O, bu ilin mayında Birləşmiş
Millətlər Təşkilatındakı işini buraxıb, çoxdankı arzusunu -
velosipedlə dünyanı dolaşmaq arzusunu reallaşdırıb. Və elə o
vaxtdan veloyürüşə çıxaraq Yer kürəsini gəzir. Söhbət səyyah Tural
Abbasovdan gedir.
Onun Axar.az-a verdiyi müsahibəni təqdim edirik:
- Tural bəy, əvvəlcə özünüzü oxucular təqdim
edin.
- 1981-ci ildə Bakıda anadan olmuşam. Subayam. Bakı Dövlət
Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr və
magistr dərəcələrim var. Velosiped sürməyi çox sevirəm. Habelə
günəşi, dənizi, səyahət etməyi, musiqini, kitab oxumağı, dadlı
yeməkləri və qəlyan çəkməyi də sevirəm.
2014-cü ilin sentyabrında ilk velosəyahət təcrübəsi kimi
Azərbaycan üzrə 600 kilometrlik yürüş etdim. 2015-ci il mayın
sonlarında Birləşmiş Millətlər Təşkilatındakı işimi buraxıb,
çoxdankı arzumu - velosipedlə dünyanı dolaşmaq arzusunu həyata
keçirməyə başladım.
- Bu veloyürüşdə hədəf və məqsəd nədir?
- Əsas məqsədim yolda yaşadığım həyatdan maksimum təəssürat və
zövq almaqdır. Bu səyahət mənə azadlıq hissi bağışlayır, fiziki və
psixoloji sınaqlara çəkərək bədənimi və ruhumu möhkəmləndirir,
təbiət və insanlarla birbaşa ünsiyyət qurmağa, dünyamızı daha yaxşı
dərk etməyə imkan yaradır. Bunlar çox gözəl duyğulardır.
- İndi hardasınız, hara gedirsiniz, ətrafda nələr
görürsünüz ?
- Hazırda Çinin Yunnan əyalətindəyəm. Kunminq şəhərinə doğru
gedirəm. Yolum cənub-şərqi Asiyayadır. Dekabrın ortalarında Laosa
keçməyi planlaşdırıram. Çinin bu diyarı yaşıl, mülayim iqlimlidir,
insanları qonaqpərvərdir. Burda səyahət etmək çox xoşdur.
- Sizin qida, su və digər ehtiyaclarınız hansı şəkildə
təmin olunur?
- Gündəlik ehtiyaclarımı özüm, yəni öz vəsaitim hesabına
qarşılayıram. Özümlə bir-iki günlük qida və su ehtiyatı daşıyıram.
Bəzən çöl şəraitində yeməyimi özüm bişirirəm. Amma məsələn, Çində
buna qətiyyən ehtiyac yoxdur. Burda hara baxsan, dadlı yemək var,
özü də çox ucuz. Xüsüsən də meyvə-tərəvəz boldur.
- Hansı ölkələrdən küçmisiz?
- Bu günlük aktivimdə beş ölkə var – Qazaxıstan, Özbəkistan,
Tacikistan, Qırğızıstan və Çin. Dünyada ikinci ən hündür dağlıq
beynəlxalq tras olan Pamir traktını velosipedlə keçməyi hələlik
özümün ən vacib nailiyyətim hesab edirəm.
- Getdiyiniz yerlərdə Azərbaycan haqda nə dərəcədə
məlumatlıdırlar?
- Əlbəttə, Orta Asiyada Azərbaycan haqda məlumatlı olmayan insan
tapmaq çətindir. Məsələn, bizdən böyük nəslin nümayəndələrinin bir
çoxu Sovet ordusunda azərbaycanlılarla birgə və ya elə Azərbaycanın
özündə qulluq edib, cavanların isə çoxu Rusiyada bizimkilərlə
işləyib və s.
Yəni deyəndə ki azəriyəm, əksər hallarda "ooo, qardaaş" sözünü
eşidirdim. Özümü qətiyyən yad hiss etmirdim. Amma onu da deyim ki,
bir çox insanlarda elə təəssürat var ki, biz neft ölkəsi olduğumuza
görə hamımız milyonerik və yağ-bal içində üzürük. O ki qaldı Çinə,
burda Azərbaycan haqda nəsə bilən adama hələ rast gəlməmişəm.
- Vətənə qayıtmağı nə vaxta
planlaşdırmısız?
- Qayıtmaq haqda dəqiq təxminim yoxdur. Hələlik sadəcə, irəli
getmək haqda düşünürəm. Əgər maddi imkanım və fiziki sağlamlığım
ilə bağlı problemlər yaşanmasa, dünya ətrafında dövrə vurmaq
istəyirəm.
Yəni bundan sonra cənub-şərqi Asiya, Avstraliya, Şimali və
Cənubi Amerika və Avropadan keçməyi planlaşdırıram. Bu isə 1,5-2
illik yol deməkdir.