"Axar.az" özünün yeni – "Xatirə dəftəri" lahiyəsinə
start verir. Layihəmizdə ağsaqqalları danışdıracaq, onları ötənlərə
qaytarıb, bu günə qədər onlarla birgə addımlayacağıq və ümid
eləyirik ki, bu, oxucularımızın üçün də maraqlı olacaq. Tanınmış
elm, ədəbiyyat-incəsənət, siyasət, adamları ilə görüşəcək, onların
xatirələrini vərəqləyəcəyik.
İlk görüşünə getdiyimiz, yaddaşının ilıq, gövrək tellərini
tərpətməyə çalışdığımız şair İlyas Tapdıq oldu. Yaşı 80-ni haqlamış
ağsaqqalla görüşmək üçün əlaqə saxladıq. Məlum oldu ki, şair
hal-hazırda Musa Nağıyev adına kliniki xəstəxanada müalicə olunur.
Şairlə xəstəxananın 1-ci korpusunun 3-cü qatında, 314-cü palatada
görüşdük. Şairin dostlarından dilçi alim Əkbər Hüseynov da burda
idi. Birlikdə saz havalarına qulaq asırdılar.
Heç yerim ağrımır
- Nə olub şair, ilin günün bu vaxtında xeyir
ola?
- Heç yerim ağrımır. Balaca soyuqlamışdım, gəldim həkimə
göstərəm, yıxdılar məni bura. Burda da dostlar məni tək qoymur.
İstirahət edirəm də..
- İlyas müəllim, deyəsən 80-i qatlayıb qoymusuz
qrağa?
-Yox hələ, səksənə indi başlamışam.
Xeyli də qonorar aldım
- "Gənclik" nəşriyyatında işləmisiniz Gənc yaşlarınızdan
nəşriyyatın baş redaktoru olmusunuz. Qələm adamlarına qayğınız,
diqqətiniz olub. Onların kitabının dərcinə kömək etmisiniz, hər kəs
sizi bir xeyirxahlıqla yada salır. Mən istəyirəm sizinlə keçmişlərə
dönək, illər öncəsi İlyas Tapdığı yada salaq. Cavanlıq xatirələrini
vərəqləyək.
- Mən doğurdan da erkən yaşımda nəşriyyata düşdüm. İyirmi bir
yaşında inistitu bitirdim, iki il müxtəlif işlərdə çalışdım. Ancaq
iyirmi üç yaşında artıq mən nəşriyyatın redaktoru oldum.
- Gənc yaşlarınızdan redaktorluq sizə çətin olmadı
ki?
- Təcrübəm vardı. Mən APİ-də oxuyanda fakultəmizin divar
qəzetinin redaktoru idim. Sonra da "İnstitut" qəzetinin redaktoru
oldum. Hələ tələbə ikən rəhmətlik Amid Qasımzadə uşaqlar üçün
yazdığım "Kəndimizin çobanı" poemamı kitab olaraq plana salmışdı.
Poema xoşuna gəlmişdi, "şəkilli kitab kimi buraxaq",- dedi.
Razılaşdım. Tələbə idim də, sevindim ki, nə yaxşıdır. Xeyli də
qonorar aldım. Beləcə, nəşriyyata yolum açıldı. Mənə dedi ki,
İnstitutun qəzetində redaktor olmusansa, elə burda da işləyə
bilərsən.
Sinəmi döşəyib yazdım e
- Beləliklə, oldunuz nəşriyyatın redaktorlarından
biri.
- Bəli. Mənə Mir Mehdi Seyidzadənin kitabını verdi və dedi ki,
bunu redaktə elə. Mən də Mir Mehdinin şeirlərini əzbər bilirdim,
yəni ilk gənclikdən Mir Mehdi Seyidzadə oxuduğumuz şarilərdən idi.
