Yuxarı

Altay Mehdiyev geri çəkilmək əmri vermişdi…

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Mirağa Seyidməhəmməd oğlu Ağamirovdur. O 1969-cu ildə Ağdam rayonunun Zəngişalı kəndində anadan olub. Birinci Qarabağ müharibəsi veteranıdır. Ailəlidir, üç övladı var.

Dörd qardaşdan birimiz getməli idik...

Texnikumu bitirdikdən sonra, 1988-ci ildə sovet ordusuna həqiqi hərbi xidmətə yollandım. O dövrdə müharibənin ilk işartıları gəlirdi. Ordudan qayıtdıqdan dərhal sonra torpaqlarımızın müdafiəsinə qalxdım. İlk dəfə Ala Yaqub adlı komandir vardı, onun batalyonunda olmuşam.

Valideynlərim razı deyildi, istəmirdilər döyüşə gedim. Məndən böyük 3 qardaşım vardı, birimiz getməli idik. Düşündüm ki, qardaşlarım arasında subay təkcə mənəm. Ona görə də döyüşə mən yollandım.

Hərbçilərin əksəriyyəti rus idi…

Kəndimizin könüllülər batalyonu yaradılmışdı. Bir erməni kəndi vardı, bizi ilk təcrübə toplamaq üçün posta qoydular. 10 gündən sonra hiss etdik ki, yaxın vaxtlarda güclü hücuma keçəcəklər. Kəşfiyyatçılarımızdan biri gəncəli, ikisi isə ukraynalı idi. Onlardan biri ağır yaralanmışdı.

Həmin gün qəflətən hücuma keçdik. İtkimiz olmadı. Düşmən xeyli itki vermişdi. Qurduğumuz minalara düşüb məhv olmuşdular.

***

Canyataq əməliyyatında erməniləri qovub çıxarmaq tapşırığı verilmişdi. Hər iki tərəfin texnika və canlı qüvvəsi vardı. Biz üç batalyonla hücuma keçdik. Kəşfiyyatdan bir əsgərimizi snayperlə vurdular. Ermənilərin mövqeyi bizdən yüksəkdə idi. Ona görə də bizi rahat vura bilirdilər. Onların tərəfində döyüşənlərin əksəriyyəti peşəkar rus hərbçiləri idi.

Bir-birimizi öldürməyə hazırlaşırdıq…

Saleh Cabbarov adlı baş-leytenant vardı. O, qorxu nədir, bilməzdi. Qarakənddə olanda mühasirəyə düşdük. Dağın zirvəsində olduğumuzdan hansı tərəfdən atdıqlarını bilmirdik. Ermənilər yaxınlaşanda bir-birimizi öldürməyə hazırlaşırdıq. Birdən Saleh dedi ki, qorxmayın, cibimdəki bütün pulu verib erməniləri geri qaytaracam. Hamımız gülüşdük. Salehin məqsədi bizi güldürüb ruhlandırmaq idi.

Əsir düşməmək üçün qranatı sinəmə sıxdım...

Bir müddətdən sonra, əməliyyatların birində yaralandım. Nə qədər qalxmaq istəsəm də, qalxa bilmədim. Şah damarımı qəlpə dağıtmışdı. Bir onu edə bildim ki, düşmənə əsir düşməmək üçün qranatı sinəmə sıxdım. Ermənilər yaxınlaşırdı. Ancaq əsgərlərimiz son anda məni və digər yaralıları oradan çıxardı. Təəssüf olsun ki, Altay Mehdiyev geri çəkilmək əmri vermişdi. Uğurlu əməliyyat keçirə bilmədik.

Kim deyir ki, döyüşdə qorxmamışam, yalan deyir. Mən çox qorxmuşdum. Çünki gənc idim, təcrübəm yox idi. Yaralananda ilk ağlıma gələn sevdiyim yox, anam olmuşdu. Bu hisləri ifadə etmək çox çətindir.

Onların heç biri həqiqəti əks etdirmir

Bir ay Bakıda hospitalda müalicə aldım. Qismən sağalandan sonra yenidən döyüş bölgəsinə qayıtdım. Amma tikişlər açıldığına görə, döyüşdə iştirak edə bilmədim.

Tərxis olunduqdan sonra bir müddət Rusiyada çalışdım. Sonra ölkəyə qayıdıb ailə həyatı qurdum.

Tarix
2016.01.16 / 09:18
Müəllif
Nihad Cəbrayıl
Digər xəbərlər

Sabah MM-in xüsusi iclası keçiriləcək

Ceyhun Bayramov İraqa getdi

Pezeşkianın səfərinin iki hədəfi: Bakı qəbul etməyəcək...

Azərbaycan-İran əməkdaşlığı müzakirə edildi

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Rusiyada bu azərbaycanlıya 14 il həbs cəzası verildi

Rusiyadan deportasiya olunma səbəbim... - Badamov

Azərbaycan-Suriya münasibətləri...

Rusiyanın Badamovla bağlı qərarının gerçək səbəbləri...

Vardanyanın məhkəməsində zərərçəkmiş danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla