Xalq artisti, bəstəkar Eldar
Mansurovun "1937.az"a müsahibəsini təqdim edirik:
– Eldar müəllim, son vaxtlar müğənnilərlə az işləməyiniz
adınızın da az çəkilməsinə səbəb olur. Bu, sizi narahat etmir
ki?
– Yox. Hər şeyin öz vaxtı var. 1980-90-cı illərdə, 2000-ci
illərin əvvəlində musiqilərimə görə adım çox hallanırdı. Son
zamanlarda isə televiziya verilişlərinə estradamızın ağsaqqalı kimi
hər hansı məsələyə fikir bildirmək üçün dəvət olunuram. Musiqimizin
durumu, hər hansı ifaçı haqqında söhbətlərimiz olur.
İndi o dövrdəki kimi mahnılarımı ifa edən müğənnilər yoxdur.
Əsasən gənc ifaçılardır. Mübariz Tağıyev, Rəna Qasımova, Eldar
Raufoğlu kimi ifaçılara mahnılarımı yenə təqdim edirəm. Amma bir
vaxtlar mənim bəstələrimi oxuyan Aygün Kazımova, Brilyant Dadaşova,
Ağadadaş Ağayev indi başqa mahnılar oxuyurlar. Onları da qınamıram,
bu, yaradıcılıqdır. Həmişə Eldar Mansurovun mahnısını oxumaq olmaz
axı. Həm də biz artıq sözümüzü demişik də.
– Bəs musiqimizin bugünkü durumunu necə xarakterizə
edərdiniz?
– Bilirsiniz, hər dövrün öz qanunauyğunluqları var. 90-cı
illərdə vəziyyət başqa idi, bu gün başqa. Mən indiki vəziyyəti
pisləsəm, düz çıxmaz. Azərbaycan musiqisinin inkişafının pik
nöqtəsi 60-cı illərdə olub, 70-ci illərdən yavaş-yavaş sönməyə
başlayıb. Ən gözəl ifaçılar da həmin illərdə olub. O dövrün Akif
İslamzadə kimi səsi olub. Bu günün ifaçıları isə bu günə məxsusdur.
Aygün Kazımova, Brilyant Dadaşova 60-cı illərdə meydana
çıxsaydılar, oxuya bilməzdilər. Onların zamanı məhz 80-ci, 90-cı
illər idi. Hər kəs öz dövründə gəlir, nəsə deyib gedir.
Bu gün estradamız çox zəifləyib. Ola bilsin ki, iyirmi ildən
sonra vəziyyət daha da dəyişəcək.
– 60-cı illərə qayıdanda, dediyiniz kimi, Akif İslamzadə
və çəkəcəyimiz çox ad var. Bəs bu gün kimin dövrüdür, iyirmi ildən
sonra kimin adını çəkə biləcəyik?
– Bu gün müğənnilik eləyən çoxdur, aralarında istedadlıları da
var. Şövkət Ələkbərova, Mirzə Babayev, Yalçın Rzazadə, Hüseynağa
Hadıyev, hərəsi öz onilliyində ad qoyub, amma bu gün gələcəkdə
parlayacaq belə bir ad görmürəm. Bəlkə də, olacaq, amma indi
yoxdur.
– Bunu musiqimizin tənəzzülə uğraması kimi
qiymətləndirmək olarmı?
– Tənəzzülə uğramır, hər dəfə yeni inkişaf tərzi yaranır. Mən
bugünkü inkişafdan razı deyiləm. Mən başqa dövrdə dünyaya göz
açmışam, başqa dövrdə təhsil almışam, başqa dövrün adamları ilə
ünsiyyətdə olmuşam. Bugünkü gənclərlə söhbətim tutmur.
– Əslində, digər yaradıcılıq sahələrində də ötən illərlə
müqayisədə durğunluq müşahidə edilir və bunu belə izah edirlər ki,
dövr yetişdirmir. Siz necə düşünürsünüz, problem
nədədir?
– Biz uşaq vaxtı aşıq-aşıq oynayardıq. Kinoya, teatra gedirdik,
qalın-qalın kitablar oxuyardıq. Bu gün bütün bu sahələrdə boşluq
var. Bu gün hərənin əlində bir telefon, sosial şəbəkələrdədir. Heç
kinoteatra gedən də yoxdur. Əvvəl şairlər vardı, bu gün onlara söz
yazarı deyirlər. Onlar, sadəcə, sözləri bir-birinə yapışdırırlar.
Bu qədər oxuyan var, amma onlar müğənni deyil. Müğənni başqa
şeydir. Bu gün bəstəkar sözü də hörmətdən düşüb, hər yerindən duran
mahnı yazır. Peşəkarlıq itib-batıb.
– Əsas gətirirlər ki, tamaşaçının, çoxluğun tələbi
budur. Amma bəlkə, elə o bayağı mahnıları təbliğ etməklə zövqü
korlayıb, bu mərhələyə gətirib çıxarıblar?
– Tamaşaçının, dinləyicinin zövqü dəyişib. Televiziyalar pul
alıb kimi gəldi efirə buraxmağa başladılar. Peşəkar da özünü
yaraşdırmır ki, pul verib efirə çıxsın. Əksinə, peşəkara pul verib
efirə çıxarmaq lazımdır. Həvəskarlar pulla efirə əllərinə aldılar.
Televiziya rəhbərləri də gördülər ki, yaxşı gəlir mənbəyi var, elə
o həvəskarlardan yapışdılar. İndi də başlarını divara döyürlər ki,
sənət ölüb. Bizi çağırırlar ki, gəlin danışın. Nə danışaq axı?
Media orqanları yerindən duranı göylərə qaldırıb ulduz elədilər.
İndi o ulduzlar yoxdur, hamısının bir atımlıq barıtı var idi.
Gözəl-gözəl qızları yarıçılpaq efirə çıxarırlar. Bu gün bizim
cəmiyyəti də maraqlandıran odur ki, hansı oxuyan soyundu? Onların
sənətindən söhbət getmir. Verilişlərdə ifaçıların qarderobunu açıb,
alt paltarlarını göstərirlər. Abır-həya itib. Nə vaxt televiziyanı
açırsan, xörək bişirirlər. Artıq sona gəlib çatmışıq. Bizim
tamaşaçını sənət yox, soyunmaq maraqlandırır.
Nə vaxt medianın, tamaşaçının tələbi dəyişəcək, onda müğənnilər
də ayılacaq ki, onlara mənim soyunmağım yox, oxumağım lazımdır.
– Eldar müəllim, artıq yaşınız altmışı keçib. Musiqidə
yaş özünü necə göstərir, bəstələriniz də yaşlaşır,
kamilləşirmi?
– Hər adam özünü yazır. Mənim dünyagörüşüm necədirsə,
musiqilərim də elədir. Çünki bəstələdiyim musiqilər mənim bir
parçamdır, məndən qopur. Mənim övladım mənə oxşadığı kimi, yazılan
musiqilər, şeirlər də elədir.
– Yəni musiqinin ritmindən, notundan anlamaq olur ki,
bu, gənc, yoxsa yaşlı bəstəkara aiddir?
– Bəli. Hətta musiqini dinləyən kimi bilirsən ki, onu qadın
yazıb, yoxsa kişi.
– Nə fərqləndirir onları?
– Qadın mənim xarakterdə ola bilməz. Qadının xasiyyətində
qısqanclıq, xanımlıq var. Kişilərdə başqa cürdür. Mən Elza
İbrahimovayla Ramiz Mirişlinin musiqisini o dəqiqə ayırd
edirəm.
– Sizin ən məşhur bəstəniz "Bayatılar"dır. Maraqlıdır,
insan hansı hissləri keçirməlidir ki, o musiqini yaza
bilsin?
– Mənim də bəxtimə "Bayatılar" düşüb. İndi mən öyünüm ki, mənim
musiqim dünyada səslənir? Yox, Allahın verdiyi payla öyünməzlər.
Bu, mənim naxışımdır.
O musiqini necə yazdığımı bilsəydim, çoxdan bu barədə kitab
yazmışdım.
– Məsələn, Gövhər Həsənzadə deyirdi ki, mənim üçün ən
asan iş musiqi bəstələməkdir. Sizin üçün bu proses necə izah oluna
bilər?
– Ən asan? Mən onlar kimi düşünmürəm, məni fərqləndirən də
budur. Kim izah edə bilər ki, məhəbbət necə hissdir? Bilirsən ki,
aşiq olduğun adamı sənə sevdirən nəsə var, amma nə olduğunu heç cür
bilmirsən. Bu da elə bir şeydir. Musiqi özü gəlir, yazırsan.
Oturum, istənilən şeirə musiqi bəstələyim, bu, yaradıcılıq deyil.
Bu, pinəçilikdir, mıxı götürüb ayaqqabıya vurursan. Yaradıcılıq
başqa şeydir.
Mən necə yazdığımı izah edə bilmirəm. Bilmirəm, nə vaxt gəlir,
necə gəlir... Boğazdanyuxarı əsərlər yadda qalmır. Tofiq Quliyev
çox mahnı yazmayıb, amma hamısı yadda qalıb. Çünki boğazdanyuxarı
yazmayıb.
– Hansı bəstəkarı dindirirsən, deyir, mahnılarımı
satmıram, hədiyyə edirəm. Bəs Azərbaycan bəstəkarı nə ilə
dolanır?
– Yox, əsərlər də satmışıq, burda ayıb bir şey yoxdur. Birdən də
mahnı havayı başa gəlir, amma onun efirdə təqdim olunması baha başa
gəlir. Bu gün inanmıram ki, kimsə mahnı satır, mahnı alır. Müğənni
gedib aranjimançıya pul verir, o da türk, rus estradasından bir-iki
mahnı götürüb, bir-birinə calayır, olur mahnı. Bəstəkar yaddan
çıxıb artıq.
– Hansısa siyasi liderə həsr edilmiş şeirə musiqi
bəstələmisinizmi?
– Bəstələmişəm. Heydər Əliyevə, İlham Əliyevə mahnı yazmışam.
Çünki onların apardığı siyasəti mənim dünyagörüşümə uyğundur. Yeri
gələndə, vətənpərvər mahnılar da yazmışam.
– Cəmiyyətimizdə belə bir tənqidi fikir var ki, bizim
sənətçilər digər ölkələrdəki kimi hər hansı prosesdə ictimai mövqe
nümayiş etdirmirlər, xalqın yanında olmurlar.
– Mən də xalqdanam. İqtidar da, müxalifət də xalqdır. Hamısı
azərbaycanlıdır, hərəsinin öz fikri var. Elə düşünürlər ki,
yaradıcı adamlar fikir bildirməyə qorxurlar. Niyə qorxurlar ki?
Mənim öz fikrim var, həmişə də öz fikrimdə qalıram. Mən bu gün
aparılan siyasətlə razıyam.
– Televiziyada yayımlanan mahnı müsabiqələrinin
münsifləri ilə razısınızmı, sizcə, onlar musiqimizi qiymətləndirmək
iqtidarındadır?
– Məni o verilişlərə münsif kimi çağıranda getməməyə çalışıram.
Çox vaxt dəvətləri rədd edirəm. Çünki mən bir söz deyirəm, onlar
başqa söz. Belə desək, sözüm keçmir, ona görə də getmirəm.
– Elə siz və sizin kimilər getmirsiniz deyə bizim
musiqimizi Namiq Qaraçuxurlu dəyərləndirir.
– O hansı müsabiqədə münsifdir ki?
– ATV kanalında yayımlanan "Azərbaycanın səsi"
yarışmasında.
– ATV hələ Azərbaycan kanalı demək deyil. Mən, ümumiyyətlə,
bizim kanallara, demək olar ki, baxmıram. Baxdığım ancaq AzTV və
İctimai televiziyadır.
– Eldar müəllim, siz Sovet dövründə doğulub yetişmiş
adamsınız. Bu, sizin dini inancınıza təsirini
göstəribmi?
– Mən dindar deyiləm, namaz qılmıram. Amma ürəyim Allahladır,
Allahsız yaşamaq mümkün deyil. Bizdən asılı olmayan şeylər
var...