Yuxarı

Küçənin işığını sındırdım ki... – Sənətçilərin ilk sevgisi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevgi barədə günlərlə, həftələrlə danışmaq, dayanmadan yazmaq olar. Sevgililər dəyişsə də sevgi heç dəyişmir; sürətlə vuran ürək döyüntüləri, çaşqınlıqlar, həyəcanlar, çılğınlıqlar... ilk günlərdə olduğu kimi qalır.

"Axar.az" məşhurlara ilk sevgiləri, sevgililərinin kimliyi ilə bağlı sual ünvanlayıb.

Bəzi məşhurlar hal-hazırdakı həyat yoldaşlarının qısqanclığını bəhanə gətirərək sualdan yayındılar, amma cəsarətli çıxıb ilk sevgi macəralarını danışanlar da az olmadı.

Ondan sonra əllisini sevdim

Yazar Pərviz Cəbrayıl 7-ci sinifdən həyat yoldaşını sevdiyini bildirdi: "İlk sevgim indi evli olduğum qadın olub. Atam onun valideynləri ilə tələbə yoldaşı idi. Mən 5-də oxuyanda onlara gəlmişdik Bakıya, onda gördüm və...

Ondan sonra əllisini sevdim, amma yenə ona qayıtdım. Sonra yenə ayrılıq oldu və 4 il sonra yenidən danışdıq və nöqtə".

Onu sevdiyimi düşünürdüm – uşaqdım...

Yazar Rəbiqə Nazimqızının ilk sevgisi məktəb vaxtı olub: "O, qaraşın idi, sinfimizin ən bəstəboyu. Müəllimənin də, bütün qızların da sevimlisiydi – ağıllı, hazırcavab. İri, qara gözləri ilə seçilirdi. Deyirdilər, boyu çoxbilmişliyindən çıxmır. Yox, bu, sevgi deyildi, amma o zaman belə düşünmürdüm, artıq ilk misralar vardı və bu misraların yazıldığı şagird dəftərinin arxasında onun adı olurdu.

O balaca, qəşəng oğlana marağımın necə öldüyünü xatırlamıram...

Onu sevdiyimi düşünürdüm – uşaqdım..."

Ki, bizi heç kim görməsin...

Əməkdar artist İlqar Cahangir ilk sevgilisi ilə bağlı xatirəsini bircə cümləyə sığdıra bildi: "Yadımdadır, küçənin işığını sındırdım ki, qaranlıq olsun, bizi heç kim görməsin".

Onu gördüyüm gün əsə-əsə evə gəlmişdim

Güneyli yazarımız Sayman Aruz bildirdi ki, indiki ağlım olsaydı, onu heç sevməzdim: "İlk sevdiyim qızın adı Süməyyə idi. Onu gördüyüm gün əsə-əsə evə gəlmişdim. Özüm də bilmirdim niyə bu hallara düşürəm. Sonra bildim ki, sən demə, aşiq olmuşam. Gedib küçənin başında saatlarla dayanırdım ki, o gəlib keçəndə bircə anlıq da olsa, üzünü görə bilim. Sonra da gözdən itənə qədər arxasınca göz səpirdim yollara... Ancaq düzünü deyim, indiki ağlım olsaydı, onu heç sevməzdim. Süməyyə mənim zövqümdə olan qız deyil".

Heç vaxt sevgilim olmayıb...

Şair Elşad Ərşadoğlu bildirdi ki, onun heç vaxt sevgilisi olmayıb: "Heç vaxt sevgilim olmayıb. Mənim sevgim ümumidir, fərdlərə bölünmür".

Ayaqqabılarına vurulmuşdum

"Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin sədri, ssenarist Fehruz Şəmiyevin ilk sevdiyi qızı universitet illərində olub. Adının Məryəm olduğunu deyən Fehruz bəy onun daha çox ayaqqabılarına vurulduğunu bildirdi: "Onun daha çox ayaqqabılarına vurulmuşdum, sonra da saçlarına. Biz heç vaxt bir-birimizə sevgi haqqında danışmadıq. Sadəcə, bir neçə dəfə evlərinə yola salmışam və yolda heç nə danışa bilməmişik. Yəni, mən danışa bilməmişəm. O, şalvar geyinirdi, uzun boyu vardı, daha çox kişi stilinə yaxın kostyum və ayaqqabısı olurdu... Kostyumun üstündən də uzun saçlarını tökərdi. Onun stili daha çox xoşuma gəlirdi, xüsusən, də ayaqqabısı... İlk, sevgim belə olub".

Mən altıncı sinifdə oxuyanda o, evləndi...

Şair xanım Sevinc Elsəvər bildirdi ki, hal-hazırda həyat yoldaşı olan Elsəvərdən başqa heç kim ona dözməzdi: " İlk sevgilim uydurma idi. Hətta 20 yaşlı qızın nağılı adlı şeirimdə də ondan yazmışam. "Yalançı sevgi görüşləri uydurub danışacaqdım rəfiqələrimə" ) Adı Seymur idi. Guya uzaq qohumumuz idi, atası-anasıyla hər axşam bizə gəlir, bir yerdə oynayır, atılıb-düşürdük. Özüm kimi onun da səkkiz yaşı vardı. Gopalogiya. ) Sonra qonşumuzda bir oğlana vurulmuşdum, anası rus idi. Rusdilli idi, özümdən nə qədər böyük idi, aman Allah. Mən altıncı sinifdə oxuyanda o, evləndi. Tanrıya şükürlər olsun ki, qarşıma əsl sevgi çıxartdı. Məncə, Elsevərdən başqa heç kim mənim dəlisovluğuma dözməzdi.

Məncə sevgi illüziyadı, əsas olan doğru adamın adamın qarşısına çıxmağıdı. Biz Elsevərlə bir-birimizi tamamlayırıq. Mən özümü ondan başqasıyla təsəvvür edə bilmirəm. Öz-özümə etiraf edirəm: bax Sevinc, sənin filan çılğınlığına başqası dözməzdi. Ən əsası o, mənim böyük məhəbbətimi- ƏDƏBİYYATI-mənə qısqanmır... Mən daha bundan başqa heç nə istəmirəm ki!"

... bircə dəfə

Şair xanım Elnaz Eyvazlı ömrü boyu cəmi bircə dəfə sevdiyini dedi: "İlk sevdiyim deyəndə ki, mən elə bir dəfə sevmişəm... bircə dəfə. Hər kəsin həyatında alınıb-alınmamasından asılı olaraq, bir neçə dəfə münasibət ola bilər, hətta ailə də qura bilər. Ancaq əsl sevgi bir dəfə olur".

Div qurbağaya aşiq olub

Şair Sevinc Çılğın adını çəkmək istəmədiyi ilk sevgilisinin bir az qorxaq olduğunu dedi: "Adını deməyim, bir az qorxaq oğlan idi, mamasından, papasından qorxurdu, indi adını çəksəm, problemi olar birdən.
Bığ yeri təzəcə tərləmiş oğlan idi, anası da müəllimim olub. Anasını çox sevirdim deyə, onu da "sevirdim". Başqa müəllimlərim də deyirdi ki, div qurbağaya aşiq olub, eybəcərin biri idi. Qaldı uşaqlığımda".

Bütün sinif oğlanları Tamaranı sevirdi

Yazar Cəlil Cavanşirin də ilk sevgilisi uşaqlığında, məktəb vaxtı olub: "İlk dəfə 5-ci sinifdə sevmişəm. Sevginin necə bir şey olduğunu bilmədiyim vaxtlarda. Sinfimizə Rusiyadan bir qız gəlmişdi, Tamara. Atası kəndçimiz, anası rus idi. Məktəbimizdə yeganə sarışını idi. Kiçikdik, ağlımız kəsmirdi. Bütün sinif oğlanları Tamaranı sevirdi. Çantasına başa düşmədiyi Azərbaycan dilində məktublar yazıb qoyurduq. Anam rus dili müəlliməsi olduğu üçün şanslıydım. Anama yalvar-yaxar bir məktub yazdırdım. "Sən gözəlsən, mənim səndən xoşum gəlir. Gəl, birlikdə oturaq". Sabahı cəsarətimi toplayıb məktubu çantasına qoydum. O gündən Tamara mənimlə oturdu və bütün sevgimiz ancaq bütün dərsi bir-birimizə baxmaqdan ibarət olurdu. Evdən onun üçün şirniyyat gətirirdim. Tez-tez anasını xatırlayıb ağlayırdı və mən ona anlamadığı dildə təskinlik verirdim. Deyəsən, səsim onu sakitləşdirirdi.

5-ci sinfi bitirəndə məlum oldu ki, Tamara Rusiyaya qayıtmalıdır. Artıq ortaq bir dil tapmışdıq danışmağa. O Azərbaycanca, mən rusca öyrənirdim. Bir dəfə heç nə deməmiş yanağından öpdüm. Utandı və sinifdən çıxıb qaçdı. O il mən mədrəsəyə oxumağa, Tamara isə Rusiyaya getdi. O vaxtdan 20 ildən çox vaxt keçib və mən onu heç vaxt görməmişəm. Bilmirəm, bu ilk sevgidir, yoxsa yox, amma mənim ilk macəram bu qədər uğursuzdur".

Tarix
2014.02.19 / 09:00
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla