Axar.az-ın "Cəbhə xətti"
layihəsinin budəfəki qonağı Radə Sabir qızı Abbasdır. Radə 1962-ci
ildə Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. İbtidai 8
illik təhsilini Hacılar kəndində, orta təhsilini isə Boyat kəndində
bitirib. 1980-1982-ci illərdə Bakı 2 saylı baza tibb texnikumunda
təhsil alıb. Təhsil aldığı zaman M.Topçubaşov adına Eksperimental
Tibb İnstitutunda əvvəl kiçik tibb bacısı, laborant, daha sonra isə
cərrahiyyə korpusunun tibb bacısı kimi çalışıb. I Qarabağ
Müharibəsi başlayan zaman da orada çalışırdı...
Maşınlar ölü və yaralılar ilə dolu idi...
- Müharibədən əvvəl, 1988-ci ildə hərəkat başlandı. Qafandan
qovulan, yaralanan xeyli insan var idi. Bəziləri də bizim kəndə
gəlmişdi. Anam infarkt keçirmişdi. Anama görə kəndə getməli oldum
və 1 ay orada qaldım. Hadisələrin bilavasitə şahidi olmuşam.
Təxminən aprelin əvvəllərində hərəkata qoşuldum. 1988-ci ildə
Topxana meşəsinin qırılmasına qarşı etirazlar başladı. Paralel
olaraq Bakıda hadisələr qızışırdı. 1989-cu ilin sentyabrında
kommunist partiya biletindən imtina etdik. Yanvar hadisələrində isə
hamı partiya biletini yandırırdı. Sonra o partiya biletlərini yığıb
idarələrə göndərmişdilər. İdarələrdən çağırdılar ki, gəlin, partiya
biletinizi götürün. Sizi başa düşürük, emosionallıq olub. Dedim ki,
mən bileti 20 yanvarda yox, sentyabrda atmışam. 5 aydır atdığım
bilet mənə lazım deyil. 20 Yanvar günü çox dəhşətli idi. Həmin gecə
mən yaralı daşıyırdım. Hər şey gözümün qabağındadır, çox ağır
günlər idi. Onda biz xalq hərəkatı sıralarında idik. İndiki 20
Yanvar dairəsindən 2 mikrorayona gedən yolda bizi gülləbaran
etdilər. Orada XXI ordunun heykəli var idi. Avtobusun içində idim.
Gecə saat 12 idi. Növbədəydim. Eksperimental xəstəxanaya gedirdim.
Möcüzə nəticəsində sağ qaldım. Güllələr yağış kimi yağırdı. Bütün
maşınlar ölü və yaralılar ilə dolu idi...
Beyni yerə tökülmüşdü...
Tanımadığımız adamlar bizə kömək edirdi. Xəstəxanaya gedə
bilmədim, yollar bağlı idi. Yaralıları "Semaşko" xəstəxanasına
aparırdılar. Ora çatanda gözlərimə inanmadım. Dəhlizlər də
yaralılar ilə dolu idi. Fərman müəllim var idi, Yanvar şəhidi
Larisanın atası. Elə hey qışqırırdı ki ,qızım öldü, qızım öldü.
İkisi də qaçmaq istəyəndə onları güllələmişdilər. Fərman müəllimin
sağ qolu, sol ayağı yaralanmışdı, qızı isə yanında ölmüşdü.
Larisanın məzarı Şəhidlər Xiyabanındadır. Fərman müəllim sonralar
20 Yanvar Cəmiyyətinin sədri oldu.
***
Bir xəstə gətirmişdilər. Başı yarılmışdı, beyin möhtəviyyatı
çölə çıxmışdı. Yarasını sarıdım. Sarıyanda öz-özümə dedim ki, bu
öləcək. Yazığın bütün beyni çöldə idi...
Bir il sonra 20 Yanvar ərəfəsində pul yığıb əlillərə baş çəkmək
qərarına gəldik. Bir evə girəndə əlil mənə baxıb dedi ki, səni
tanıyıram. Amma mən tanımadım. Ayağa duranda gördüm ki, başının
arxasında əməliyyat izi var. Kəllə sümüyünün bir hissəsi yoxdur. Bu
şəxs "Semaşko"da başı yarılan xəstə idi... Dəhşətə gəldim. Onun sağ
qalmasına inanmırdım.
İtmiş sənədlər...
20 Yanvarda başı kəsilmiş meyitlər var idi. Güllələməmişdilər.
Həmin meyitlərin şəxsiyyətini müəyyən etmək mümkün olmadı. O vaxt
dedilər ki, guya, sənədlər Tamerlan Qarayevin maşınından oğurlanıb.
Daha sonra 70 cildlik məhkəmə sənədi Moskvaya göndərildi. Lakin
geri qaytarmadılar. Bu hadisələrdən sonra kütləvi həbslər başlandı.
Məcbur olduq ki, qaçıb gizlənək. Fəallıq edən hər kəsi təqib
edirdilər. İki aydan sonra vəziyyət bir qədər sabitləşdi. Daha
sonra Qarabağda atışmalar başladı, silahlar işə düşdü...
Üç uşaq anasına 18 güllə vurmuşdular...
Oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan elədi. Daha sonra
ordunun yaradılması ilə bağlı qərar qəbul olundu və Əbülfəz Elçibəy
səfərbərlik elan etdi. Orduya könüllü yazıla bilmədim. İşlədiyim
instituta çoxlu yaralı gətirirdilər. Fevralın 18-də ilk Ağdam hərbi
səhra cərrahiyyə hospitalı formalaşdırıldı və mən də Ağdama getdim.
Elə vaxtlar olurdu ki, 3-4 sutka evə gedə bilmirdik. Diləfruz adlı
qadın var idi. Çox ağır yaralanmışdı. Möcüzə nəticəsində sağ qaldı.
Bədənində 18 güllə yarası var idi. Avtomatın bütün gülləsini onun
bədəninə doldurmuşdular. Qan içində, bağırsaqları tökülmüş
vəziyyətdə hospitala gətirdilər. Onun bağırsağının çoxu kəsilib
atılıb. Qarın boşluğundan 5 dəfə əməliyyat olundu. 3 gündən sonra
Bakıya göndərə bildik. O zaman 3 uşağı var idi. İndi balaları da
böyüyüblər, nəvəsi var.
Əsir düşməmək üçün vurdular...
Milli Qəhrəman Muxtar Qasımovun ölümünü də xatırlayıram. Muxtar
çiynindən, 5,45 mm-lik gəzən güllə ilə vurulmuşdu. Güllə bədənini
dağıdıb qaraciyərinin üstündən çıxmışdı. Muxtar çox yaxşı həkim
idi, orator idi. Döyüş bölgəsinə getmişdi.
Milli Qəhrəman Gültəkin Əsgərova da birbaşa döyüş bölgəsində
yaralılara kömək etmək üçün getmişdi. Əsir düşəcəkmiş.
Hərbçilərimiz əsir düşməsin deyə onu vurmuşdu... Çox faciəvi
şəkildə həlak oldu. İki yerə bölünmüşdü. Onun sağ qolu və bədəni
Bakıda dəfn olunub. Başı və sol qolu hadisə yerində, hansısa ağacın
altında basdırılmışdı.
Corab yuyur, döyüşürdü...
Əgər bir qadın deyirsə ki, mən hər yerdə idim, deməli, yalan
deyir. Bizim yaxşı döyüşən kişilərimiz var idi. Qadınları önə
buraxmırdılar. Kim deyirsə ki, mən səngərdə kişilər ola-ola adam
öldürmüşəm, inanmayın. Bizim kişilər evdə necə məsuliyyətli
idilərsə, orda da elə idilər, imkan vermirdilər. Qadınlar da
döyüşürdü. Məsələn, Növrəstə adlı xanım snayper var idi. Növrəstə
xanım döyüşməklə bərabər əsgərlərin corabını da yuyurdu, yemək də
hazırlayırdı.
Çoxlu erməni əsir gətirirdilər. Biz də onlara yaxşı baxırdıq.
Bir qadın azıb gəlmişdi. Mülki vətəndaş idi. Bizim əsgərləri görüb
qaçanda yıxılmışdı, ayağı sınmışdı. İnanın ki, ondan heç bir kəlmə
də ala bilmədik. Onlardan söz almaq mümkün deyildi. Heç vaxtımız da
olmurdu. Erməni hərbçiləri çox saxlanılmırdı. Yalvarırdılar ki,
onları öldürməyək. Dilimizi də mükəmməl bilirdilər.
3 dəfə yaralanıb, 45 manat alır...
2001-ci ildə hərbi xidmətdən tərxis olundum. Hələ müharibə
dövründə yoldaşlarımız arasında narazılıq yaranmışdı. Müharibədən
gələndən sonra hərbçi qadınlara münasibət fərqli idi. Bir müddət
əmimlə bir yerdə yaşadım. Hazırda həm prezident təqaüdü, həm də
əlillik təqaüdü alıram. Lakin qardaşım 3 dəfə yaralanıb, heç bir
statusu yoxdur. Elə müharibə veteranıdır, 45 manat təqaüd alır. Evi
də yoxdur. Həyat yoldaşı da müharibə veteranıdır. Ona da heç bir
status verilməyib. Hara getsək deyirlər ki, müharibə veteranıdır,
biz ona iş verə bilmərik.
Hazırda yaşadığım ev o biri qardaşımındır. O, Moskvada yaşayır,
bir müddətdən sonra Bakıya qayıdacaq. Gəlib öz evində yaşayacaq.
Mən isə oğlumla hara gedəcəm, onu bilmirəm. 2008-ci ildən ev
növbəsindəyəm.
İlham Əliyevdən xahiş edirəm...
54 yaşım var. Bugünkü Azərbaycan gəncliyi həmin dövrlərdən ibrət
dərsi götürməlidir. Bu yaşımda deyirəm, müharibə başlasa, yenə
gedərəm. Gəncliyimi, hər şeyimi Azərbaycanın azadlığı uğrunda,
müstəqilliyi uğrunda vermiş bir adam kimi deyirəm. İnsanın sevəcəyi
bir şey var. O da vətəndir. Mən Prezident İlham Əliyevdən xahiş
edirəm. Bütün döyüşçülərin adından xahiş edirəm ki, hərbi
komissarlığa gərək yoxdur. Təkcə televiziyada keçmiş döyüşçülərə
əmr versə, biz torpaqları azad edərik. Bu bizim şərəf işimizdir,
şəhidlərin ruhu qarşısında borcumuzdur.