divanə olan var-yoxuna, günorta əlini necə çəkdinsə
çiyinlərimə, elə bil təzədən doğulmuşam. İndi amma uduzuruq deyə,
başımın ağrısı məni gic edib. Əsəbdəndir, yəqin, - ona əl yeri
verdim.
Üzümə baxdı. Ciddi olmam qənaətinə gəldikdən sonra əlini alnıma
çəkdi:
- Ay bədbəxt, sən ölürsən ki, əsəb səni bir təhər edər, -
dedi.
- Ağa, məni döndər balalarının başına, iki məktəbli
balam var...
SOĞAN QABIĞI İLƏ DƏSTƏMAZ
Seyid dua oxumaq istəyəndə
Aqillə gözləşdik, oyunu davam etdirdim:
- Günorta yatmışdım. Seyidi yuxuda gördüm, deyirdi ki,
bilirsən, niyə sən tez sağaldın? Dedim, yox. Dedi, ona görə ki,
soğan qabığı atılmış su ilə dəstəmaz almışdım.
Laçınlı Ramiz: "Şeş qoşa, - deyib, əlindəki domino daşını stola
çırpdı, - ayə, daha soğan qabığı niyə? Tər-təmiz su ilə
olmazdı?"
- Bilirsən, Ramiz, bu, dövlətin su borularını çıxarıb
satmaq deyil, burda İlahi qüvvənin varlığından söhbət gedir. Bütün
bitkilər müqəddəslik toxumu ilə göyərir, bitir. Kimin də bəxtınə
hansı düşür. Məsələn, bizdə sarımsaq əkmirlər ki, düşər-düşməzi
olar. Seyidgildə isə soğan düşərlidir. Bəs eşitməyibsən, həmişə
deyir ki, filan qədər soğan əkdirirəm. Düşərli olmasa, əkdirər? Özü
də mən bunu yuxuda görmüşəm. İndi yalandan deyim, ağamız yuxuda
Zəm-zəm suyu ilə dəstəmaz alırdı?
NAKİŞİDİR YALAN
DEYƏN
Seyidin palatadakı əl-üz yuyanda dəstəmaz aldığını gördükdə isə
Ramiz: "Şair, sən mütrübsən, adam deyilsən, kişini niyə dolamısan?"
– deməsinə rəğmən Seyid dilləndi:
- Ramiz, nə qədər ki, Allaha, onun İlahi gücünə şəkk edəcəksən,
Laçın üzünə həsrət qalacaqsan. Qaçqın kimi öləcəksən elə...
Ramiz:
- Əlinizi sayın, bağladım, - deyib Seyidə tərəf döndü,- Faiqin
sözü olmasın, cəddini "klyuçat" elə, bağla da yolu bərəni, ermənini
qovaq çıxardaq. Nakişidir yalan deyən, gündə 10 dəfə namaz qılaram.
Bu cəlilabadlı balası səni dolayır, sənsə ona dəstək verirsən.
Seyid artıq mənim ona etdiyim alqışın sədaları altında alnımı,
başımı ovur, dodaqlarının altında nə isə mızıldayırdı.
İRŞADA VERİLƏCƏK
QONAQLIQ
Ramiz kobud adam idi.
Hövsələdən çıxmışdı:
- Dədəmin goruna anda olsun, burdan çıxan kimi gedib İrşada
qonaqlıq verəcəm ki, yaxşı edib səni tutdurub. Adə, sən o boyda
rayonu bu ağılla viran qoyardın ki...
Beyləqanın Eyvazlı kəndindən Hilal kişi vardı. Qoyun oğurluğu
üstündə həbs olunmuşdu. Ağırtaxta kişilərdən idi. Dediyinə görə,
xüsusi dəstəsi varmış, oğurluq qoyunları gətirib buna satırmışlar.
Seyidi çoxdan tanıyırdı. O da tibb məntəqəsində qalırdı. Deyirdi
ki, etdiyi əməllər Seyidə qənim olacaq.
DUA EDİM, YAĞIŞ
DAYANSIN
Araları yox idi. Bundan
istifadə edib də çox şeylər öyrənirdim. Məsələn, bir dəfə Hilal
kişiyə dedim:
- Seyid deyir ki, rayonda quraqlıq olanda hamı yığışıb
gələrdi bizə, yaxud keçəcəyim yolun üstündə durardılar,
yalvarardılar ki, dua oxuyum, yağış yağsın, yaxud, güclü yağış
yağırsa, dua edim, yağış dayansın...
