Azərbaycan Milli Akademik Dram Teatırının inzabatçısı
olan dostum və oxucumuz İlhamə xanım onun haqqında
danışdı:
- O sənin yazılarının hamısını oxuyur. Yaxın rəfiqəmdir. Biləndə
ki, səninlə dostuq, istədi onun da həyat hekayətini dinləyəsən.
Dərdli və mehriban xanımdır.
İlhamə xanım rəfiqəsinin acı tale yaşamasından, uğursuz məhəbbət
macəralarından bəhs etdi:
- O sənə öz sevgi etiraflarını və həyatını danışmaq istəyir.
İstəyir ki, içində düyünə düşən bu acını paylaşsın, bəlkə
yüngülləşə bildi…
Beləliklə, Tehranda anadan olan, indi Bakıda yaşayan iş adamı,
böyük bir turuzim şirkətinə rəhbərlik edən Haşimi Sepideh
Mirabdulla qızı ilə dənizkənarı milli parkdakı çay evlərindən
birində üz-üzə oturası olduq. Fotomüxbirimiz İsmi Şahzadə və
qəhrəmanımızla mənim ortaq dostumuz İlhamə xanım da söhbətimizində
oldular.
- Sepideh – ulduz deməkdir. Adımı belə qoyublar. Əslimiz
Təbrizdəndir. Göz açdığım ailə Şimali Azərbaycana bağlı ailə olub.
Atam "Tudə"çi olub – kommunist idi. Mən valideyinlərimin,
əmilərimin, dayılarımın sevgisinə baxıb Azərbaycan eşqiylə
böyümüşəm. Elə ona görə də indi Azərbaycandayam, - bunları Sepideh
xanım mənim "sən kimsən" sualıma cavab olaraq dedi.
Söhbətimiz zamanı məlum olur ki, o, uşaqlıq vaxtlarından
Azərbaycan sevdası, Bakıda yaşamaq arzusu ilə yaşayıb.
- Yəni uşaq vaxtından Azərbaycan sizinçün əlçatmaz və
ünyetməz idi?
- Bəli, bura bizə Məkkə qədər əziz və müqəddəsdir. Bizim ailə
səhər də, axşam da Azərbaycan deyərdi…
- Siz Azərbaycanı Məkkə misalında görüb, Azərbaycana
gəldiniz…
- Bu, nostalji bir hissdir. Atamın ən yaxın dostu, özünə qardaş
kimi yaxın bildiyi, o vaxtlar Azərbaycan radiosunda fars dilində
gedən verlişlər redaksiyasının rəhbəri Nəsrulla Nəsrullayev vardı.
Ona "əmi" deyirdim. O, təhsilini İranda almışdı. 1962-ci ildə
Nəsrulla əmim Bakıya qayıtdı. Atam həmişə onun həsrətini çəkərdi.
Əlaqələri tamam kəsilmişdi. Hətta məktublaşa da bilmirdilər…
Sepideh xanım aramla danışır və hiss edirəm
ki, bu sohbət əslində özünü, şəcərəsini təqdim etməkdi. İçindəki
burulğan hələ boy verməyib. Dərdli olması yaşıl gözlərinin
arxasından boylanır. Söhbəti dəyişirəm:
- Biz siyasətdən danışmayacağıq. Sizin həyatınızın ancaq
sizə bəlli olan tərəflərinə baş çəkəcəyik. Elə siz də bizim "Sevgi
etirafları" layihəmizdən sonra görüşmək istəmisiz.
- Sizin yazılarınız çox maraqlıdır. Oxuyanda hiss edirsən ki,
sənin özünü yazıblar. Amma bir qədər fərqli…
- Siz anasız?
- Bəli, anayam. Bir qızım var. Onun atası Behzad azərbaycanlı
idi.
- İndi bir yaşamırsız?
- Yox, o, Amerikadadır.
- Demək, aranızda heç sevgi olmayıb…
- Mən onu çox sevirdim. Həm qızımın atası, həm də ilk sevgim
olduğuna görə.
- İlk sevgi deyəndə güman ki, sevgiləriniz bir-neçə
olub. İlk sevgi, son sevgi. İlklə sonun arasındakı bir neçə
sevgi…
- Həyatda mənim başım çox çəkib. Bu insan, - qızımın atasını
deyirəm, - mənim ilk görüb sevdiyim adam olub. Mənə ilk toxunan
kişi olub o. Mən kişi deyiləndə yalnız onu düşünmüşəm.
