Ayaz Arabaçı imzasını
oxucuya təqdim etməyə heç bir ehtiyac görmürəm. O, şeirləri və
ədəbi mülahizələri ilə diqqət çəkir. Yazdıqları oxunaqlı olduğu
qədər də o, maraqlı həmsöhbətdir. Gözlərinin altındakı nazik
qırışlar ürəyində olanların oxunması üçün çəkilən xətlərdir sanki.
Şairlə görüşüb onun şeirlərindən boylanan qüssəni, gerçək olmayan,
ürəyində gəzdirdiyi arzularını dilə gətirmək istədim. Söhbətimiz
zamanı düşüncələrimdə yanlışlığa yol verdiyimi anladım, şairin
nikbin olması qənaətinə gəldim.
Ayaz Arabaçı ilə "Gerçəkləşməyən arzular" layihəsində baş tutan
söhbətimizin oxucularımız üçün də maraqlı olacağını düşünürəm. İlk
sualım isə heç də şairə xoş gəlmək, onu söhbətə çəkmək üçün
deyildi, bu mənim gəldiyim qənaətdir:
- Ayaz Arabaçının şeirlərini oxumaqla doymaq olmur. Bəs
sən kimin şeirlərindən tamsına-tamsına qalırsan?
- Faiq, bir halda ki, söhbətimiz kütləvi yayın üçün nəzərdə
tutulub, gəl əvvəlcə oxucuları salamlayaq. Sonra keçək sualın
cavabına. Müdriklərdən kiminsə sözüdür, deyəsən, Taqorundur:
"Təriflənmək məni utandırır, çünki mən gizlində onu arzulayıram".
İndi sən də məni çətin vəziyyətə saldın, qabaqcadan elə gözəl bir
tərif dedin ki, əlim-qolum tamam boşaldı. İndən sonra verəcəyin
suallardan özümü necə mühafizə edəcəyimi bilmirəm. Tamsına-tamsına
qaldığım, doymadığım şairlər və şeirlər çoxdur. Şairlərimizin
qüdrətli poeziya süfrəsində hər cür dad-tama məxsus ləziz şeirlər
istənilən qədərdir. İstər klassiklər, istər müasirlər,
oxuduqca-oxuyur, sevdikcə sevirsən. Bilmirəm kimin adını çəkim.
Mənim doymadığım şairlər çoxdur, siyahı verə bilməyəcəyəm, heç
birində də artıq bəzək-düzək yoxdur.
- Şair, son vaxtlar daha aktivsən. Ədəbi məclislər,
ədəbi portallar, sosial şəbəkələr sənsiz sönük olur. Bu ikinci
nəfəsdir, yoxsa əvvəllər nəfəsini içinə çəkmişdin?
- Düzünü desəm, bu qədərini hesablamamışdım. Başımı aşağı salıb
çax-çuxumla, yəni yazı-pozumla məşğul idim. Əvvəllər demək olar ki,
respublikada çıxan əksər mətbu orqanlarda çap olunmuşam. Sonralar
ora-bura yazı aparmağa, göndərməyə tənbəlləşdim. Həm də
süründürməçiliklər oldu, xətrimə dəymələr oldu və bir növ, çap
olunmağa həvəsim öldü. Bəlkə də sən "nəfəsini içinəmi çəkmişdin?"
deyəndə bunu nəzərdə tutursan. Bir şey də deyim ki, mənim tez-tez
çap olunmaqdan, kiminsə bığının altından keçməkdən zəhləm gedir.
Amma sosial şəbəkə başqa şeydir. Burda əlini-qolunu heç nə
bağlamır. Sən fərqli düşüncə sərgiləyirsən, ən azı 4-5 min dostunla
əhatələnmisən. Bura sənin qol-qanad açmağına, zirvələr aşmağına heç
nə mane olmur. Yetər ki, insanlar sənin qəlbinin odunu, ürəyinin
istiliyini hiss eləsin. Birdən görürsən ki, sənə fərqli münasibət
var, ədəbi məclislərə dəvət olunursan, saytlar çap eləyir,
şeirlərini paylaşırlar, səndən israrla kitab istəyirlər, tanış
olmaq istəyirlər. Bu da sözsüz ki, sənin nəfəsini tükənməyə qoymur.
Hətta səndə ikinci, üçüncü nəfəs açılır.
Üzdüyüm dəryaların dibi yoxdur
- Arzularından bəhs edək, o hansı arzulardır ki, səni
dost-tanış yanında boynubükük edib, həyata keçməyib.
- Hamı kimi mənim də həyatımda uğursuzluqlar olub. Amma
fikrimcə, uğursuzluq və arzuların həyata keçməməsi adamı dost-tanış
yanında boynubükük edə bilməz. Adam o vaxt boynubükük olur ki,
dostluğa xəyanət edir, ikiüzlü və yaltaq olur. Şükür ki, mən bütün
bu şeylərdən uzağam. Başa yetməyən arzular çoxdur. Oynaq və gözəl
rəngləri tale asanlıqla bəxşiş vermir. Və bu gedişlə də elə arzu
kimi qalacaqlar. Mənim həyata təbəssümüm həmişə cavabsız qalıb.
- Baxıram sakit, təmkinlisən, amma şeirlərinlə yüz
budağa selbə atırsan. İçindəki üsyanı şeirlərindən kənarda saxlamaq
olmazdımı?
- Budaqlara selbə atmaq yaxşıdır. Çünki onda çürük meyvələr zay
toxumlar tökülür, sağlamlar duruş gətirib qalır. Mən üzdüyüm
dəryaların dibi yoxdur. Şeirlərimdə hərə bir az tapır özünü.
Xoşbəxt olmaq istəyən xoşbəxt olur, bədbəxt olmaq istəyən bədbəxt.
