Yuxarı

Bəhlulzadə bu xanıma görə ailə qurmamışdı...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il ilk qadın rəssamımız, professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın, qrafika ustası, milli qadın obrazının kamil yaradıcısı, Dövlət Mükafatı laureatı, xalq rəssamı Maral Rəhmanzadənin 105 illik yubileyidir. Maral xanım yaxından tanımaqdan böyük şərəf və məmnuniyyət duyduğum görkəmli mədəniyyət xadimi, məşhur sənətkar idi. O, böyük rəssam olmaqla yanaşı, gözəl şəxsiyyət, maraqlı müsahib kimi də özünə qarşı həmişə rəğbət doğururdu.

Maral Rəhmanzadə zəngin və mənalı olduğu qədər də keşməkeşlərlə, çətinliklərlə, ağrılarla dolu bir həyat yolu keçib. Amma bu yolda daim onu irəli aparan mübarizlik əzmi, mərdliyi, mətanəti və yenilməz qüruru olub. Onun xarakter cizgilərini bütövləşdirən bu keyfiyyətlər həyatına dərindən təsir göstərib.

Maral xanımın həyat hekayəsini ilk dəfə dinləyəndə çox təsirlənmişdim. Bir qadın düşünün - böyük istedada malik, həmişə insanların diqqət mərkəzində olan gözəl bir qadın... Gəncliyində də çox gözəl bir qız olan Maral xanım 1941-45-ci illər müharibəsinin başlanmasından bir qədər öncə ona aşiq olan gənclərdən biri ilə evlənir; amma bu xoşbəxtliyin ömrü çox qısa olur. Toylarından bir həftə sonra Maral Rəhmanzadənin həyat yoldaşını müharibəyə aparırlar. Əri müharibəyə gedir və dönmür. Maral xanım onu gözləməyə qərar verir, bir daha evlənməyi belə fikrindən keçirmir. Sevgilisinin geri dönəcəyinə ümidini üzmür, öz tənhalığına alışır və bu tənhalığı çəkdiyi əsərlərlə bölüşür, acılarını, həsrətini sənətində yaşadır. Onun bir çox əsərlərində bu yaşantıları, ağır kədərin və ümidin paradoksal əlaqəsini bütün dərinliyinə qədər hiss etmək olur. Bu əsərlər Maral xanımın nakam taleyinin doğurduğu mübhəm hissləri, duyğuları yaşadır. Və gənc qadının sonsuz ümidi, inamı gerçək olur. Həyat yoldaşı cəbhədən qayıdır. Amma sonra başqa bir səbəbdən ayrılırlar və Maral xanım ömrünün sonunadək evlənmir.

Maral Rəhmanzadənin şəxsi taleyi haqqında düşünəndə qeyri-ixtiyari onunla bağlı eşitdiyim təsirli bir hadisəni xatırlayıram. Ailə qurmadan öncə, Moskvada birgə rəssamlıq təhsili aldığı Səttar Bəhlulzadə Maral xanımı sevirmiş. Lakin sevdiyi gözəl qızın könlünü başqa birinə verdiyini, ailə qurmağa hazırlaşdığını öyrəndiyi üçün qəlbini ona aça bilmir. Tələbəlik illərində də, sonralar da bu iki böyük rəssam dost olur, amma Maral xanımın onu yalnız həmkarı, dostu kimi sevdiyini anlayan Səttar Bəhlulzadə sevgisini ömrünün sonunadək gizlədir və heç vaxt evlənmir. Bunu yalnız bəzi yazılarında əks etdirir...

Maral Rəhmanzadə xoşbəxt bir ailədə dünyaya göz açmışdı. Allah ona gözəllik, böyük istedad, şan-şöhrət versə də, bütün həyatı təlatümlər içində keçmişdi; lakin yaşadığı kədərli taleyə, çətin günlərə baxmayaraq, o, böyük ilklərə, miqyaslı işlərə imza ataraq, yaradıcılıq yolunda uğurla, inamla addımlamışdı. Yüzlərlə qız üçün gözəl örnək olmuş, yeni bir cığır, yol açmışdı.

Maral Rəhmanzadə 1916-cı ildə Mərdəkanda zərgər ailəsində dünyaya gəlmişdi. Düzəltdiyi bəzək əşyaları ilə Bakıda böyük şöhrət qazanmış zərgər olan atası Yusif Rəhmanzadənin təkrarsız, zərif əl işlərini görən, bəzən naxışlar çəkməkdə ona kömək edən Maral xanım, uşaqlıq illərindən rəssamlığa beləcə mehr salmış, bu sənəti sevmişdi.

Sonralar “rənglər dünyasının ilahəsi” adlandırılacaq bu istedadlı qız 1922-ci ildə Bakıdakı Hüseyn Cavid adına 8 saylı qız məktəbində təhsilə başlamışdı. Hələ məktəbli ikən “Ana dili” kitabındakı xalq nağıllarına və “Aran köçü” hekayəsinə ilk şəkillərini çəkmişdi. Həmin şəkillərin, eləcə də çəkdiyi çeşidli zərgərlik naxışlarının ötəri bir həvəs olmadığını ilk anlayan, onu böyük gələcəyə aparan bu istedadı ilk hiss edən isə atası olmuşdu.

1928-ci ildə 8 Mart – Beynəlxalq Qadınlar bayramına həsr edilmiş məktəb yığıncağında öz rəfiqələri ilə birgə çadrasını atması onun həyatında böyük dəyişikliklərə səbəb olmuşdu. Maral xanım təhsilli qadınlarımız cərgəsində ön sıralarda yer almış, azad Azərbaycan qadını kimi qadının cəmiyyətdəki rolunu öz həyat və yaradıcılıq yolu ilə təsdiqləmişdi.

Rəssamlığa olan böyük sevgisi onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna gətirib çıxartmışdı. 1930–1933-cü illərdə bu təhsil ocağında oxuyan gənc rəssam qız burada təhsilini bitirdikdən sonra professional rəssamlığın sirlərinə daha dərindən yiyələnmək üçün Moskvaya yola düşmüşdü. 1934–1940-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda oxuyan Maral Rəhmanzadə 1939-1940-cı illərdə burada Nikolay Radlov və Mixail Radionovun rəhbərliyi ilə illüstrasiyadan, İqor Qrabarın və Konstantin İstominin rəhbərliyi ilə rəngkarlıqdan, Dmitri Moorun rəhbərliyi ilə plakatdan dərs alıb. 1940-cı ildə Moskvada təhsilini başa vuran rəssam burada o dövrün nüfuzlu “Xudojestvennaya literatura” nəşriyyatında işə başlasa da, 1941-ci ildə atasının “xalq düşməni” elan edilməsi və 6 ay sonra həbsxanada vəfatı hadisəsindən xəbər tutanda həyat yolunu dəyişməli olur...

1941-ci ildə Bakıya qayıdan gənc rəssamın Maral Rəhmanzadə imzası ilə tanınması da elə həmin vaxtdan başlayır.

O, 1946-cı ildən çeşidli sənət istiqamətli, müxtəlif janrlı rəssamlıq sərgilərinin iştirakçısına çevrilir. Rəssamın yaradıcılğının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsiləsindən olan “Azərbaycan qadını keçmişdə və indi”, “Qadınlar müharibə illərində” və başqa əsərlərində qoçaq, ağıllı, gözəl, mərd Azərbaycan qadınlarının həyatı, məişəti, qəhrəmanlığı öz əksini tapıb. Azərbaycan qadınları onun əsərlərində çinar qamətli, məğrur, azad, əzəmətli qadınlar kimi təsvir olunub. Təsadüfi deyil ki, onun bu rəsmləri dövrün məşhur “Azərbaycan qadını” jurnalında müntəzəm olaraq dərc edilirdi.

