Aşıq Vüqar Mahmudoğlu ilə telefon əlaqəsi yaradıb, "Qoşa
həyat" layihəmiz üçün vədə aldıqda bir gün sonraya razılaşdı.
Təcili rayona gedəcəyini dedi.
Səhəri gün redaksiyada görüşdük.
- Dünən rayona getdiniz: xeyir ola, rayonun havası sizi
çəkdi, yoxsa, "aşıq bir yerdə durmaz"dan?
- Rayonun havası bizi heç tərk etmədi ki... O ki qaldı aşığın
bir yerdə durmamasına, aşıq elə xalqın içində olmalıdır. Bu,
ata-babadan belədir. Vaxt darlığı var. Srağagün də Kürdəmirdə idik.
"Zəhmətkeş ulduzlar" verilişinin artıq "əməkdar artisti" olmuşam...
- zarafat edir. – ATV-də bir
serial nümayiş etdirilir, "Rast" adında. O filmin də bir neçə
seriyasına çəkilirəm. Belə, işimiz yetərincədir.
- Demək, aşıqlıqla yanaşı aktyorluq da
edirsiz.
- Yox, buna aktyorluq deməzdim, baxmayaraq ki, aşıqlıq elə
hardasa aktyorluqdur... Aşıqda aktyorluq qabiliyyəti olmasa, o,
kütlənin qarşısında çıxış edə, insanların diqqətini öz üstündə
saxlaya bilməz.
Aşıq sənəti XIX əsrdən XXI əsrə
- Aşıq, gənc də olsanız, tanınırsız. Uzun illərdən bəri
sənətdəsiz, ustadlar görübsüz. Aşıq sənətinin dünənindən bu gününə
nələr gəldi, nələr qaldı, unuduldu...
- Əslində, dünənin aşıq sənəti bu günə olduğu kimi gəlib
çatmayıb. 19-cu əsrin aşıq sənəti ilə 21-ci əsrin aşıq sənəti
arasında çox böyük fərq var.
- Nədir bu fərq?
- Çoxdur. Bunun görünən tərəfi də var, görünməyən tərəfi də.
Əsas fərqlilik, əlbəttə, inkişafdadır. Bütün sahələrdə olduğu kimi,
aşıq sənətində də inkişaf olmasa, zəmanə ilə ayaqlaşa bilməz.
Əvvəllər mağarlarda dastanlar deyilirdi, ustadnamələr səslənirdi.
Bugünkü kimi TV bolluğu, internet və başqa təbliğat vasitələri yox
idi. İnsanların əsas informasiya mənbəyi və ideoloji təbliğat aşıq
idi. Səbirsizliklə gözləyərdilər ki, hansısa toyda dərvişlər,
aşıqlar gələcək, dastanlar danışacaq, dini-ürfani bilgilər verəcək,
dünyanın gərdişini anladacaq, onlar da qulaq asacaqlar...
- Aşıqlar həm də fikir, ideya daşıyıcısı
idi...
- Əlbəttə. Elə aşıqlığlın mayasında da ideya dayanır... Aşıqlar
öz ifaları ilə əslində ideologiyanı, elmi-ürfanı xalqa çatdırır,
onları maarifləndirirdilər. İndi isə dövr, baxışlar dəyişib:
dünyəviləşmə güclənib, açığın məclis aparmaq funksiyası üzə çıxıb.
Məclisləri aparanlar isə çoxdur, çeşidlidir. Belə şəraitdə aşıq
sənətini saxlamaq, sevdirmək asan olmur. Yeni texnologiya,
repertuarın genişlənməsi və müasirləşmə klassik aşıq missiyasını,
repertuarını istər-istəməz dəyişir.
- Demək müasirlik sazın əleyhinə işləyir.
- Bəli!
- Bəs aşıq sənətinin özündə yenilik nə
dərəcədədir?
- Əsas yenilik zahiridir – səsgücləndirici aparatdan istifadə,
müxtəlif repertuarların bizim repertuarımıza daxil edilməsi,
əhalinin istəyinə uyğun müasirləşmə və s. Bütün bunlarla yanaşı,
daxili – batini deyək də - dəyişikliyin, mahiyyət dəyişikliyinin
çox olduğunu deməzdim. Azacıq şərait kifayətdir ki, o dediyimiz
zahirə çıxsın. Bundan ötrü isə bir fərqli – şoudan, şoulaşmadan
kənar, amma hazırkı verilişlərdən daha dinamik təbliğat mexanizminə
ehtiyac var. Azərbaycan tele-məkanında aşıqlıq sənəti ilə bağlı iki
veriliş var. Mənim bildiyimə görə, biri İctimai TV-də "Ozan"
verilişidir, digəri isə AzTV-də. Musiqinin digər sahələri ilə
bağlı, şou xarakterli verilişlər isə həddindən artıq çoxdur və bu
da bizim milli varlığımızın atrubutlarından olan aşıq sənətinin
təbliğatına imkan vermir.