Hilal sakitcə:
- Yalan deyir, elə şey olmayıb, - dedi.
- Deyir, Binnətlidən rayona qədər yolun sağı-solu
qarğılıq, qamışlıqdır. İstəsəm dua oxuyaram, qamışlar gül açar,
qarğılar meyvə gətirər. Deyir, guya bir dəfə də belə edib, lakin
gecə yuxusuna kim isə girib, deyib, Yaradanın istəyinin əksinə
getmə...
- Yalan deyir, inanma. O, kolxoz sədri işləyəndə camaatı yola
vermirdi. Seyid olduğuna görə dinmirdilər ona. Baş qoşma.
AYIBDIR, YALAN
DANIŞMA
Axır ki, bir dəfə Hilal kişini
hövsələdən çıxara bilmişdim. Seyidə demişdi ki, ayıbdır, bu qədər
yalan danışdın...
Bir dəfə də dirəndik ki, Seyid istəsə, yağan yağışı dayandırar.
O bu işlərin Allaha aid olduğunu deyir, əlavə edirdi ki, hər şey
yaradanın əlindədir.
Lakin bununla yanaşı daxilində öz qüdrətinə inam vardı və ona
elə gəlirdi ki, bütün bunları edə bilər...
ERMƏNİ KOMANDİR: - GET, O
KİŞİNİN ƏLİNDƏN ÖP
Seyid dostlarından,
oturub-durduğu adamlardan danışardı. Gənclik illərində hörmət
etdiyi ermənilərdən bəhs edərdi:
- Bir dəfə bizim tərəflərdən biri ermənilərə əsir düşübmüş.
Komandirləri Azərbaycan dilini bilirmiş. Əsirdən məni soruşub. Bu
da deyib, tanımıram. Qorxub ki, nə isə, pisliyim-zad keçər
zamanında, bunun başı ağrıyar. Erməni salıb bunu qapazın altına.
Deyib, adə, adam kişi olar, necə yəni tanımıram. O bizim nəsli
aclıqdan çıxarıb, taxıl verib, qoymayıb ölək. Sən öl, səni
buraxıram, get o kişinin əlindən öp, elə mənim də ağzımdan.
Adı Aşot imiş. Ha fikirləşdim, tanımadım. O qədər erməniyə çörək
vermişəm ki...
- Sən canın, onun var-yoxu ilə bir yerdə tum
çırtlamamısan ki?..
- Nə bilim vallah, birdi, ikidi?
SEYİD – POLAD ƏLƏMDAR
Seyidlə bağlı çox danışmaq olar. Bir dəfə dedik ki, sənin
baxışın Polad Ələmdarın baxışı kimi sərtdir. Əslində isə Seyid
mülayim adam idi. İnanmışdı. İndi onun telefonuna zəng edəndə
zəngimseldə "Qurdlar vadisi" filminin musiqisi səslənir.
Azadlıqda olanda yeyib-içirdik. Söz gəlib Seyidin üstünə çıxanda
ona zəng etdim. Qurdlar vadisinin musiqisinin ardınca Seyidin səsi
gəldi.
Ləhcəylə danışdım. Ara, Seyid, sənsən?
- Hə, - dedi, -
kimdir?
- Ara mənəm Aşotdur. Mahaçqalada oluram. İndi pasport
düzəltmişəm, ləzgi adına gəlmişəm Qubada işim var, gəl, görüşək.
Köhnə günləri yada salaq.
- Aşot kimdir? Sən kimsən a kişi? – Seyid qəzəbləndi...
- Aşotam da, sənin kəndlini də əsirlikdən buraxdım,
dedim, gəlib əlini öpsün.
Seyid güldü:
- Şair, sənsən? Elə bir hadisə olmamışdı, özümdən
danışırdım.
- Seyid, bilirəm olmayıb, sən özündən çox şeylər
danışıbsan...
Seyid indi iş adamıdır. Dediyinə görə, Tehrandam mərmər
gətirir. Arada görüşürük. Araq içirik.
- Seyidliyin içkiyə dəxli yoxdur, ürəyin düz olsun, deyir...