Gənc yazarlardan söz düşəndə, ən çox adı keçən
imzalardan biri şair Aqşin Evrəndir. Fərqli üslubu ilə seçilən şair
tez bir zamanda həm oxucuların marağını çəkməyi, həm də ədəbi
mühitdə söz sahibi olan yazarların müsbət rəyini almağı bacarıb.
Axı hər gənc qısa zamanda bu qədər oxunmağı və tanınmağı bacara
bilmir. Biz də bu uğurun səbəbini öyrənmək üçün şairi bir az
söhbətə tutduq.
Axar.az şair Aqşin Evrənin "Şərq" qəzetinə verdiyi müsahibəni təqdim
edir:
- Evrən təxəllüsünü seçməyinizin xüsusi bir səbəbi
varmı?
- Evrən təxəllüsünün dərin, kodlarla zəngin bir mənası yoxdur.
7-8 il əvvəl dostlar mənə dedi ki, özünə təxəllüs tapmalısan,
bunsuz olmaz (İndi başa düşürəm ki, nə qədər mənasız işlərlə məşğul
imişik). Dostlar özbaşlarına səfərbər olub mənə təxəllüs tapmağa
çalışdı. Bir dəfə təsadüfən televizorda Kənan Evrənin adını
eşitdim. Onda heç Kənan Evrəni tanımırdım. Nisbətən qlobal ruhlu
şeirlər yazdığım üçün fikirləşdim ki, elə burda gizlicə Evrən
təxəllüsünü götürüm, özümü də, dostları da bu zillətdən xilas edim.
Beləcə Evrəni seçdim.
- Çox gənc olmağınıza rəğmən, ədəbi mühitdə özünüzə
məxsus yeriniz var. Belə desək, tez populyarlaşdınız. Kimi deyir,
istedadınız buna yol açdı, kimi də deyir, sadəcə, bəxti gətirdi.
Sizcə, hansı iddia doğrudur? Bəlkə, başqa bir səbəbi
var?
- Əvvəlcə onu deyim ki, populyarlıq öz başlanğıcını sənətdən
götürsə də, bunun sənətə, mətnə heç bir aidiyyəti yoxdur. Yəni bu
hal yaradıcı məsələ deyil. Bəxt məsələsinə gəldikdə isə məncə,
bəxtim gətirsəydi, daha ciddi bir şeydə gətirərdi, populyarlıq kimi
məzmunsuz bir şeydə yox. Doğrusu, mən bəxt, şans, ulduz falı kimi
primitiv, vitaminsiz şeylərə inananda hələ əkiz qüllələr başını
aşağı salmamışdı və dünya da tamam başqa cür idi. Vallah, mənim
haqqımda qalaq-qalaq yazı yazanlarla nəinki həyat, heç Feysbuk
səviyyəsində belə tanışlığımız yoxdur. Yəqin ki, populyarlığın
səbəbi mətnlərdir, çünki heç vaxt qalmaqalla gündəmə
gəlməmişəm.
- Demək olar ki, son zamanlarda istedadlı şair deyəndə
ağıla ilk Aqşin Evrən gəlir. Əksər sorğularda sizin adınız ön
sıralarda yer alır. Yazmağa başlayanda bu qədər seviləcəyinizi və
oxunacağınızı düşünürdünüzmü?
- Doğrusu, bu çox sevilmək, çox oxunmaq haqda heç bir qəti
qənaətim yoxdur. Yəni sual budur: bunlar vacibdirmi? İnsanın iç
kodlarının nümunəsi olan mətn, xarici təsirlərin gücünə ehtiyac
duyurmu? Tutaq ki, şəhərdə, metroda oxucu dostlar yaxınlaşır, tanış
oluruq, söhbətləşirik. Bunlar çox gözəl şeylərdir. Ancaq bunun
mətnin yaranma prosesi ilə heç bir əlaqəsi yoxdur. Məni ancaq ciddi
mətn maraqlandırır, geridə qalanlar məişət təqvimidir. Amma onu da
deyim ki, bu sevgi, hörmət axını mənə çox xoş təsir edir.
- Daha çox hansı mövzulara müraciət
edirsiniz?
- Deyirlər, dünyada iki mövzu var: sevgi və ölüm. Ancaq bir dəfə
şair dostumuz şeirlərimdən 16 dənə mövzu tapdı. Biz həmişə elə
bilirik ki, müəyyən bir mövzuda əsər yazanda, yaxud rəsm çəkəndə
ideyanı, mövzunu özümüz tapmışıq. Əslində isə istedadın yaşantıya
diktə etmək şansı yoxdur. Yaşantı özü istedada diktə edir. Başqa
sözlə desək, biz hansısa mövzuya müraciət etmirik, hansısa mövzu
bizə müraciət edir. İndi dünya siyasi mənzərəsi elə bir hal alıb
ki, adam nəinki şeir yazmağa, bu haqda düşünməyə belə utanır. Sizə
konkret bir misal çəkim, özünüz dünyanın hansı vəziyyətə gəlib
çıxdığını təsəvvür edin: 10 il əvvəl biz dünya ölkələrinə səfər
edərkən oranın təbiəti, abidələrinin olmasını düşünürdük, indi isə
terror olmamasını. Əgər terrorla mübarizə idarəsi terrorçuları
zərərsizləşdirmək üçün məhz terrordan istifadə edirsə, demək,
məsələ bitib. Yaxud İsveçdə insanlar biri-birinin başına tort
çırpır, ancaq ondan bir az aralıda - Afrikada uşaqlar çörək belə
tapa bilmir, palçıq çeynəyir. Yəni hazırda dünya insanının
yaşantısı şeir texnikasından çox-çox yüksəkdə dayanır. Təəssüf ki,
bu dünya baş tutmadı, yenidən başlamaq lazımdır.
- Son dönəmlərdə roman oxucularının sayı artıb. Sanki
şeirə maraq azalıb. Siz necə düşünürsünüz?
- Mənə elə gəlir ki, getdikcə şeirsevərlərin sayı artır. Bu,
sürət əsrində şeirin forma və məzmunca daha rahat, əlçatan olması
ilə bağlıdır. Deyirlər ki, sənət kütləvi ola bilməz. Ancaq məncə,
hər kəs şeir oxumalıdır, şeir həyat tərzidir. Bir neçə gün əvvəl
Türkiyəyə köçən şair dostumuz Elçin Aslangillə danışırdım. Deyirdi,
burda hamı şeir oxuyur, balıqçısından tutmuş, balığına qədər. Şeir
oxuyan, sevən insanın mənəviyyatı daha zəngin olur, o, müəyyən
məsələlərdə daha humanist qərarlar verə bilir. Hər addımda
insanları şeir oxumağa çağırmaq lazımdır. İnsanlarımız, heç olmasa,
həftədə bir dəfə 50 saniyələrini ayırıb şeir oxusunlar.
- Amma son dövrlərdə daha çox roman kitabları çap
olunur. Bəlkə, roman kitabları daha çox təbliğ olunur deyə bizə elə
gəlir?
- Haqlısınız, son vaxtlar daha çox nəsr əsərləri nəşr olunur.
Ancaq nəzərə alaq ki, indi sürət əsrində kağız yaradıcılığı
elektron yaradıcılığa uduzur. Bir misal çəkim: Azərbaycanda heç bir
nəsr əsərini 10 min adam oxumur, ancaq bizim şeirlərimizi
saytlarda, Feysbukda 10 mindən çox oxuyurlar. Yəni nəsr əsərlərinin
daha çox çap olunması onun daha çox oxunması demək deyil.
- Bəzən yazarlar ədəbiyyata şeirlə gəlsə də, ən yaxşı və
oxunaqlı əsərlərini nəsrdə yazırlar. Siz nəsrdə yazmağı
düşünürsünüzmü?
- Yox, hələ ki, nəsr yazmaq planım yoxdur. Bu sahədə təcrübəsiz
olduğumu düşünürəm. Ancaq çox istərdim ki, heç olmasa, qışda adyala
bürünüb ağrı və xoşbəxtliklə oxunan bir roman yazım. Şeir və roman
təkcə forma baxımdan deyil, mahiyyət, texnika və proses baxımdan da
tamam başqa-başqa şeylərdir.
- Feysbukdan söz düşmüşkən, nisbətən yaşlı nəsil hesab
edir ki, əvvəllər yalnız istedadı olan şairlər tanınardı, oxunardı.
Amma sosial şəbəkələr hamını şair elədi. 5-10 bəyənməsi olan da
toy-da mağarda özünü tanınmış yazar kimi təqdim edir. Bu, gənclərə
qarşı qısqanclıqdı, yoxsa reallıq...
- Reallıqdır. Ağsaqqallarımız düz buyurub. Ancaq bir şey var ki,
həmin gəncləri şair eləyən də elə o ağsaqqallardır. Bir də
görürsən, kifayət qədər ciddi mətn yazan yaşlı bir şairimiz status
səviyyəsində belə misra yaza bilməyən bir gənc haqqında tərif dolu
yazı yazır. Bununla o, təkcə öz içinə xəyanət eləmir, həm də gözəl
bir dostumuzun həyatını məhv edir. Bəlkə də o gənc gedib yaxşı bir
fizik, ya da iqtisadçı olacaqdı. O şairin yazısı nəticəsində heç
sıfır tam onda beş şair belə ola bilmədi. Doğrusu, bu şeylər artıq
məni narahat etmir. Yazan hər kəsə xeyli uğurlar. Bu, çox faciəli,
ağrılı yoldur, ümumiyyətlə burda uğur anlayışının olması da sual
altındadır.
- Şair üçün vacib olan nədir, istedad, yoxsa
intellekt?
- Şair üçün iki şey vacibdir: məişət səviyyəsində reallıq
hissini itirməməsi və sənət səviyyəsində reallıq hissini
itirməsi.
- Maraqlıdır, şeirlərinizin ilk oxucusu kim
olub?
- Qrup yoldaşım, əziz dostum Aytən. Həmişə deyirdi ki, vaxt
gələcək, sənin şeirlərini əzbər biləcəklər. Doğum günüm ərəfəsində
də bunu mənə xatırlatdı. İlk dəfə yazdıqlarımı o oxuyub.
Universiteti birlikdə oxumuşuq, bir partada otururduq, dəftərim
olmurdu deyə, ondan vərəq alıb yazırdım, sonra verirdim ki, saxla,
qaytararsan. Keçən dəfə onda qalan şeirlərdən, mətnlərdən birinin
şəklini çəkib göndərmişdi. Bu artıq təkcə şeir deyildi, həm də bir
ton xatirə idi.
- Yazarlar arasında şeirlərinizi yazandan sonra
qiymətləndirmə üçün göndərdiyiniz biri varmı?
- Yox, heç vaxt heç kimə göndərib fikrini soruşmamışam. Təbii,
bədii istedadına, təfəkkürünə inandığım qələm adamları var, ancaq
heç vaxt öz yaşantımı müzakirə etməmişəm. Bu, insanın öz yataq
otağını, çarpayısını TV-də canlı yayımlaması kimi bir şeydir. Ancaq
nəsr yazsam, ən ağsaqqalından tutmuş ən gəncinə qədər - hər kəsdən
məsləhət ala bilərəm. Hər insandan, ağacdan, quşdan, dayanacaqdan
öyrənmək mütləq şəkildə lazımdır.
- Ayxan Ayvazın Aqşin Evrəni Ramiz Rövşəndən böyük şair
hesab eləməsi xeyli müzakirə olundu. Siz özünüzü Ramiz Rövşəndən
böyük şair hesab edirsiniz?
- Əvvəlcə, böyük şair anlayışının mahiyyətini müəyyənləşdirib
baxmaq lazımdır ki, Azərbaycanda böyük şair varmı? Məncə, böyük
şair faktı gözəl mətn yaratmaqla məhdudlaşmır. Areal olaraq da
böyük olmaq lazımdır. Tutaq ki, İslandiyada məktəbli bir qız sənin
şeirini oxuyub xoşbəxt olmalıdır və ya ağrımalıdır. Ramiz Rövşən
məsələsinə gəlincə, bir çox yazıçı, şair özü üçün bir hədd qoyur:
tutaq ki, "mən filan şairi keçəcəm, ondan daha yaxşı yazacam", -
deyir. Amma mən heç vaxt ədəbiyyatda hündürlüyə tullanmaq üzrə
çempionata qatılmamışam. Qatılsaydım, bu şair heç vaxt Ramiz
müəllim olmazdı. Mən özüm üçün bir hədd qoysaydım, bu hədd Nazim
Hikmət olardı.
- Elxan Zal müsahibələrindən birində demişdi ki,
"Vaxtsız tərifin Aqşinin taleyində necə mənfi rol oynadığını
gördük". Həm adaşsınız, həm də siz də eynən Yenisey kimi Azərbaycan
oxucusu tərəfindən tez sevildiniz. Tərif edənləriniz də çoxdur.
Necə düşünürsünüz, doğrudan da vaxtsız tərif istedada kölgə sala
bilir?
- Düzdür, bu hal baş verə bilər. İnsan tərif və özünəməftunluq
sindromuna tutulanda istedad onu bağışlamır. Bunu idarə etmək iradə
yox, xarakter məsələsidir. Məsələn, indi ortada normal bir misrası,
cümləsi olmayan gənclər həddindən artıq özünəməftunluq sindromuna
tutulur (Utanmasalar, özlərinə eşq elan edərlər). Beləcə,
ədəbiyyatda doğulmamış ölürlər. Həm də bu ölüm çox biabırçı ölüm
olur. Baxırsan ki, gül kimi uşaqdır, ancaq bütün gün özünü biabır
eləməklə məşğuldur.
Tərifin istedadı məhv etməsi məsələsinə gəlincə, mən özüm haqda
bu fikirdəyəm ki, ən yaxşı mətnimi hələ yazmamışam. Bu təriflər də,
xoş sözlər də məndə heç bir özündənrazılıq, təkəbbür hissi
formaşdırmır, çünki xarakterim buna imkan vermir. Markesin
populyarlıq haqda gözəl bir fikri var. Deyir ki, "Şöhrət cıdır atı
kimi bir şeydir. Ya o səni belinə alıb, hara gəldi aparacaq, ya sən
onu ram edəcəksən. Əgər şöhrətin ipini boş buraxsan, o səni aparıb
dəbə mindirəcək və sən əvvəl-axır dəbdən düşməli olacaqsan, onda
vay halına".
- Bir az da hədəflərinizdən danışın. Azərbaycan
ədəbiyyatında hansısa mövqeyə sahiblənmək iddianız
varmı?
- Hazırda poeziya ilə bağlı qarşıma böyük hədəf qoymamışam.
İstər Rusiyada, istərsə də Azərbaycanda qələm adamları dəfələrlə
mənim yaxın 10-15 ildə hətta Nobel mükafatına təqdim olunmağımla
bağlı fikirlər deyib. Ancaq vallah, əvvəllər bu haqda düşünürdümsə
də, indi düşünmürəm. Hazırda ancaq öz üzərimdə işləməliyəm,
oxumalı, baxmalı, öyrənməli, yaşamalıyam. Uzaq xəyallar qurub
reallıq hissimi itirmək mənim üçün intihara bərabər olar. Gələcək
planlarım sırf kinematoqrafiya ilə bağlıdır. Zatən, indi qələm
adamlarının arzularını görəndə adam nəinki özünə, qonşusuna da bir
şey arzulamağa xəcalət çəkir. Bir də görürsən biri deyir, ən böyük
arzum Xalq şairi adını almaq və ya Fəxri Xiyabanda basdırılmaqdır.
Təsəvvür edirsiniz, bu nə deməkdir? Adam bu dünyada şöhrət
qazanmaqla kifayətlənmir, hətta ölümdən sonra da şöhrət qazanmaq
istəyir. İnsanda şöhrət hissinin əxlaqsızlığına baxın. Belə adam
heç vaxt böyük mətn yarada bilməz. Bu artıq görməmişlik deyil,
psixoloji xəstəlikdir.
İnsanın arzuları onun mahiyyətini göstərir. Özüm isə heç nə
yox... istərdim ki, 300 il sonra bir uşaq hansısa misramı oxuyub,
gedib atasını qucaqlayıb, onu çox sevdiyini desin.