Ayaqlaşa bilməsən, geri qalacaqsan
- Aşıq özündə nəyi ehtiva eləyir?
- Yaradıcı aşıq, ifaçı aşıq və ustad aşıq (ifaçı-yaradıcı) var.
Məsələn, Aşıq Şakir həm ifaçı, həm də yaradıcı aşıq idi. Aşıq
Mahmud, Aşıq Pənah da həm yaradıcı, həm də ifaçı idilər. Dastanlar
söyləməklə bərabər, söz qoşardılar, mahnı yazardılar. Ona görə də
onlar ustad adını alıblar. Bir məqam da var ki, sənətkarı xalq
yetişdirir. Onlara, onların sənətinə diqqət çox böyük idi, onlardan
klassik ifanı da, mükəmməl sözü də xalq tələb edirdi. Ancaq indi
əhali daha çox "maral-maral" istəyir. Bir məclisdə ilahi eşqi
təbliğ edən dastanı danışsan, sonacan dinləyərlərmi? Xalq bu gün
nəyi tələb eləyirsə, onu da onlara verməliyik. Amma sənətkarın
missiyası da odur ki, xalqın istədiyi ilə barəbar, ənənəni qorusun,
klassikanı yaşatsın. Ona görə də aşıq sənətinin hazırkı durumunu
qənaətbəxş saymıram.
Aşıq sənətini itirə-itirə
gəlmişik
- Amma son vaxtlar aşıqların görüntüləri də çox
olur...
- Olur. Mən özüm Avropada bir neçə rəsmi mərasimdə iştirak
etmişəm, dövlət xətti ilə. Çox yaxşıdır bunlar. Gedirik,
tədbirlərdə aşıq geyimini, papağını, sənətini təbliğ edirik. Amma
siz düşündüyünüz qədər də keçmişdən bu günə olanları daşıya
bilməmişik. Biz aşıq sənətini itirə-itirə gəlmişik.
- Bu yaxınlarda hansısa TV-də gənc, istedadlı aşıqların
seçimi, axtarışı oldu. Bu da aşıq sənətinə ayrılan
diqqətdir.
- Hə oldu, ötən ilə qədər davam elədi. Bu saat aşıq sənətinə
gələn uşaqların sayı çoxalıb. Çox istedadlı, ümidverici aşıqlar
yetişməkdədir.
- Bəlkə bu sənətə meyil həm də ona görədir ki, arada
dolanışıq, populyar olmaq, tanınmaq var? Sizcə, dediyiniz istedadlı
gənclərin bu sənəti seçməkdə məqsədi dolanışıqdır, yoxsa sənəti
yaşatmaq?
- Əksəriyyətində dolanışıq dalıyca getməkdi.
- Deyim var: sənətkarı el yaşadar. Sizi dolandıran bu
sənətdir? O dövr rəhmətlik Aşıq Mahmudun dolanışığı yaxşı idi,
yoxsa bu gün onun övladı, həm fiziki, həm də mənəvi varisi Aşıq
Vüqarın?
- Gəlin, etiraf edək ki, Sovet dönəmində maddiyata bu qədər
ehtiyac, tələbat yox idi. Aşıqlar həftədə iki toya gedirdi.
Birinci, ikinci, üçüncü günü yatıb dincəlirdilər. Heç toy da
götürmürdülər. Səsini qoruyurdular. Ayda 8 toy ona bəs edərdi.
Bəlkə də loru çixar, o vaxtın ən yaxşı avtomobili Qaz-24 idi. Onu
minirdilər, iki mərtəbəli evdə otururdular. Biznes qurmaq şansları
olmasa da, qazandıqları onlara bəs edirdi. Bir var yaxşı, bir də
var çox yaxşı yaşamaq. O dövrün aşıqları öz zamanlarına uyğun çox
yaxşı yaşayardı. İki il qazandığına hər işi görürdü. İndi bizim
qazancımız onlara baxanda daha çoxdur, ancaq tələbat da
böyükdür.
Aşığın prodüseri olmaz, şəyirdi olar
- Bir aşıq olaraq, tutaq ki,
sizə bir prodüser lazım oldu, ondan necə istifadə
eləyəcəksiz?
- Vallah, heç onun istifadə qaydalarını da bilmirəm. Prodüser o
vaxt lazım olur ki, sən işini çatdıra bilmirsən. Mənim köməkçilərim
həmişə yanımda olur, onlar tələbələrimdir. Aşığın yanında həmişə
şəyirdi olub - həm öyrəniblər, həm də ustadlarına yardım
ediblər.
- Kimin şəyirdi olmusuz?
- Mən atamın şəyirdi olmuşam, ondan görüb götürmüşəm.
- O düzdü ki, ustad şəyirdini tam hazır biləndə qəfildən
ona ustad şilləsi vurur?
- Düzdür. Amma çox təəssüf ki, mən atamdan aşıqlıq sənətini
birbaşa öyrənmədim. Əvvəl qarmon ifaçısı olmuşam. 20 il atamla
məclislərdə, dövlət tədbirlərində çiyin-çiyinə iştirak etmişəm.
Onun yaradıcılığını, hərəkətini, davranışını əxz eləmişəm.
Mən İncəsənət Universitetini bitirmişəm. Oxuyurdum, aşıq olmağı
heç düşünmürdüm. Atam həmişə deyirdi ki, sən oxusan, yaxşı aşıq
olarsan. Çox qəribə bir şeydir, dunyasını dəyişməmişdən üç gün
qabaq Qobustana məclisə gedirdik. Dedi ki, mənim yaşım keçib, bəlkə
sən aşıq olasan? Dedim, yox, mən aşıq olmaq istəmirəm, yükü çox
ağırdır. Amma müğənni olaram. Dedi ki, səsin şirindi, səndən yaxşı
aşıq çıxar… Elə bil, vəsiyyət edirdi. Üç gün sonra rəhmətə
getdi.
- Dünyasını dəyişdiyi çox uzun vaxt deyil, amma onun
vaxtında da aşıq sənətində dəyişikliklər olub. Necə qarşılayırdı
bunları?
- Aşıq Mahmudun özü aşıq sənətinə yenilik gətirən aşıq idi. Yəni
aşıq Mahmud hər şeydən əvvəl, həm də bir neçə dastan
müəllifidir.
- Hansı dastanlardı?
- "Aşıq Şakirin Tovuz səfəri", "Aşıq Şakirlə Aşıq Pənahın
Nardaran görüşü"... Deyişmələrin, qıfılbəndlərin, sözlərin müəllifi
özüdür. Aşıq Mahmud çox böyük sənətkar olub. Nə vaxtsa hamı
həyatdan gedəcək, amma Şirvan aşıq ənənəsi də son olaraq Aşıq
Mahmudla getdi. Çünki mən də Aşıq Mahmudun davamçısıyam, amma aşıq
Mahmud ola bilmərəm.
Tərbiyəm yol
verməz
- Axırıncı dəfə hansı
dastanı danışıbsız toyda?
- Axırıncı dəfə 2006-ci ildə Cəbirli kəndində "Xəstə Qasım"
dastanını danışmışam. Dinləyən olsa, tələb olsa, neçə gözəl
dastanlarımızı yaddaşlarda qoruyardıq. Təəssüf ki, yeni nəsil
dastan bilmir – çünki onlardan tələb edilmir və onlar da öyrənmir.
Beş-on havacat öyrənməklə kifayətlənirlər.
- Niyə qalmaqalda yoxsuz?
- Heç mənim tərbiyəm yol vermir ki, özümü hansısa qalmaqalla
tanıdam. Ustad görəsən gərək. Ustad sənə tək oxumağı öyrətmir ki!
Necə oturmağı, danışmağı, durmağı, səsini necə qorumağı
öyrədir…
Heç kim Alim Qasımova deyə bilməz
- Deyir, ustadlar ustadnaməni bir yox, üç deyərlər...
Sizdə neçədi?
- Əvvəllər ustadnamələr başlayar, sonra Peşro ilə davam edərdi.
Peşro – məclisin girişidir.
- "Şirvan şikəstəsi"ni aşığın ifa etməsilə xanəndənin
ifa etməsi arasında hansısa qohumluq var?
- Ruh eynidir, amma xanəndələr yanlış oxuyur. Heç kim Alim
Qasımova deyə bilməz ki, yanlış oxuyursan. O, özünəməxsuz ifa edib
və tarixə qovuşdurub bu havanı. Yəni aşıqlar şikəstəni heç vaxt
qəzəllə oxumayıb, ümumiyyətlə, aşıq havalarında qoşma, gəraylı,
təcnis, müxəmməsdir… İfada digər məqamlar da var – Şirvanda 11
şikəstə var. Xanəndələr oxuyanda bəzən bu şikəstələrin sərhədlərini
pozurlar, bir şikəstədə bir neçə şikəstənin nəfəsini edirlər. Bir
növ, ümumiləşdiriblər şikəstəni. Ancaq şikəstələrin hər birinin
nəfəsi ayrıdır…
- Özünüzü daha çox hansı mahnıları ifa eləyəndə ifadə
eləyə bilirsiz?
- Mən bayaq da dedim, indi də deyirəm, publikaya baxıram. Amma
mən "Köpək şikəstə", "Kərəmi" oxumasam, elə bil ki, o toydan
əliboş, yarımçıq çıxdım. O qədər olub ki, toydan sonra demişəm:
sanki bu toyda oxumadım.
- Bax, aşıq, biz bu məclisimizi, söhbətimizi o ovqatla
başa vuraq ki, deməyəsiz, hər şey yarımçıq qaldı. Buyurun,
oxucularımız üçün bir "Şirvan şikəstəsi" ifa edin...