"Milis hekayələri"
layihəsində
Dostum Tofiq Mamedovla həmişəki kimi dənizkənarı
bulvarda görüşdük. Bakı bulvarı bizim uşaqlığımızın, arzularımızın
görüş yeridir. Məktəb illərindən bu yana, hava yaxşı olanda, Bakı
küləyi günəşin nəvazişi ilə əvəz olunanda, burda görüşməyi,
dərdləşməyi sevirik.
Əvvəllər, "Şeytan çarxı" adlanan karuselin yaxınlığında "Lalə"
çayxanası vardı; Tofiq Moskvadan məzuniyyətə gəldiyi günlərdə
gəzib-dolaşmaqdan yorulanda oranı seçirdik. İndi həmin çayxana
yoxdur, bizim cavanlığımız kimi yalnız xatirələrdə qalıb. Biz də
görüş yerini dəyişmişik, "Hökumət evi" ilə üzbəüz, dənizin
sahilində yerləşən yeni çayxananı seçmişik. Bu dəfə də
söhbətləşə-söhbətləşə bura gəldik, mürəbbəli bir çay sifariş
verdik.
Sözümüz orijinal, hətta deyərdim ki, ekzotik bir mövzudan
düşmüşdü. Söhbəti bu dəfə, doğrudur, təsadüfən, amma yenə mən
başladım. Qarşıdan gələn keçəl, orta yaşlı, divanə baxışlı kişini
manyaka oxşatdım. Dostum da etiraz etdi ki, manyakı bu cür asan,
ilk baxışdan tanımaq olsaydı nə vardı, dünyada bir manyak qalmazdı.
Hamısını yaxalayıb türməyə, ya da psixi dispanserə göndərərdilər,
camaatın da canı qurtarardı. Bu keçəl kişi öz yerində, amma onun
arxasınca gələn qara kostyumlu, qırmızı qalstuklu, ağsaçlı kişi var
ha, professora oxşayır, onun özü də manyak ola bilər...
Çayxanada yerimizi rahatlayırıq, çay gözləyirik. Mən də gözləmə
mövqeyindəyəm, söhbətimizin qırılmasına imkan vermirəm:
- Deməli, deyirsən ki, xarici görünüşünə görə, adi gözlə
manyakı normal insandan, hətta professordan ayırmaq mümkün
deyil?
- Əlbəttə, mümkün deyil. Mən Moskva milisində təzə işləyirdim,
Ximkidə sahə müvəkkili idim, keçən əsrin (işə bax ha, qocalıb
gedirik!) 80-ci illəri idi, Moskva Dövlət Universitetinin ağsaçlı,
60 yaşlı bir professorunu həbs etmişdilər. Parkda, bulvarda günün
günorta çağı gənc qızlara hücüm edir, vizual seksual hərəkətlərə
(bizim praktikada belə deyilir) cəhd edirdi...
Heyrətimin dərəcəsinə uyğun, uzun bir fit çalıram.
Dostuma, deyəsən ləzzət edir, praktikadan nəzəriyyəyə
keçir:
- Tanınmış hüquqşünas, rostovlu müstəntiq Amurxan Yandıyev də
(90-nın əvvəllərində "məşhur" manyak Çikatilonun işini aparıb və
bununla da şöhrət qazanıb) yazır ki, manyakları xarici
görünüşlərinə görə tanımaq, praktiki olaraq mümkün deyil. Onlar
cinayətləri, bir qayda olaraq, tam anlaqlı vəziyyətdə törədirlər və
başqalarından heç nə ilə fərqlənmirlər. Çox alicənab, ziyalı
görkəmlilərin də arasından manyak çıxa bilər, gözündən dəlilik
yağan divanələrin də. Onların, sadəcə, davranışı diqqəti dərhal
cəlb edir: manyak daim yan-yörəsinə baxır, ətrafını nəzarətdə
saxlamağa çalışır. Qeyd edim ki, manyakın psixologiyasını
A.Yandıyev qədər öyrənən, bilən ikinci adam tapmaq çətindər, o,
yalnız hüquqşünas deyil, həm də psixoloqdur. O, "məşhur" manyak
Vladimr Muxanikinin (iki ayda 8 adam öldürüb) dediklərinə əsasən
müəyyənləşdirib ki, "normal kişi heç vaxt gecələr boş-boşuna
parkda, tikinti yerlərində, qadın gözəllik salonlarının və ya qadın
hamamının yanında veyllənmir". Muxanikin fikrincə, intuisiyanın
köməyi ilə manyakı gözlərindən tanımaq olar. Amma bu manyakın
fikridir, necə deyərlər, oğru oğrunu, doğru doğrunu uzaqdan
tanıyır. Müstəntiqin fikirləri isə daha maraqlıdır: manyaklar
"əməliyyat"a çıxanda heç vaxt adi günlərdə geyindikləri paltarı
geyinmirlər. Qurbanını təqib prosesində manyakın gözləri, qulaqları
ilə yanaşı bütün hissiyatı da yardımçı olur. Yaxalanma təhlükəsi
olan kimi manyak hadisə yerindən dərhal uzaqlaşır. Bu təhlükəni isə
o, intuitiv olaraq dərhal hiss edir. Amma o, bir müddətdən sonra
təkrarən hadisə yerinə qayıdacaq, mütləq qayıdacaq. Unutmaq olmaz
ki, manyaklar öz qurbanlarını təqib edərkən yalnız onların
arxasınca getmirlər, qorxutmamaq üçün qabağa da düşə bilərlər.
Bu adamlar qurbanları tərəfindən qəfildən yaxalananda dilləri
topuq vurur, qoxur və divara dirənən dovşan kimi təhlükəli olurlar.
Manyaklar əsasən qorxaq adamlardır, onların qəddarlığı da
qorxaqlığın nəticəsidir. Bu səbəbdən də davranışı ilə manyakı
xatırladanlarla ünsiyyətə girmək məsləhət görülmür. Bəzən onlar
aylarla qurbanın izinə düşdükləri üçün çox aqressiv və yorğun olur.
Ona görə də beyinləri tormozlanır. Bu halda filosofluq edib onlara
həyat, insan ömrünün dəyəri kimi mətləblərdən danışmağın özü bir
absurddur. Manyakı heç bir söz dayandıra və niyyətindən daşındıra
bilməz. Əksinə, bu halda manyak öz əcaib hərəkətləri ilə qurbanının
diqqətini yayındıra və qəfil həmlə ilə ona xəsarət yetirə bilər.
Odur ki, ən doğru yol birinin manyak olduğundan şübhələnən kimi
adamların çox olduğu yerə getməkdir. Milis də məsləhət görür ki,
qarşındakının manyak olduğundan şübhələnən kimi hadisə yerindən
uzaqlaşmaq, dərhal qaçmıq lazımdır. Qışqırıq, müqavimət kimi əlavə
vasitələr də manyakı qorxutmağa kifayət edə bilər. Yandıyev deyir
ki, manyaklar heç də savadsız olmur, onlar çoxlu kitab oxuyur,
filmə baxır, mətbuatla mütəmadi tanış olurlar. Amma onların oxuyub
öyrəndikləri, bildikləri bir qayda olaraq, naqis əməllərini inkişaf
etdirmək məqsədi güdür: qurbanı ələ keçirməyin yolları, qurbana
əzab verməyin variantları, milisdən yayınmanın yolları, istintaqı
çaşdırmağın yolları və s. Son illərin manyaklarında bir xeyli
"irəliləyiş", hətta "inkişaf" var. Texnikanın nailiyyətlərindən
istifadə edib, qətlləri "ən müasir üsülla" həyata keçirirlər.
- Mən o gün mətbuatda bu mövzuda maraqlı bir şey oxudum.
Britaniyalı mütəxəssislər hesab edirlər ki, doğrudur, manyaklar bir
çox hallarda intellektual cəhətdən inkişaf etmiş, savadlı olurlar,
amma bunlar bir qayda kimi, uşaqlıqda müəyyən təzyiqlərə və
təhqirlərə, zorakılığa məruz qalmış insanlardır.
Mən "yanan ocağ"ın üstünə "yağ tökmək" istəyirəm,
deyəsən alınır, dostum artıq hazırdır...
- Tamamilə razıyam. Məsələn götürək, "məhşur" Çikotilonu. Onun
tərcümeyi-halı, sözün əsil mənasında, tragikomediyadır. Xaricdə
ziyalı insan, gözəl ailə başçısı, daxildə isə dünyanı lərzəyə
salan, dəhşətli bir qatil...
Bu zaman bizə çay gətirirlər. Çayçı oğlan məcməyini stolun
üstünə qoyur, səliqə ilə hərəmizə bir məxməri çay süzür. Dostum
stolun üstünə qoyduğu qutudan bir siqaret çıxarıb yandırır, acı
tustünü ləzzətlə ciyərinə çəkir. Mənim intizarla gözlədiyimi görüb
həvəslə davam edir:
- Andrey Romanoviç Çikatilo 1936-cı ildə Ukraynanın ucqar
vilayətinin bir kəndində anadan olub. Onun ailəsinin məlumatına
görə, yağışlı, soyuq havada doğulan Andreydə anadangəlmə
hidrosefaliya əlamətləri olub. 12 yaşına qədər gecələr sidik
saxlaya bilməməkdən əziyyət çəkirmiş, ona görə də anası həmişə onu
döyürmüş.
1943-cü ilə onun bacısı anadan olub. Amma bu qız Andreyin doğma
bacısı deyildi. Onun atası müharibənin əvvəlindən cəbhədə idi,
kəndləri isə almanlar tərəfindən işğal olunmuşdu. Andrey öz
anasının alman əsgərləri tərəfindən mütəmadi olaraq zorlandığının
şahidi olmuşdu və şübhəsiz ki, yeni doğulan bacısı da hansısa
əsgərin belindən gəlmişdi. Belə güman edilir ki, anasının vaxtaşırı
alman əsgərləri tərəfindən zorlanması balaca Andreyin psixikasının
korlanmasına və onda insanlara qarşı kin-küdurət yaranmasına səbəb
olmuşdu.
1954-cü ildə Andrey orta məktəbi bitirib, hüquq fakültəsinə
qəbul olunmağa çalışır, amma müsabiqəni (sovet dövründə bu sahədə
müsabiqə həmişə böyük olub) keçə bilmir. O, hesab edirdi ki, atası
alman əsirliyində olduğuna və xalq düşməni hesab edildiyinə görə,
onu instituta götürmürlər. 1957-1960-cı illərdə orduda xidmət edir,
hərbi xidmətini Berlində çəkir. Sonralar Andrey etiraf edirmiş ki,
orduda daim alçalmalara, seksual zorakılığa məruz qalırmış.
Hərbi xidmətdən sonra A.Çikatilo Rostov yaxınlığında olan
Rodionovo rayonuna köçüb. Orada telefon stansiyasında mühəndis
işləməyə başlayıb. 1962-ci ildə Çikatilonun bacısı onu öz rəfiqəsi
ilə tanış edib və onlar evləniblər. 1965-ci ildə qızı Lyudmila,
1969-cu ildə oğlu Yuri anadan olub. 1965-ci ildə Çikatilo rayon
bədən tərbiyəsi və idman üzrə komitəsinin sədri seçilib. 1970-ci
ildə o, marksizm-leninizm kursu üzrə Pedaqoji İnstitutun qiyabi
şöbəsini bitirib, internatların birində rus dili və ədəbiyyat
müəllimi işləməyə başlayıb. Yeri gəlmişkən, 90-cı illərdə mən
Moskvada işləyəndə Yuri artıq iş adamı idi və "məşhur" Çikatilonun
oğlu olması haqqında fəxrlə yerli və xarici qəzetlərə müsahibələr
verirdi. Amma ot kökü üstündə bitər deyərlər, sonradan Yuri də
zorlanma üstündə həbs edildi.
A.Çikatilo ilk qurbanı olan 9 yaşlı qızı 22 dekabr 1978-ci ildə
zorlayaraq öldürüb. Sonra o, qorxaraq 3 il qətl törətməyib. Nəhayət
1981-ci ildə ikinci qurbanının 17 yaşlı Larisa Tkaçenkonu zorlamağa
çalışıb, alınmayanda isə onu öldürüb. Hadisədən dərhal sonra
Çikatilo tutulub və qəribə bir təsadüf nəticəsində, qan qrupu
öldürülmüş qızın dırnaqları altından götürülmüş (qız müqavimət
göstərib) qanın qrupu ilə uyğun gəlmədiyindən (görünür, analizdə
səhv olub) sərbəst buraxılıb. Bundan sonra onda bir arxayınçılıq
yaranıb və sözün əsl mənasında, serial qatilə çevrilib. Belə ki,
1982-ci ilə Çikatilo 9-16 yaşlarında yeddi uşağı qətlə yetirib.
Ümumiyyətlə, A.Çikatilo 1978-ci ildən 1990-cı ilədək 53 sübut
edilmiş qətl törədib: 21 oğlan, 14 qız uşağı və 17 qadın.
Cinayətkarın özünün etirafına görə isə o, 56 qətl törədib. Onun "iş
metodu" belə olub: müxtəlif şəhər və qəsəbələrdə vağzallarda yetim
uşaqlara, düşkün qadınlara yaxınlaşır, onlara ev, çörək təklif
edirdi. Sonra yaxınlıqdakı meşəyə, ya parka (yerini və şəraitini
əvvəlcədən müəyyənləşdirirdi) aparır və öz murdar əməlini həyata
keçirirdi.
O dövrdə ələkeçməz sayılan Çikatilo "İblis", "Vəhşi heyvan",
"Rostov qarıneşəni", "Vətəndaş X" və s. ləqəblər qazanmışdı.
Bir-birinin ardınca törədilən amansız qətllər hətta ən təcrübəli
milis işçilərini də dəhşətə gətirirdi. Ölənlərin üzərində dəhşətli
sadizm əlamətləri var idi: doğranmış, deşilmiş, hər cür
eybəcərləşdirilmiş meyitlər, meyitlərin müxtəlif orqanlarının
kəsilməsi... Deyilənə görə, cinsi zəifliyi olan qatil meyitlərin
cinsi orqanlarını kəsib yeyirdi. Milisin ağlına da gəlmirdi ki, bu
qətlləri filologiya fakultəsini bitirmiş, mühazirələr oxuyan
müəllim Andrey Çikatilo törədə bilər...
1990-cı il noyabrında uzun illərin axtarışından sonra Andrey
Çikatilonu tutdular. Növbəti "əməliyyat"dan sonra meşədən çıxan
qatilin palçığa bulaşmış plaşı milisdə şübhə oyatmışdı. Bu dəfə
"qan qrupu" kömək etmədi. Onun işini tanınmış müstəntiq Amurxan
Yandıyev aparırdı və manyakın bütün cinayətləri ifşa olundu. Xüsusi
vurğulamaq lazımdır ki, Çikatilonun cinayətləri tam anlaqlı
vəziyyətdə törətməsi də istintaq dövründə sübut olundu. Bu dövrdə
Çikatilonun "şöhrət"i bütün dünyaya yayılmışdı, o, bütün zamanların
və bütün insanların ən "məşhur" manyak-qatillərindən biri hesab
olunurdu. 1995-ci ildə onun haqqında hətta Hollivudda "Vətəndaş X"
adlı bədii film çəkilmişdi. Manyakın adi insanlardan fərqini bilmək
üçün Çikatilonun beynini öyrənmək istəyən xarici ölkələr o zaman
buna görə Sovet hökumətinə böyük məbləğdə pullar təklif
edirdilər.
Həbsdə saxlanıldığı müddətdə bağışlanması üçün dəfələrlə ölkə
rəhbərliyinə müraciət ünvanlayan A.Çikatilonun bütün xahişləri rədd
edildi. Nəhayət dəhşətli cinayətləri ilə tarixə düşən bu manyak 14
fevral 1994-cü ildə Rusiyanın Novoçerkassk türməsində
güllələndi.
***
Dostumun xasiyyətinə bələdəm, bilirəm ki, danışmağa başlayanda
dayanmır. Mən də dayanmağa imkan vermirəm, deyirəm çox uzağa
getdik, bəlkə zaman və məkanca bizə daha yaxın bir hadisə
danışasan. Dostum məmuniyyətlə razılaşır, çayın birini də sifariş
edirik…
- Tamamilə razıyam. Məsələn götürək, bakılı manyakı, "məşhur"
Benyaminovu. Onun da tərcümeyi-halı, sözün əsil mənasında,
tragikomediyadır. Zahirdə tərbiyəli oğlan, əlaçı tələbə, daxildə
isə şəhəri lərzəyə salan dəhşətli bir manyak...
Dostumun sözünü kəsirəm, təəccübümü
gizlətmirəm:
- Bakıda seksual manyak?! Deyəsən, 25-30 il bundan əvvəl mən də
bu barədə eşitmişəm, onda orta məktəbdə oxuyurdum…
- Roman Beniaminov 1955-ci ildə Bakı şəhərində ziyalı ailəsində
anadan olub, indiki Nizami rayonunda, Neftçilər metrosunun
yaxınlığında yaşayıb. Orta məktəbi yaxşı və əla qiymətlərlə
bitirib, 70-ci illərin ən prestijli ali məktəblərindən birinə -
AZİ-yə (indiki Neft Akademiyası) girib. İnstitutda da yaxşı oxuyub,
amma adamayovuşmaz olub, tay-tuşları ilə futbol oynamayıb,
çayxanada oturmayıb, qızlarla maraqlanmayıb. Hələ məktəbdə oxuduğu
dövrdə kitab oxumağı, özünə qapılmağı, tək-tənha fırlanmağı sevib.
Atası mühəndis, anası tibb bacısı olub, səhər işə gedib axşam
gəliblər, tək övladlarının şəxsi həyatına müdaxilə etməyiblər.
Romanın yaxşı oxuması, müəllimlərin ondan şikayətçi olmaması
valideyinlərini qane edib. Çox güman ki, məktəbli dövründə, faktiki
olaraq, öz öhdəsinə buraxılan, dərsdən sonra evdə və həyətdə tək
olan arıq, çəlimsiz oğlan cinsi zorakılığa məruz qalıb. Bu məsələ
istintaq prosesində təsdiq olunmasa da, Romanın cinsi zorakılığa
meyilli olmasının əsas səbəblərindən biri kimi istisna da
olunmamalıdır.
Deməli, 70-ci illərin ortalarında Bakı şəhərinin hüquq-mühafizə
orqanlarını naməlum manyak-pedofilin ağlasığmaz cinayətləri ayağa
qaldırmışdı. Hər ay ən azı bir-iki dəfə 8-12 yaşlı qızların
zorlanması halları baş verirdi və uşaqların valideyinləri milisə
şikayət edirdi. Maraqlıdır ki, zərəçəkmişlərin hamısı
qeyri-müsəlmanlar idilər, pedofil sanki qurbanlarını seçirdi,
müsəlmanlardan yan keçirdi. Zərərçəkmişlərin sözünə görə, manyak
20-22 yaşlarında arıq, qarayanız, qarasaçlı bir gənc idi, əynində
qara şalvar, boz gödəkçə olurdu. Bu əlamətlər isə əməliyyat-axtarış
işlərinə heç nə vermirdi, Bakı şəhərində gənclərin 50 faizi
qarayanız və qara saçlı idi və bir o qədəri də qara şalvar və boz
gödəkçə geyinirdi.
Roman Beniaminov sonralar istintaqa da etiraf etdiyi kimi,
qisasdan qorxurdu, odur ki, qurbanlarını bir qayda olaraq, rus və
erməni millətindən olan qızların içindən seçirdi. Adətən dərsdən
tez çıxır, o vaxtlar təzə açılmış "Neftçilər", "Avrora" (indiki
Qara Qarayev) metro stansiyalarının ətrafındakı məktəblərə göz
gəzdirir, əlinə bir şey keçməyəndə, avtobusla Əhmədliyə kimi
gedirdi. Dərsdən çıxan qızları məktəbin həyətində qaralayır,
onların arxasınca düşürdü. Əsasən sarışın qız uşaqlarını təqib
edirdi, onların əlində mənzil açarlarının olub-olmamasına xüsusi
diqqət yetirirdi. Bu uşaqlar, adətən ata-anası işdə olduğundan,
qapını özləri açır, mənzilə daxil olurlar. Onları mənzilə kimi
izləyən Roman də bu zaman içəri soxulurdu. Məqamında içəri keçə
bilməsə, tələsmirdi, qapının üstündə yazılan familiyanı oxuyur (o
dövrdə mənzil yiyəsinin familiyası və adı qapının üstündə
yazılırdı) və qapını döyüb ev yiyəsini soruşurdu. (Məsələn,
"Vlasovlar burda olurmu? Mən sizin qonşuyam" və s.) Familiyasını
eşidən uşaq da qapını açır və manyakın qurbanı olurdu.
Roman səliqə ilə qapını bağlayır, sonra qurbanının üstünə
şığıyırdı. Qız 12-13 yaşlı olanda, müqavimət göstərəndə və ya
qışqıranda isə cibindən yaşıl dəstəli bıçaq çıxarır və qurbanının
boğazına dirəyirdi. Beş-on dəqiqəyə seksual zorakılığını həyata
keçirib (alınsa təbii, alınmasa qeyri-təbii yolla), tez aradan
çıxırdı. Vaxt itirmirdi, qurbanlarına xəsarət yetirmirdi və evdən
heç vaxt heç nə götürmürdü. Odur ki, onu cinayət başında yaxalamaq
da mümkün olmurdu. Valideyinlər də bu səbəblərdən, bəzən
övladlarına inanmır, bəzən də şikayət etməkdən çəkinirdilər. Adi
bir faktı qeyd edim ki, istintaqın rəsmi məlumatına görə,
Beniaminov 10-dan çox seksual zorakılıq törətmişdi, amma milisə
ancaq 5-6 adam şikayət etmişdi.
Beləliklə, Roman Beniaminov bir il müddətində Bakının
hüquq-mühafizə orqanlarını həyəcan içində saxladı (o zaman belə
məsələlər ictimailəşdirilmirdi, ancaq cinayət işi açılandan sonra
məlumat verilirdi) və məsuliyyətdən yayınmağı bacardı. Amma
günlərin bir günü, həmkarı Çikatilo kimi, o da tamamilə təsadüfən
ələ keçdi. Bakının Şaumyan (indiki Xətai) rayonunun milis
əməkdaşları (o zaman indiki Nizami rayonu da bu rayonun tərkibində
idi) əməliyyat tapşırığından qayıdan zaman Əhmədli qəsəbəsi
ərazisində qara şalvarlı, boz kurtkalı, qarayanız bir gəncin indiki
Qara Qarayev prospektini keçdiyini görürlər. Bu zaman
əməliyyatçılardan biri zarafatla deyir bəlkə budur, yaman oxşayır.
Maşını işıqforda saxlayıb qarayanız gənci çağırırlar, sənədlərinə
baxmaq istəyirlər. O, yaxınlaşıb özünü təqdim etsəydi, təbii ki,
çıxıb gedəcəkdilər. Amma həmin gənc "qarğa məndə qoz var" gedişi
edir, ayaqlarına güc verir. Əməliyyatçıların ikisi maşında qalır,
ikisi düşüb qaçanı təqib edir. O, daha da qorxur və cibindən
çıxardığı naməlum əşyanı kolluğa atır. Onu təqib edən
əməliyyatçılardan biri naməlum əşyanı götürür, bunun yaşıl dəstəli
bıçaq olduğunu görür, məsələni başa düşür, həmkarına köməyə
yüyürür. Amma ona elə bir kömək də lazım deyildi, artıq arıq gənci
yaxalamış və qollarını qandallamışdı…
Dostum burda dayanır, sönmüş siqaretini yandırır. Mən
səbirsizlik edirəm, "axırı nə oldu" deyirəm.
- Axırı nə olacaq, istintaq Roman Beniamiovun cinayət əməllərini
sübüt etdi, məhkəmə o vaxtkı Cinayət Məcəlləsinə uyğun olaraq, ona
ölüm hökmü verdi. Beniaminovların Moskvada nüfuzlu qohumları vardı,
çox çalışdılar, amma ölüm hökmünü ləğv etdirə bilmədilər.
Benyaminov həmkarı Çikatilo kimi, layiqli cəzasını aldı.