Xətai rayonu, General
Şıxliniski küçəsi 59-da bir ailə yaşayır. "Yaşayır" demək bəlkə də
doğru olmaz. O ailənin üzvləri özlərini yerin təkində, ö dünyada
hiss edir, rütubət, tullantı dolu darısqal zirzəmidə ömür
sürürlər.
Yanlış ünvan
Bu ailənin sorağını alıb ardınca düşmüşdük. Sosial şəbəkədə
ailənin faciəvi durumda olması ilə bağlı çalınan həyəcan təbilinə
Axar.az olaraq laqeyd qala bilmədik. Göstərilən General Səmədağa
Mehmandarov küçəsi-57 ünvanını axtardıq. Tapmadıq. Bu küçədə
təkrəqəmli ünvan ümumiyyətlə yoxdur. Küçənin sağ tərəfi Xətai
rayonunun, sol tərəfi isə Suraxanının inzibati ərazisidir. Ünvan
səhv verilsə də, axtarışımızı davam etdirdim.
Adı çəkilən küçəni metr-metr axtarandan sonra, sonda 99 saylı
MİS-ə baş çəkdim. Qurumun xanım əməkdaşı ünvanı dəqiqləşdirməkdə
yardımçım oldu.
İşıqlı dünyadan xəbərsizlər
Və yuxarıda göstərilən ünvanda, Xətai rayonu 96 saylı MİS-in
yerləşdiyi binada, Şıxliniski 59-da bu miskin ailənin
yerləşdirildiyi zirzəmini tapdıq. Əslində, bura adı çəkilən "JEK"in
emalatxanası olub. Əlacsız qalan ailəyə sığınmaq üçün verilib. Düz
8 ildir ki, haqqında bəhs edəcəyim ailə burada işıqlı dünyadan
xəbərsiz kimi yaşayır.
Zirzəminin dar qapısı açıqdır. Rəngi solmuş köhnə parçadan pərdə
asılıb. Astaca qapının dəmir çərçivəsini döyürəm. İçəridən qəribə
xışıltı, pıçıltı eşidilir. Anlaşılmayan səsin ardınca isə qadın
səsi:
- Kimdir? - soruşur.
Uşağın ata axtarışı
Pərdəni aralayıb keçirəm. Orta yaşlı qadın girəcəkdəki çarpayıda
uzanıb. İçəridə gənc qadın və iki azyaşlı qız var. Uşaqlardan biri
yan otaqdakı qarşokda oturub, yad adam səsi eşittcək boylanıb
baxır:
- "Papa" – deyir. Gülümsəyir.
- Hər kəsə ata deyir. Fikir vermə. - Bunu uşaqların anası
olduğunu söyləyən gənc qadın deyir.
Mən isə ilk növbədə girişdəcə dizlərimi qucaqlayan qızcığazın
saçlarını sığallayıram:
- Adın nədir, ağıllı?
Uşağın fiziki qüsurlu olması baxışlarından aydınca oxunur.
Saçlarına sığal çəkməyim xoşuna gəlir. Dizlərimi möhkəmcə
sıxır:
- Adım Fidandı. 4 yaşım var, pişiyimi çox istəyirəm, -
deyir.
Anası uşağı məndən aralayır. Hələ də üzümə təəccüblə baxırlar.
Özümü təqdim edirəm. Çarpayıda uzanan qadının gözləri "otaqda"
mənimçün yer axtarır, tapa bilmir, üzünü yana çevirir. Dizlərindən
bir qarış yuxarı çılpaq qalmış ayağını ovxalayır:
- Qıçımı sındırmışam. Haçandır bu gündəyəm...
Nimdaş döşəklər, yatacaqlar
Əli Allahın ətəyindən, bəndənin yaxasından üzülmüş ailənin
sığınacağına göz gəzdirirəm. İçəridə hava çatışmır. Nəfəs almaq
belə olmur. Tavan nəm verir. Divardan-diavra kəndirlər çəkilib. Bu
kəndirlərdən həm paltar qurutmaq üçün, həm də qarderob kimi
istifadə olunur. Qış, yay, yaz paltarları üst-üstə bu 5-6
kvadrat-metrlik zirzəmidə qalaqlanıb. Ortalıqda balaca stol-stul,
qapının ağzında elektrik sobası var. Yemək burda hazırlanır.
Sobanın altındakı nimçəyə makaron süzülüb. Bu qida evdə saxlanılan
5 pişiyin birgə naharı üçün nəzərdə tutulub. Divar boyu iki tərəfdə
taxt qurulub. Nimdaş döşəklər, yatacaqlar var.
Balaxanı zibilliyindən də bərbaddır
Yan "otağa" keçirəm. İçəri girdikdə özümü baxımsız vağzal
ayaqyolusunda hiss edirəm. Ürəyim "böyüdü". Nəfəsim tıncıxdı. Bura
Balaxanı zibilliyindən də bərbaddır. Qarışıq kanalizasiya və su
boruları, elektrik xətləri keçir. Blokun 9 mərtəbəsində məskunlaşan
sakinlərin bütün kommunikasiya xətləri burada birləşir. Bu "otaq"
onların həm də hamam-tualetiymiş. Mənə tavana doğru qaldırılmış
hamam vannası və unitaz göstərdi yuvanın xanımı. Həm vannadan, həm
də unitazdan taxta yeşiklərdən düzəldilmiş pilləkənlə yuxarı qalxıb
istifadə edilir. Onlarla plastik qablar ayaq altındadır. Burada
ümumi mənzərəyə zərrəcə uyuşmayan televizor və DVD qoyulub. İkinci
otağın girəcəyində isə digər balaca qızcığaz oturduğu qarşokdan dil
boğaza qoymur:
Konfet.. oyuncaq
"Papa"- deyib, şalvarımın ətəyindən yapışıb.
Adını soruşuram. Anası: - Mələkdir, - deyir.
- Mələk, quzu, nə istəyirsən?
Nəsə deyir. Başa düşmürəm. Anası balasına dilmanclıq edir:
- Konfet istəyir.
- Gözlə, indi alaram, - deyirəm.
Uşaq sevinir. Bayıra çıxıram. Bu, nə gizlədim, həm də içərinin
kəsafət qoxusundan canımı qurtarmağa kömək edir. Bir müddətdən
sonra geri qayıdıram. Fidana və Mələyin hərəsinə bir konfet verib,
bağlamanı stolun üstünə qoyuram. Mələk konfeti iştaha ilə yeyir.
Sonra konfetin kağızını yalayır. Dilini rəngli kağız boyu gəzdirib
sonra konfet kağızını səliqə ilə bükür. Bükülünü oturduğu qarşokun
yanına qoyur. Mənə tərəf boylanır, görüncə:
- Papa, iqruşka...
- Yaxşı alaram, amma papan gələndə deyərsən daha
yaxşısını alsın, - deyirəm və uşağa oyuncaq almaq üçün stolun
üstünə pul qoyuram...
İçki aludəçisi
Ev sahibəsi ilə söhbət edirəm. Adı Bibixanımdır. 1968-ci ildə
Bakıda anadan olub. Həyat yoldaşı rusdur - Aleksandr Makarov.
Aleksandr 99 saylı MİS-də fəhlə işləyir. İçki aludəçisidir. Ailənin
məşəqqətləri onun içkiyə olan hərisliyinin nəticəsidir. Amma
düşüncələrim ailənin digər üzvlərinin də sağlam həyat tərzi
yaşamağa həvəsli olmadığını diqtə edir. Necə deyərlər, bu ailənin
basaratı bağlanıb.
Bu qadının özünün, hələ ki evdə yanında olan qızının və iki
nəvəsinin sifətində həyat eşqi ölüb. Nəvələr hələ körpədir...
Bibixanım uzandığı yerdən bir qədər dirsək verib, qalxıb. Bu adamın
həyatı yazılacaq qədər asan deyil.
- 8 ildir burda qalırıq. Əvvəllər işləyirdim. Saşa da işləyir.
Amma o, ley-peydədir. Gəlmir evə. Günə 10 manat verirlər. Yarısını
içir.
Öyrənirəm ki, Saşanın 50 yaşı var.
- Demək, hələ gəncdir. İşləyib ailəsini dolandıra,
ev-eşik qura bilər, - deyirəm.
Bibixanım dolanışığın çətin olmasından danışır. "Ərimin tüfeyli
olması məni bədbəxt elədi", - deyir:
- Saşa içirdi. Uşaqlarım ölürdü acından. Binəqədidə evimiz
vardı. Satdım.
2000 dollara satılan ev
- Bəs o pula bir iş qura bilmədiniz? Həm dolanışıq
olardı, həm də kirayə ev tutardınız. Burada yaşamaq mümkün deyil
axı.
- Balalrım acından ölürdü. 2000 dollara satdıq. Başqasına sata
bilməzdim. Evin sənədləri yox idi. Kimdən torpaq almışdıq, o adam
qoymadı. Həyətinin içində idi. Dedi, ya mənə bu qiymətə satın, ya
da özünüz qalın. Biz qala bilmirdik.
Onunla zarafat edib ürəyini açmaq istəyirəm:
- Günah özünündür. Sən bu qədər müsəlmanın içindən seçib
bir rusa getdin. O da "alkaş" çıxdı, kişi başına qəhət
idi?
Zarafat edəcək halı yoxdur. Ciddi qəbul etdi. Əslində, mən
sözümü həm də ciddi demişdim. Əlini ayaqlarına çəkir:
- Bilmirəm, necə oldu.
- Yaşadığınız yerin yaxşılaşdırılması üçün kimə müraciət
etmisiz?
- Prezidentə yazdıq. Xətai İcra Hakimiyyəti "otkaz" yazdı. Biz
ev istəyirik.
- Bibixanım, bəlkə iş istəyəsiz. Cavan qızın var, sən,
ərin işləsəniz, pul yığıb torpaq alar, ev tikə
bilərsiz.
- Yox, biz ev istəyirik. Bu ölkənin vətəndaşıyıq. Bizə ev
versinlər.
Bayaqdan söhbətə qulaq asan Sevda dillənir:
- Bir dənə ev istəyirik. "Novostroyka" olmasa da olar.
- Bəlkə kimsəsizlər üçün sığınacaqlarda, qocalar,
uşaqlar evində paylaşıb qalasız?
- Yox, ev olsa yaxşıdı.
Sevda 1989-cu ildə anadan olub. Orta təhsillidir. İşləmək
istəmir. İddiası isə heç də ağır durumda olan insanın iddiası
deyil.
Əri işləməyə qoymur
- Sevda, bax iki qız uşağın var. Özün də cavansan,
fiziki qüsurun yoxdur. Niyə işləmirsən?
- İstəmirəm. Ərim qoymur. Deyir, işləmə. Harada işləyim? Yaxşı
bir iş yeri olsaydı yenə də...
- Ərin burada qalır?
- Yox, anasının yanında. Evləri genişdi.
- Bəs niyə səni, balalrını götürüb aparmır?
- Mən istəmirəm qaynanamla qalım. Ərim arada gəlib baş
çəkir.
- Pul verir sizə?
- Yox.
- Daha niyə gəlir ki, balasına heç nə
almır?
Bu dəfə Bibixanım dillənir:
- Onu aldadırlar. Tikintidə işləyir. "Çastnı" işlər görür.
Pulunu vermirlər.
Yenə: "Bizə ev versinlər..."
- Harada işləyib? Deyin, biz onun pulunu alıb qaytarmağa
çalışarıq.
- Lazım deyil, bizə ev versinlər...
Yox, bu ailə bu duruma düşməkdə özü günahkardı. Hazırın naziri
olmaq istəyirlər. Sevdaya üz tuturam:
- Deyirsən 8 ildir burdayıq. İki uşağın var. Böyük uşağın 4
yaşdadı. Demək, burdan ərə getmisən. Ər evində qalaydın.
- Mən ərimlə burda qalıram. Uşaqlarım burda olub.
Təəccüb məni boğur. Sevda isə yan otağı - trubaların kəsişdiyi
yeri göstərir:
- Ərimlə burda "söhbət" edirik.
Burada isə heç saxladıqları pişiklər cütləşə bilməzdi. İyrənclik
yağırdı o yerdən.
Bibixanım pişiklərə baxdığımı görüb aydınlıq gətirir:
- Burada mış-siçan əlindən tərpənmək olmur. Pişikləri onlara
görə saxlayırıq.
- Siz buranı təmiz saxlasanız, siçovul olmaz
axı.
- Pişiklər də canlıdır, – Bibixanım deyir.
Bibixanımın söhbətindən məlum olur ki, onun daha iki qızı və bir
oğlu var. Sevinc adlı qız "Kombinat"da, qardaşının yanında olur. 27
yaşı var. Mağazada satıcı işləyir. Digər qızı Səidə və oğlu Səid
isə məktəblidir. Nizami rayonunda Qara Qarayev metrosuna yaxın
yerdə fiziki qüsurlu uşaqlar üçün 3 saylı internat məktəbində
oxuyurlar. Bibixanım deyir ki, evi satdıqdan sonra bir müddət
qardaşının yanında qalıb. Sonra qardaşı ailə qurub və yer darlıq
edib.
- Cəmi iki otaqları vardı, - deyir.
Bir azdan Səid və Səidə də dərsdən gəlirlər. Hər ikisi məktəbli
formasında səliqəli tər-təmiz geyinib. Bu təmizlik, ağ köynəklər
yaşadıqları qaranlıq mühütə, üfunət və kəsafət dolu məkana sanki
bir işıq seli gətirir.
Söhbət edirəm. Məktəblərindən danışırlar. Müəllimlərini şagird
yoldaşlarından Günay adlı qızı tərifləyirlər:
- Başqaları kimi deyil o qız. Bizi başa düşür. Onun atası çox
imkanlıdır. Sadəcə, orada fiziki qüsurlular oxuyur, deyə ora gəlir.
Direktorumuz Nüşabə xanım da yaxşı müəllimədir. Bir dəfə bura
gəlmişdi. Yerimizlə tanış oldu. Hamıya tapşırıb ki, şagirdlərdən
pul yığılanda bizdən istəməsinlər. Bizim yerimizə o öz cibindən
qoyur.
Uşaqlar danışır. Onları necə də saf və sadəlöv olmaları haqda
fikirləşirəm.
- Heç məhəllədə dostlarınız var?
- Yoxdur. Uşaqlar çölə çıxan kimi onlara, bizə baxıb gülürlər.
hamı bizi lağa qoyur, - Bibixanım belə deyir.
Səidə stolun üstünə qoyduğum pulu görüb bacısına pıçıltı ilə
deyir:
- Qaytar. De, lazım deyil. Atam işləyir...
- Mələyə oyuncaq almaq üçün verdi, – Sevda da pıçıltı ilə deyir.
Nə qədər yavaş səslənsə də, danışıqlar eşıdılir.
Sağollaşıb çıxıram. Artıq 96 saylı MİS-in iki işçisi zirzəminin
qarşısındadır. Mənim kim olmağımla maraqlanırlar. Özümü təqdim
edirəm. MİS-n mühəndisi Faiq Həsənov ailə, onların bu vəziyyətə
düşməsi haqda giley və acıqla danışır:
- Saşa alkaşdır. Bizdə işləyib. Köhnə müdür ona ürək qızdırıb,
yer verib, iş verib. Bu isə günlərlə işə gəlmədi. İndiki müdirimiz
Zahid Bədəlov ürəyiyumşaq adamdır. Məcbur olub onu işdən çıxartsa
da, hər gününə öz cibindən 10 manat verir ki, ailəsini dolandıra
bilsin.
- Zahid müəllimin özünün maaşı da o qədər çox
olmamalıdır. Bu qədər pulu haradan tapıb ona verir? – sualımi isə
adaşım eşitmirmiş kimi davam edir:
Təmiz eşşəkdir
- 300 manat az pul deyil. Kanalizasiya təmizləyir, zir-zibili
ərazidən yığışdırır, ona görə verir. Başqası etməz bunu, amma bizim
müdirimiz edir. Saşa isə təmiz eşşəkdir. Suraxanıdan iki fəhlə
gətirmişəm. İşləyirlər. Deyirəm, ay bala, durun siz təmizləyin,
süpürün həyət-bacanı. Qızına xəbər göndərmişik ki, gəlsin, idarədə
xadimə kimi işləsin, gəlmirlər. Ev istəyirlər. O qədər idmançımız,
şəhid ailəmiz, layiqli insanımız var ki, onlara ev verə bilmirik.
Bunların başına elə əvvəldən daş düşüb. Milliyətləri də bilinmir. O
qədər adını dəyişənlər var ki, bunlar da deyəsən onlardandır.
Görmürsən dilimizdə fərli-başlı danışmırlar...
Ayrılıram. Bu da bir insan taleyi, uçuruma yuvarlanan ailənin
acı həyatı... Sizcə buna həyat, yaşam demək mümkündür?!