Layihə: Dəli
dahilər
Divanəlik və istedad arasındakı bağlılıqdan çox
danışılıb. Biz onları təkrarlamaq istəmirik. Ancaq istedadlı
divanələr tamamilə ağıllı bəşərəiyyətə çox böyük, həm də olduqca
pozitiv təsir göstərirlər.
Dünya fikir tarixinə nəinki təkcə gözəl ədəbi əsərlər, həm də
dahiyanə yaradıcılıq tapıntıları bəxş etmiş bu şəxsiyyətlərin bədii
örnəklərini psixi baxımdan tamamilə sağlam, lakin o qədər də
istedadlı olmayan qələm sahibləri az və ya çox uğurla təxmis etmiş,
onlara bənzəməyə çalışmışlar. Bu ənənə dünya durduqca beləcə də
davam edəcək.
Axar.az belə yazarların xəstəlik tarixçəsini və bəşəriyyətə bəxş
etdikləri dəyərləri silsillə şəklində oxucularına təqdim edir.
Sergey Aleksandroviç Yesenin (1895-1925) – XX əsrin əvvəllərində
yazıb-yaratmış rus şairi. Adı həmin dövrün ən böyük şairləri –
Blok, Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin ən lirik rus
şairlərindən hesab olunur. O, 1924-1925-ci illərdə bir müddət
Bakıda olub, yaradıcılığının ən məhsuldar dövrünü də demək olar ki,
Bakıda yaşayıb.
Sergey Yesenin 20 iyun 1924-ci ildə qələmə aldığı
tərcümeyi-halında yazır:
"Mən 1895-ci il sentyabrın 21-də (yeni tarixlə oktyabrın 3-də)
Ryazan qəzası və Ryazan quberniyasının Kuzmino vilayətinin
Konstantinovo kəndində anadan olmuşam. Atam – kəndli Aleksandr
Nikitiç Yesenin, anam isə Tatyana Fyodorovnadır".
Diaqnoz. Maniakal-depressiv psixoz.
Simptomlar: İzlənmə qorxusu, qəfil oyanan coşqunluq,
qeyri-adekvat davranış (şair camaatın içində mebelləri vurub
dağıdır, ayna və qab-qacağı sındırır, təhqiredici sözlər
söyləyirdi).
Anatoli Marienqof öz xatirələrindən birində Yeseninin
qəribəliklərindən bəzilərini belə təsvir edib:
"Mənim mənzilimdə divarda böyük qırmızı və sarı gülləri olan
Ukrayna xalçası var. Bir dəfə Yesenin baxışlarını ona zilləyib
dayanmışdı. Məşum dəqiqələr bir-birini izləyirdi. Yeseninin
bəbəkləri qüzehli qişanı yeyib dağıdaraq qorxunc şəkildə oynayırdı.
Göz ağı qanla dolmuşdu. Bəbəklərinin qara nöqtəsi isə dəhşətli,
qorxunc dəlilik saçırdı. Yesenin kreslodan qalxdı, salfeti
xışmalayıb mənə verdi və xırıltılı səslə qulağıma dedi:
- Onların burunlarını sil!
- Seryoja, bu ki xalçadır, bunlar isə çiçəklər.
Qara nöqtələr nifrətlə doldu:
- А!.. Qorxursan!..
O, boş şüşə qabı götürüb qışqırmağa başladı
- Xıncım-xıncım edəcəm, bütün qandır, burunları qandır...
Mən salfeti götürüb xalçanın üzərində gəzdirməyə başladım –
qırmızı və sarı sifətlərdəki "xəyali" burunları sildim. Yesenin
xırıldayırdı. Qəlbim buz kimi olmuşdu. ("Yalansız roman").
Xəstəlik tarixi. Bir qayda olaraq, spirtli içkilərin ifrat
qəbulundan dolayı tez-tez təkrarlanan tutmalar səbəbindən Yesenin
bir neçə dəfə Fransa və Rusiyanın psixi-nevroloji klinikalarında
müalicə alır. Təəssüf ki, müalicənin pasientə heç bir xeyri olmur.
Professor Qannuşkinin klinikasından çıxandan bir ay sonra Yesenin
Leninqradın (Sankt-Peterburq) "Anqleter" otelində özünü istilik
borusundan asaraq intihar edir (son vaxtlar aparılan araşdırmalar
isə şairin qətlə yetirildiyini isbatlayır – red.).
Bəşəriyyətə bəxş etdiyi ideyalar. Poeziyada yeni intonasiya.
Yesenin göz yaşı və hıçqırıqları, kəndə və kənd adamına məhəbbəti
poetik normaya çevirdi. Dələduz şəhər romansı janrında çox işləyən
Yesenin bununla əslində müasir rus şansonunun əsasını qoydu.
Yeseninin sağlığında, təkrar nəşrlər də nəzərə alınmaqla, 30-a
yaxın kitabı nəşr olunub. İlk kitab – "Raduniça" (1915-ci ilin
noyabr ayında 1916-cı il qeydi ilə çap olunub), son kitab – "Fars
motivləri" (1925). Bunlardan əlavə, şairin sağlığında müxtəlif
mənbələrdə 25-ə yaxın kitabın çapa hazırlanması haqqında
məlumatlara (bəzən kitabın adı, bəzən əlyazması, bəzən çapa hazır
variantı, bəzən də maketi) rast gəlinsə də, naməlum səbəblərdən
onlar çap olunmamış qalıb.