- Yəqin, ilk dəfə toy günü görmüsüz onu.
- Yox, ailə qurana qədər bir-birimizi tanıdıq. Bizlər şah rejimi
vaxtı da, elə indi də görüşürük, bir-birimizi tanıyıb, sonra
evlənirik. Mən tək qız, ailənin yeganə uşağı idim. Bu, ilk məhəbbət
idi. Onların ailəsilə tanış idik. O, unversitetdə, mən isə orta
məktəbdə oxuyurduq. Ovaxtkı tələbələr üçün yarışlar, tədbirlər
olurdu və biz həmişə belə yerlərə birlikdə gedərdik.
Məktublaşardıq. Hətta atam anama demişdi ki, qızım kimi sevərsə,
ona da verəcəyəm. Atam romantik adam idi.
- Belə başa düşdüm ki, bu sevginin ömrü uzun
olmadı…
- Məni incidirdi. Yaxın gəlmirdi mənə. Məni təhqir edirdi.
Bunlar çox sonralar başladı. Ona yalvarırdım. İstəyirdim ana olum.
O isə razı deyildi. Axır vəziyyət elə oldu ki, əgər mən uşaq
dünyaya gətirməsydim, ölə bilərdim. Bundan sonra ana olmağıma icazə
verdi. Qızımız oldu. Amma hər şey əvvəlki kimi davam edirdi. Mənə
deyirdi ki, sən nə gündəsən, bir özünə bax, mən olmasam, heç it də
sənə yaxın durmaz. Amma heç özü də elə yaraşıqlı deyildi. Keçəl,
balacaboyun biri idi… Münasibətlərimizin bu dərəcədə soyuması
ailəmizə də bəlli oldu. Atam əmimə demişdi ki məndən soruşsun,
ərimlə bir problemim varmı? Mən dedim: "Çox razıyam, çox yaxşıdır,
belə kişi heç görməmişəm". Əmim də gülüb dedi ki, sən başqa kişi
görmüsən ki, müqayisə edəsən də?
- Siz onu sevirdiz, elə o da, bəs bu soyuqluq necə
yarandı?
- Behzadla aramızdakı soyuqluq onun ailəsindən başladı. Anası
erkən vəfat etmişdi. Onu böyük bacısı böyüdüb tərbiyə etmişdi,
oxutmuşdu. Behzad bacısının təsirində idi. Vaxt gəldi, bu qadın
Amerikaya köçdü. İsrar edirdi ki, qardaşı da onunla gəlsin. Mən
getmək istəmirdim, beləcə, problemlər başlandı. Axır ki, boşanmağa
qərarlaşdıq. Boşanma vaxtı o qızımı mənə satdı. İran qanunlarına
görə ailə boşanarsa, azyaşlı uşaq atasında qalmalıdır. O, uşaq
istəmirdi. Amma bununla belə, məhkəməyə uşaqdan imtina etməsi haqda
ifadə vermək üçün, uşağın məndə qalması üçün pul tələb etdi. Qızımı
atasından 70 min dollara aldım.
- Bu adam sizi atıb getdikdən sonra, ona ərə getdiyinizə
görə peşman oldunuzmu?
- Mən onu çox sevirdim. Mən ondan başqa kişi təsəvvür etmirdim.
Amma o məni həmişə aşağılayırdı. Dözürdüm… yenə də dözərdim…
- Behzad sizi atdıqdan, qızınızı sizə satdıqdan sonra
güman ki, sizdə karyera həvəsi yarandı. Yenidən ailə qurmaq,
uşağını ikilikdə böyütmək hissi yox idimi?
- Xeyir, yox idi. Karyeram isə o məni atana qədər də var idi.
Mən özümü onsuz təsəvvür edə bilmirdim. Tamam ümüdsüz idim. Amma
sonra bir hadisə baş verdi və mən elə bil yenidən doğuldum.
- Maraqlıdır…
- Mənim Məhnaz adlı bir rəfiqəm vardı. O da mənim yaşadığım
həyatı yaşayırdı. Yəni həyat yoldaşından ayrılmışdı. O da ərini
sevirdi. Əri isə onu aşağılayırdı. Yazıq bu dərddən çərlədi,
xəstəlik tapdı. Fikirdən, dərddən rəhmətə getdi. Onun yas
məclisində özümə söz verdim ki…
Davamı olacaq…