Ürəklərdən tikan da çıxardıram, tikan da batırıram. Mən bu taleyin
oğluyam. Xarakterim, təbiətim və üsyanım istər-istəməz şeirlərimdə
əks olunur.
Əlçatmaz görünən şeylərə gülüb keçmişəm
- Ayaz, Gədəbəydən üzüaşağı gələn yollar səni yuxarılara
aparacaq arzusunu yaşamısan. O yolların yoxuşunda təngnəfəs olmadın
ki?
- Təngnəfəslik onda başlayır ki, sən öz ömrünü yox, başqalarının
ömrünü yaşayırsan. Özünü nələrinsə naminə yükləyirsən, məcbur
edirsən. Mən hələ də kənddən çıxdığım ilk günün havasında və
ruhundayam. Gözümdəki rənglərin biri də solmayıb. Yuxarı qalxmağa
davam edirəm.
- Səni arzuların hara qədər aparmalı idi, hara qədər
gedə bildin?
- Nə deyim, hesab elə ki, təyyarə ilə gedib çıxacağım mənzilləri
kəl arabasıyla qət edirəm. Günəş istəyirdim, balaca bir
işıldaböcəklə kifayətlənəsi oldum.
- Yəni indiki ədəbi mövqeyin arzularında olan yer
idi?
- Mən yazmağın daşını atmağı fikirləşə-fikirləşə yazdım. Heç
vaxt ədəbi mövqe haqda düşünməmişəm. Hətta elmi işimi də yarımçıq
tullamışam. Çoxlarına əlçatmaz görünən şeylərə gülüb keçmişəm.
Yazmaqdan zövq alıram. Bu, bir növ, mənim üçün hamıyla hal-əhval
tutmaq, dərdləşmək, kədərini-iztirabını bölüb yüngülləşmək və həm
də hamıyla şənlənmək, yeyib-içmək kimi bir şeydir.
Xalq şairi olmaq şirnikləşdiricidir
- Daha çox nə istəyirdin, nələr istəyinə mane
oldu?
- Nə bilim, deyəsən, daha çox səyyah olmaq istəyirdim. Bütün
təyyarələrdə uçmaq, bütün gəmilərdə üzmək, küləklərə qoşulub
getdikcə getmək. Çox şeylər mane oldu. Ağır gün-güzəran. Özündən
sonra gələn balacalara kömək və s.
- Heç arzulamısan ki, xalq şairi olasan, amma səmimi
olaq, hərçənd sənin qeyri-səmimiliyini heç görmədim.
- Bilirsən Faiq, elə şeylər var ki, həm istəyirsən, həm
istəmirsən. Bizdə adətən bu şeyləri kiminsə gözünə soxmaq üçün,
kiməsə yanıq vermək üçün istəyirlər. Xalq şairi olmaq
şirnikləşdiricidir. Bu ad bir çox problemlərin həlli deməkdir.
Məncə, xalqın sevimlisi olmaq, içində ülvi və bəşəri keyfiyyətlər
daşımaq, xalqın dərdini-sərini, sevincini tarixini poeziya dilinə
çevirmək, nəcib qayələrlə nəfəs almaq çox gözəldir. Və buna da xalq
şairi adı yox, kötək və şallaq düşür. İndi bizdə elə "yekə" şairlər
var ki, bu ad üçün dili-dodağı təpiyir, dəsmal götürüb gözünün on
yerindən ağlayır. Mənim narahat, təlatümlü nigaran ürəyimi bu adla
ram eləmək mümkün deyil.
İstəyirəm güllər açılsın, güllələr
açılmasın
- Ayaz müəllim, suallarımla yordum səni, bilirəm,
zahirən yorğun görünürsən, ürəyinin yükü çiyninin yüküylə
təndirmi?
- Bəlkə, ürəklə çiyini ayırmayaq, sinonimləşdirək. Asif Ata
deyir ki, "Yükümüzdən böyük fərəhimiz yoxdur". O baxımdan bu fərəhi
daşımaq xoşdur. Bütöv şəxsiyyət olmaq ürək və çiyinin vəhdətindən
keçir. Zahirən yorğunluğuma gəldikdə isə izahı uzun təfsilat tələb
eləmir, yavaş-yavaş qocalırıq.
- Daha nə istəyirsən, hansı gerçəkləşməyən arzularının
gözünün kökünün saralmasına son qoyulmasını?
- Şəxsi arzularımın ağzını qıfıllayıb atmışam bir kənara. Çünki
bizdə adamsız və pulsuz balaca bir arzunu da hərəkətə gətirə
bilməzsən. Mən də ki, bu adamsızlıqla, bu ağrıyla, bu ürəklə, bu
sevgi və bu işsizliklə çətin ki, nəyəsə nail olum. Amma bu, son
demək deyil. Daha işıqlı gələcək üçün - övladlarımız üçün
yağmalanmış torpaqlarımızın azad olunmasını istəyirəm. O taylı-bu
taylı Azərbaycanımızın birləşməsini istəyirəm. Milyon-milyon
Azərbaycan insanının bir bayraq altında toplanmasını istəyirəm.
Daha çox kamillik, daha çox humanistlik istəyirəm. Şair demişkən,
istəyirəm güllər açılsın, güllələr açılmasın.
Ayaz Arabaçının bu istəyinin, bu arzusunun ardınca söhbətin
mövzusunu dəyişdik. Şeirdən danışdıq, şairlərimizin həyatından
dəqiqələri vərəqlədik. Yaradıcılığı və həyatından bəhs etdik... Və
sonda bu qənaətlə ayrıldıq: Şairin son arzusu da, millətin arzusu
da gerçəkləşməyə bilməz.