Axar.az "Tarixi nadir"
layihəsində Güntay Gəncalpla Hüseyn Cavid haqda
söhbəti
təqdim edir.
– Güntay bəy, sizin bir çox yazılarınızda Hüseyn Cavid
yaradıcılığına olan rəğbət açıq-aşkar görünür. Səbəb
nədir?
– Klassik məfkurənin, dünyagörüşün və varlığın
mənzum dillə açıqlamanın nümunəsinə Cavid yaradıcılığında rast
gəldim. Yəni öz mənəvi dünyamda Cavidi kəşf etdim və əsərlərini
diqqətlə oxumağa başladım. Son 150 illik ədəbiyyat tariximizdə
kimsəni Cavid qədər dərindən oxumamışam. Ayrıca, son 150 ildə də nə
Anadoluda, nə Türküstanda, nə İranda, Əfqanıstanda və Qafqazda
Cavid kimi şair, düşüncə adamı, çağları aydınladan bir dramaturq
meydana çıxıb. Bu üzdən Cavidin hər bir əsərindən bir neçə parça
əzbər bilirəm. Mənəviyyat, düşüncə, şeir və estetik dünyamda Hafiz,
Əttar, Mövlanə, Füzuli kimi böyük şəxsiyyətlərlə bir yerdə Cavid də
var.
– Sizcə, Hüseyn Cavidi öz çağdaşlarından fərqləndirən
xüsusiyyətlər hansılardır?
– Birincisi, dil məsələsidir. Cavid yalnız o
zaman təqribən iki milyon olan Qafqaz türklərinə xitab etməyib. O,
Anadoludan İrana, Mərkəzi Asiyaya qədər bütün türk oxucularına
xitabən yazdığı üçün türkcənin geniş coğrafi imkanlarına söykənib.
Ayrıca, mənə görə, Cavid yaradıcılığının ağırlığını bu gün
"Azərbaycan dili" olaraq adlandırdığımız kiçik bir bölgənin dili
daşıya bilməzdi. Çünki Cavidin açdığı düşüncə üfüqündə bütün Şərq
mədəniyyət tarixi özünü göstərir.
– İkincisi...
– İkinci məsələ Cavidin mədəniyyət və mənəviyyat tarixini
canlandıraraq öz əsərlərində çağımıza daşıması idi. Cavid öz
yaradıcılığında modern düşüncələrə dayanaraq Xəyyam, Əttar kimi
şəxsiyyətlərin dünyagörüşlərini açıqlamışdı. Açdığı öz tarixi
üfüqünü də o şəxsiyyətlərin dünyagörüşlərinin üfüqləri ilə
bütünləşdirmişdi. Bu üzdən Cavid yaradıclığında biz öz ardıcılığını
qoruyan düşüncə və dünyagörüşlərin davamı ilə qarşılaşırıq.
Üçüncüsü, Cavid ürfan mədəniyyətini modernliklə birləşdirərək
anlaşıqlı hala gətirmişdi. Cavidin arxalandığı mənəviyyat dərinliyi
ürfandır. Yöntəmi modern məzmunu ürfanidir. Ürfanla modernin
birləşməsi. Ariflərin, sufilərin və digər azad şüurlu insanların
açdıqları yolda mənəvi yolçuluğuna davam edən Cavid öz ədəbi,
mənəvi və irfani təcrübələrini də bu yolçuluğunda realizə edib.
– Sizi Cavid yaradıcılığına cəlb edən elə bu
səbəblərdir?
– Cavidi oxumaq üçün zehni hazırlıq lazımdır.
Yəni modernitədən, Şərq ədəbiyyatından, hətta Hind ədəbiyyatından
da bir şeylər oxuyub bəlli zehni təcrübə qazandıqdan sonra Cavidi
oxumaq daha faydalı olur, bu yolla Cavid daha asan anlaşılır. Bu,
mənim təsbitimdir. Cavidi öz intelektimin və zehnimin tənqid və
dəyərləndirmə süzgəcindən keçirərək oxumağa başladım. Ağlımda bir
çox suallar var idi. Cavid hansı suallara cavab vermək istəyib,
tarixi və yaradıcı şəxsiyyətlərin dünyagörüşünü anlamağa onu sövq
edən nə olub? Nələri necə anlayıb və anlatmaq istəyib? Bu zaman
Cavidin əsərləri üzərinə yazdığım məqalələr "H.Cavidin təsvir
etdiyi Atatürk" adı ilə kitab halında Bakıda çap oldu.
– Atatürk deyirsiniz, Cavidin yaradıcılığında Atatürkə
işarə edilib ki?
– Yox, Mustafa Kamala işarə edilməyib, lakin
Cavidin şah əsəri olan "İblis" dram əsəri 1918-ci ildə, yəni
Birinci Dünya savaşının bitdiyi arada yazılıb. Bu zaman Osmanlı
dövləti yenilmişdi və türklər bu məğlubiyyətə görə aşağılıq
kompleksinə qapılmışdılar. Müttəfiq güclərin Anadoludan türkləri
silib atmaq təhlükəsi var idi. Bu zaman Cavid çox narahat olur.
"İblis" əsərini yazır və bu əsərdə "Elxan" adında xilaskar bir
öndərin xarakterini təsvir edir. Bu öndər Osmanlı sarayından
qovulub. Çünki Osmanlı zehniyyətinin şeyxlik qurumu modern xilaskar
öndərin dünyagörüşünü və gerçəkləşdirmək istədiyi yeniliyi qəbul
edə bilmirdi. Mühafizəkar və dəyişimə qarşı olan şeyxlik qurumu
əsərdə ifadə edildiyi kimi, Elxan kimi yenilikçiləri şərləyib, din
düşməni adlandıraraq öldürürdü. Bu üzdən əsərdəki yenilikçi və
xilaskar surət olan Elxan Osmanlı zehniyyətinin təzyiqindən qaçıb.
Cavid bu əsərdə həm özünün, həm də İsmayıl bəy Qaspirallı kimi
türkçülərin arzusunu dilə gətirir ki, artıq Osmanlı dövləti çağla
həmahəng ola bilmir və türklüyün Anadoludakı qurtuluşu Osmanlı
zehniyyətinin, Osmanlı dünyagörüşünün tarixdən silinməsi ilə mümkün
ola bilər.
Bu üzdən Cavid Osmanlı sarayından qaçaraq Anadolu alpərənləri
ilə bir yerdə silahlı qurtuluş savaşına başlayan "Elxan"nın üzərinə
iki tarixi missiya yükləyir: 1. İşğalçıları ölkədən çıxarmalıdır.
2. Osmanlı zehniyyətini tarixə buraxaraq modern bir tarix
başlatmalıdır. Cavid bu əsərində Nitsşenin anlatmağa çalışdığı
üstinsanın kimliyini təsvir edib.
– Mustafa Kamal məsələsinə qayıdaq.
– Cavid bu əsəri yazdıqdan tam bir il sonra Mustafa Kamal adında
bir savaşçı və xilaskar öndər ortaya çıxdı. Mustafa Kamal
şəxsiyyəti ilə Hüseyn Cavidin təsvir etdiyi "Elxan" surəti tam
olaraq üst-üstə düşür. Mustafa Kamal da Osmanlı sarayından qaçaraq
həm işğalçıya qarşı savaşıb ölkəsini azad etdi, həm də heç bir
düşüncə və yenilik ortaya qoymayan Osmanlı zehniyyətini qapadaraq
türk millətinin gözləri önündə yeni və aydın bir üfüq açdı. Bu
baxımdan, Mustafa Kamal və Cavid arasında intuisiya şəklində əlaqə
olub. Maraqlı olan Cavidin bu əsərdə təsvir etdiyi qəhrəmanın
gerçək həyatda meydana çıxmasıdır. "İblis" dram əsərində Elxanın
davranış və söylədikləri diqqətlə incələndiyində adama elə gəlir
ki, Mustafa Kamal bu əsəri oxuyaraq qurtuluş savaşına başlayıb.
– Az öncə Cavid və modern mədəniyyət haqda söhbət
etdiniz. Bu mövzunu Cavid yaradıcılığında daha açıq necə bəyan edə
bilərsiniz?
– Cavidin əsərlərini teoloji, teleoloji və ya gələcək
hədəfşünaslıq, tarixilik və modernitə görüşləri baxımından
incələmək mümkündür. Cavidə görə, çağdaşlıq deyilən durum hərəkətli
ağlın törələr və ənənələrlə qarşılaşması ilə ortaya çıxar. Cavid
insan ağlının tarix və törələr zindanında olmaması gərəkdiyini
vurğulayıb. İnsan və toplum həyatına hakim olması gərəkən durum
ənənələr deyil, ardıcıl özünü aydınladan ağıl olmalıdır. Cəhalətlə
güləşərək qalib gələn də ancaq özünü yeniləyən ağıldır. Cavidin
yeniləşmə şüuruna verdiyi əhəmiyyəti biz ancaq Qərbin aydınlanma
çağının bilgələrində görmüşük.
"Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var ancaq: yeniləşmək"
Cavid yeniləşməyi tək çarə olaraq göstərməsinin də səbəbini bu
şəkildə açıqlayır ki, insan nə qədər yeniləşməyə çalışsa da, onun
ağlı və düşüncə dünyası geniş ölçüdə tarix və törələrin təzyiqi
altındadır:
"Bizlər yeniləşsək belə daim,
Bir əskilik az-çox bizə hakim".
– Cavidi "klassik" adlandırırsınız. Hansı özəlliklər
Cavidi klassik kimi göstərir?
– Klassik deyincə ağla gələn bunlardır: ölçü,
bilgəlik, etidal. Bir əsəri klassik edən dilin inkişaf zirvəsinə
çatması, öz növündə o janrın bənzərsiz bir səviyyədə olması və ən
önəmlisi isə milli özəlliklər daşımasıdır. Bu üç amilin üçü də
Cavid yaradıcılığında mövcuddur. Cavid bizim çağımızda yaşasa da,
istifadə etdiyi mövzulara görə həm əski çağlara mənsubdur, həm də
indiki zamandan gələcəyə doğru bir üfüq açıb. Klassikliyin
özəlliklərindən biri də budur. Cavid bu sahədə çox başarılı olub.
Cavid yaradıcılığında ağıl, tarixi şərtlər içində varlığını
göstərərək olayların axışı içində fəallaşır, yaradıcı imkanlarını
büruzə verir.
– Dediniz ki, Hüseyn Cavidin əsərlərində teoloji
xüsusiyyətlər var. Buna bir aydınlıq gətirin.
– Cavidin "Peyğəmbər" pyesi peyğəmbərşünaslıq
və islamşünaslıq baxımından çox önəmli əsərdir. Bu əsər estetik
özəlliklərinin fövqündə bir də teoloji mövzuları incələyib. Burada
İslam Peyğəmbəri ilahi missiyasından əlavə, bir də toplumu, tarixi
aydınladan bir şəxsiyyət kimi verilib. Peyğəmbər baxışından
gözəllik, ədalət, qardaşlıq, qadın haqları və barış məsələləri
təsvir edilib. Özəlliklə Cavid öz əsərlərində bəzi önəmli dini
mövzulara aydınlıq gətirməyə çalışdığı üçün teoloji ilə də məşğul
olub.
– Sizcə, Cavidə lazımi dəyər verilirmi?
– Cavidə dəyər vermək üçün onun əsərlərini
oxumaq lazımdır. Bundan başqa necə dəyər vermək olar? Dəyər vermək
onun təsvir etdiyi mənəvi dünyaya girməyə çalışmaq anlamında
olmalıdır. Lakin Cavidi oxumaq üçün də hazırlıq lazımdır. Dilimiz
sovet zamanında öz tarixi köklərindən, Cavid ölçülərindən
qoparılaraq qısırlaşdırılıb. Azərbaycan oxucusu indiki dil bilgisi
ilə Cavidi oxusa da, anlaya bilməyəcək. Bu üzdən Cavid çox az
oxunur. Ancaq məncə, Cavidin əsərlərindən hər bir Azərbaycan
vətəndaşı, onlarca beyt əzbər şeir bilməlidir. Çünki bu şeirlər
bizim düşüncə dünyamızda aydın üfüqlər aça bilər.