Həmin illərdə rəssamın yaradıclıq ulduzu daha gur parlasa da, şəxsi həyatı böyük ağrıların içindən keçməkdə idi. Bu ağrılar öncə onun doğulub boya-başa çatdığı ailə ilə bağlıydı. Maral xanım vəfatı xəbərini eşitdiyi gündən bəri yoxluğunu qəbul etmədiyi atası haqqında düçüncələrini belə dilə gətirirdi: “Deyirlər qız övladları anaya daha bağlı olur. Amma yox, mən atamı çox sevirdim. İndi də siması gözlərimin önündədir. Baxmayaraq ki, repressiyanın qurbanı olub, aradan 60 ildən artıq vaxt keçib, hərdən mənə elə gəlir ki, lap yanındayam”.

Atasının repressiya qurbanı olması, yenicə evləndiyi həyat yoldaşının bir həftə sonra müharibəyə aparılması və geri dönməməsi, bütün bu ağrılar, dözülməz çətinliklər qarşısında Maral xanım əzəməti, iradəsi, gücü ilə ayaqda duraraq, bir-birindən dəyərli sənət əsərləri yaradırdı. Sənətkarlıq əzmi, yaşayıb-yaratmaq eşqi, mübarizliyi ilə yüzlərlə Azərbaycan qadınına örnək olur, öz yaradıcılığında da Azərbaycan qadınının mükəmməl portretini yaradırdı.

Çağdaşları hələ 24 yaşında ikən onu “dahi” adlandırırdı. Öz intellekti, istedadı, kübarlığı ilə hamını heyran qoyan Maral Rəhmanzadə əsərləri ilə isbat etmişdi ki, fırçanı əlinə təsadüfən götürməyib. Çünki Maral Rəhmanzadə Bəhruz Kəngərli, Əzim Əzimzadə kimi köklü - köməcli sənət şəcərəsindən idi. Böyük sənətkarımız haqqında böyük gerçəkləri danışan, onu həyat həqiqətini bütün çalarları ilə canlandıran isə rəssamın ömür dəftəri sayılan, bir-birindən rəngarəng, dərin məzmunlu əsərləridir.

Maral Rəhmanzadə sənəti çoxşaxəli, çoxcəhətli bir yaradıcılıq kimi diqqəti çəkir. O, rəssamlıq sənətinin demək olar ki, mümkün olan bütün qollarında, önəmli sahələrində ölməz əsərlər yaradıb. Böyük rəssamın Vətən qarşısında xidmətləri, Azərbaycan incəsənətini, mədəniyyətini zənginləşdirən sənətkarlıq nailiyyətləri dövlət səviyyəsində də layiqli qiymətini alıb. Maral Rəhmanzadə 1964-cü ildə “Xalq rəssamı” adına layiq görülüb. Milli təsviri sənətin inkişafındakı böyük nailiyyətlərinə görə “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenləri, həmçinin bir sıra medallarla, eləcə də milli müstəqillik illərində, 1996-cı ildə Prezident Fərmanı ilə müstəqil respublikamızın ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib, Prezidentin fərdi təqaüdçüsü olub.

Maral xanım uca sənəti, ləyaqətli şəxsiyyəti ilə böyük bir xalq sevgisi qazanmışdı. Çox yaxşı xatırlayıram, 16 mart 2008-ci ildə, Novruz bayramı ərəfəsində Maral Rəhmanzadənin vəfatı xəbərini eşidəndə hamımız çox dərindən üzülmüşdük. Bir çox mətbuat orqanı dərc etdikləri nekroloqlarda, rəssam haqqında məqalələrdə xalqımızın dərin kədərini ifadə etmişdi.

Böyük rəssamımız doğulub böyüdüyü Mərdəkanda torpağa tapşırıldı. Azərbaycan böyük bir rəssamını, möhtəşəm ziyalını, kübar bir qadını, əzəmətli şəxsiyyəti itirmişdi. Təbii ki, bu itki bütün mədəniyyətimiz üçün böyük itki idi. Çünki Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidməti olan sənətkarlarımızdan olmuşdu. O, təsviri sənətimizin zəngin ənənələrini davam etdirərək yetmiş ildən artıq bir dövr ərzində səmərəli fəaliyyət göstərmiş, mənaca dolğun, təbii və yaddaqalan lövhələr yaratmışdı. Azərbaycan rəssamlıq sənətinə layiqli töhfələr verən mahir fırça ustasının müxtəlif mövzularda əsərləri mədəniyyətimizin tarixinə boyakarlığın qiymətli örnəkləri kimi daxil olmuşdur.

Bəli, Maral xanım Azərbaycanı böyük bir sevgiylə sevən, əsərlərində onun hər qarışını – bölgəsini, kəndini, kiçik bir guşəsini belə sonsuz məhəbbətlə tərənnüm edən möhtəşəm sənətkar idi. O, tez-tez bölgələrdə yaradıcılıq ezamiyyətlərində olurdu. Biz Azərbaycanın müxtəlif bölgələrinə gedəndə Maral Rəhmanzadənin o yerlərə səfərləri ilə bağlı xoş xatirələri eşidirik. Rəssamın vətənimizin ayrı-ayrı guşələrinin, o cümlədən, Naxçıvan, Lənkəran, Şamaxı və Qubanın qədim tarixi abidələrini, əsrarəngiz təbiət mənzərələrini əks etdirən milli koloritli əsərləri qrafik elementlərin lakonikliyi və güclü səmimiyyəti ilə seçilir. Onun “Xınalıq”, “Xınalıqda toy mərasimi”, “Dağların başında”, “Dağ kəndi Xınalıq. Atlılar”, “Xonça aparırlar” adlı rəsmləri bu gün də izləyicilərin böyük maraqla seyr edib, zövq aldığı əsərlərdəndir.

Maral Rəhmanzadənin neçə-neçə nəsillərin incəsənət zövqünü formalaşdıran qiymətli əsərləri bu gün də öz çağdaşlığını və güncəlliyini qoruyub saxlayır. Onun yaradıcılığında əmək və məişət mövzuları özəlliklə üstünlük təşkil edir. Azərbaycan kəndinin real həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin də aparıcı mövzusudur. 1965–1975-ci illərdə çəkdiyi “Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim”, “Azərbaycan” və b. əsərləri sözün əsil mənasında böyük sənət əsərləridir. Azərbaycan qadınına xas olan ülvi bir gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan dili ilə parlaq ifadəsi Maral xanımın yaradıcılığında başlıca xüsusiyyətlərdən biri kimi diqqət mərkəzində dayanır. Çünki o özü də məhz belə bir Azərbaycan qadını kimi simvol olmuşdu.

Maral Rəhmanzadə bir çox ölkələrə yaradıcılıq səyahətləri etmişdi. Sənətkar dünyagörüşünü daha da zənginləşdirən bu səfərlər onun yaradıcılığında silinməz izlər qoyur, yeni-yeni əsərlərinin ərsəyə gəlməsinə ilham verirdi. O, səfərdə olduğu ölkələrin həyatından silsilə qravüralar yaratmışdı ki, 1959–1960-cı illərdə çəkdiyi “Çexoslovakiyada” silsiləsi bunun bariz örnəyidir.

Maral xanımın kitab qrafikası sahəsində də geniş və böyük fəaliyyəti hər zaman minnətdarlıqla yad edilir. O, bir çox əsərlərə gözəl illüstrasiyalar çəkmişdir. Klassiklərimizdən Nizami Gəncəvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi çoxsaylı illüstrasiyalar oxucuya həmin əsərlərin məzmun və qayəsinin obrazlı çatdırılmasında önəmli vasitə olub. M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.S.Puşkinin “Yevgeni Onegin” və M.Y.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaları da bu janrın qiymətli örnəklərindəndir. Eləcə də, 1945-ci ildə tərtibat verdiyi Şah İsmayıl Xətainin “Dəhnamə” kitabındakı illüstrativ materiallar Maral Rəhmanzadənin həm rəssamlıq, həm də ədəbiyyat tarixindəki çox böyük və nadir xidmətlərindəndir. Böyük dramaturq Cəfər Cabbarlının yaradıcılığını ifadə edən “Qız qalası”, “Gülzar” rəsmləri də rəssamın ədəbiyyata böyük sevgi və diqqətinin göstəricisidir. Heyran xanımın lirik qəzəllərinə, Azərbaycan nağıllarına çəkdiyi illüstrasiyalar isə möhtəşəm sənətkarlıq nümunələri olmaqla yanaşı, Azərbaycan mədəniyyət tarixini özündə əks etdirən ən gözəl əsərlər kimi diqqətəlayiqdir. Maral xanımın bu illüstrasiyaları ilə dəyərini daha da artıran həmin kitablar şəxsi kitabxanamda qiymətli əsərlər kimi önəmli yer tutur. Bu kitablar geniş oxucu kütləsi tərəfindən bu gün də böyük maraqla qarşılanır.

Rəssamın sərgiləri ölkəmizin müxtəlif şəhərlərində təşkil edilərək sənətsevərləri Maral Rəhmanzadə sənətinin işığına toplayıb. Maral xanım Azərbaycanın hüdudlarından kənarda da böyük rəğbətlə qarşılanan rəssamlardan biridir. Onun əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində nümayiş etdirilib. Görkəmli Azərbaycan rəssamının Rusiyada, Şri-Lankada, Kubada, İranda keçirilən fərdi sərgiləri Azərbaycan mədəniyyətini dünya ictimaiyyətinə yüksək səviyyədə təqdim edib. Maral xanımın əsərləri bu gün də Rusiyada (Moskvadaki məşhur Trediakovski qalereyasında), Amerika Birləşmiş Ştatlarında, İngiltərədə bir sıra şəxsi kolleksiyalarda saxlanılır. Ölkəmizdə isə Maral xanımın əsərləri Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm qalereyası və digər muzeylərdə sərgilənir. Gənc nəslin bu müzeylərə baş çəkərək Maral xanımın möhtəşəm yaradıcılığı ilə daha yaxından tanış olması vacibdir. Çünki bu yaradıcılıq bütövlükdə milli-mənəvi dəyərlərimizin təbliğinə yönəlib.

Bu qədər böyük bir sənət yolu keçən, qiymətli yaradıcılıq irsi qoyub gedən Maral Rəhmanzadə sadəcə rəssam kimi deyil, şərəfli bir ziyalı, ləyaqətli qadın kimi kübarlığı, biliyi, davranışı, mədəniyyəti ilə möhtəşəm bir Azərbaycan qadını obrazı idi. Onu yaxından tanımaqdan, söhbət etməkdən çox böyük məmnuniyyət duyardım. Həmin söhbətlər Maral xanımın işıqlı xatirəsi kimi mənə çox əzizdir. Azərbaycan tarixində, Azərbaycan mədəniyyətində belə bir qadının olması ilə qürur duyuram. Çünki Maral Rəhmanzadə öz həyat yolu ilə minlərlə Azərbaycan qızına yol açmış örnək sənətkarımız, böyük bir şəxsiyyətdir.

Nur içində yatın, Maral xanım! Sizi heç bir zaman unutmayacağıq. Bugünkü və gələcək nəsillər hər zaman sizinlə qürur duyacaq, sizi şükranlıqla, sevgi, məhəbbətlə yad edəcəklər.

Ruhunuz şad olsun!

Tarix
2021.12.26 / 19:25
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla