"İnsan taleyi" layihəsində: İlyas
Ərnəfəs
Onu harada itirsən "Azərbaycan" nəşriyyatında tapa bilərsən. Ya
birinci mərtəbədəki yeməkxanada, ya da nəşriyyatın qarşısında olur.
Yayın qızmar, qışın qan donduran vaxtında da heç yerə getməz. Həm
də heç gedəsi yeri də yoxdur axı...
Çoxlarının ona rəhmi gəlir, ianə verirlər, ərköyünlüyünə
dözürlər.
O, gözütox adamdır. Heç kəsdən pul, yemək istəməz. Acından ölər,
kiməsə üz tutub, əl açıb, "mənə nə isə al" deməz. Verilənə isə
etiraz etməz, götürər.
Ona pul da verirlər, yemək də alırlar. Siqaret sarıdan da korluq
çəkmir, üstəlik də bahalı siqaretlər çəkir. Dəfələrlə olub ki,
nəşriyyatın yeməkxanasında "düt" deyənə qədər içib də...
İlyas-ən çox ümid verən şair...
İlyas Ərnəfəsdən bəhs edirəm. O, İlyasdan ki, düz 30 ildir
tanıyıram. Sabir adına Mərkəzi şəhər kitabxanasında Musa
Ələkbərlinin rəhbəri olduğu "Pərvanə" ədəbi məclisində tanış
olmuşduq. Dost olmasaq da, münasibətlərimiz çox səmimi olub. Elə o
vaxtlar İlyas ən çox ümid verən şairlərdən biri hesab olunurdu. Özü
isə heç də ipə-sapa yatmırdı. Çoxlarının postmodern deyib oxucunun
gözünü yağır etdiyi sicilləmələrdən fərqli olaraq, o bu axında
qat-qat güclü şeirlər yazırdı.
İndi səfil həyat tərzi keçirir. Elə Axar.az-ın "Səfillər"
layihəsində onunla görüşmək istəyi ilə "Azərbaycan" nəşriyyatına"
üz tuturam.
O, nə binanın qarşısında, nə də içəridə - daima dayandığı yerdə
yoxdur. Gündüz adlı polis serjantına yaxınlaşıram. Çoxdan burda
işləyir, hər kəsi tanıyır. Hal-əhval tutduqdan sonra İlyası
soruşuram. Gündüz:
- İndi burda idi. Nahar vaxtıdır, yəqin içəridə - kafedə olar, -
deyir.
Kafeyə keçirəm, orada da yoxdur. Tanış jurnalistlərdən
soruşuram. "Buralarda olar", deyib kafeyə nəzər yetirirlər. O isə
yoxdur.
- Eybi yoxdur, bir azdan yenə də gələrəm, -
deyib yuxarı mərtəbəyə qalxıram. "Ədəbiyyat qəzeti"nin məsul katibi
Atababa İsmayıloğluyla görüşürəm. Bilirəm ki o, İlyası həmişə qayğı
ilə dindirib, halına acıyanlardandır.
Yaxın binaların birinin zirzəmisində
gecələyir
Atababa müəllim də bu gün onu görməyib.
- Aşağıda olar. Amma gələndə görmədim, - deyir.
- Atababa müəllim, o, niyə bu gündədir, bilmirsən
gecələr harada qalır?
- Haradasa yaxın binaların birinin zirzəmisində gecələyir.
Başıbatmışı kimsəsizlər evinə düzəltmək istədim, əl vermədi.
Bir qədər də onun taleyinə acımasından danışır və:
- Onu mütləq müalicə etmək lazımdır. Dövlət öz vətəndaşına sahib
çıxmalıdır. O, istedadlı gənc idi. Əvvəllər, elə çox istedadlı
olduğuna görə İlyas Əfəndiyev ona uğurlu yol yazmışdı. Bədbəxtin
yazıları dərc olunurdu. Tədbirlərdə iştirak edirdi. Tənqidçilərin
diqqətini çəkmişdi. Yadımdadır, bir dəfə avtobusda birlikdə
gedirdik. Mənim bir hekayəm haqda danışdı. O qədər savadlı,
məntiqli fikir mübadiləsi apardı ki!
İlyas bu nəşriyyatın simasıdır
Bizimlə həmsöhbət olan jurnalistlərdən biri:
- Adama elə gəlir ki, İlyas bu nəşriyyatın simalarından
biridir.
Düz deyirdi, bu adam başqa dövlət binalarının, nazirliklərin
qarşısında durmurdu. O, şair idi, yazar idi və özünü yenə də o
sırada görür. Məhz ona görə də vaxtını, ömrünü bu binanın
qarşısında keçirir. Günləri ard-arda düzür, illərin axarında ömrünü
sürüyüb aparır.
Bir qədər sonra aşağı düşürəm. İlyas burdadır, həmişəki kimi
nəşriyyatın qarşısında oturub. Başında toxunma papaq, sifətində
illərin hüznü. Ağarmış saçları papağın altından çiyinlərinə və
alnına tökülüb. Gözlərindən yağan kədər nəşriyyatın divarlarına
çilənirdi sanki. İllərlə oturduğu, sığındığı binanın qarşısında çox
qərib və miskin bir vəziyyətdədi. Mənə elə gəldi ki o, qarşısından
keçən insanların ayaqlarına baxır, başını heç yuxarı da
qaldırmır.
