"Xatirə dəftəri"
layihəsində
Süleyman Hüseynov Sumqayıtda yaşayır. Uzun müddət
istehsalatda çalışıb. Müxtəlif vəzifələrdə olub. Paralel olaraq
bədii yaradıcılıqla da məşğuldur. Azərbaycanda və Rusiyada 11
kitabı dərc olunub. Tanınmış yazarla "Xatirə dəftəri" layihəsində
söhbətimizi təqdim edirik.
10 il əlimə qələm almadım
- Süleyman müəllim, deyəsən bütün yazarlarımız kimi siz
də yaradıcılığa şeirlə başlamısız.
- Bəli. Deyim ki, həvəskar olmuşam, özüm üçün satirik hekayələr,
qısa şeirlər yazırdım. Təsadüfən elə oldu ki, bir dəfə məni Kimya
zavodunda işlədiyim zaman çoxtirajlı "Kimyaçı-Ximik" qəzetinin
redaktoru Oqtay Cəfərovun yanına apardılar. "Şeir yazır", -
dedilər. Oqtay müəllim şeirlərimi oxuduqdan sonra sexdə usta
işlədiyimi öyrənib: "Bu gündən sən burda işləyəcəksən", - dedi. Baş
direktorla danışdı, aparatda mənim üçün ştat açdırdı, elə həmin gün
məni işə düzəltdi. Növbəti nömrədə Həzi Aslanova həsr etdiyim
"Bakıda bir məzar vardır" şeirimi dərc elədi.
- Şeir yazmağınız işinizə yarayıb deyəsən... sexdən
birbaşa aparata keçmisiz.
- Mən ciddi bədii yaradıcılıqla məşğul olmaq fikrində olmamışam.
Sadəcə, ürəyimdən, könlümdən keçənləri qələmə almışam. Və təbii ki,
şeirlərim qəzetdə çıxandan sonra oxucular diqqətlərini mənə
yönəltməyə başladılar. 1971-ci ilə kimi ədəbiyyatla ciddi məşğul
olmağa başladım. Sonra başqa müəssisəyə keçdim. 10 il əlimə qələm
almadım. İş çox idi. Vəzifə sahibi idim.
- Fikirləşdiniz ki, yaradıcılıqla məşğul olmaq vəzifədə
olmanıza xələl gətirər?
- Xeyr, qətiyyən. Tanıyanlar bilirlər ki, mən heç nədən
çəkinmirəm. Mənim üçün sərhəd yoxdur. Sadəcə, işim çox olurdu. Həm
də ailə qayğıları vaxt aparırdı.
"Gəl şeirlərini götür, get..."
- Bir neçə kitabınız dərc olunub, ilk kitabın sevincini
nə vaxt yaşadınız?
- İlk kitabım 1993-cü ildə "Gənclik" nəşriyyatında çap olundu.
Sabir Rüstəmxanlı mətbuat naziri işləyirdi. Münasibətimiz də var
idi. Keçmiş "Azərikimya" Dövlət Şirkətinin prezidenti Fikrət
Sadıqov şeirlərimi oxuyurdu, xoşuna gəlirdi. Bir gün soruşdu ki,
şeirlərimi niyə kitab halında çap etdirmirəm? Mən də zarafatla:
"Mənim kimim var, yetim uşağam", - dedim. Sabir Rüstəmxanlıya zəng
elədi, dedi ki, Sabir, Süleyman mənim dostumdur, sənin də yerlin.
Yaxşı şeirləri var, kömək elə çapına. Getdim yanına, qəbul elədi.
Dedi, apar ver "Gənclik" nəşriyyatına. Dedim, yox, Sabir müəllim.
Bu şeirləri oxuyun, məsləhət bilsəniz, çap eləyərlər. Əlyazmaları
saxladı, bir aydan sonra mənə zəng elədi: "Gəl, şeirlərini götür,
get nəşriyyata".
- Beləliklə...
- Sonra hekayələr kitabım çap olundu. Nadejda Paina adlı
tərcüməçi var, əvvəllər Azərbaycanda yaşayıb. Mənim şeirlərimi
tərcümə elədi, kitab halında çap olundu. O, Azərbaycan
ədəbiyyatından çox adamı tərcümə edib. Yazıçılar Birliyinin üzvü
olmaqda da ona yardımçı oldum. İndi 80 yaşı var. Rusiyanın Konakovo
şəhərində yaşayır. "Qəlb harayım" kitabıma isə ön sözü şair,
sənətşünas-alim Ramiz Heydər yazdı, Çingiz Abdullayev isə rəy
verdi. "Bir həzin nəğmə" kitabım 5.000 nüsxə çap olundu. İndi
özümdə təkcə bir nüsxə qalıb.
Nahaq gəlmisən, Aqambekyan səni kəsəcək
- İstehsalatdakı uğurlarınız necə oldu?
- Məni 1991-ci ildə Moskvaya Nazirlər Kabinetinin göndərişi ilə
SSRİ Xalq Təsərrüfatı Akademiyasına göndərdilər. Hər il
Azərbaycandan hər ixtisas üzrə bir nəfərə yer ayırırdılar. İki il
Nazirlər Kabinetindən Azad Əliyev adlı bir nəfərə göndəriş
verilmişdi, amma keçə bilməmişdi. Akademiyanın rektoru A.Aqambekyan
idi. Mənə dedilər ki, nahaq gəlmisən, o sənə əngəl olacaq,
qoymayacaq oxuyasan. İmtahandan kəsəcək. Dedim, imtahandan "5"
alacam, özümə arxayın olmasam, gəlmərəm. Azada da dedim ki, narahat
olma, səni də hazırlaşdıraram, keçərsən.
- Və imtahana girdiniz?
- Test imtahanı idi. 30 suala cavab vermək üçün 30 dəqiqə vaxt
verildi. Təsəvvür edin, ömrümdə kompüterlə işləməmişəm. Oturdum,
başladım suallara cavab verməyə. 25 dəqiqə keçdi. Dedim, bitirdim.
Gəlib yoxladılar. Sonra komissiya sədri kompüterə yaxınlaşdı və
yoxlayanlardan soruşdu: "O hansı suala düzgün cavab verməyib?"
Məlum oldu ki, 29 suala cavab vermişəm, birinci və ən asan suala
səhv cavab yazmışam. Söylədiklərinə görə Akademiyanın tarixində
belə hal olmayib. Ən yaxşı halda 27 suala cavab verilib.
Komissiyanın sədrinə deyəndə ki, bu azərbaycanlıdır, Aqambekyan mız
qoyacaq, cavab verdi ki, mız qoysa, mən bilərəm nə deyəcəm. Azadla
da hazırlıq etmişdim deyə, bu dəfə o da keçdi.
Rusiyanın baş naziri və tələbə talonu
- Bildiyimə görə, Rusiyanın keçmiş baş naziri ilə dost
olmusunuz.
- Hə, Kiriyenko ilə. O vaxtı o, Nijni Novqorodda işləyirdi,
oradan göndərişlə gəlmişdi. Ayrı-ayrı fakültələrdə təhsil alırdıq.
Bizdə 3 qrup 1 patok idi. Mən də qrup nümayəndəsinin müavini idim.
Həm də ki, təşkilati işlərə baxırdım. Onunla orda tanış olmuşduq.
Münasibətlərimiz bu günə kimi davam edir. Hazırda Rusiyanın Atom
Enerjisi naziridir (ROSATOM – F.B). 1999-cu ilin noyabrında rus
dilində çap olunmuş "Yesli ya ne vernus"("İşdir, mən qayıtmasam" –
F.B) kitabımın Moskvadakı təqdimatına o da gəlmişdi.
Münasibətlərimiz uzaqdan-uzağa davam edir. Mənim ona ehtiyacım
yoxdur. Bir dəfə zarafatla: "Yadına gəlir, 1991- 1992-ci illərdə
ərzaq məsələsi çətin idi. Akademiyanın yeməkxanasında yeməyi
talonla verirdilər. Talonlar da məndə olurdu. Həmişə gəlirdin ki,
"Süleyman, nə olar, bir talon ver də". Deyirdim, "Qurbandır"".
Gülümsündü, "Unutmamışam", - dedi. Münasibətlər yaxşı idi. Amma mən
durum bu dəqiqə gedim yanına, ona nə deyəcəm, nə istəyəcəm? Vaxtilə
respublika rəhbərlərinə dedim ki, mənim onunla münasibətim var. Nə
istəyirsinizsə deyin, respublika üçün eləyə bilərəm. "Sənsiz də
keçinirik, narahat olma", - dedilər.
Mənim iradəm də, kişiliyim də çatır
- Siz Sumqayıtda məsul vəzifələrdə işlədiniz,
sonra Moskvaya getdiniz. Daha sonra bura
qayıtdınız.
- Mən fəhlə kimi əmək fəaliyyətimə başladığım "Superfosfat"
zavoduna 1998-ci ildə heç bir siyasi partiyanın üzvü olmaya-olmaya
direktor təyin olundum. Buna qədər də iki dövlət müəssisəsində
rəhbər işləmişdim. O zaman şirkətin 1-ci vitse-prezidenti T.
Məmmədovla münasibətlərimiz gərgin idi. Zavodun rəhbər vəzifələrinə
öz adamlarını yerləşdirməyə çalışırdı, mən isə buna qarşı çıxırdım.
O da F. Sadıqovla aramızı vurmağa çalışırdı.
Bir gün kollegiya iclasında F. Sadıqov deyəndə ki: "Siz
direktorların heç birinizin işləməyə nə savadı var, nə də bacarığı.
Birinin də kişiliyi çatmır ki, ərizəsini yazıb getsin", onda bu söz
məni tutdu. 40-a yaxın direktorun heç birindən səs çıxmadı. İstədim
dillənəm, ancaq susdum. Onunla çörək kəsmişdim. Neçə ildir
tanıyırdım. Yaşda məndən böyük idi. İclasdan sonra girdim yanına.
Dedim ki, Fikrət müəllim, dostuq, başqalarını bilmirəm, amma mənim
kişiliyim çatır ərizəmi yazmağa. İş versən də sağ ol, verməsən də.
Kimi istəsən, qoy yerimə. Deyəndə ki, yox, mən kişilik demədim,
iradə dedim, "İradə elə kişidə olur da", - dedim. Amma bir şeyə
kömək elədi. Təsadüfən yanında olanda ona telefon zəngi gəldi.
Bilmirdim kim haqqında söhbət gedir. O, deyəndə ki, "Şairdir, yaxşı
adamdır, bacarıqlıdır" şübhələndim. Dəstəyi qoyanda dedi ki,
Moskvadan səninlə maraqlanırlar. Sonra Moskvaya dəvət etdilər və 10
ilə yaxın "RR-Firma" QTSC-nin Azərbaycan üzrə nümayəndəsi işlədim.
2010-cu ilin yanvarında isə Moskva vilayəti Sergiyev Posad
şəhərindəki kimya zavoduna dəvət aldım. Zavodun direktoru
L.P.Avlastimovdu. Sumqayıtda "Kimyasənaye" İstehsalat Birliyində
bir yerdə işləmişdik. O, baş mühəndis idi. Gedəndən sonra baş
direktor bildirdi ki, Rusiya vətəndaşlığın yoxdur, rəhbər vəzifə
verə bilmərəm. İstədim geri qayıdım. L.P.Avlastimov da pis
vəziyyətdə qalmışdı. Utana-utana dedi ki, Süleyman, sənə müvəqqəti
fəhlə işi təklif etsəm, qəbul edərsən? Düşündüm və razılaşdım. Məni
NÖC və A sexinə 5-ci dərəcəli elektrik çilingəri götürdülər.
Təsəvvür edin, iki ali təhsillə, zavod direktoru təcrübəsi ilə
yenidən fəhlə işləməyə başladım. 3 aydan sonra məni çağırdılar ki,
sən istehsalata baş mexanik təyin olunursan. Dedim, axı mən mexanik
deyiləm, kimyaçı-texnoloq mühəndisəm. Həm də top-menecerəm.
Dedilər, sənin orda təşkilatçılıq bacarığın lazımdır.
Nə isə, getdim. 6 aydan sonra isə zavod direktorunun kadrlar
üzrə müavini təyin edildim. Rəsmi olaraq işim sənədləşdirildi.
Düzü, Rusiya vətəndaşı olmaya-olmaya burada kadr siyasəti ilə
məşğul olmaq, zavodun mənafeyini dövlət orqanlarında təmsil etmək
mənə mənəvi məmnunluq verirdi. Məni buraxmaq istəməsələr də, keçən
il ailə vəziyyətimlə əlaqədar vətənə qayıtmalı oldum.
"Bu əsərdə həyata böhtan atılmayıb"
- Bu yaxınlarda sizin "And" romanınızı oxudum.
Vətənpərvərlik, torpağa bağlılıq, düşmənə qarşı nifrət var romanda.
Əsərin qəhrəmanı deyəsən siz özünüzsünüz?
- Yox. Moskvada təhsil alan oğlan mənim qardaşımın obrazıdır.
Amma o da düzdür ki, çox yerlərdə mən varam. Hamısı tam həqiqətdir.
Tənqidçi, professor Vaqif Yusifli demişkən, bu əsərdə həyata böhtan
atılmayıb.
- Əsas qəhrəmanlardan da biri Aidə obrazıdır? Ad bizimki
olsa da, rus qızıdır. Bu obraz sizin fantaziyanızdır, ya elə bir
qadın olub?
- Aidə ümumi bir addır. Bunun səbəbi də romanda açıqlanıb. Aidə
obrazı necə yazılıbsa, olmayıb. Amma ona oxşar hadisə çoxdur. Elə,
götürək Çeçenistanın mərhum prezidenti C.Dudayevin həyat
yoldaşını.
- Bu romanla döyüşçülərimizin heç də diqqətdən kənar
olmadığını, bəzi neqativ halları aydın və əsaslı surətdə göstərə
bilmisiniz. Yaxşı, bəs özünüzə qarşı özünüz tərəfdən niyə belə
diqqətsizlik var?
- Ədəbiyyat həm də təbliği sevir. Əgər təbliğ olunmursa, yazılan
əsərlər də öz yerini, oxucusunu tapmır. Təbliğ üçün də həm vaxt
lazımdır, həm də vəsait. Bilirəm, siz bu "And" romanını nəzərdə
tutursunuz. Mən demirəm ki, bu əsər şedevrdir. Lakin bu mənim
zəhmətimdir. İnanın ki, bu əsər haqda deyirlər: "Yaxşıdır, ancaq
oxumağa vaxtımız yoxdur". Gülürəm. "Ay adam, oxumadığın əsərə necə
"yaxşıdır" deyirsən?"
Sərxoş kosmanavt
- Romanda maraqlı bir yer var. Seymur Sovet İttifaqı
Qəhrəmanı olan bir kosmanavtla Xarkova gedir. Səfər boyu onu
müşahidə edir. Orada gənc avtomobilçilərin yarışı olmalı idi. Və
Kosmanavtın hərəkətləri az qala tədbiri pozur.
- Elədir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Yuri Vasiliyeviç
Malışovdur həmin kosmanavt. Tədbirdən öncə Malışov həddən artıq
içki içdiyindən özünü idarə edə bilmir, dili söz tutmurdu, ayaq
üstə zorla dayanırdı. Gənc aviamodelçilərin yarışını isə o açmalı
olduğundan, hamı şokda idi, nə edəcəklərini bilmirdilər. Yarışın
vaxtından təxminən yarım saat keçsə də Malışovu normal hala
gətirmək olmadı. Axırda məcbur qalıb, tədbiri Xarkov Şəhər Maarif
İdarəsinin müdiri açmalı oldu. Bir şeyi də qeyd edim ki, bu
faktdır, özü də tam həqiqətdir. Mən tədbirin iştirakçısı kimi də
çıxış etdim, amma xarkovlular daha çox öz həmyelilərini -
qəhrəmanın çıxışını gözləyirdi.
Adımı "qara siyahı"ya salırlar
Əvvəllər işləyirdim, imkanım pis deyildi. İndi isə bir ildən
artıqdır ki, təqaüd hesabına dolanıram. Təsəvvür edin, 160 manat
təqaüd. Bu pula vətənpərvərlik mövzusunda əsər yazıram. Onu da qeyd
edim ki, bu romanın 1-ci hissəsi hələ 2005-ci ildə vətənpərvərlik
mövzusunda yazılmış yaxşı əsər kimi "Qılınc və Qələm" Beynəlxalq
ədəbi mükafata layiq görülüb. Çap etdirirəm, lakin təbliğində
maneələrlə üzləşirəm. Bu, çox iyrənc hal kimi təsir eləyir mənə. 6
ildir Yazıçılar Birliyinə ərizə ilə müraciət eləyirəm ki, mənim
təqaüd məsələmə baxılsın, baxmırlar. Şikayət edəndə də pis oluram,
adımı "qara siyahı"ya salırlar. Bu da məni mənən sıxır. Siz də
deyirsiniz ki, niyə özümə qarşı diqqətsizəm. Axı o təqaüdü özüm
üçün yox, bu kitab üçün istəyirəm.
Hələ bu harasıdır, kitab çıxanda AYB-nin Sumqayıt şöbəsi İcra
Hakimiyyətinə müraciət etdi ki: "İcazə verin, bu kitabın təqdimatı
Tarix Muzeyində keçirilsin". Keçən ilin dekabrından bəri dəfələrlə
edilən müraciətlərə 2 gün bundan əvvəl belə bir rəsmi cavab gəldi:
"Təqdimatın Mərkəzi Kitabxanada keçirilməsinə etiraz etmirik".
Kitabda Heydər Əliyevin, İlham Əliyevin daxili və xarici siyasəti
də kifayət qədər işıqlandırılıb. Heydər Əliyevin Sumqayıt partiya
komitəsinin konfransında söylədiyi və mənim şəxsən dinlədiyim
nitqindən sitatlar da göstərilib. Bütün bunlara baxmayaraq, kitabın
təqdimatına yerli qurumlar tərəfindən belə biganəliklə
yanaşılır.
- AYB sizi qane edirmi? Bu qurumdan nə
gözləyirsiniz?
- Qətiyyən qane etmir. Bizim bəlamız ondadır ki, demokratiya
verilib, kim nə istəyir yazır. Kimin pulu var, qalaq-qalaq kitablar
çap etdirir. Əvvəllər kitab çapına senzura var idi. Baxırdılar,
yoxlayırdılar, haradasa oxucuların zövqünün korlanmasına imkan
vermirdilər.
- Axı, sizin də kitablarınız həmin o bədii şurasız,
senzurasız çap olunub. Sizin də yaradıcılığınız haqda bu sözü deyə
bilərlər.
- Desinlər. Mən söhbət eləməyə hazıram. Tənqidi normal
qarşılayıram. Ramiz Heydər mənim kitabımın birinə rəy yazmışdı.
Dedim, Ramiz müəllim, çox tərifləmisiniz, adi həvəskar şairəm də.
Yenə deyirəm, mən Səməd Vurğunu, Məmməd Arazı, Sabir Rüstəmxanlını,
digər qüdrətli qələm sahiblərini şair hesab edirəm.
- Gənclərdən kimi oxuyursunuz?
- İndiki gənclərdən az oxuyuram. Amma Ramiz Rövşəni, Nüsrət
Kəsəmənlini, Musa Yaqubu, Zəlimxan Yaqubu, Rüstəm Behrudini həmişə
mütaliə edirəm. Sumqayıt yazarlarından ən çox Zirəddin Qafarlının,
Sabir Sarvanın, İbrahim İlyaslının, Sabir Yusifoğlunun, Rafiq
Yusifoğlunun şeirlərini bəyənirəm.
Adi misal çəkim sizə. Bu yaxınlarda bir gənc yazarın kitabı
çıxıb, "Mən şeir yazmıram", - deyir. İstedadlı yazar dostumuz
Baloğlan Cəlilin də bir şeiri var, səhv eləmirəmsə "Mən şeir
yazmıram, şəkil çəkirəm" adlanır. Amma ağsaqqal şairimiz İltifat
Saleh hələ neçə illər öncə yazmışdı ki, mən şeir yazmıram,
dərdlərin şəklini çəkirəm. Cavanlar deyirsiniz ha, onların çoxu
ağsaqqallardan götürür. Ola bilsin güclü əsərlər var. Amma yenə
deyirəm, hər şey təbliğatdan asılıdır. Azərbaycanda təbliğat
sistemi çox zəifdir. Mən elə-belə demədim ki, imkanı olan yazdığını
təbliğ eləyir və o əsər zəif olsa belə təbliğlə şüura hopur.
- Sizinlə razılaşmıram. Axı, əsərin də özünün mahiyyəti,
mövzusu, yazılış tərzi yaxşı olmalıdır.
- Sözsüz ki, elədir. Mən o əsərlərdən bəhs edirəm ki, layiqli
əsərdir, amma oxucusunu tapa bilmir.