"Həbsxana xatirələri"
layihəsində
Əvvəli burada
Sirxan karantindəki ilk gecəni yatmadı. Arada onun ağzından
çıxan sözü ünvanına çatmadan təsdiqləyən "nakolkalı"ya da
acıqlandı:
- Get yat, bəsdir. Yerini tanı, özünü hələ də tanıya
bilməyibsən.
Görünür, gündüz onun yekəbaşlıq edib polkovniki aşağılamaq
niyyəti Sirxana xoş gəlməmişdi. Həm də mübahisə zamanı polkovnikin
yanında dayananlar kamerada gücün əks tərəfdə olduğunu diktə
edirdi. Ona görə də köhnə tanışını acılamaqdan belə çəkinmədi.
Arzularım vardı, məhv oldu getdi
Mənim də oyaq olduğumu görüb çay süzdü.
- Gəl, içək, - dedi.
Və mənim marağıma əks getmədən özünün həyat hekayəsini nəql
etdi:
- Hələ məktəbli idim ilk dəfə tutulanda. Elə o vaxtdan da bu
həyat məni öz toruna saldı. Baxma ki, belə danışıram, içərinin
qanunlarına riayət edirəm, haqsızlığa dözməsəm də, bəzən özüm də
haqsızlıq edirəm. Əslində, sənin kimi, polkovnik kimi, lap elə o at
oğruları kimi adamları görəndə ötən günlərimə acıyıram. Mənim də,
ata-anamın da mənimlə bağlı arzuları vardı. Hamısı məhv oldu
getdi...
Xeyli susdu. Siqaret yandırdı. Yenidən hər ikimizə çay süzdü.
Kürəyini divara möhkəm dirəyib ayağını qarşıdakı stolun alt
dayağına dirədi. Gərildi sanki. Sonra davam etdi:
- Kifayət qədər imkanlı ailə olmuşuq. Atamın apteki, maşın
təmiri üçün emalatxanası və başqa obyektləri vardı. Anam
xəstəxanada, atam isə dövlət qulluğunda idi. Bacım Bakıda Tibb
İnstitutunda oxuyurdu. Xoşbəxt idik. Həqiqətən bəxtəvər idik.
Nəyimiz çatmırdı ki... Amma...
Rayonun çox varlı adamının oğlunu öldürdüm
Yenə də fikrə getdi. Çətinlik çəkirdi söhbətə. Amma danışdı:
- Soruşursan ki, niyə tutulmuşam. Əslində, sənin "ranqında"
deyil bu sualı mənə vermək. Amma sən yaxşı kişiyə oxşadın. Həm də
jurnalist olduğunu bildim. Danışacam sənə. Ancaq bir xahişim var,
"volya"da istənilən şəkilidən məni soruşarsan, mən danışdıqlarımı
sənə təsdiq edəndən sonra, istəsən haqqımda yazarsan. Rayonun çox
varlı adamlarından birinin oğlunu öldürdüm. Niyə öldürdüm, indi
sənə deyəcəm. Bu illər ərzində zonda soruşanlara həqiqəti demədim.
Çünki sənin kimi ardına düşmək istəmədilər. Milisi öldürmüşəm,
dedim, dedilər yaxşı edibsən, kişi adamsan.
Ərli qadınları, qəşəng qızları yoldan
çıxarırmış
Tələsmir, aramla danışır. Bu, həmsöhbətini intizarda saxlamaq
deyildi. Bu, sadəcə, o günlərə qayıdış idi. Ona görə də fasilə
verərək bəhs edir:
- Nə isə, demək o kişinin oğlu rayon milisində işləyirdi. Baş
leytenant idi. Çox binamus işlərlə məşğul imiş, sən demə. Rayonun
ərli qadınlarını, qəşəng qızlarını şantaj edib yoldan çıxarırmış.
Olub ki həyətlərə girib ipdən asılmış qadın alt paltarlarını
götürüb, sonra da həmin qadının qabağını kəsib deyirmiş: "ya
mənimlə getməlisən, ya da ərinə deyəcəm ki, mənimlə olubsan,
inanmırsansa, bu da onun ..., lifçiyi və sair. Beləcə, çox
qız-gəlini pis yola çəkibmiş. Bizə gedib-gəlirdi. Mən bunları
sonradan bildim, onu öldürdükdən sonra. Mən məktəbli olsam da,
özünü mənə dost kimi göstərirdi. Sən demə, gözünü bacıma dikibmiş.
Namərd özü də evli ola-ola. Bacıma deyib ki, gəl, səni qaçırdım,
arvad kimi Bakıda saxlayım. Bir-neçə dəfə də ardınca Bakıya
gedibmiş. Bacım onu söyüb təhqir edib: - Evimizə gəlirsən, mənə
bacı deyirsən, bu nə təklifdir?
Bacım mənə dedi
Bu isə əməlindən çəkinmirmiş. Bacım anama, anam da atama deyib.
Bir neçə dəfə xəbərdarlıq edilsə də, bu adam pis niyyətindən əl
çəkməyib. Bakıda evimiz vardı. Bacım öz evimizdə qalırdı. Bir dəfə
mən də şəhərdə olanda bacım hadisəni mənə danışdı. Dedi ki,
dəfələrlə rayonda evimizə gəlib, ata-ana evdə olmayanda nəyi isə
bəhanə edib səni həyətə, dükana göndərib, mənə əl atıb, qucaqlamaq
istəyib. Deyir, evlənək. Axırda əl çəksin deyə, dedim, sənə
inanmıram. Ailəlisən, get boşan baxarıq. Bu da deyir yox, səni də,
onu da saxlayaram.
Hirs vurdu təpəmə. Bacımı da götürüb gəldim rayona. Qış tətili
idi. Rayona çatan kimi atamın iş yerinə gedib dedim ki, bu nə
oğraşlıqdır boynumuza götürürük? Mən onu öldürəcəm. Atam dedi ki,
məsələni yoluna qoyaram, sənlik deyil, özüm öldürəcəm.
Qayıtdım evə. İstəmirdim atam etsin bu işi. Onsuz bizə çətin
olacaqdı. Bu fikirdə ikən həmin milis evimizə zəng vurdu:
"Eşitmişəm gəlibsən, - dedi. - Evdə olacaqsansa, bacıya de, çay
qoysun, gəlim söhbət edək". Dedim, gəl. Bacıma tapşırdım ki, çıx
get qohumlardan birinin evinə. Onu yola saldım. Atamın naqanı
vardı, yerini bilirdim. Getdim, götürdüm. Bir azdan gəldi. Dostu
vardı, onun maşınında. Dostuna deyib ki, sən get aralıda gözlə.
Fikir verdim ki, bu, gözüdağınıqdır. Ətrafa baxır. Bacımı soruşdu,
qonşudadır, dedim, indi gələr. Gözlə, çağırım.
Şkafdakı alt paltarlarına baxırdı
Maşın təmiri emalatxanamız evə bitişik idi. Oradan da həyətə
girmək olardı. Darvazamızı çöldən bağlayıb gəldim ustaların yanına,
dedim ki, evdən muğayat olun, gedirəm. Ustaların başını qarışdırıb
keçdim həyətə. Evə qalxanda gördüm ki, bacımın otağındadır. Onun
şkafdakı alt paltarlarına baxır. Özümü qoyun yerinə qoydum. Dəvət
etdim qonaq otağına. Gəlib stolda oturdu. Naqanı çıxarıb tuşladım
sifətinə. Dedim, hə, indi səni öldürəcəm. Ay binamus, sən bizi nə
bilirsən?
- Uşaqsan sən başa düşməzsən, bacını sevirəm, - dedi.
Dedim:
- Səhv edirsən, sən mənim bacıma bir şey edə bilməzsən, amma mən
sənin dul qalan arvadını...
Bütün güllələri boşaltdım bunun sinəsinə
Televizor işləyirdi, səsini lap qaldırdım. Başımı qarışdırdı
söhbətə və qəflətən üstümə cumdu. Geri atılıb bütün gülləni
boşaltdım sinəsinə. Ağzından qan gəldi. Yerə yıxıldı. Xalçanın üstü
qana boyandı. Sonra onu kürkümə bükdüm. Çiynimə alıb, gətirdim
həyətimizdən keçən kanalizasiyaya atdım. Qayıdıb onun qanını yudum.
Xalçanı büküb atdım zirzəmiyə.
Sonra yenə də xəlvətcə evdən çıxdım. Fikir verdim ki, dostu hələ
də aralıda maşında oturub onu gözləyir. Saata baxdım, bütün bunlar
üçün cəmi yarım saatdan bir qədər çox vaxt sərf etmişdim. Oradan
aralandım. Getdim məktəbin həyətində veylləndim, çayxanaya girdim,
başqa yerlərdə oldum, diqqəti çəkdim və gəldim atamın yanına, ona
da bir söz demədim. Axşamüstü gələndə gördük həyətimizdə milislər
var. Dostu görüb ki, bu gecikir. Gəlib görüb qapımız bağlıdır.
Ustalara yaxınlaşıb. Onlar da deyib ki, evdə heç kəs yoxdur. Açar
da budur, bizdədir.
Evimizi axtardılar. Heç kəs yox idi. Dedim o gəldi, gördü ki,
heç kəs yoxdur, dedi gedim, mənim uşaqla oturub söhbət etmək fikrim
yoxdur. Beləcə, onun axtarışı başlandı. Bizdən izi tapılmasa da,
bilirdim ki, nəzarətdəyik. Atamı aparıb işgəncə vermişdilər. Amma
onun bütün günü işdə olmasını deyən şahidlər vardı. Anam işdə olub,
mən də tay-tuşlarımın yanında. Bacım isə qohumumuzun evində. Evin,
darvazanın açarları isə ustalarda...
Bacım hiss etmişdi ki, bu mənim zavalıma gəlib. Bir dəfə soruşdu
da, dedim, yox, bacı, mən də onu axtarıram, tapsam öldürəcəm.
Beləcə, 20-30 gün keçdi. Fikrim vardı ki, xəlvətə salıb onun
dostunu da öldürəm. Sonradan həmin milis haqda çox sözlər
danışıldı. Bildim ki, öldürdüyüm milis şantaj etdiyi gəlinləri
onunla aparırmış. Özündən sonra onu da qonaq edirmiş.
Bir dəfə güclü qar yağmışdı. Həmin adam şəhərin kənarında
dostları ilə yeyib-içirdi. Xəlvətə salıb güddüm, hava qaranlıq idi.
Gördüm ağaclığa getdi. Bir ağaca söykənib təbii ehtiyacını ödəməyə
başladı. Yerimi rahlayıb nişan aldım. Güllə açılan kimi dərə aşağı
yuvarlandı. Bildim ki, vurdum. Qaçıb aradan çıxdım. Amma güllə
çiyninə dəyibmiş. Ölmədi.
Meyit tapıldı
Yaz vaxtı məni tutdular. Kanalizasiya dolubmuş. Su axmırdı.
Düşüblər təmizləməyə. Köhnə iri kanalizasiya xəttidir. Qarşısına
dəmir barmaqlıqlar toxunub. Oranı təmizləyəndə kürkə bükülmüş meyit
aşkarlanır. Mənim kürküm olduğu aşkarlandıqdan sonra həbs olundum.
Amma əvvəlcə atamı tutub apardılar. Dözmədim ona verilən
işgəncələrə. Getdim milis rəisinin yanına, hadisəni olduğu kimi
danışdım. Rəis məni dinlədi. Və dedi ki, gərək öldürməyəydin. Amma
sən ki belə bir hərəkət edibsən, qoymaram sənə zərər toxunsun. Neçə
gün KPZ-də qaldımsa, mənə onun göstərişi ilə xüsusi qulluq
etdilər.
Məhkəməm oldu. Onun atası təzyiq etdi məhkəməyə, pul basdı. Mənə
güllələnmə verdilər. Ancaq 18 yaşım olduqdan sonra. Mənim isə hələ
16 yaşım tamam deyildi. Sonra məhkəmənin qərarından şikayət
verildi. Onun pis əməlləri aşkarlandı. Neçə qadın, qız-gəlin gəlib
ifadə verib ki, o bizi şantaj edirdi. Bütün bunların xeyri oldu.
Güllələnmə götürüldü, 14 il həbs cəzası aldım.
Mən həbsdən azad olunanda artıq ölkəmiz müstəqilliyini elan
etmişdi. Müharibəyə getmək istədim. Alınmadı. İçəridə narkotikə
aludəçilyim yaranmışdı. Yenidən həbs olundum. 6 il də yatdım.
Budur, indi yenə də tutulmuşam.
Sirxan "dolya" tələb etdi...
Mən Sirxanla bir də 2008-ci ildə görüşdüm. Azadlığa çıxdıqdan
sonra məni axtarıb tapmışdı. Bakıda, Zığ qəsəbəsində yaşayırlar.
Anası ilə özüdür. Bacısı ailə qurub, atası dünyasını dəyişib. O
görüş bizim sonuncu görüşümüz oldu. Onunla mübahisə etdik. Sirxan
məndən hər ay üçün 150 manat "haqq" tələb edirdi:
- Səndən az istəyirəm. Oğlanlar var, mənə ayda 500 manat
verəcəklər ki, ona krışalıq edim. Səninlə çörək kəsmişəm.
- Sirxan, sən gərək düzələydin. Sənin o vaxt mənə
danışdıqların "ponyatkalı" oğlan olmağından xəbər verirdi.
Yanılmışam. Haqq istəməli o qədər adamlar var ki...
Ayağa durub gedərkən yavaş və günahkar səslə dilləndi:
- 15 manata ehtiyacım var...