"Səfir səfi" layihəsində:
İran islam Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Möhsün Pak Mayinin Axar.az-a ekskilizüv
müsahibəsi
- Cənab səfir, təmsil
etdiyiniz ölkə ilə Azərbaycan arasında siyasi və mədəni
münasibətlər sizi qane edirmi?
- Bu gün İranla Azərbaycanın bütün müstəvilərdə münasibətləri
özünün ən yaxşı səviyyəsindədir. Əslində son illərdə iki ölkə
arasında əlaqələr heç vaxt bugünkü qədər yaxşı olmayıb.
Münasibətlərin inkişaf etməsi üçün ölkə rəhbərlərinin siyasi
iradəsi lazımdır. Əgər bu siyasi istək və iradə olmasa, əlaqələr
təbii ki, genişlənə bilməz. Xoşbəxtlikdən, hər iki ölkə prezidenti
əlaqələrin inkikafı üçün siyasi iradə ortaya qoyublar. Misal olaraq
deyə bilərəm ki, cari ilin fevral ayında Davos şəhərində iki ölkə
prezidentinin görüşünün ardından ölkələrimiz arasında yeni
münasibətlərin özülü qoyuldu. İki ay sonra Cənab İlham Əliyevin
İrana səfəri baş tutdu. İlham Əliyevin İran İslam Respublikasının
ali lideri Ayətullah Xamneyi, eləcə də ölkəmizin Prezidenti cənab
Həsən Ruhaniylə çox yaxşı görüşləri keçirildi. Bu səfərdə
əməkdaşlıga dair 4 müqavilə və sənəd imzalandı. Səfər zamanı az bir
müddətdə yüksək iqtisadi komissiyanın doqquzuncu iclasının
keçirilməsi barədə qərar qəbul olundu. Azərbaycandan İqtisadiyyat
və Sənaye naziri cənab Şahin Mustafayev iqtisadi komissiyanın
sədri, İran tərəfindən isə Rabitə və İnformasiya Texnologiyaları
naziri cənab Vaizi məsul oldu.
Beləliklə, ölkələrimiz arasında ticari əlaqələrin genişlənməsi
üçün növbəti maneələr aradan qaldırıldı. Hazırda bu iş daha da
intensiv hal alıb. Azərbaycan İran vətəndaşlarının Naxçıvana səfər
etməsi üçün vizanı sərhəddəcə almağa şərait yaratdı. Ümid edirik
ki, belə bir şərait İran vətəndaşları üçün Astara və Biləsuvar
keçid məntəqəsində də olacaq.
Ölkələrimiz arasında ticari əlaqələrin genişlənməsində gömrük
məsələləri mühüm rol oynayır. Bu istiqamətdə də bəzi maneələrin
aradan qaldırılması üçün İranın gömrük komitəsinin sədri Kəlbayi
Hüseyin Bakıya səfər edib. Bu istiqamətdə müzakirələr aparılacaq.
Gələn həftə isə İranın Radio-televiziya şirkətinin rəhbəri Bakıya
səfər edəcək. Bu da hər iki ölkə arasında mədəni əlaqələrin
genişlənməsi üçün yeni bir pəncərə açacaq.
Mədəni sahədə də çox yaxı əlaqələr mövcuddur. Gələn il İranda
Azərbaycan mədəniyyət günləri keçiriləcək. Yaxın günlərdə İran
Prezidentinin müvini və ailə qadın məsələləri üzrə naziri xanım
Mollaverdi Azərbaycan Respublikasının ailə, qadın və uşaq
məsələləri üzrə dövlət komitəsinin sədri xanım Hicran Hüseynovanın
dəvət ilə Bakıya səfər edəcək. Bütün bunlar onu göstərir ki, iki
ölkə münasibətləri inkişaf etməkdədir və bu məni sevindirir.
- Mədəni əlaqələrdən söz düşmüşkən: İran və Azərbaycan
muğamları arasında fərq var – ifa, üslub və s. baxımından. Cənab
səfir Azərbaycan musiqisi, muğamı ilə tanışdırmı?
- Azərbaycan musiqisi, muğamı ilə həm tanışam, həm də sevirəm.
Ona görə ki, bu musiqi bizim öz musiqimizdir. Axı biz minilliklər
boyu, hələ islamdan da öncə bir yerdə yaşamışıq, ortaq
mədəniyyətimiz var. Biz yalnız iki yüz ildir bir birimizdən ayrıyıq
- o da Çar Rusiyası və Sovet imperiyasının məqsədyönlü siyasəti
nəticəsində. Amma bizim qəlblərimizdə, musiqimizdə, sevgimizdə
dəyişən bir şey yoxdur. Sadəcə dəyişən coğrafiyamızdır.
Musiqi, poeziya isə ümumiyyətlə sərhəd tanımır. Xaqani Şirvani
sizin şairinizdir, amma görün onların nə qədər farsca şerləri var.
Ona görə ki, biz bir-birimizə bu qədər yaxın olmuşuq. Musiqi
sahəsində də belədir. İranda Rəşid Behbudovu çox sevirlər, ona
hörmət edirlər. Mərhum Heydər Əliyev xatirələrində danışır ki, mən
Abbas Səlimini Naxçıvana dəvət elədim. O, çox soyuq hava olmasına
baxmayaraq, açıq havada elə oxudu ki, hər kəs soyuğu unutdu və elə
bildilər ki, hava istidir.
Alim Qasımovu, Habil Əliyevi, Ramiz Quliyevi İranda hamı tanıyır
və sevir. Tar da, kamança da bizim müştərək musiqi
alətlərimizdir.
Heç kəs bizim mədəniyyətimizin bu yaxınlığını inkar edə, bizi
bir birimizdən ayıra bilməz. Çar Rusiyası, Sovet İmperiyası
zamanında bizi bir birimizdən ayırmağa çalışsalar da, buna nail ola
bilmədilər. Sovet dövründə siz Novruz bayramını qorudunuz,
saxladınız. Biz iki millət olaraq bir birimizin dilinə hörmət
edirik. Məsələn, Nizami Gəncəvinin yaradıcılığı olmadan fars dili
heç tanınmaz.
- Cənab səfir, klassiklərimizdən - Xəqanidən, Nizamidən
bəhs etdiniz. Ümumiyyətlə bizim ədəbiyyatımızla nə qədər
tanışsınız? Hansı şairlərimizi sevirsiz, oxuyursuz?
- Məhəmməd Fizulini çox sevirəm. Amma Nizami Gəncəvi hər iki
ölkənin mədəni mirasıdır. O, Gəncədə yaşayıb, yazıb yaradıb, burada
da dəfn edilib. Fars dilində yazdığına görə o bizim də mədəni
irsimizdir. Biz ölkə olaraq onu sevirik. Məhəmməd Hüseyn Şəhriyarı
insanlığı, şairliyi, bütün gözəllikləriylə sevirik. İran xalqı onun
aşiqidir. O, çox böyük şəxsiyyətdir. Vətənpərvər şair idi. Şah
dövründə yaşayan ziyalılar inqilaba müxalif olub İrandan getdilər.
Şəhriyar isə heç yerə getmədi. İran xalqını dəstəklədi.
Azərbaycanda da Şəhriyarı bütün varlıqları ilə sevirlər.
- Şəxsi həyatınızı da bir az tanıdardınız: övladlarınız
hansı sahədə çalışır?
- Üç övladım var. Böyük övladım qızdır, evlidir. Bir qız nəvəm
var. Biri də bu yaxınlarda dünyaya gələcək. İki oğlum isə subaydır.
Böyük oğlumun iyirmi yeddi yaşı var, İranda informasiya
texnologiyaları sahəsində fəaliyyət göstərir. İkinci oğlum iyirmi
üç yaşındadır, magistraturada oxuyur. Qızım və kiçik oğlum ingilis
dili tərcüməçisidirlər.