Mir Mehdinin kitabı mənim redaktorluğumla çıxdı. Mir Mehdi də o
vaxt rus dilində yaxşı tərcümələr edirdi. Uşaq ədəbiyyatından çoxlu
tərcümələr edib. Bundan sonra mənim təzə şeirlərdən ibarət bir
kitabım da nəşr olundu. Bu kitab çıxdıqdan sonra bir gün Süleyman
Rəhimov gəlmişdi nəşriyyata. Kitabımı Azərnəşrin direktoru Adil
Əfəndiyevin stolunun üstündə görüb deyib ki, bu kitabı mən də
oxumuşam, bu oğlan yaxşı şairdir. Çoxuna deyirəm yazma, amma ona
deyirəm, a bala, yaz! Bəs bunun yaxşı kitabını buraxın, özü də
cavan oğlandır, ailə qursun. Bundan sonra Adil müəllim dedi ki,
yazılarını gətir, həm də bizimlə işlə. Süleyman onunla dost idi
deyə, ərk edib demişdi ona. Onun sözüylə mənim bir yekə kitabım da
çıxdı. Cavan oğlan idim, sinəmi döşəyib yazdım e.
- "Əksin və qəlbin" kitabı deyildi ki?
- Yox, o kitabdan əvvəl çıxmışdı. Nə isə, bu kitab da gedir
çıxır Bağır Seyidzadənin əlinə, oxuyur, çox xoşuna gəlir. Və bu
rəhmətlik də məni şöbə müdiri qoydurdu.
- Bağır Seyidzadə kim idi, harda işləyirdi?
- O, Mədəniyyət Nazirliyinin nəzdində "Başnəşr" deyilən idarə
vardı, orada işləyirdi. Sözü keçən, ötkəm kişilərdən idi. Bundan
sonra mənim ulduzum parladı.
İlyas müəllim ötənlərə qayıtdıqca şövqlə danışır:
- Mən qızışdım e, təzə bir kitab da buraxdım. O vaxtı
"Azərbaycan" jurnalında mənim bir silsilə şeirim də çıxmışdı.
Qonorar da kı öz yerində...
- O xoşbəxt vaxtlar neçənci illər idi?
- Altmışıncı illərin axırı olardı da. Şəkidən Nazim Hacıyev var
idi. Vəli Axundov onu Bakıya vəzifəyə gətirmişdi. İdeoloji işlər
üzrə komitənin katibi qoymuşdu. Demək, bu kişi "Azərbaycan"
jurnalında bir məqalə çap elətdirmişdi. Həmin nömrədə də mənim
şeirlərim dərc olunmuşdu. Oxuyub bəyənibmiş. Sonra mənim "Gözlər"
kitabım çıxanda deyib ki, mən onun şeirlərini oxumuşam, bu, yaxşı
şairdi. Mərkəzi Komitədə Qazaxdan Talıbov familiyalı Tədris
şöbəsinin müdürü vardı. Onu çağırıb deyir, gəl, bu oğlanın kitabını
oxuyaq. Bunlar oturub kitabı oxuyur və xoşları gəlir, elə bu ara da
mənim ətrafımda səs-küy qalxır.
Bu hoqqanı çıxarıb, aləmi qatıb-qarışdırıb
– Nə səs küy idi elə?
- Nəşriyyatda Cahangir adlı birisi vardı. Məndən bir xahiş
etmişdi, mən də onu etməmişdim. Mənim "Gözlər" kitabımı götürüb,
şeirlərimi tənqid etmişdi. "Kirpi"yəcən bir-çox yerlərdə haqqımda
axmaq yazılar yazmışdı.
Cahangir "Azərnəşr"də şöbə müdiri idi. Familiyası yadıma düşsə
deyəcəyəm. Bu adam əlavə olaraq mənim əleyhimə Mərkəzi Komutəyə
yekə bir məqalə yazıbmış. Bu məktub da gedib çıxıb Nazimin əlinə.
