Əvvəli burada
Qəhrəmanımın gözləri dolur. Səsi boğazında kilidlənir.
Bir udum çay səsini açır. Göz yaşlarını gizlətməkdə rəfiqəsinin
çiyinləri ona yardımçı olur. Mövzuya qaytarıram:
- Və…
- Beləcə 2 il keçdi. Biznesimi genişləndirdim. Uşağımı
böyüdürdüm. Bu arada bir tanışım vardı. Səid adında iş adamı idi.
Onun ağır günləri oldu. Məndən kömək istədi, əsirgəmədim. O,
düşdüyü çətinlikdən qurtardı. Çox mehriban, şirindil insan idi.
Beləlikə, bizim dostluğumuz başladı. O milliyyətcə fars olsa da,
ailəmə xoş gəlmək üçün türkcə danışırdı. Amma qızımın atası Behzad
türk olsa da, farsca danışırdı. Bilə-bilə ki atam millətini, dilini
sevən, önəm verən bir insandır, o, farscaya üstünlük verirdi. Bu
dildə danışmaqla özünü intelligent kimi göstərmək istəyirdi. Səid
isə türkcə danışsa da, atam onu fars olduğu üçün bəyənmirdi.
Deyirdi, o sənə layiq deyil. Amma mən onu sevdim. O mənə Behzadın
boş qalmış yerini doldura bildi. Mən onunla əsl sevginin nə
olduğunu bildim. Birgə yaşadıq. Kəbin belə kəsdirmədən. Vaxt gəldi,
biz Bakıya işləməyə gəldik. Səid də mənimlə idi. 10 il birgə həyat
yaşadıq.
Öldü…
- Uşaq istəmədiz sevdiyiniz insandan?
- Xeyr. Mən qızıma xatir bu işə razı olmadım. Onunla burada
Bakıda yaşayırdıq, birlikdə çalışırdıq. İşlərimiz çox yaxşı
gedirdi. Biznesimin müəyyən hissəsinə Səid rəhbərlik edirdi. Bakıda
çox böyük əlaqələrim vardı.
- Bəs nə oldu? Ondan niyə ayrıldın?
- Ayrılmadım. O, öldü. Bir gün evdə qonaqlarım vardı. Xanəndə
Zümrüd Məmmədova qızı ilə qonağımız idi. Mən onların və başqa
müğənnilərin konsertini xaricdə çox təşkil etmişdim.
Gəlib-gedirdilər. Əyləşib yemək istəyirdik ki, Səid hamama girmək
istədiyini dedi. Mən dedim sonra çimərsən, evdə qonaqlarımız var.
İsrar etdi və hamama girdi. Həmin gün hansısa müqəddəslərdən
birinin mövludu idi və qüsullanmamış süfrə arxasında oturmaq
istəmədi. Girdi hamama. Arada onu səslədim, dedi, 5 dəqiqəyə
çıxıram. 10 dəqiqə də keçdi, bundan səs çıxmadı. Səslədik, hay
vermədi, tam səssizlik idi. Qəribə idi, hamamın qapısı həmişə
öz-özünə açılardı. Bu dəfə nə qədər etdik, açılmadı. Qapı qoz
ağacından idi. Çox möhkəm idi, sındıra da bilmirdik ki, görək nə
məsələdir. Zümrüd xanımın qızı tez FHN-nə, polisə zəng etdi.
Gəldilər. Qapının çərçivəsini doğrayıb, içəri girdilər. Baxdıq ki,
Səid keçinib. Sən demə, dəm qazından boğulubmuş...
Onun meyitini soyuducuda saxlatdım
Sepide danışır və gözlərinin yaşının yanağı boyu
axmaması üçün, başını yuxarı qaldırır. Hıçqırır və göz yaşları
bəbəklərdən daşdanın sifətini "yuyur". Bu faciənin ağırlığını eləcə
xanımın göz yaşlarına baxmaqla bilmək olar.
- Allah bilir nə çəkdim... Günlərlə onun meyitini soyuducularda
saxlatdım. Hər gün bir qutu ətir alıb meyitin üstünə çilətdirdim.
İrana aparmaq, orada onu dəfn etmək üçün üçün çox əziyyət çəkdim.
Polis, prokurorluq… Xeyli pulum çıxdı. Gününə 450 manat soyuducuya,
ondan bir az ətirlərə, iynə-dərmana ödəyirdim ki, meyit iy
verməsin. Onun telefonu qalmışdı. İşdən zəng edirdilər. Bazadan
götürüləcək malların icazəsini o verirdi. Hamıya deyirdim ki,
rəhmətə gedib. Üzülürdülər. Mənə təskinlik verib, dərdimə şərik
çıxanlar da oldu. Azay müəllim var, Səid onun zavodunu işlədirdi. O
ağır gündə yanımda oldu. Köməyini təklif etdi…
Rəhmətə getdiyi günün səhəri
Sonra yenə də hıçqırtı, göz yaşı və sifətinə çilənən
qəzəbqarışıq ifadə… Deyəsən Sepidənin əsl faciəsi indi başlayır axı
fikirləşirəm… özünü toxtaq tutmağa çalışır:
- Rəhmətə getdiyi günün səhəri Səidin telefonuna bir zəng də
gəldi. Qadın səsi idi. Səidi istəyirdi. Mənim içimdən bir hiss
keçdi, bu hiss mənə imkan vermədi ona həqiqəti deməyə. Dedim, Səid
burada deyil, İrana gedib. Gec gələr və ola bilsin ki, heç
gəlməsin. Məndən kim olduğumu soruşdu, "yoldaşıyam", - dedim. Mən
əvvəllər də nələrsə hiss etmişdim. Bir az soyuqluq vardı. Mənə
yaxın gəlmirdi. Səbəbini soruşmuşdum, "yorğunam, şəkərəm" deyib
məndə özünə qarşı daha çox mərhəmət hissi oyadırdı. Bilirsiz, bura
Azərbaycan olduğu üçün buranı vətənim bilirdim. O, fars idi və
düşünürdüm ki, o mənim vətənimdə qəribdir. Amma inana bilməzdim ki,
o mənə xəyanət etisin.
Səid məni qabyuyan qıza dəyişmişdi
- Necə oldu ki o, başqa sevdaya düşdü və siz
bilmədiniz?
- Bu işlər mənim arada 6 ay Bakıda olmadığım zaman baş veribmiş.
Mən qızımın ailə həyatı qurub Avstraliyaya köçməsi ilə əlaqədar
İrana getdiyimdə başlayıbmış. Nə isə, səhəri yenə zəng gəldi. O,
qadın idi. Sonra da bir neçə dəfə təkrar olundu. Mən özümü toxtaq
tutur, qadına Səidin burada olmadığını deyirdim. Mən göz yaşlarımı,
hüzürlü olmamı gizlədə bilirdim. Mənə güc gəlmişdi. Ətrafda ağlaşma
olurdu. Zəng gələndə kənara çəkilib, sərbəst danışırdım. Bir dəfə
də zəng gəldi. Başqa qadın idi. Dedim, bilirsiz, o mənə dedi ki,
İrana gedirəm, ola bilsin gəlməyəm. Səbəbini soruşdu. Dedim ki,
burada pozğun bir qadın ona ilişib və o da o qadından canını
qurtarmaq üçün gedib. Qadın dedi ki, o mənim qızımı yoldan çıxarıb.
Qızımın Səiddən uşağı var. O necə gedə bilər İrana? Başladı Səidi
söyüb təhqir etməyə. O söyürdü, fikirləşirdim ki, mənim ürəyimdən
keçirib, dilimə gətirə bilmədiklərimi deyirlər. Nə isə... Sonralar
bildim ki, bu zəng edən qadın bizim restoranda qabyuyan qızın anası
imiş. Səid məni qabyuyan qıza dəyişmişdi.
Çox böyük xərc çəkib meyiti İrana apardım. Həm də İrana gedib
məni tanıyanlar üçün əri ölmüş qadın rolu oynamalı idim. Təsəvvür
edin. Bu ölüm, xəyanət, əlimdən çıxan pullarım, 9 günün
yuxusuzluğu... çox pis vəziyyətdə idim. Qızım yas verdi. Səidi
vətənində sevənlər çox idi. Bilirdim ki, İranda daha qala bilmərəm.
Qayıtdım Bakıya…
- Bəs ondan sonra?..
