Mənim Akula ilə dostluğum ikimizin arasında baş verən
mübahisədən başlamışdı. Doğrusu, həbsxana həyatında tanış olduğum
və bu gün də əlaqə saxladığım insanların bəziləri ilə ünsiyyətə
mübahisələrdən başlamışıq.
Necə deyərlər, əvvəlcə çəkişib, sonra bərkimişdik. Akula Toliklə
də aramızda yaşanan mübahisəmizin sonu sözün həqiqi mənasında
çoxlarının qibtə edəcəyi səmimi münasibətə çevrildi. Etiraf edim
ki, bu mübahisədə günahkar mən idim.
Sən mənim başımı nə ilə "sravnit" edirsən?"
Hadisə belə olmuşdu. Bir dəfə Akula mənə: "Dur, əlini yu,
bayaqdan sənə fikir verirəm, əlini hara gəldi sürtüsən",- deyə hökm
etdi. 25-ci "xata"ya "düşdüyüm" günün səhəri bu bədheybətin mənə
belə münasibəti, əlbəttə ki, ürəyimcə olmadı. Həm də ilk gündən
necə qarşılanmağın və özünü necə göstərməyin sonrakı həyatını necə
yaşamağın demək idi. İlk dəfə tutulsam da, mənim həm də dənizçi
olmağım, gəmidə uzun müddət torpaqdan və insanlardan təcrid olunmuş
halda yaşamağım bir növ həbsxana həyatına alışmış kimiydim.
Akulaya:
- Əvvəlcə, sən əllərini yu, səhərdən daz başına sürtürsən,-
deyib, cavab qaytardım. Görünür belə cavab gözləmirdi:
- Ey, tı, ne... sebya, sən mənim başımı nə ilə "sravnit"
edirsən?" – yarı rus, yarı Azərbaycanca çımxırıb yerindən qalxdı.
Əlbəttə, Tolik pərt idi və mənim dikbaşlığımın dava-dalaşla
bitəcəyini kameradakılar səbirsizliklə gözləyirdilər. Amma belə
olmadı. Tolik nə fikirləşdisə, "yaxşı, jurnalist, səninlə hələ
sonra danışarıq, görək, özünü necə göstərəcəksən",- deməsi
kameradakı "mutilşik"lərin kefinə soğan doğradı.
Ağamirzənin köməkçisi
Akula ilə münasibətimiz isə tam mənada mənim bir İran İslam
Respublikasından olan dustağı müdafiə etməyimdən sonra başladı.
Əslən Ərdəbildən olan və narkotik üstündə həbs olunan Baba adlı
birisini kamerada davamlı olaraq təmizlik işlərinə və çay dəmləməyə
vadar etmələrini düzgün hal hesab etmədim:
- Bəs deyirdiniz, bura qardaşlıq "xata"sıdır, indi nə oldu,
qərib adamı, kimsəsizi belə "qonyat" edirsiniz? - deməyimə Tolik
haqq qazandırdı. Baba mənə yazıq-yazıq baxdı və gözləri yaşardı.
Yaşı 50-ni keçmiş birinə bu münasibət haqsızlıq idi. Həm də
dustaqlar, əslində bununla türmənin yazılmamış qanunlarını
pozudrdular ki, həmin qanunları da mən elə onlardan öyrənirdim.
Masallıdan olan Xanlar kişi, lənkəranlı Füzuli, Sumqayıtdan olan
güləşçi Əsgər və digərləri mənimlə bir məsələdə razılaşmadılar:
- Şair, sən düzgün etmədin, bu adam özü xidmət etməyə
meyillidir,- dedilər. Hər halda, mən müdafiəmi axıra qədər etdim və
"smatriyaşşi"miz Mir Aqilin "Şair düz deyir, Akula da belə düşünür,
mən də bu qənaətdəyəm, haqsızlıq olmaz",- deməsi məsələnin "sülh"
yolu ilə həll olunmasına səbəb oldu. Amma cənublu qardaşımız yenə
də heç kəsə aman vermədən əvvəlki işlərini görürdü. Xatanı
silib-süpürən, tez-tez çatı təmizləyən Baba "kutoka"- ərzaq rəfinə
baxan Ağamirzənin köməkçisi kimi küncdə oturdu.
Sobçak özü bizə dəfələrlə sifarişlər
vermişdi
Akula deyirdi:
- Mən çox böyük əməlliyyatlarda iştirak etmişəm. Bizim
"qruppirovka"nın hakimiyyətlə sıx əlaqəsi vardı. Təsəvvür elə,
Sobçak özü bizə dəfələrlə sifarişlər vermişdi və qardaşların
xətasız qalmasına da yardımçı olmuşdu. Mənə isə diqqət daha çox
idi. Çətin əməliyyatlara mən göndərilirdim.
Fin körfəzində qətl
Tolikə inanmamaq olmurdu. Bir dəfə italiyadan olan iş adamlarını
necə Fin körfəzi tərəfə apardıqlarını, öldürüb dənizə atdıqlarını
danışdı:
- Piterə 4 vaqon çaxır gətirmişdilər. Pulunu guya biz
verəcəkdik. Görüşdük. 3 nəfər idilər. Onları maşına otuzdurub guya
şəhər kənarına istirahətə aparırdıq. Dənizin qırağında var-gəl
etmək adı ilə maşından düşdük. Elə mehriban idilər ki... amma
öldürməli idik...
Xəfiyyə ilə sevgi
Tolik hadisələri bütün təfsilatı ilə nəql edirdi. Bir dəfə gənc
bir rus qadının onunla dostluq etmək istədiyini və bu dostluğun çox
uzağa getdiyini söylədi:
- Qadın mənə vurulmuşdu. Bu qədər istəyin qarşısında dözə
bilmirdim. Xaraktercə kobud admam. Amma çox gözəl idi, qadının
kişiyə olan hərisliyi də bunda tamamilə fərqli idi. Pişik kimiydi:
sığalı sevirdi, həm də sevişərkən pələng kimi az qalırdı adamı
yeyə. Qərara almışdım ki, münasibətə son qoyam. Çox şeyə burnunu
soxur, dostlarımla da maraqlanırdı. Nə isə, ona dedim ki, bizimki
bura qədərdi, mən Bakıya - atamın yaşadığı şəhərə gedirəm.
Aralandım ondan. Amma yenə axtarıb məni tapdı. Sevirdi məni, dedi,
mənimlə qalsan, sənə bir məsələni etiraf edərəm. Nəyi etiraf
edəcəyini soruşdum. Milis işçisi olduğunu, mənimlə xüsusi
tapşırıqla tanış olduğunu, lakin gerçəkdən sevməyə başladıqdan
sonra mən və dostlarım da bilmədən bizləri mühafizə etdiyini, lazım
olan informasiyaları milis şöbəsinə çatdırmadığını dedi.
Könlünü qırmadım, bir neçə gün qonağı oldum. Amma bir şərtlə:
"Səninlə yaxınlıq edəndə milis formanı əyninə gey",- dedim.
Razılaşdı. Əynində milis forması olarkən yaxınlıq edəndə gözlərimi
yumur və tanıdığım bütün paqonluları xəyalımda canlandırırdım.
Bəzən bu məqamlarda bu akt çox uzun çəkirdi. Qadına həm xoş olurdu,
həm də soruşurdu ki, niyə belə uzun çəkir? Deyirdim, tək deyilsən,
sənin simanda bütün kollektivinizi "oformit edirəm".
Sektanın pul kassası və Tolikin rəhmi
Akula Bakıda qeyri-qanuni fəaliyyət göstərən bir dini sektanın
ofisinə hücumla bağlı uğursuz əməliyyatdan sonra həbs olunmuşdu.
Daha doğrusu, əməlliyyat uğurla başa çatsa da, sonradan
xəfiyyələrimizin səyi nəticəsində aşkarlanmışdı. Əvvəlcə sektanın
gecə gözətçisi ilə bir neçə dəfə "təsadüfən" rastlaşıb münasibət
quran "qonaqlar" bu təsadüfi qarşılaşmanı yeyib-içmək məclislərinə,
ordan da dostluq səviyyəsinə qədər uzada bilmişdilər. İş o yerə
çatıbmış ki, gecə keşikçisi olan "dost" onları sektanın içərisinə
də buraxırmış. Hazırlıqlı olan dostlar yeyib-içirmişlər. Tolik
yığılan ianələrin yerini və məbləğini dəqiq öyrənmək üçün sektaya
üzv yazılır, ayinlərdə iştirak edir və ianə verir. Bir müddətdən
sonra "kahinlərin" sevimlisi olan Tolik pulların hansı otaqda,
hansı seyfdə və təxmini miqdarını hesablaya bilir. Gecənin birində
yenə də yeyib-içmək məclisi qurulur. Tolik deyir, gözətçinin
öldürülməsinə imkan verməyib: "Ona hədə-qorxu gəldik, əl-qolunu
bağladıq, gözünün altını qaraltdıq ki, desin basqın olub. Hələ pul
da boyun olduq. Amma o əclaf bizi ələ verdi. Düzdür, ifadəsində
mənim ona yazığım gəldiyini, öldürməyə qoymadığımı deyib".
Akula 9 il həbs cəzası alıb, 2 saylı Cəzaçəkmə Müəssisəsinə
göndərildi. İndi çox güman ki, azadlıqdadır.