Bu dəfə "Cəbhə xətti"mizdə:
"Cəhbə xətti" layihəsinin budəfəki qonaqları Milli
Qəhrəman Allahverdi Bağırovun qardaşı, Azərbaycan SSR Ali Sovetinin
XI çağırış deputatı Eldar Bağırovun ailəsidir.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda böyük işlər
görmüş Eldar Bağırovun bacısı və həyat yoldaşı onunla bağlı
xatirələrini Axar.az-la bölüşüb. Söhbət əsnasında onlar Eldar
Bağırovun qətlindən tutmuş Allahverdi Bağırovun qəhrəmanlıq yoluna
qədər bir çox mövzulardan danışdılar.
Bacısı Almaz xanım söhbətə gileylə
başladı:
"24 ildir ki, biz ölmüşük, mən qaralardan çıxmıram. Gəlib
qapımızı açan yoxdur. Eldar təkcə deputat deyildi, həm də bu
millətin qəhrəman oğlu idi. Sizə və Axar.az saytının rəhbərliyinə
təşəkkür edirəm ki, belə bir dəyərli mövzu ilə bağlı bu qapıya
gəlmisiniz".
Almaz xanım dərin bir köks ötürüb qardaşları haqda
danışmağa başladı:
"Eldar 1953-cü il dekabrın 20-də anadan olub. Ailənin 9-cu uşağı
idi. Allahverdi isə 1946-cı il aprel ayının 22-də doğulub. Atamızın
vüqarı, anamızın sevinci, hamımızın and yeri idi onlar. Allahverdi
BDU-ya sənəd verdi, hüquqşünas olmaq istəyirdi. Bir dəfə qəbul da
olmuşdu. Onlar əvvəldən əyilməz uşaq idilər. İstər futbol
komandasında, istər şəhərdə. Atamız bizi çox məğrur böyütmüşdü.
Eldar da elə atam kimi yiyəsizə yiyə duran idi. Eldar hər zaman
sözün deyən ağsaqqal kimi idi, ona görə də döyüşlər başlayanda onun
bir çağırışına hamı yığışdı. İlk dəfə Ağdamdan Bəxtiyarla Əli şəhid
olandan sonra Eldar camaatdan pul yığdı. Onların ailələrinə
köməklik elədilər. Sonra başladılar gecələr postlara çıxmağa. Onun
səsinə səs verən dəstələr yarandı. Bütün Azərbaycandan yığışdılar
çağırışına. Artıq ciddi müharibə başladı. Hücumlar artdı".
Babam bunu deyib, özü də rəhmətə gedib
"Bizim ailəmiz o vaxt – 1918-ci ildə Qubadlı rayonunda
erməni-müsəlman davasından sonra köçüb gəlib Ağdama. Atamın dayısı
atamızı və bacılarını götürüb Ağdamın Şelli kəndinə gətirib.
Uşaqları qoyub qayıdıb Qubadlıya. Orda atamızın anası Zeynəb nənə
şəhid olub, babamız da ağır yaralı olduğu halda dayımın gəlib
çatmağına sevinib ki, nə yaxşı gəldin, nigaran idim ki, meyitin ələ
keçəcək. Bunu deyib özü də rəhmətə gedib. Bibilərim 13-14 yaşında
imiş. Dayım xurcunun bir gözünə atamızı, o biri gözünə Sayalı
bibimi qoyub aparırmış, o biri bibilərim də atın yanı ilə
gedirmişlər. Həmişə erməni-müsəlman davası bizim evimizdə belə
xatırlanır. Atamızın yadına düşəndə ağlayardı. Sonradan haradasa
1958-ci ildə Qubadlıya gedib ata evlərini soraqlayanda həmin yerin
univermaq olduğunu görüblər..."
Bu sənədləri Ayaz Mütəllimova təqdim elədi
və...
"1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyalarından biri
idi. Onda Eldar da gəlmişdi. Haqverdi adlı sürücüsü var idi. Zəng
elədi ki, Haqverdiyə deyim, maşını qoysun həyətdə. Özü başqa
maşınla gəlsin. O maşınla gəlməsin. Məni güdürlər. Özümüzkülər onu
güdürdü. O vaxt Ayaz Mütəllimov demişdi ki, yetim oğlansan, get
otur yerində. Siyasət sənlik deyil. Bu da 7 erməni sovet sədrindən
imzalı sənəd almışdı. O sənəddə deyilirdi ki, biz Azərbaycan
dövlətini istəyirik. Həm də onlar o kəndlərdən çıxırdılar. Həm
yazmışdılar, həm də boyun almışdılar ki, bunun üstü açılsa,
ermənilər nəslimizi kəsəcəklər. Bu sənədləri yazılı, möhürlü Ayaz
Mütəllimova təqdim elədi, axşam sessiyadan çıxanda Eldarı vurdular.
Gəlib bura, bacısı gil evdə olmayıblar. Qayıdanda vurulmuşdu.
Sürücüsü yanında olub. Gah dedilər ki, maşında adam olub. Maşında
da silah götürmək üçün əlini atıb qabaq dolabı açıb. Həmin yer qan
idi". Amma mən bilən, onun silahı yox idi. Sonra dedilər ki,
maşının içində əlbəyaxa olublar. Dizi dəymişdi. Bir də alnı
əzilmişdi. Eldar vurulanda bacım gilə gəldik. Dedim, yaralıdır,
daha niyə oturmuşuq? Gedək xəstəxananın qabağına. Heç kimə
baxmadım, evdən qaçdım. Çıxdım gəldim yolda Allahverdi məni tutdu.
Dedi, getmə. Çığırdım. Ağzımı tutdu. Məni evə göndərdi ki, mən
gətirəcəm onu".
"Qarakənd" olayından əvvəl İsmət Qayıbov dedi
ki...
"20 noyabrda Qarakənd faciəsindən – vertolyot vurulmamışdan
əvvəl biz bacılarımla getdik İsmət Qayıbovla görüşməyə. Çünki
parlamentdə İsmət Qayıbov qardaşımın ölümü ilə bağlı demişdi ki,
nəsil davasıdır. Biz də dedik ki, niyə elə demisiniz? Axı bu nəsil
davası deyildi. Dedi, araşdıracağıq. Elə bizim yanımızdan keçib
getdilər vertolyota. Həmin gün də vertolyot vuruldu. Ondan sonra
başlandı ordu təşkil olunmağa. Ondan əvvəl də yığılmışdı, əslində.
Şirin Mirzəyev, Eldar özü çoxlu cəbhəçi uşaq yığmışdılar.
Ümumiyyətlə, Qarabağda döyüşənlərin 90 faizi cəbhəçi idi. Eldarı,
döyüşü, vətəni sevən igidlər Bakıdan, rayonlardan gəlmişdi".
Qətldə sürücünün də əli var
"Düşünürük ki, bu qətldə sürücünün də əli var idi. İzi azdırmaq
üçün onun yumşaq ətinə güllə dəymişdi. Güllə dəyirdi başından
dəyərdi, yuxarıdan dəyərdi... Sürücü ssenari danışdı o vaxt. "Biz
gələndə maşının qabağını kəsdilər, dayandırdılar, onda atdılar", –
dedi. Amma maşının özündə güllə izi yox idi. O işi dərin təhqiqat
da aparmadan bağladılar.
Bacımın oğlu polis idi. Yolda bunları görüb, maşını saxlatdırib
ki, dayanın, məni də götürün. Sürücü götürməyib. Bir az aralanandan
sonra güllə səsi gəlib. Sürücü də evə sürməyib, maşını qaçırdıb.
Onda da tıxac-filan yox idi, neçə saatdan sonra çatdırmışdı
xəstəxanaya. Yəni çatdırmaq istəməmişdi. Həmin sürücü bu yaxınlarda
avtoqəzaya düşüb öldü".
Onu həmin sənədə görə vurdular
"Onun ölümünü məncə, Ayaz Mütəllibov sifariş vermişdi. Bu, elə
xırda məsələ deyildi. Sənəd də üstündə itdi. Tapılmadı. Allahverdi
axtardı, İsgəndər axtardı, tapılmadı. O, çox vacib sənəd idi.
Ermənilərin yeddi kəndinin sovet sədrlərinin yazdığı o sözlər idi.
Həmin sənəd də itdi. O, sənədi hökumətə təqdim edib deməli idi ki,
bunları qoruyaq".
Heydər Əliyev kömək etmişdi
"Eldar öz pulu ilə o vaxt Naxçıvandan biri 100 minə avtomat,
pulemyot alıb gətirmişdi. Heydər Əliyevin əliylə keçirmişdilər
silahları. Heydər Əliyev o vaxt çox kömək etdi bu məsələlərdə.
Sonralar həmin avtomatların birini 26 mindən aldılar".
Həyat yoldaşı Solmaz xanım Eldar Bağırovun cəbhədə
yatdığını deyir:
"1981-ci ildə məktəbi bitirəndən sonra Dadaş Bünyadzadə adına
Xalq Təsərrüfatı İnstitutu adlanan indiki İqtisad Universitetinə
qəbul oldum. Ağdamda işləmədim, çünki Eldarın xoşu gəlmirdi.
Bilmirəm, səbəb nə idi, amma qoymurdu işləməyə. Qısqanc adam da
deyildi. Sadəcə, xoşu gəlmirdi. İstəmirdi. Elə vaxt idi ki, onda
uşaqlar da balaca idi. Körpəli olduğuma görə heç mən də iş
arzulamırdım. Döyüş vaxtlarında özü də çox narahat, yorğun olurdu.
Günlərlə gələ bilmirdi evə. Bilirdik ki, döyüşdən gəlib. Çox vaxt
cəbhədə olurdu. Son vaxtlar adyal da aparmışdı özü ilə. Elə cəbhədə
yatırdı. Evə də gələndə toz-torpağın içində, yorğun olurdu".
Eldar hamıya yardım edirdi
"Eldar həqiqətən xalqının övladı idi. Kimin necə yaşadığını,
hamısını bilirdi. Əsgər yoldaşlarının hamısının ailəsinə kömək
edirdi. Bir bayram olanda hamısının qapısını açardı, evinə bazarlıq
göndərərdi. Xəstəsi olana yardım edərdi. Erməni davası düşən gündən
bütün Ağdamda olan yaralıları şəxsən Eldar müalicə etdirib. Dərmanı
alıb, qan lazımdır, qan tapıb vurdurub".
Rus generalları ilə əlbəyaxa olmuşdu
"Eldara çox deyirdik ki, bu yol qorxuludur, sənin körpə
balaların var. Deyirdi ki, nə olacaq, mən şəhid olacam, balalarım
gedəndə deyəcəklər, Eldar Bağırovun balasıdır. Mən alçaqlıq
eləmirəm ki. Şəhid olandan sonra Allahverdinin qabağına çox keçdik.
Qarabağda üçrəngli bayrağı ilk dəfə Eldar qaldırmışdı. O vaxt rus
hərbçiləri Ağdamda idi. Bax onda da ruslar tökülüb gəlmişdilər.
Demişdi ki, çıxın endirin, görüm necə endirirsiniz. Həmin vaxt
orada rus generalları ilə əlbəyaxa olmuşdu. Polyaniçko ilə üz-üzə
gəlmişdi bayrağın üstündə".
4 erməninin başına oyun açmışdı
"Şükür Rzayev var idi, o vaxtkı Respublika prokuroru. 1990-cı
ildə onu ermənilər əsir götürmüşdü. Onu heç kim ala bilmirdi, Eldar
aldı. "Şuşada 4 erməni polis kimdir ki?" - deyib erməninin üstünə
getmişdi. Başlarına oyun açmışdı. Ondan sonra da yolda gedənin,
avtobusdan götürülənlərin, kəndlərdə götürülənlərin hamısını
ermənidən Eldar alırdı".
Əgər Eldar o yola getməsəydi...
"İlk dəfə cəbhə yığılanda Allahverdinin "Ağdam" restoranı var
idi. Aşağısı da böyük çayxana idi. Orada yığılırdı əhali.
Allahverdi də istər-istəməz orda idi. Həm də o qədər bir-birinə
bağlı qardaş idilər ki. Mehriban, bir birindən ötrü canını qurban
verən. Əgər Eldar o yola getməsəydi, Allahverdi də getməzdi. Elə
bil ki, Allahverdi Eldarın yolunda canını qurban verdi".
Allahverdinin ölüsündən də qorxurlar
"Ümumiyyətlə, cəbhə 10 dəqiqəlik bir yığıncaq eləmədi. Bu gün də
o təzyiq bizim üstümüzdədir. Yəni qoyulan icra başçıları da, onun
köməkçiləri də sağlığında Allahverdidən qorxduqları kimi bu gün
ölüsündən də qorxurlar. Şəhid adından da qorxurlar. Niyə kiminsə
adını birinci deyirlər, Allahverdinin adını sonra? Allahverdi ilə
Eldarın elədiklərini kim eləmişdi? Bircə adamın o zəhmətə heyfi
gəlir ki, niyə şəhid adı da verilmir? Heç olmasa, adlarına küçə
oldu. O vaxt "Lenin" olan küçə "Eldar Bağırov" küçəsi, "Maksim
Qorki" küçəsi də "Allahverdi Bağırov" küçəsi adlanır".
Almaz xanım Eldar Bağırovla bağlı xatirələrini
danışır:
"Bir dəfə 5 yaşı olanda çıxıb evin üstünə. Atam rəhmətlik qoz,
nar tökərdi evin üstünə. Eldar nar yeyib, yuxulayıb qalıb orda.
Anamgil axtardı, tapa bilmədi onu. Qapıdan çıxmayan uşaq
tapılmırdı. Qıvrımsaç, qəşəng də uşaq idi. Heç yerdə tapa bilmədik.
Nərdivan qoyub çıxmışdı. Onu da götürüblər. Qaranlıq düşəndə
ayılıb, düşmək istəyəndə çağırmışdı. O qədər sevindik ki,
tapılmağına. Çöldə nə qədər ötkəm olsa da, evdə həlim idi. Evə
gələndə o qədər abırlı, ismətli, mədəni idi ki, onun çöldə bu qədər
sərt olduğunu düşünmək olmurdu. Özü də heç nə eləməzdi. Bircə
şilləsinə dözə bilməzdilər, silkələnib durardılar. Dünyada kimsə
vəzifədədir, kimsə rəisdir – ikinci kəlmə deməyə qoymazdı. Bir dəfə
polis rəisi restoranda aşağı-yuxarı danışmışdı. Eldar onu o qədər
döymüşdü ki, adamı təcili yardımla aparmışdılar".
Ölümünü uzun müddət gizlətdik
"Eldarın ölümünü gizlədirdik. Nigar 4-cü sinifdə oxuyanda bildi.
Özü də o, dil açanda "ata" yox, "papa" yox, "dədə" dedi. Eldarın
özünün də xoşu gəlirdi. Nigar deyərdi ki, dədəm cəbhədədir.
Müəllimi rəhmətlik Əli müəllim bilirdi Eldarın yoxluğunu. "Atan
harada işləyir", – deyə soruşmamış bu uşaq durub eyni sözü deyirdi:
"Atam cəbhədədir". Haradasa 4-cü sinifdə oxuyanda bildi ki, atasını
itirib. İndi mənim bircə arzum var: Eldara şəhid
adı versinlər. Gənclərimizə də sözüm odur ki, kişi kimi yaşasınlar.
Dünyada oğulun dəlisinə qurban olum. Ağıllısı ağıllıdır. Dünyada
oğuldan qiymətli nə var? Eldarla Allahverdi ilə alınmaz dağ
idim..."