Məktubu oxuyub, deyib, mən istəyirdim bunun kitabını plana
saldırım. Bu da bu hoqqanı çıxarıb, aləmi qatıb-qarışdırıb. Məni
həmin yazıyla əlaqədar olaraq işdən də çıxarttmışdılar. Ulduzum
sönmüşdü...
- Nə hoqqa?
- Danışıram. O vaxtlar "İlin yekunu" adlı bir mətbuat rəyi
keçirilirdi. Zəngəzur tərəfdən Nazirlər Sovetində bir görkəmli,
tanınmış kişi vardı. Elə-belə də adam deyildi. İlin yekunu olurdu
ha, bax o cavabdeh idi, hesabat verirdi. Kimlər çap edilib, tənqid
olunub, kitab nüsxəsində hansı səhvlər buraxılıb və sair. Nazim ona
deyib ki, yaxşı oldu elə bu cavan şairi də çağırarıq. Ona söz
verərik, bu məqalədə qərəz var, özü-özünü müdafiə edər. Bunu
acılayıblar, bu yaxşı çıxış edər. Mənim də adımı salıblar
çıxışçıları sırasına. Filarmoniyada keçirilirdi. Nazim Hacıyev ilk
olaraq danışdı. Çıxışının axırında dedi ki, narazılardan biri var.
O da cavan oğlandır, bunun da başına oyun gətiriblər, tənqid edib
işdən çıxarıblar, hardadır o oğlan? Sonra sözü mənə verdilər. Mən
də Cahangirlə aramda olan söhbəti olduğu kimi danışdım. Axırda da
dedim ki, məni də işdən çıxartdılar. Azdan-çoxdan qonorara
işləyirdim, gedib kənddə özümə iş taparam. Mənə qarşı olan
haqsızlığa hücumla cavab verdim. Nazim müəllim çıxışıma qalxıb əl
çalanda hamı qalxdı ayağa və başladılar məni alqışlamağa. Burda
deyirik, cavanlar içkiyə qurşanır, zay olurlar. Xüsusilə də
şairləri bu günə salırlar. İstəyiblər bu da elə olsun. Amma bu
qaçıb, gedib Gədəbəyə. İndi bunu təzədən yerinə qaytarın, hansı
işdən çıxarmışınız, o işə də qaytarın.
Bağır Seyidzadə dedi ki, biz onun yerinə adam götürmüşük, indi
biz o adamı necə işdən çıxaraq? Nazim müəllim dedi ki, onu da işsiz
qoymayın, iş tapın verin, bunu isə öz yerinə qaytarın.
Heydər Əliyev o söz-söhbəti bilirmiş
Məni qaytardılar yerimə, ayağım lap yer tutdu, ondan sonra
rəhmətlik Süleyman Rəhimovun dediyi kitab məsələsi vardı ha, sinəmi
verdim yerə, yazdım, doldurdum şeirlərlə, o kitab da çıxdı və
bəyənildi. Aradan bir az keçdi. Vəli Axundovun yerinə MK-ya Heydər
Əliyev gəldi. Heydər Əliyev o söz-söhbəti bilirmiş. Bir cavan şairə
Respublika Komsomol Mükafatı lauteatı adını vermək lazım imiş.
Çıxışında deyir ki, bax, o oğlan var ha, İlyas Tapdıq, yazın onun
adını. Bir iyirmi şair, yazıçı təklif eləyiblər, deyib, yox.
Bu mükafatı alandan sonra mənimlə çoxlu görüş keçirdilər, pioner
düşərgələrində, kəndlərdə, Ali məktəblərdə və sair. Təşviqat
qatarlarına gedirdik. Şövkət Ələkbərova, Sara Qədimova və başqa
oxuyanlarla. Ziya Bünyadovla bir neçə dəfə səfərlərimiz oldu. O da
nəhəng adam idi ha.. biz onunla dostlaşdıq. Ziya mənə dedi ki,
sənin yaxşı qələmin var, niyə satirik şeirlər yazmırsan? Mən də bu
sözdən sonra qələmimi hərlədim, satirik şeirlər yazdım, bu şeirlər
də məni təzədən zibilə saldı. Bu şeirlərdəki personojlar kiməsə
toxunurdu və ya kimsə öz üstünə götürürdü. Mənə qarşı hücumlar
olurdu. Ziya fəxr edirdi mənimlə, hətta mənim bir neçə şeirimi
əzbər bilirdi. Mənə deyirdi ki, sən qorxma, şair gərək mübariz
olsun, arxanda durmuşam.
- Qağa, burdan belə çıxır ki, qarşınıza həmişə xeyirxah
adamlar çıxıb.
- Əlbəttə, əgər o insanlar olmasaydı, bəlkə də İlyas Tapdıq adlı
bir şair yox idi.
- Televiziyada işləmisiz…
- İlk kitabları çıxan şairləri - Məmməd İsmayılı, Musa Yaqubu,
onlardan sonrakı nəsildə Əhməd Elbrusu, Musa Ələkbərlini
televiziyada ilk dəfə mən təqdim etmişəm. 7-8 il "Gənc şairin ilk
kitabı seriyasından" verilişinin aparıcısı oldum. Təsəvvür elə,
Cabir Novruzun, Rüfət Zəbioğlunun, Nəriman Həsənzadənin kitablarını
mən redaktə etmişəm. Öz tay-tuşlarımın da redaktoru olmuşam.
Yüzlərlə kitabın nəşrinə imza atmışam.
- İlyas müəllim, amma o "hoqqa" nə olan şey idi,
danışmadız ha...
- Danışacam da…
- Və İlyas Tapdıq Bakıda tanındı, sevildi, şöhrətə çatdı
və birdən-birə həyat yolu necə oldu gedib Balakənə çıxdı? Yəni ailə
həyatı qurmaq üçün Bakıda, Gədəbəydə qız tapa bilmədiz? – Ağsaqqalı
kövrək, lirik yaşamına qaytarmaq istəyirəm...
- Hə, o da çox maraqlıdır. Mənim "Gözlər" kitabım çıxmışdı ha,
bayaq dedim. Bu "Gözlər" kitabında sevdiyim qıza şeir yazmışdım.
Məni gözdən salmaq üçün "Kirpi" məqam tapdı "Azərnəşr"in şöbə
müdiri Cahangirin, yazısını dərc elədi. Bu adam şikayət eləmişdi
ki, bu şair tərbiyəsizdir, camaatın qızını ələ salıb, nə bilim,
qıza şeir yazıb.
Moskva izahat tələb edirdi
- Qıza şeir həsr eləmək nə vaxtdan tərbiyəsizlik oldu?
Bəlkə cavanlıqdır da, nəsə qəlb qırıb, könül sındırıb, gözü yaşlı,
qucağı uşaqlı qoyduqlarınız olub?
- Yox, yəni tərbiyəsizlik nə mənada idi, mən şeirin misralarının
baş hərflərində qızın adını yazmışdım. Belə şeyə icazə icazə
verilmirdi. O, gizli olan şeydir, yəni onu eləmək olmazdı. Bax
həmin "hoqqa" bu idi. Artıq mən "qlavlitin" qadağasına düşdüm,
dedilər ki, bunu ağ eləmisən, gərək etməzdin.
O qızı sevirdim. Utanırdım. Həm də ehtiyat edirdim ki,
qohum-əqrəbası, qardaşı eşidər, biabırçılıq olar, gəlib məni
döyərlər. Döyülməkdən qorxmuram e, ayıb olardı axı... Mən elə də
dedim, izahatımda. "Adını buna görə belə yazmışam ki, heç kəs
bilməsin",- deyəndə xoşları gəldi. Allah rəhmət eləsin Mehdi
Hüseynə, məni yanına çağırmışdı ki, Böyük Vətən müharibəsi
mövzusunda yazılmış qəhrəmanların həyatından bəhs edən bir kitab
tərtib elə.
