Yuxarı

Keçmiş matros, indiki “bomj”: “Adamın anası olsa yaxşıdı…”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş matros, indiki “bomj”: “Adamın anası olsa yaxşıdı…”

"Bizim tarla" var e, onun pomidorundan, göy noxudundan istəyirəm. Konserva da istəyirəm, siqaret də…

Onunla düz 30 ilə yaxındır ki, tanışam. Vaxtıyla bir donanmada, eyni gəmidə işləmişik. Matros idi. Həmin vaxt işlədiyimiz "Lyutoqa" Yedək Yük gəmisinin heyətinin əksəriyyəti başqa millətlərdən idi. Heyət üzvləri içərisində dörd azərbaycanlı idik və dördümüz də boş vaxtlarımızı çalışıb bir yerdə olardıq.

İndi səfil günündə yaşayan Vaqif heç kəsə yovuşmaz, gəminin "mədəni – kütləvi" tədbirlərində çox az iştirak edərdi. Araq içməyi xoşlasa da, pul xərcləməklə demək olar ki, arası yox idi. Amma biz onu heç də xəsis adam kimi tanımırdıq. Dostluq əlaqəmiz də demək olar ki, alınmamışdı. O zaman gəminin komandir heyətində işləyən Şakir Dadaşovla çalışırdıq ki, onu ruslardan, ermənilərdən və başqa millətlərdən qoruyaq. Bəzən yerində olmayan söz-söhbətə səbəb olardı. Lakin hər vaxta çıxdıqdan sonra onunla bağlı heyətin arasında müxtəlif söz-söhbət gəzərdi.

Vaqifin "Araz aşığından, Kür topuğundan" idi. Ləzgi İsmayıl kimi tanınan zərdablı baş motorçu ona baxıb deyərdi: "Sağ ol e, Vaqif, ağıllı olub başqasının dərdini çəkincə, özünü dəliliyə qoy, sənin dərdini çəksinlər".

Oktyabr inqilabı nə vaxt baş verib?

Bir dəfə gəminin kapitanı Nikolay Firsov "kayut-kampaniyada" nahar fasiləsi zamanı əsəbi halda dedi:

- Sizin bu Vaqif məni dolayıb deyəsən, ona iş tapşırıram, deyir ki, Oktyabr inqilabı nə vaxt baş verib? Heç dəxli var? O gün də Andropovun şəklini göstərib deyir, kapitan, birdən bu, gəmidən suya yıxılsa, üzüb sahilə çıxa bilər?

Hə, bizim Vaqifin belə yersiz sualları vardı. Doğrusu, onun bu sualları və gəmi komandiri ilə söz-söhbəti mənə ləzzət edirdi. Erməni mexanik Volodyaya "dişini ağardınca, de görək, inqilab nə vaxt baş verib",- deməyim də yadıma düşür. Gəminin 3-cü mexaniki olan Volodya da mənə "day bu olmadı da, məni nə yerinə qoymusan?" – deyə, cavab verdi.

Vaqif yoxa çıxır…

Günlərin bir günü Vaqifin kadrlar şöbəsinin sərəncamına göndərilməsi haqda radioqrama aldıq. Və o gedən getdi. Yoxa çıxdı. Ara-sıra xatırlanırdı. Sonra tamamilə unuduldu. Uzun illərdən sonra yaşadığım Xətai rayonunun Əbilov qəsəbəsində təsadüfən qarşılaşdıq. "Elam dayının dükanı" kimi tanınan ərzaq dükanının qarşısında diqqətimi çəkən səfilə ötəri nəzər salsam da, gözlərimə zillənən saf, duru baxışları ayaqlarımı yerə mıxladı. Üzümə diqqətlə baxırdı. Sonra da əlindəki dəftərə nə isə yazmağa başladı. Yaxınlaşdım.

Yaz ki, pis oğlan deyiləm

- Nə yazırsan?

- Hesabı öyrənirəm, – dedi və sonra da əlavə etdi: - Sən neftçalalı Şakir deyilsən?

Taqnıdım, bizim gəminin martosu idi…

- Vaqif, necəsən? Mən Faiqəm e, Şakiri də unutmamısan, deyəsən…

- Faiq, mənə siqaret alarsan?..

Üç həftə sonra

Yanvarın 21-də səhər tezdən işə gələrkən, onu yenə də məhləmizdəki yeganə ərzaq dükanının qarşısında gördüm. Yaxınlaşdım.

- Yanmır ki, nə qədər eləyirəm, yanmır, soyuqdan ölürəm. Sən gəmini atıbsan? O gün mənə səndən söhbət edərkən dedilər ki, yazansan, məndən də yaz.

- Baş üstə, amma nə yazım?

- Nə bilim yaz ki, pis oğlan deyiləm, yaz ki, sağ olsun Elam kişi, onun balaları da yaxşı adamlardı, Vaqifə kömək edirlər.

- Elam dayı rəhmətə gedib axı, Vaqif.

- Bilirəm. Bu şoğərib niyə yanmır axı? - Köhnə dəmir çəlləyin içərisinə yığılan kardon yeşikləri göstərir. Əlləri tir-tir əsir, çoxdan öz dogma rəngini itirmiş dərisi göm-göy göyərib. Sonra yenə də əlavə edir: - Başuva dönüm, məndən yaz da, nolar, şəklimi də ver.

Şəklini çəkirəm. Tez başındakı papağı çıxarıb, görkəm alır.

Arvad yaxşı deyil

- Vaqif, sən işləyirdin axı, birdən-birə hara getdin, niyə yoxa çıxdın?

- Arvad aldım.

- Neçə uşağın var?

Fikrə gedir, çiyinlərini çəkir:

- Bilmirəm, – deyir.- Arvad yaxşı deyil.

- Niyə?

- Adamı incidir, çimizdirmir, evə qoymur. Adamın anası olsa yaxşıdır. Anam olanda məni çimizdirirdi, yemək verirdi.

- Vaqif, kimləri tanıyırsan?

- Zöhrab var ha, bu dükanı işlədir, onların hamısı yaxşı adamdır. Mənə siqaret verir, kolbasa, çörək verir. Alma, armud, turp verir. Yaxşı adamdılar hamısı…

Uşaqlarım məni çox istəyir

- Nə qədər pensiya alırsan?

- Bilmirəm. Arvad vermir, basıb yeyir hamısını… Uşaqlar məni çox istəyir, arvadım yox…

- Vaqif, sənin familiyan necəyidi?

- Şərifov, atamın adı Məhəmməddi. Zığda anadan olmuşam, sonra Tovuza köçdük, tovuzluyuq axı. Qazaxa, Puşkinə (Biləsuvar rayonunun əvvəlki adı. –F.B.) köçməyəcəkdik ki… Sən talışsan da…

- Yox. Vaqif, dünən nə günü idi?

Cibindən təqvim çıxarıb diqqətlə baxır, heç nə ifadə etməyən baxışlarla üzümə baxır:

- Yanvarın 20-si. Niyə soruşursan, ad günün idi?

- Vaqif, sən nə istəyirsən? Necə həyat yaşamaq istərdin?

- "Bizim tarla" var e, onun pomidorundan, göy noxudundan istəyirəm. Konserva da istəyirəm, siqaret də…

Dükana girirəm. Arxamca o da daxil olur. Ona "Vaysroy" siqareti alıram.

- Yox, o döşümə düşmür, ya "Viniston" al, ya da "Vest". Dəyişirəm ha siqaretini.

Dedim, sizə çox yük düşməsin

Xudahafizləşmək istəyirəm.

- Pulun yoxdursa, deyim konserva-çörəyi dəftərə yazsın,- deyir. Dükanın sahibi Taleh gülümsəyir:

- Vaqif, narahat olma, indi Zöhrab gələcək, o nə lazımdır sənə verər.

Vaqif Talehə tərəf dönür:

- Dedim, sizə çox yük düşməsin də…

Tarix
2014.01.22 / 10:49
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla