"Milis hekayələri"
silsiləsindən
Tofiq Mamedovla görüşlərimizin birində ölüm cəzasından
danışırdıq və söhbətimiz istər-istəməz elektrik stulunun üstünə
gəldi. Əvvəlcədən qeyd edim ki, hər ikimiz ölüm cəsazının qəti
əleyhinəyik və ölkəmizdə ölüm hökmünün ləğvini ikiəlli
dəstəkləyirik.
Hesab edirik ki, mərhum Turqut Ozalın dediyi kimi, Allahın
verdiyi həyatı Allahdan başqa kimsə ala bilməz. Dostum deyir, hətta
bəzi demokratik ölkələrdə bu qeyri-humanist cəza bu gün də icra
edilir. Afrika ölkələri bir qırağa, Amerika, Çin, Yaponiya kimi
böyük dövlətlərdə ölüm cəsası hələ də qalmaqdadır.
- Ölüm cəzası müxtəlif ölkələrdə yəqin ki, müxtəlif formalarda
icra edilir?
Mən bu sualı qəsdən verirəm. Və tezliklə əmin oluram ki, səhv
etməmişəm - dostum bu sahədə əməlli-başlı canlı
ensiklopediyadır.
- Şərqdə - İran, Pakistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı kimi
müsəlman ölkələrində ölüm cəzası, bir qayda olaraq, dar ağacından
asma yolu ilə icra edilir. Bəzi yerlərdə daş-qalaq etmə kimi
qeyri-insani cəza növü indi də qalmaqdadır. Yaponiyada da ölüm
cəzasının dar ağacından asma və güllələnmə formalarından istifadə
edilir. Yeri gəlmişkən, keçmiş SSRİ-də də güllələnmə formasından
istifadə edilirdi. Çində bu gün də bu formadan istifadə edilir.
Təsdiq edilməmiş məlumata görə, bu ölkədə həm də damara inyeksiya
yeritməklə cəzanı icra edirlər. Amma Çin hökuməti bu tipli
məlumatları tam məxfi saxladığından, dəqiq nə isə demək çətindir.
Amerikada isə hər ştatın öz qanunvericiliyi var və bu
qanunvericiliyə uyğun olaraq, ölüm cəzası müxtəlif formalarda icra
edilir. Əsasən üç formadan - elektrik stulu, qaz kamerası və damara
inyeksiya yeritmədən istifadə edilir.
- Elektrik stulu daha məşhurdur?!
- Bəli. 1888-ci ildə Amerikada icad edilən bu cəza növü bir il
sonra "ən insani və yüngül" edam üsulu hesab edilərək ABŞ-ın
qanunvericiliyinə daxil edilib və 1890-сı ildə ilk dəfə olaraq
Obern həbsxanasında tətbiq olunub. Məşhur "Edama dəvət" adlı
sənədli filmdə bu dəhşətli cəza üsulunun icrası bütün tükürpədici
detalları ilə, dəqiqliklə təsvir olunur: "Məhkumun qışqırmasının
qarşısını almaq üçün onun ağzına plastr yapışdırılır, elektrik
zərbindən məhkumun gözlərinin partlayıb çıxmaması məqsədilə onun
gözləri sarğıyla bağlanır, çırpınmasın deyə ayaqları və başı xüsusi
qayışla stula bərkidilir, gizgahları elektrodlarla sıxılır...
İcraçı son işi görür, elektrik açarını (düyməsini) işə salır. Güclü
gərginlikli elektrik cərəyanının "ildırım" zərbindən (hardasa 1500
volt) məhkumun bədəni bir neçə saniyə içərisində möhkəm titrəyir,
ağzını qapadan plastrın altından qanlı köpük axır... Ölümün baş
verib-verməməsini yəqin etmək üçün həkim yaxınlaşıb onun nəbzini
yoxlayır və edamın davam etdirilməsinin lazım gəldiyini bildirir.
İcraçı yenidən elektrik açarına əl atır..."
Təəssüf ki, ABŞ əhalisinin ümumi narazılığına və etirazına
baxmayaraq, edam cəzasının bu qeyri-insani üsulunun tətbiqi
yarandığı vaxtdan bu günədək hələ də qalır. Belə ki, hazırda ABŞ-ın
13 ştatının qanunvericiliyində edam cəzasının bu üsulu
saxlanılmaqdadır. Baxmayaraq ki, hətta ən yüksək gərginlikli
elektrik cərəyanı belə insanının işgəncəsiz və əzabsız ölümü ilə
nəticələnmir. Bəzən məhkumun beyinini tamamilə iflic etmək və
ürəyini dayandırmaqdan ötrü yüksək gərginlikli elektrik cərəyanının
insan orqanizminə buraxılmasını bir neçə dəfə təkrarlamaq lazım
gəlir. Bu, nadir hadisə deyil və elektrik stulu ilə edam
praktikasında dəfələrlə rast gəlinmiş və hətta filmlərdə
göstərilmişdir. Yeri gəlmişkən, bu filmlərin tez-tez göstərilməsi
insanlarda psixoloji gərginliklə bərabər, bir cinayət həvəsi da
yaradır. Bəzi insanlar (təbii ki, psixoloji problemləri olanlar) bu
cür filmlərə baxdıqdan sonra cinayət törətməyə meyilli olurlar.
Yaxşı yadımdadır, mən Moskva vilayətində, Ramensk şəhərində bölmə
rəisi işləyəndə belə bir dəhşətli hadisə baş vermişdi...
Aha... Dostum deyəsən ensiklopedik məlumatlardan daha maraqlı,
canlı bir şey danışmaq niyyətindədir. Mən kresloda yerimi
rahatlayıram, o isə adəti üzrə bir siqaret yandırır. İnanın ki, onu
heç kofe də maraqlandırmır...
- 90-nın axırları, səhv etmirəmsə, 1997-ci il idi. (Dostum
1999-cu ildə təqaüdə çıxıb və Bakıya qayıdıb - Q.A.) Qarlar
əriyirdi, üzü yaza doğru gedirdi. Amma yaz bizə, yəni Ramensk
milisinə yaxşı heç nə vəd etmirdi. Aprel ayından başlayaraq şəhərdə
və ətraf qəsəbələrdə kişilər itkin düşməyə başladı. May ayının
axırlarında onların sayı dördə çatdı. Qəribə idi, orta yaşlı,
ağıllı-başlı insanlar evlərindən çıxır və bir daha geri
qayıtmırdılar. Ramensk milisinin inzibati ərazisi çox böyük idi,
şəhərlə birlikdə ondan çox qəsəbəni əhatə edirdi. Milis
gücləndirilmiş rejimdə işləyirdi, amma ipin ucu ələ keçmirdi ki,
keçmirdi. İtkin düşənlər müxtəlif adamlar idi. Biri tələbə, o biri
fəhlə, üçüncüsü Ramenskə məzuniyyətə, anasını görməyə gəlmiş bir
nəfər, dördüncüsü isə ezamiyyətə gəlmiş geoloq idi. Yeri gəlmişkən,
ipin ucu da bu axırıncının vasitəsilə tapıldı. Doğrudur, geoloqlar
həmişə axtarır, amma bu dəfə onun özünü axtarıb tapdılar.
Deməli, Romenskin yaxınlığında Bronitsı adlı yarımstansiya
yerləşir. Şəhərlərarası qatarlar adətən burda saxlamır, yalnız
elektrik qatarları dayanır. Moskvadan qatarla hardasa iki saatlıq
yoldur, maşınla saat yarıma getmək olur. Burda bir-iki kiçik zavod,
bir də böyük geokimyəvi ekspedisiya fəaliyyət göstərir. Qəsəbədə
2-3 min əhali yaşayır və dediyim müəssisələrdə işləyir. Ramensk
Milis İdarəsinin bölmələrindən biri də bu qəsəbədə yerləşir. Qəsəbə
tamamilə meşənin içərisindədir. Yaz-yay buralar elə gözəl olur ki,
gəl görəsən. Payızını, qışını isə görməyəsən. Payızda palçıqdan,
qışda qardan keçmək olmur... Bu qəsəbənin kənarında, zavodlardan
birinin yaxınlığındakı meşədən naməlum kişi meyiti tapılır. Deməli,
kimsə onun üstünə maşın təkərləri atmış və od vurub yandırmışdı.
Meyitə gecədən od vurulduğundan və səhərə kimi yandığından tamam
kömürləşmişdi. Odur ki, axtarış heç nə vermədi. Amma bir gün keçdi,
iki gün keçdi, bir həftə keçdi, nə yaxın qəsəbələrdən, nə də
Ramenskdən kiminsə itkin düşməsi haqqında məlumat gəlmədi. Deməli,
gəlmələrin içərisində axtarmaq lazım idi. Çox axtardıq və həmin
geoloqun üzərində dayandıq. Boy-buxunu da uyğun gəlirdi, DNT
analizləri də bunu göstərirdi.
Bu geoloq mənim həmyerlim idi, Dağıstandan ezamiyyətə gəlmişdi.
Yuxarıda dediyim kimi, Bronitsıda böyük geokimyəvi ekspedisiya
fəaliyyət göstərirdi. Rusiyanın bütün əyalətlərindən bura spektral
analiz olunmaq üçün nümunələr göndərilirdi. Mənim dağıstanlı
həmyerlim də bura analizlərin taleyi ilə maraqlanmağa, cavabını
almağa gəlmişdi. Qəribə də olsa, işini başa vurmuş, hətta ezamiyyət
kağızına möhür də vurdurmuşdu. Çantasını yığışdırıb yataqxanadan
çıxmışdı, amma nəinki evinə gedə, heç qəsəbəni tərk edə bilməmişdi.
Qətlin motivləri də qətiyyən aydın deyildi. Maqomedovun üstündə
qiymətli bir şeyi də olmamışdı, ezamiyyət pullarını da burda
xərcləmiş, cibində yalnız bileti qalmışdı. Doğrudur, deyilənə görə
sol əlinin adsız barmağında nazik nişan üzüyü vardı, onu da qatil
yəqin ki, izi itirmək üçün çıxarmışdı.
Bronitsı kiçik qəsəbə idi, demək olar ki, hamı bir-birini
tanıyırdı. Odur ki, qara bığlı, gülər üzlü dağıstanlının izinə
düşmək elə də çətin olmadı. Maqomedovu üzdən tanıyan bir nəfər onun
axırıncı dəfə dəmir yolunun yaxınlığında əlində çanta ağ rəngli
"06"-ya mindiyini gördüyünü xatırladı. Maşının üstündə "taksi"
nişanı da varmış. Bu, çox qiymətli informasiya idi. Moskvadan
Romenskə hər saatdan bir elektrik qatarı çıxdığından və taksilər
çox baha apardığından, mərkəzdən hər deyəndə taksi gəlmirdi.
Deməli, ilk növbədə yerli taksilərin içərisində axtarmaq lazım idi.
Ağ rəngli "06"-lar geniş yayılsa da, əməliyyat-axtarış işləri öz
nəticəsini verdi. Onlarla "şübhəli"ni yoxladıqdan sonra Pozyabin
familiyalı bir nəfərin üzərində dayandıq. O, Bronitsı yaxınlığında
yerləşən Malinovka qəsəbəsinin sakini idi, elə burda da mantyor
işləyirdi. Ağ rəngli "2106"-sı vardı, işdən sonra, şənbə-bazarda
taksi kimi istifadə edirdi. Doğrudur, iş yerindən ona müsbət
xarakteristika verilmişdi, amma ilkin istintaqda özünü çox şübhəli
aparırdı, yerli-yersiz həyəcanlanır, özündən çıxırdı. Odur ki,
dərhal onun evinə və həyətinə baxış keçirildi və qəsəbənin
kənarında yerləşən şəxsi qarajından qəribə bir cihaz aşkar edildi.
Pozyabin həvəskar olduğunu, boş vaxtlarında qarajda elektrik
cihazları yığdığını desə də, mütəxəssis dəvət edildi və aşkar
olunan cihazın əsil elektrik stulu olduğu müəyyən edildi.
Deməli, Pozyabin yuxarıda dediyimiz filmlərə baxmış və öz
qarajında elektrik stulunun maketini hazırlamışdı. Yaxınlıqdan
keçən yüksək gərginlikli xətdən qarajına bir qol da ayırmışdı.
Maketi isə ilk növbədə sınaqdan çıxarmaq lazım idi. Bizim mantyor
çox düşünməyib və bir neçə il əvvəl elektrik qatarında təsadüfən
tapdığı, hər ehtimala qarşı heç yerə təhvil vermədən özündə
saxladığı milis vəsiqəsindən istifadə etməyi qərara alıb. Birinci
dəfə Ramenskdə taksiyə əyləşən tələbəyə (Ramenskdə universitet
fəaliyyət göstərir) "qırmızı vəsiqə" təqdim edib və sənədlərinə
baxmaq istədiyini bildirib. Tələbə heç bir şeydən şübhələnmədən
tələbə biletini və pasportunu təqdim edib. Pozyabin isə sənədlərdən
razı qalmadığını, tələbənin hazırda axtarışda olan bir nəfərə çox
oxşadığını və onda şübhə oyatdığını, buna görə də milis şöbəsinə
getməli olduqlarını bildirib. Tələbənin razılaşmaqdan başqa çarəsi
qalmayıb. Yolda Pozyabin tələbəni bir də yoxlamaq qərarına gəlib və
ondan şöbənin "yalan dedektoru"ndan keçməsini tələb edib. Hər şeyin
qanun daxilində olduğunu güman edən tələbə etiraz etməyib. Pozyabin
şöbənin "yalan dedektoru"nun qəsəbənin kənarında, qarajlar
kooperativində quraşdırıldığını deyib və tələbəni öz qarajına
gətirib. Burda yuxarıda deyildiyi qaydada, "Edama dəvət"də olduğu
kimi, tələbə elektrik stuluna oturdulub. Əsil elektrik stulundan
fərqli olaraq, Pozyabinin maketində elektrik cərəyanı zəif olduğuna
görə (hardasa 500 volt), cərəyanının buraxılmasını üç dəfə
təkrarlamaq lazım gəlib.
Tələbənin meyitini Pozyabin yaxınlıqdakı meşədə basdırıb. Sonra
içib küçədə yıxılan cavan fəhlə, daha sonra Uraldan anasını görməyə
gəlmiş və Pozyabinlə yeyib-içmiş orta yaşlı kişiyə növbə çatıb.
Doğrudur, bunlara "milis vəsiqəsi" göstərmək lazım gəlməyib,
Pozyabin onları içirib qarajına gətirib və "vaxt maşını" adı ilə
elektrik stuluna əyləşdirib. Dördüncü isə mənim yerlim Maqomedov
idi. O, elektrik qatarına gecikdiyindən taksiyə minmiş, Moskvaya
getmək istədiyini bildiribmiş. Pozyabin əvvəl dinməyib,
Malinovkanın yaxınlığından keçəndə isə tələbəyə gəldiyi nömrəni
dağıstanlıya da gəlib. Təbii ki, Maqomedov öz etirazını bildirib,
amma milisə müqavimət göstərəcəyi halda şöbədə gecələmək
perspektivi onu yola gətirib. Pozyabin öz növbəsində bu perspektivi
ona əməlli-başlı izah edib. Dağıstanlı "yalan dedektoru"na oturmağa
da etiraz edib. Amma KPZ-yə düşmək təhlükəsi yenə onun müqavimətini
qırıb.
Bu dəfə Pozyabin müəyyən əziyyət çəkməli olub. Hadisə cümə günü
baş verdiyindən və may ayında havalar yaxşı keçdiyindən, ətraf
meşələr istirahətə gələnlərlə dolu idi. Bəzən səhərə kimi
getmirdilər, yeyib içirdilər. Meşədə, yolun kənarında qəbir qazmaq,
meyiti basdırmaq təhlükəli idi. Meşənin içərilərinə isə maşın
getmirdi. Odur ki Pozyabin qarajdan 2-3 köhnə təkər götürüb, izi
itirmək üçün meyiti Malinovkadan aralı, Bronitsı yaxınlığında
meşədə yandırmışdı...