Rəsul Rza məni müdafiə etdi
Rəsul Rza təsadüfən içəri girdi, Mehdi ilə əl verib görüşdü,
belə döndü və dedi ki, bu cavan burada neyniyir? Mehdi də dedi ki,
bu cavan da özünü işə salıb, bəs Moskvanın "Literaturnaya qazeta"sı
bunun haqqında tənqidi məqalə yazıb. Yuri Daşeskova adlı müxbirə
burdan xəbər ediblər ki, bəs Azərbaycanda belə hadisələr var, niyə
yazmırsan? Bunun da əlinə imkan düşüb, mənim haqqımda o qəzetdə
yekə bir məqalə yazıb. İndi qəzet cavab tələb edir ki, sizin
ədəbiyyatda belə bir şey olub, bəs buna cavab verin, aydınlıq
gətirin. Mehdi Hüseyn dedi ki, bu ona görə gəlib, çağırmışam ki,
izahat yazsın. Rəsul müəllim də dedi ki, bu utancaq oğlandır, nə
izahatı yazdırırsan ki?.. Mehdi də ciddi adamdı axı, deyir, Rəsul
müəllim, Rəyasət heyəti iclas eləsə, bunu çağırsa, durub müdafiə
edəcəksənmi? Rəsul dedi ki, eləyərəm, lap o yana da keçərəm. Həmin
iclasda Rəsul Rza məni müdafiə etdi. Moskvaya da elə beləcə məruzə
olundu ki, bu utancaq oğlandır, sevdiyi qızı dilə-dişə salmamaq
üçün bu üsuldan istifadə edib. O qəzetdən də xəbər gəldi ki, bu
bizlik deyil, adi bir şeydir, ədəbiyyatda olan işdir.
Qızı gətirib qoydular evə
- Həyat yoldaşınız olacaq qız idi də o
xanım?
- Hə, də... Mən də bunları yoldaşım – o vaxt istədiyim qızdan,
rəhmətlik Münəvvərdən gizlətmişdim. Tələbə idi, təbiət fakültəsində
oxuyurdu. Nə isə, Münəvvərə bunu deyirlər, Münəvvərin anası gəldi
Bakıya, dünya qarışdı yenə bir-birinə. Bəstəkar Rəşid Şəfəqin anası
bunların qohumu idi. Dedilər ki, bəs bizim qızımız haqqında belə
bir söz-söhbət gəzir. Sən ya onu almalısan, ya da sənin axırına
çıxarıq. Dedim, əşi, mən elə onu almaq istəyirəm də. Mən də
kitablarım çıxanda pul yığıb İçərişəhərdə,- su satan Sona adlı qız
vardı,- onun atasından ev almışdım. Bu arada qəribə bir şey oldu.
Məstan Günər Mehdi Hüseynlə qohum idi, gedir onun yanına. Deyir ki,
bəs hamıya ev verirlər, bizə niyə vermirlər, cavanıq, yazığıq.
Mehdi Hüseyn deyir ki, elə mən özüm də sizin üçün məktub yazmışam
ki, ev versinlər. Siz də bir dənə məktub yazın ki, mənim sözümə
dəstək olsun. Məktubu yazırlar, mənim də adımı salırlar siyahıya.
Siyahını verirlər Mərkəzi Komitəyə. Mərkəzi Komitə üstünü yazır
Nazim Hacıyev rəhmətliyə, o da üstünü yazır göndərir Bakı Sovetinə.
Orada da Əliş Ləmbəranski idi, peyğəmbər kimi adam. Bircə həftənin
içində hər birimizə ailə vəziyyətinə uyğun olaraq ev verdilər. Bir
az sonar, Allah rəhmət eləsin, Heydər Əliyev hakimiyyətə gəldi,
gördüm ki, onun yanından keçirlər, cibinə məktub qoyurlar.
Fikirləşdim ki, bu iki otaqla nə olacaq, mən də balaca bir məktub
yazıb, qoydum rəhmətliyin cibinə...
- İlyas müəllim, o məktubu cibə qoyana qədər, hadisələr
olub axı, söhbəti yarımçıq etdiniz. Münəvvər xanımın anası və
bəstəkar Rəşid Şəfəqin anası sizə gəldilər, nə oldu?..
-Nə olmalıydı ki? Gəldilər qızı gətirdilər, dedilər, sənin
evində qalacaq, qız sənindi, sən almalısan, qızımız biabır olub, nə
bilim nə… Amma mən qıznan heç bir iş görməmişdim. Düzdür, Münəvvər
mənə ərə gəlmək istəyirdi, amma qorxurdu. Bu məsələ də öz-özünə
həll olundu.
- Yəni toy məclisini burda etdiniz, yoxsa
Gədəbəydə?
-Yox iyirmi nəfər dostla burda xudmani məclis qurduq. Cabir
Novruz idi, Məstan idi… və başqa dostlar. Yəni ailə sonradan
bildi…
Heydər Əliyev mənə ev verdi
- Hə, indi qayıdaq o məsələyə ki, Heydər Əliyevə məktub
verdiniz, yəni iki otaq sizi qane etmirdi?
- Hə, üç uşağım vardı. Ev darlıq edirdi. Elə gördüm hərə bir
məktub verir kişiyə və mən də yarı yolda balaca bir kağıza yazdım
ki, "evə ehtiyacım var, İlyas Tapdıq". Heydər Əliyev sonradan baxır
məktublara, deyir ki, ədəbiyyata yeni gənclər gəlir, ədəbiyyat
inkişaf etməlidir. And olsun Allaha, mənə Əhmədlidə dörd otaqlı ev
verdi. Uşaqlar böyüdü, kiçik qızım ailə quranda keçirtdim onun
adına. Heydər Əliyevin təşəbbüsüylə aldığım Komsomol Mükafatı məni
haralara gətirib çıxartdı, ev-eşik, ad-san… Allah rəhmət
eləsin.
Yazıqlar hamısı rəhmətə gedib
- İlyas müəllim həmişə sizi gənclərin tədbirində
görürük…
- Bu, gəncliklə bağlı olduğuna görədir. İndi mənim tay-tuşum
olan o vaxtın gəncləri haqqında da mən danışıram. Yazıqlar hamısı
rəhmətə gedib, qalan mənəm, onların da xatirəsi məni çağırır. Bizim
nəsildən qalan iki, üç nəfərdir, gərək biz də gənclərin
tədbirlərinə qatılaq…
- Nazim Haciyevdən, Mehdi Hüseyndən, Ziya Bünyadovdan,
Rəsul Rzadan danışdınız, Allah hamısına rəhmət eləsin, xeyirxahınız
olublar. Amma ola bilməsin ki, sizin kimi gənc yaşından tanınan,
sevilən bir şairin, diqqətdə olan yazıçının bədxahı
olmasın.
- Həəəə… paxıllığımızı çəkənlər olub… yəni bizdən sonra
ədəbiyyata gələn, az zamanda tanınan, İlyas Tapdığı çağırıb başda
oturdurlar, bunları yox…
Bir də sənə bir şey deyim, mənim satiram da vardı axı. Yazdığım
şeirlərə görə mız qoyurdular ki, bəs bunu filankəsi nəzərdə tutub
yazmısan. Mənim heç ağlıma da gəlmirdi. Bunlar özlərini görürdülər
o şeirlərdə…
Ağsaqqal şairlə söhbətimiz çox uzun çəkdi. Dostları zəng
edir, hal-əhval tuturdu. O, yaxşı olduğunu, bu dəqiqə palatada
oturub gənc dostları ilə ötənləri vərəqlədiyini
deyirdi…