Türkiyənin kor-koranə Fələstin sevgisi, qara sevdasına görə cəmiyyətin müəyyən hissəsi Azərbaycanla düşmənçilik edir və ölkəmizi İsraillə əlaqələrinə görə ittiham etməyə çalışır. Onlar unudurlar ki, Fələstin rəhbərləri, əslində, hər zaman antitürkiyə və antiazərbaycan mövqeyi tutublar.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Oqtay Qasımov Fələstin lideri Mahmud Abbasın Türkiyənin Cümhuriyyət günündə (29 oktyabr) Cənubi Kiprə işgüzar səfəri barədə danışarkən deyib.
“Bu, Birinci Dünya müharibəsinin sonunda da belə olub. İngilislər Fələstini işğal edəndə, o zaman 15 minə yaxın türk əsgərini məhz həmin fələstinlilər qətlə yetirib. Onların babaları vaxtilə Qüdsün ingilislər tərəfindən işğal olunmasını şəhərin işğalçılardan azad edilməsi kimi təqdim ediblər.
Azərbaycan xalqı Fələstinin keçmiş rəhbəri Yasir Ərəfatın da, hazırkı rəhbəri Mahmud Abbasın da ermənilərə münasibətini və Azərbaycan torpaqlarının işğalına yanaşmasını yaxşı xatırlayır və unutmur”, - o bildirib.
Politoloq vurğulayıb ki, Fələstində məhz türk hökmranlığına son qoyulması ilə bağlı xüsusi qeyd edilən günlər var:
“Nədənsə, Türkiyədəki məlum cahil və özünü “dindar” adlandıran kəsim bunlara diqqət etmir. Əslində, çox mənalı bir məsələdir ki, məhz Türkiyə Cümhuriyyətinin yarandığı gündə Mahmud Abbas Cənubi Kiprə səfər edir. Söhbət elə bir dövlətdən gedir ki, Türkiyə ilə düşmənçilik edir, Avropa Birliyində Türkiyənin üzvlüyünün əleyhinə çıxış edir və İsrailin forpostu rolunu öz üzərinə götürərək Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti üçün təhdid yaradır.
Bizim üçün maraqlıdır ki, görəsən, Türkiyədə AKP-yə yaxın olanlar, eləcə də AKP üzvləri və həmin dindar kəsim buna necə reaksiya verəcəklər: onların Fələstinə “səni sevəcəyəm, sən nifrət etsən də” inadına dəyərmi? İsrailin forpostuna, Türkiyəyə qarşı hərbi ittifaq qurduğu bir ölkəyə Türkiyənin Cümhuriyyət günündə səfər edən zehniyyətə görə Türkiyənin qardaşlarına küfr yağdırmağa, düşmənçilik etməyə dəyərmi?
Türkiyədəki bəlli kəsim bundan sonra həqiqəti dərk edəcəkmi, reallığı anlayacaqmı? İnanmıram, çünki onların konkret missiyası var və idarə olunurlar, təəssüf ki, bəzi savadsız və intellektsiz kəsim də onlara inanır”.