- Mən deyirdim axı, atam həmişə bura bağlı adam olub.
Azərbaycanla nəfəs alıb. Qarabağ hadisələri başlayanda Təbrizdə,
Tehranda iki evimizi, başqa ticari məkanlarımızı satıb bura Bakıya
yardım kimi göndərirdi. Bakıda çap olunmuş qəzetlərdən əmim bizə
göndərərdi. Bir qəzetdə isə bir Qarabağ döyüşçüsünə həsr edilmiş
yazı və həmin döyüşçünün rəsmi var idi. Atam bizə göstərib deyərdi:
"Görün bizim necə qəhrəman oğullarımız var".
Yaraşıqlı oğlan idi. Döyüşçü paltarında idi. O adam mənim
yaddaşımda qalmışdı. Heç özüm də bilmədən Qarabağ savaşından söz
düşəndə həmin şəkli gözümün qabağına gətirirdim.
Bakıda Səiddən sonra tam təklənmiş kimi idim. Mənim ticari
işlərimlə bağlı Rusiya ilə bəzi yazışmalarım olurdu. Mənimlə bir
nəfər yazışırdı, amma üzünü belə görməmişdim. O məktubları ruscadan
tərcümə edib mənə göndərərdi. Bir gün təsadüfən bu adam ofisimizə
gəldi. Və biz tanış olduq. Söhbət zamanı qazi olduğunu dedi.
Şəklini göstərdi. Mən onun şəklini o zaman qəzetdən köçürüb
telefonumda saxlayırdım. Gördüm həmin adamdır. Mən də şəklini
telefonumda özünə göstərdim. Sonra bildim ki, bu, həmin adamdır.
Ağdamdan olan bu adamın adı Ələkbər idi. Bizi onunla işbirliyi
birləşdirdi. Birgə İrana, Türkiyəyə turlar təşkil edərdik. Bir dəfə
mənimlə İrana getdi. Anam bu insanı çox bəyəndi.
Onun müalicəsilə məşğul oldum
Ailəsi onu tərk etmişdi. O, tək idi. Müharibə veteranı idi. Onun
müalicəsilə çox məşgul oldum. Demək olar ki, onu ayağa qaldırdım. O
məni qızıyla tanışdırdı. Qız anasının atasından zəhləsi getdiyini,
dedi. Və onların arasında hər şeyin bitdiyini söylədi. Mən anladım
ki, bu adam həqiqətən atılmış bədbəxt adamdır.
Ələkbərin arvadı onu tərk edib ərinin dostu olan türk iş
adamının evinə girmişdi. Guya bu qadının insani hislərindən irəli
gəlibmiş. Belə ki, qəzaya düşmüş türk üçün qulluqçu lazım olur.
Qadın da ərinin dostuna baxmağı öz öhdəsinə götürür və onunla eyni
mənzildə yaşayır. Mən Ələkbərin qızına dedim ki, yığış gəl bizimlə
yaşa, atanın yanında qal. Razı olmadı.
Ələkbər də hara gedirdiksə, məni öz həyat yoldaşı kimi təqdim
edirdi. Və bir gün vaxt gəldi ki, onun ailəsinə getmək söhbəti
yarandı. Dediyinə görə, qızı üçün elçi gəlirmiş və bunlar xoşbəxt
ailə oyunu oynamalı idilər. Bu "xoşbəxt" ailə də birgə
görsənməlidir gələn elçilər qarşısında. Beləcə, məni tərk etdi. Mən
Azərbaycan vətəndaşı olmadığıma görə bütün sənədlərim, bank
rekivizitlərim onun adınadır və o mənim bütün biznesimə iddia irəli
sürür.
- İndi durumunuz necədir?
- Bizim birgə biznesimiz vardı. Dedim axı, mən bu işi Ələkbərin
öhdəsinə buraxmışdım. Bu məbləğə şirnikən bəzi dostlar və yaxınları
bizim ayrılmağımıza səbəb oldular. Aramızda mübahisələr və soyuqluq
yarada bildilər…
İndi durumum belədir… Tənha, xəyalları ilə baş-başa…
- Sizin sevgililərinizin hamısı alfons olub
ki…
- Hə, hamısı alfons olub…