Axar.az-ın "Qızıl duetlər" layihəsinin beşinci dueti
Azərbaycanın parlaq opera müğənnisi Nəzakət Məmmədova və xalq
artisti Teymur Mustafayevin birgə oxuduğu "Ay qız" xalq
mahnısıdır.
Nəzakət Məmmədova
Azərbaycan musiqisinin unudulmaz simalarından olan Nəzakət
Məmmədova 1944-cü ildə Gəncə şəhərində anadan olub. Valideynləri
onu müəllimə görmək istəsələr də, taleyin yolları Nəzakət xanımı
səhnəyə aparıb.
O, opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirməyə
başlayıb. Nəzakət Məmmədova Leyli obrazları arasında yeni bir
səhifə açan sənətkarlardan hesab edilir.
O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı
və təsniflərin mahir ifaçısı kimi tanınır.
Böyük sənətkar musiqimizi nəinki Azərbaycanda, həmçinin Türkiyə,
İran, Əfqanıstan‚ Almaniya, Belçika, İtaliya kimi ölkələrdə də
sevdirib.
Korifey sənətkarın qətli
Dövrünün ən məşhur müğənnilərindən olan Nəzakət Məmmədovanın
faciəli ölümü bu gün də onu sevənlərin etirazı ilə qarşılanır.
Sənətçinin ölümü ilə bağlı müxtəlif versiyalar dolaşır. O vaxtlar
yayılan şayiələrdə onun qatilinin Tamerlan Qarayev olduğu barədə
fikirlər səslənsə də, sənətçinin bacısı bu söz-söhbətin həqiqətə
uyğun olmadığını, onun uğursuz plastik əməliyyatın qurbanı olduğunu
deyir:
"Nəzakət gözəl qadın idi. Amma boğazının dərisindən xoşu
gəlmirdi. Boğazında şişkinlik vardı. Nəzakət də bunu özünə dərd
eləmişdi. Xarici ölkəyə səfərə hazırlaşırdı. Buna görə də əməliyyat
etdirmək istəyirdi, deyirdi, uğurlu alınsa, gözlərimin də
quruluşunu dəyişəcəyəm. Soçidə həkim tapmışdı. Onu inandırmışdılar
ki, əməliyyatla dərisini dartıb gözəlləşdirəcəklər. Amma əməliyyat
zamanı yuxu damarını zədələmişdilər. Nəzakət bu əməliyyatdan sağ
çıxmadı".
Soçi şəhərində Karol Anatoli İvanoviç adlı birinə müraciət edən
sənətçi boğazındakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat
zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara
dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan
dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi
əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum
edilir.
Nəzakət Məmmədova haqqında deyilən digər məlumatlarda isə onun
evliliyinin çox uğursuz olduğu, həyat yoldaşı tərəfindən hər gün
döyüldüyü deyilir.
Həyatı başdan-başa çətinliklərlə keçən korifey sənətkar Nəzakət
Məmmədova 1980-ci il 21 oktyabrda vəfat edib.
Azərbaycanın xalq artisti Teymur Mustafayev
Teymur Mustafayev də Azərbaycan musiqisində mühüm yer tutan
sənətkarlardandır. O, 1939-cu il aprelin 10-da Cəlilabad rayonunda
anadan olub. Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil alıb. Onun
repertuarı muğam və təsniflər, xalq və bəstəkar mahnıları ilə
zəngindir.
Duetin yaranma tarixçəsi ilə bağlı Axar.az-a danışan Teymur
Mustafayev Nəzakət Məmmədovaya duet oxumağı təklif etdiyini və
ondan qısa zamanda razılıq aldığını bildirir:
"O vaxt mən Nəzakət xanıma bu istəyimi bildirdim, ona duet
oxumağı təklif etdim. Rəhmətlik Nəzakət xanım da çox uzatmadan
qəbul etdi. Məşq prosesi bir neçə gün çəksə də, mahnı cəmi bir günə
Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı tərəfindən
yazıldı. Bu duetin ərsəyə gəlməsində Azərbaycanın xalq artisti
Əhməd Bakıxanovun böyük rolu oldu. Nəzakət xanım gözəl insan idi...
Çox təəssüf ki, aramızdan tez getdi".
Əvəzolunmaz ifa barədə danışan Arif Babayev bu dueti Teymur
Mustafayevin ən yaxşı ifası hesab edir:
"Ən çox sevdiyim mahnılardan, ifalardan biridir . O mahnını
Teymur Mustafayevlə rəhmətlik Nəzakət xanım çox qəşəng oxuyublar.
Bəlkə də o, Teymurun ən yaxşı ifasıdır".
Xalq artisti Alim Qasımov isə bu mahnıya böyük ürək qoyulduğunu
hesab edir:
"O mahnı mənim hər zaman dinlədiklərim sırasındadır. Teymur
Mustafayevin gözəl, məlahətli səsi, mahnıya qoyulan böyük ürək, hər
şey bir-birini tamamlayır.
Bəlkə də Nəzakət xanımın gül açan vaxtında bu mahnını oxumağı
ona bir az gözəllik qatıb. Bu, xalqımızın yaddaşına yazılan tarixi
bir ifadır", - deyə xalq artisti bildirib.
Qeyd edək ki, sonradan bu mahnını bir çox xalq artisti, məşhur
və eləcə də gənc müğənni ifa etsə də, bircə Teymur Mustafayev və
Nəzakət Məmmədovanın ifası musiqimizin qızıl yaddaşına şah əsər
kimi həkk olunub.