"Soraq" layihəsində
O, qadın şairlərimizin içərisində özünəməxsusluğu ilə
seçilir...
Sözün düzünü deyən, heç kəsdən çəkinməyən və xüsusi hörmət
sahibi olan Məlahət Yusifqızının sorağına düşdüm. Çoxdandır
görünmürdü. Onunla "Soraq" layihəsində söhbət edib, ədəbiyyatımızda
və ondan kənarda baş verənləri birlikdə müzakirə etmək istədim.
Xırdalan şəhərində kitabxana müdiri işlədiyini bilirdim, elə
"kitabların xanəsində" – onun iş yerində görüşüb söhbət etdik.
Şeirlərində olan narazılıq, giley üzündən də oxunurdu.
"Salam-kalam"dan sonra ovqatına uyğun sual verdim:
- Necədir gileyli olmaq? Yoxsa mənə elə gəlir ki,
gileylisən?!
Şeirlə cavab verdi:
- Yıxıldın,
özün qalxmalısan
qolundan tutanın yoxdursa.
Birləşmək yarımçıqların işidi.
Birlik yaranan deyil
bütöv təkləri yanaşı düzməklə.
Birliyə can atma, könül!
Yaradan bütöv yaratdı səni.
İnsan qarşı tərəfdə görmək istədiklərini görməyəndə və ya görmək
istəmədiyini görəndə giley önə gəlir. Gileylənmək enerji
boşaltmaqdan özgə bir nəsnə deyil. Gileylə kimi dəyişmək olar ki?!
İnsan gərək canındakı gərək olmayanı öz cəhdi ilə
uzaqlaşdırsın.
Zarafat başa düşməyən adam cinayətkardır
- Ətrafda sancmadığın adam azdır, heç kəs də incimir,
səbəbi?!
- Dostu sancıram, dost kimi sancıram, əgər sancmaqdırsa... Səhv
eləmirəmsə, K.Marks deyib: "Zarafat başa düşməyən adam
cinayətkardır". Şükürlər olsun ki, əhatəmdəkilərin, demək olar
hamısı kamil insanlardır və zarafatı başa düşürlər. Hərdən məni
tanımayanlarla anlaşılmazlıq olur, onlarla da nəinki zarafat etmək,
hətta ünsiyyət qurmaq belə mümkün olmur. Belələri də mindən bir
olur. Zarafat nədir ki?! Söz oyunudur. Zarafat etməyi xoşlayır və
qəbul edirəm. Çünki zarafatın da mayası sözə bağlıdır. Söz də ki,
canımız, qanımızdır:
Başa qan deyil, söz sızdı.
Söz anlamayan qansızdı.
Xəstəsən, demək, yalqızdı,
Qatarından dağıldı söz.
- Ədəbiyyatımızın başına dolananlar çoxdur, arı şanıya
gələn kimi, hamı yazır, nə xəbərdir?
- Qılıncı söz əvəz edəndə qələm, sözü qılınc əvəz edəndə qılınc
tutanların sayı çox olur. İşlək olmayan arını pətəkdə saxlamazlar.
Amma biz saxlayırıq. Təkcə ədəbiyyatda deyil, bütün sahələrdə
arıların rejimi olmalıdır. Təəssüf ki, o ilkinliyi əldən vermişik,
qayıtmağı da mümkünsüzdür! Arada "zaman, zaman" deyirik. Guya zaman
seçimi düzgün aparır. İndi zamanın özünə "təzyiq edənlər" var. Ən
güclü sənətkarı belə yayımlayıb diqqətə çatdırmasan, itib-batacaq.
Hər nəsnə üçün mühit olmalıdır, vəssalam! Bundan o tərəfi
yoxdur.
Təhsil alan qızların çoxunu...
- Ramiz Qusarçaylı ilə söhbət edərkən dedi ki, Bakıda
yazmağa başlayan qadınların əksəri duldur. Necə düşünürsən, dullar
ədəbiyyata gəlir?!
- Ədəbiyyata sənətlə gəlmək olur. Ramiz "rayonda da yazmağa
başlayan kişilərin əksəri duldur", - dedi. Görünür, rayonda da dul
qalan qadınlar dolanışıq üçün, bəlkə də, "sənət naminə" şəhərə
gəlir. Kişilər isə rayonda qalır. Ən düzünü Ramiz bilər. Mən bilən
isə odur ki, dulun sərbəstliyi özünə qayıtdığındandır. Qadınlara
ailəsində güclü təzyiq var. Biz belə ailələri qınayırıq, əslində,
mühit qınanılasıdır. Mühitdən təpki olmasa, hər kəs qızını da,
qadınını da istənilən sənətə yönəldər. Təkcə sənətdə deyil, peşə
yönümündə də belədir. Təhsil alan qızların çoxunu ailə qurduqdan
sonra işləməyə qoymurlar. Mühitdən təcrid olunan qadın sonradan
mühitə qayıdanda o mühitin "qanunlarını" bilmədiyindən səhvə yol
verir. Odur ki, hər kəs vaxtında ailə ilə paralel mühitin də
tərbiyəsini götürməlidir ki, ona yad cisim kimi atılmasın.
- Elə yazarlarımız da var ki, doğrudan da, qısırdır
sanki, ortaya əsər qoymur, amma göz önündədir, həm də
iddialı.
- İkisi də onda olsa, tarazlıq pozular. Sənəti olanın iddiası
olmur, iddiası olanın sənəti. Göz önündə olmaq isə xüsusi bir
istedaddır ki, onu Allah Şeytanın əli ilə ancaq aravurana, satqına
verir. Bir də var alicənab, səriştəli adamların seçib göz önünə
gətirdikləri. Bax, burada birbaşa Allahın istəyi və əli var.
Həqiqətə uyğunu da elə budur.
Evdəki xəyanətə layiq adam deyilmiş
- Bəzi qadın yazarlara üz tutub demisən ki, sizin
buralarda axtardıqlarınız evinizdə var. Bununla nə demək
istəyirdin?
- Axtardıqlarınızdan yaxşısı elə evinizdə var, - deyərəm yəqin.
Amma xatırlamıram. Olur da... Ola bilsin, evdəki xəyanətə layiq
adam deyilmiş. Bir də ki, kim layiq olduğuna çatır ki? Vallah,
xatırlasam, nəyi nəzərdə tutursunuz, ona uyğun cavab verərdim.
Bayaqdan fikirləşirəm, nəhayət, yadıma düşdü. Söhbət əsnasında
həmişə qadınlara deyirəm: "Əgər evinizdə qulluğunda durduğunuz,
ağrı-acılarına dözdüyünüzdə etibar yoxdursa, çöldəkində nə etibar
olacaq?!" Sözsüz ki, sədaqətlilər bura aid deyillər.
- Neçə ildir külüng çalıb, birçək ağardıbsan,
ədəbiyyatda öz yerini müəyyən edə bilmisənmi?!
- Sənətkarın sənətdəki yerini özü necə təyin edə bilər?! Hər
kəsin öz seçim prizması var. Məsələn, mən hansısa bir təşkilatın
sıralayıb, təqdim etdiyi siyahını istədiyim kimi yaddaş və zövqümə
uyğun sıralayacağam. Yenə də, məsələn, mən sıralayanda Sabiri
birinci yerdə görə bilərəm, bir başqası on birinci yerdə. Özümə
gələndə, heç kəsdən kəc münasibət, kəc yanaşma görməmişəm. Mənim
üçün vacib olan sənət adamlarının, sənət bilicilərinin fikridir.
Sənətə sənəti bilən qiymət verməlidir ki, dəqiq olsun. Ola bilər,
mövzu oxucunu tutar, amma o yazı sənət baxımından heç nə olar.
- Bəs olduğun yer özünə müəyyən etdiyin yerlə
birdirmi?
- Müəyyən etdiyim yer yoxdur, olduğum yer var. Olduğum yerə
münasibətim isə bəli və xeyrdir. Bir prizmadan bəli, birindən isə
yox. O qədər layiq olmayanlar var ki məndən öndə! Bu məni qəti
rahatsız etmir, çünki öz işimlə məşğulam. Bəziləri AYB-də iş, ev
kimi mükafat və təltiflərə sahibi olduğu halda, ucqarda - nə yaxşı,
Abşeronda belələri olmayıb - işi ilə məşğul olan Məlahət
Yusifqızının kölgəsindən qorxub, AYB rəhbərlərinə mənim adımdan
özünəlayiq uydurmalar çatdırıb. Nə yazıq ki, onlar da inanıb. Bu
bir! Bir də əgər biri gəlib, məndən öndə olduğunu gəvəzələyəndə,
ona yerini göstərirəm. Necə olub və hansı külək onu oraya atıb.
Çoxuna elə gəlir, nəyi hansı yolla qazandığını ancaq özü bilir.
Daha xəbəri olmur ki, ən az bilən elə özüdür.
Mühit aman versə...
-Tənqidimiz necədir? Özü nəfəs ala bilirmi, yoxsa elə
qüdrəti varmı ki, başqasının nəfəsini alsın?
- Sənətə və sənətkara düzgün yanaşma baxımından yazılan bütün
tənqidi yazılar rahat nəfəs alır və başqasının nəfəsini almaq
qüdrəti də var. Mühit aman versə, nə sənətimizə, nə də tənqidimizə
çatan olar.
- Şair olmaq asandır, müdir olmaq?
- Şair olmaq. Biri var, çoxluqla iş görəsən, biri var
əvəzolunmaz, ulu və müqəddəs yaddaşla. Allah heç kəsi yaddaşsız
eləməsin!
- Ərin sənin şeirlərini sevir, yoxsa bişirdiyin
yeməkləri?
- Qızlar böyüyəndən yeməkləri qızlar bişirir. Ailə quranadək
şeirlərimi sevdiyini deyərdi, indi bilmirəm. Evə gedəndə özündən
soruşaram…
- Ədəbiyyatımızın durumu səni qane edirmi?
- Çap və təbliğatı baxımından yox.
Nə qədər xoşbəxt olsan belə...
- Hansı arzuların gerçəkləşmədi?
- Ürəyimdən daş asılıb,
Ürəyim daşdan asılı.
Ümidlər küncə qısılıb,
Arzular daşa basılır.
Fərd kimi arzularım sadə arzulardı, o qədər də davamlı deyil.
Amma bir millətin adına, arzusuna gələndə arzularım böyük və
davamlıdır. Millət və dövlətimin xırdaca ağrı-acısı, heysiyyatına
toxunan xırdaca bir nəsnə məni sarsıdır, layiq olmadıqlarını
yaşayanda üzülürəm. Bütünlükdə həyatımı, nəbzimi millət və
dövlətimə kökləmişəm. Allah bizi millət və dövlətsiz eləməsin!
Toplum rahat nəfəs alanda fərdlərin xırda-para çatışmazlığı gözə
görünmür, əriyib yox olur. Amma ümumi bəlaların içərisində nə qədər
xoşbəxt olsan belə, yenə də təhlükə başının üstündə olacaq.
- Niyə yazarlarımızın bəziləri özlərini səhnə adamları,
şou adamları kimi aparır?
- Bilirsən, Faiq, mühit tələb və məcbur edir ki, yazar özünü
şoulaşdırsın. Kimin ki möhkəm iradəsi, göz-könül toxluğu və gündəmə
çıxarmağa güclü sənəti var, onun şouya ehtiyacı yoxdur. Bununla
belə, təbliğat yüksək səviyyədə təşkil olunmalıdır ki, şouya
ehtiyac olmasın. Maddi ehtiyac rəngarəngliyi olan yerdə isə bu
mümkünsüzdür. Evdən çıxan hər kişi boş cibinin hayına qalırsa,
sənət onun nəyinə lazımdır, sənətkar nəyinə lazımdır?! Adicə
televiziyada işləyən bir həmkarımı tədbirə çağıranda, mənə: - Biz
ancaq "xalq" şair və yazıçılarını çəkirik. Bizə icazə vermirlər
başqasını çəkməyə, - dedi. Dedim, ay qardaş, sənin özünü tədbirə
çağırıram, çəkilişə yox! Sonra müşahidə etdim və gördüklərimi
gördüm. Bir dəfə də rəhmətlik Narınc Xatun ağlaya-ağlaya mənə dedi
ki, televiziyadan filankəs mənə deyir, sənətinə baxma, çəkilişə
gözəl qadınları gətir. Bu vəziyyətlə biz hara gedirik, qızım?!
Aydın olmadısa, söhbəti xeyli uzada bilərəm, məncə, yetər.