- Xosrovun işi Allaha qalıb, onu burda
çürüdəcəklər.
Aqil bunu pıçıltı ilə dedi. Xosrova fikir verdim, qaşının üstünə
tökülmüş saçını ağzından yuxarı üfürdüyü hava ilə qovur, eyni
zamanda yemək tədarükü görürdü. Bu günün yeməyini hazırlamağı özü
istəmişdi:
- Sizə nahara bir yemək bişirim ki... yoxsa bu Rasim
(şustryakımız – F.B) içinin zəhərini də yeməyə qatır...
- Mənim ixtiyarım nədir ki, sənin istəyinin əksinə
gedəm, buyur, istəyirsən lap bir həftə bişir, - mən razılaşaraq
demişdim.
Xosrov da gülüb:
- Nə oldu, domino, şahmat oynamaq istəyəndə mane olursan, yemək
bişirmək istəyəndə istəyimin əksinə getmirsən? – demişdi.
- Ay Xosrov, sən hələ gəncsən də, oyun oynamaqla axırda
qumara qurşanarsan, onsuz da əlində olanları qapazlayıb alıblar.
Bir-iki şey qalıb, onu da uduzarsan. Rəşid kişiyə (Xosrovun atası),
Nuruya (Nurəddin Xosrovun böyük qardaşı idi, Bərdədə yaşayırdı) nə
deyərik? Axı qardaşın səni bizə tapşırıb.
Xosrov ləzzətlə gülmüşdü. Aqil də Xosrovun tərəfində
dayanmışdı:
- Şairə nə sərf etsə onu deyəcək.
İndi Xosrov yemək bişirmək üçün tədarük görür, mən kitab
oxuyuram, Aqil isə sabah olacaq görüşə indidən hazırlaşırdı.
- Şair, Xosrov qardaşı ilə telefonla danışıb. Deyir ki, hakim
qardaşıma deyib, mən onu azad edəcəm, günahsızdır. Amma prokuror
protest verəcək, onlarla danışın. Nə isə, razılaşa bilmirlər.
Sonra siqaret yandırıb, tüstüsünü ciyərlərinə çəkərək əlavə
etdi:
- Zarafat deyil e, 4 ildən çoxdur ki, içəridədir. Hələ də
günahlarını sübut edə bilmirlər. Mən inanıram ki, bu
günahsızdır.
- Namiq (otaq yoldaşımız) deyir ki, günahı olan adama bu
qədər iş verməzlər, - mən dedim. - Məsələn, sənə günahsız olduğun
üçün 1 il veriblər?
- Bəs sənə 5 il hökm oxunub, günahın var da.
- Əlbəttə var. Mən ayağımı yorğanıma görə uzatmadım.
Uşaq satan bir nəfər baş həkimdən yazdım və sən demə, böyük bir
qrupun maraqları ilə baş-başa gəldim. "Düz yola" dəvət etdilər,
yazma dedilər, mən isə yazdım.
- Zarafat deyil, 13 il iş veriblər. Bu isə dirənib, apelyasiyaya
verib. 3 ildən çox istintaq altında qalıb.
Xosrov söhbətin ondan getdiyini hiss edirdi. Amma pıçıltı ilə
danışığımızı eşitmədiyinə əmin idik. Onun məhkəməsi təzə olmuşdu.
Apelyasiya şikayətinə də müsbət cavab almamışdı. İndi isə daha
yuxarı instansiyaya müraciət etmişdi.
Xosrov tərtərli iş adamı idi və uzun müddət Ukraynada, sonralar
isə Rusiyanın ayrı-ayrı şəhərlərində yaşamışdı. İdmançı idi. Fiziki
hazırlığına söz ola bilməzdi. Müxtəlif idman növləri ilə məşğul
olmuşdu. Əlbəyaxa və sambo döyüş növləri üzrə SSRİ idman ustası
idi. Həbsinə səbəb isə biznes ortağının anidən yoxa çıxması olub.
10 saylı Cəzaçəkmə Müəssisəsinə gəldikdən sonra tibb məntəqəsində
"kirayə" yer tutmuşdu. Bizimlə bir otaqda qalırdı. Həbs olunma
səbəbini özündən soruşmuşdum. "Uzun hekayətdir", - demişdi. Amma
danışmışdı:
- Mənim güclü biznesim vardı. Rusiyaya çaxır aparırdım. Hər dəfə
də ən azından 3 TIR. Gürcüstan uşaqlarına verirdim. Onlar satdıqdan
sonra pulumu verirdilər. Xırdalanda 2 hektar torpaq almışdım.
Bakıda evlərim, ofisim, mağazalarım, maşınlarım vardı. Sonradan
həmin uşaqlar mənə şərik olmağı təklif etdilər. Razılaşdım.
Rusiyada müharibə başlamışdı. Xeyli vaxt mal göndərə bilmədim.
Çeçenlər imkan vermirdilər. Dağıstanda da vəziyyət yaxşı deyildi.
Onların təklifi ürəyimdən oldu. Mənə dedilər ki, yükləri gəmilərlə
Qazaxıstana, oradan da quru yolla Rusiyaya aparaq. İstəməsəm də,
razı sala bildilər. 3 "Kamaz" yük vurdum. İki əmioğlu idilər. Biri
malın üstündə getdi, digəri isə təyyarə ilə Rusiyaya uçdu. Təxminən
10 gündən sonra dedilər ki, Qazax gömrüyü malı saxlayıb. Gedib,
tanış tapdım. Məlum oldu ki, gömrükdə 3 "Kamaz"dan biri qalıb.
Soruşdum, dedi ki, 2 maşın sərhədi keçib. Bu maşını isə keçirə
bilmədik. Çaxırı elə qazaxlara satıb, sürücü ilə Bakıya gəldim. Bu
adam da oradan Rusiyaya getdi. Sonra bir xəbər çıxmadı. Getdim
Rusiyaya. Orada bir qadınla qeyri-qanuni evlənmişdim. İşlərimə o
nəzarət edirdi. Bir oğlum da var. Maşın təmiri emalatxanam,
mağazalarım, sellofan paket hazırlayan sexim vardı. Yoldaşım dedi
ki, bəs qardaşlar gəlmişdi bura, ziyan eləmişik, maşın təmiri
emalatxananı sataq. Razı olmadım. Dedim ki, "Xosrovsuz heç nə edə
bilmərəm". Sənə ona görə teleqram vurdum. Mən isə teleqram
almamışdım. Qayıtdım Bakıya. Narahat idim. İki "Kamaz"dan da,
sürücülərdən də xəbər yox idi. Axtarışa verdirdim. Sonra məni gəlib
apardılar: "Axırıncı dəfə onları sən görübsən", - dedilər və həbs
etdilər. Guya mən o iki əmioğlunu və iki sürücünü öldürmüşəm. Rus
qızı ifadə vermişdi ki, o adamlar dəfələrlə görünüblər, sağdırlar.
Bir il saxladılar. Sonra həbsdən azad oldum. Əlimdən çox şeyim
çıxmışdı. Rusiyaya getdim. Qardaşlardan biri tapılıbmış. Yoldaşımı
məcbur edib ki, pul lazımdır. Emalatxanaları satıb Xosrovu azad
edək. O isə iki maşın verib ki, satın, amma bunlara dəyməyin. Bu
dəfə onlarla bağlı Rusiyada şikayət etdik. Bu zaman məlum oldu ki,
mən "İnterpol"da axtarışdayam. Özümə saxta sənəd düzəltdim. Yaşayış
yerimi dəyişdim. 6 il belə qaçaq yaşadım. Axırda bezdim, qayıtdım
Bakıya, polisə getdim. Dedim ki, bu adamlar sağdır. O sürücülər də,
onların maşını da bu əmioğluların güdazına gedib. Kimə deyirsən?!
Mən onlara deyirəm ki, Qazaxıstanda o adamdan ayrılmışam. Sürücü
mənimlə Bakıya gəlib. Amma o qalıb orda. Nə edibsə o edib. Hər iki
itkin düşmüş maşın isə Qazaxıstana girib, amma çıxmayıb.
Xosrovun Bayıl türməsində də başına çox bəlalar gəlib. Onu
şərləmək, döymək, sındırmaq istəyiblər, amma bacarmayıblar.
- Gəlib təslim oldum. Dedim: "Qaçaq yaşamaqdan bezmişəm". İki
gündən sonra məni gətirdilər Bayıla. Həmin gecə 4 nəfər məni o ki
var çırpdı. Müqavimət göstərmədim.
Səhəri gətirdilər müstəntiqin yanına. Otaqda müstəntiqdən başqa
bir nəfər də hündürboy adam vardı. Əmr etdilər ki, məni
soyundursunlar. Qış olduğundan içəri çox soyuq idi. İstəyirdilər
ki, üşüyüm. Köynəyimi, maykamı əynimdən dartıb çıxartdılar. Həmin
adam əzələmə baxıb heyrətə gəldi:
- Bu adamın daş kimi bədəni var, soyuq buna kar etməz.
Dedim:
- Axşam məni döyürdünüz ha, heç o təpiklər də mənə kar
etmirdi.
Xosrovun dediklərinə inansaq, o, dələduz bir qrupun
girovluğuna düşmüşdü.
- Mənim bütün pullarımı, torpaqlarımı, əmlakımı almaq
istəyirlər.
Bayıl türməsində Bakı Şifer zavodunun direktoru ilə bir kamerada
qalırmış. Direktor çox zəngin və xeyirxah iş adamı kimi tanınırdı.
Xosrov deyir ki, içəridəki dələduzlar o kişini qorxudub pulunu
xərcləyir və istehza edirdilər.
- Bir dəfə lap ağını çıxartdılar. Mədəni adam olan direktoru çox
pis qorxudub külli miqdarda pulunu əlindən almaq istəyirdilər.
Özümə söz verdim ki, onu qoruyacam, qorudum da. Demək olar ki, 2
həftəyə yaxın "razborka" oldu. Axırda dava düşdü. Kamerada kim
vardı, hamısını şil-küt etdim. İş adamına da dedim ki, qorxma, nə
qədər mən varam, sənə bir adam söz deyə bilməz.
Xosrovla 3 aya yaxın "xlebnik" olduq. Biz onu "içəridə" qoyub
"çölə" çıxdıqdan təxminən 1 ay sonra sorağı Bayıldan gəldi. Ona
sovqat apardım. Məktub yolladı: "Tezliklə azad olacam".
İki həftədən sonra onunla azadlıqda görüşdük. 2007-ci ilin
oktyabr ayı idi.
- Həmin zavod direktoru vardı ha, məni tapdı, 28 mayda evi
vardı, bağışladı mənə, get yaşa dedi. İndi orda oluram.
- Bəs sənin evlərin vardı axı.
- Hə vardı... Nəyim vardısa azadlığım üçün xərclədim.