Yox, deyəsən baxışları uzaqlara dikilib. Heç kəsi görmür.
Nəşriyyatın daimi sakinləri olanlardan onun yanından saymazyana
keçənləri də var, salam verənləri də. Ayaq saxlayıb ona nə isə
deyənlərə sakit və yazıq bir görkəmdə nə isə deyir. Amma sözlər
fışıltılı səsə çevrilib həmin adamların qulaqlarına çatmır,
ayaqları altına səpələnir. Ürək ağrıdıcıdır. Hərdən öz-özünə də
danışır.
Yaxın gəlib, diqqət kəsilirəm. Bir şey başa düşmürəm. Yanında
çömələ otururam. Sifətimə baxıb gülümsəyir:
- Faiq...
- Hə mənəm. Necəsən?
- ...
Cavabını yenə də başa düşmürəm. Bir az da yaxın otururam:
- İlyas, sənə soyuq deyil? Daşın üstündə oturma, dur
ayağa, söhbət edək.
Yadıma gəlir...
Yenə də nə isə deyir və yenə də başa düşmürəm. Bu dəfə küçədən
keçən yük maşının səsi mane olur. Deyəsən, dediklərini başa
düşmədiyimə görə özü də utanır.
- İlyas, yadına gəlir?..
Bu dəfə möhkəmdən cavab verir:
- Gəlir. Sən, Vasif, Hümbət, Məlahət... – deyəsən yaddaşı
dolaşır və birdən yadına düşür - Hümbət. Vasifi görürəm. Gəlir
bura. Sən isə heç gəlmirsən...
İlyasla dərnəkdə mübahisəmiz də düşürdü. Sonra heç nə olmayıbmış
kimi çayxanada oturub çay içirdik. Bir dəfə onu gəmiyə də
aparmışdım. Xoşuna gəlmişdi. Səhərə qədər deyib-gülmüşdük.
Yeyib-içmişdik. Şair dostlarımla gəmiyə tez-tez gedərdik. Onların
macəra dolu cavanlıqlarının bəzi anları mənim işlədiyim gəmidə
olub. Həjar Şamiloğlu, Vasif Süleyman, Salam Sarvan, Balaxan Qərib
və başqaları. İlyas isə cəmi bir dəfə gəldi. Sonra mən onu bir daha
gəmiyə dəvət etmədim. Atasının anasından boşanmasını, nənəsinin
himayəsində böyüməsini danışmışdı. Anası haqda xoş danışmadığı
dənizçi dostlarımın da nəzərindən yayınmamışdı. Onun bu söhbəti
mənim də xoşuma gəlməmişdi. Sonra onun həmkəndlisi olan Balayar
adlı dənizçi:
- İlyasa baş qoşma, avaranın biridir, - demişdi.
İlyas isə o vaxtlar həqiqətən də avara deyildi. Şeirlər yazırdı.
Yaraşıqlı, hündürboy bir gənc idi. Dərnəyə gələn tələbə qızların
ondan xoşu ona görə gəlməzdi ki, o, qızlara heç fikir verməzdi.
Bütün bunlar 30 ilin arxasında qalıb. Görəsən o günlərini necə
xatırlayır?
- İlyas, havalar soyuyur. Gecələr harada
qalırsan?
Yenə də aydın olmayan cavab. Əli ilə qarşı binanı göstərir.
- Sənin qış geyimlərin vardı, onları harada
saxlayırsan?
- Elə ordadır, - əli qarşı binaya tərəf uzanıqlı qalıb.
Elçin müəllim...
Qarşıdakı binaların hansınınsa zirzəmisi artıq onun yuvası, isti
ocağıdır. Yaddaşını təzələmək istəyirəm:
- Yadına gəlir, AYB-də işləyirdin. Səni ora işə kim
düzəltmişdi?
- Elçin.
Xalq yazıçısı Elçini nəzərdə tutur.
- Deyəsən Litvaya oxumağa da getdin.
- Getdim. Litvaya yox, Latviyaya. Elçin müəllim göndərdi.
Tərcüməçi olacaqdım.
- Oldun?
- Oldum.. – deyir və qısa səslə gülür – Faiq, sən
Cəlilabaddansan.
İlyas sanki yaddaşının silinməsi haqda söhbətlərin, hər kəsin
onun haqqında "dəlidir", - deyə fikirləşməsinin yanlış olduğunu
isbatlayır. Cibində qəzet görünür.
- Cibindəki nə qəzetdir?
- ........ – başa düşülmür. Sözlər ağzından yenə də sürüşür.
- Başa düşmürəm axı, İlyas. Açıq de.
- Dişlərimin hamısı töküldü, ona görə sözləri deyə bilmirəm, -
deyir və cibindən qəzeti çıxarır.
- İlyas, siqaretin var?
Başını aşağı salıb nəsə deyir. Bu, söz demək deyildi,
mızıldanmaq idi. Sonra əlini qoltuq cibinə salıb yarımçıq "Kent"
qutusunu çıxarır. Qutuda beş-on gilə siqaret ancaq olar. Mənə tərəf
uzadır:
- Çəkirsən?
- Varımdır, - deyirəm. - Sənə hörmətsizlik
eləmirlər?
- Yox, olmur. Amma mənə pis baxırlar. Təzə gələnlər mənə tərəf
boylanır. Köhnələr dostlardır. Lap əvvəlkilər yoxdur. Az qalıblar.
Arada ölənlərin şəklini yapışdırırlar ora, - bu dəfə əlini arxaya,
nəşriyyatın giriş qapısına tərəf uzadır. - Faiq, mən ölsəm şəklimi
ora yapışdıracaqlar?
- Bilmirəm. Yəqin ki, mən onu görmərəm, axı mən də
xəstəyəm, arada ürəyim sancır.
- İstəmirəm ora şəkillər vurulsun, - deyir İlyas.
Aqil Abbas niyə gəlmir?
Papağını geri verir. Başını qaşıyır. Ayağa qalxıb kürəyini
divarın tininə sürtür. Rahatlanır deyəsən və əvvəlki yerində
oturur.
- Ən çox kim diqqət edir sənə? Yemək alır?
- Yeməyimi verirlər. Məndən heç kafedə pul almırlar. Aqil (Aqil
Abbas - F.B) əvvəllər tez-tez bura gələrdi. İndi az-az gəlir. O
mənə pul verəndə kişi kimi verir. Atababa var, o da... Hamı. Mənə
lazım deyil. Özləri verir. Qızlar, qadınlar. Hamısı yaxşıdır.
Siqaret də alırlar.
Onu yaxşı eşitmək üçün qulağımı az qala ağzına dirəyirəm.
- Dişlərim töküldü, getdi...- əlini ağzına çəkir. Dili ilə
dırnaqlarını isladır, gözünün qıraqlarını təmizləyir.
Artıq İlyasın dediklərini eşidir, başa düşürəm. Qulaqlarım onun
fışıltılı səsinə alışıb.
- İlyas, kəndinizin adı nə idi?
- Masallının Göyəçöl kəndidənəm də. Sən bilirdin ki, yadından
çıxıb? Deyirdin ki, nənən də Masallıdandır.
Hə, yaddaşı yerindədir. Bu adam ötənləri dəqiqliyi ilə yada
salır.
- Eviniz necə ev idi?
- Balaca, ikiotaqlı kənd evi. Nənəmin yanında qalırdım. Sənə
demişdim ki, sənin gəmində araq içəndə demişdim.
- Daha nələri xatırlayırsan?
- Mən heç nəyi unutmamışam.
- İlyas, yadına gəlir, sən birinci Amerika-İraq
müharibəsində Səddam Hüseynə kömək üçün ordu toplayırdın.
Könüllülər yığırdın.
Səddam yaxşı kişi idi
Diksinir sanki. Üzümə baxır. Dinmirəm. Yazıq, nuru öləziməkdə
olan baxışların arxasında yeni bir xəbər eşidibmiş kimi təəccüb
qarışıq bir ifadə var. Gözlərini heç qırpmır da. Yavaş səslə:
- Səddam yaxşı kişi idi, -deyir.
- Deyirlər səni KQB-yə aparıblar. Oradan çıxandan sonra
isə bu küçələrdəsən, yadına gəlir?
- Yadıma gəlmir.
Xeyli fikrə gedir. Siqaret yandırıram. Əlini uzadır. Siqareti
ona verirəm. Yenə də uzaqlara baxır:
- Məni harasa apardılar... yox aparmadılar. Məni deyəsən KQB-yə
çağırdılar, getdim. Daha heç nə gəlmir yadıma. Mənim yadıma
bilirsən nə gəlir? Sənin gəmindən səhər düşüb "Şaumyan" metrosunun
yanında "Aygün" kafesində sosiska yedik ha... Orda bir qız vardı
ha... Mən baxırdı. O kafe durur?
- Yox. Metronun da adı dəyişib.
- Bilirəm, Xətaidir. Qəzetlərdən bilirəm. Sən bilmirsən, Aqil
bura niyə gəlmir?
- Yəqin o, gələndə sən burda olmursan. Bayaq mən səni
çox axtardım, tapmadım. İlyas, mən Aqil müəllimi görsəm ona
deyərəm. Siqaretin qurtarır deyəsən, al bu pulu...
Pulu cibinə qoyur, üzünü yana çevirir. Sonra yenə də mənə tərəf
dönür:
- Gedirsən? Bilirsən, Ayaz da çıxdı "Ədəbiyyat qəzeti"ndən.
Sənin qohumun idi. Elçin də. İndi "zam" vardı ha, odur redaktor,
bilirsən? Qəzetlərdə yazılmışdı...
- Bilirəm, İlyas, bilirəm.
İlyasla sağollaşmıram. Eləcə ayağa durub gedirəm o da arxamca
baxmır. Başını aşağı dikib, səssiz oturub...