Ermənistanın Baş naziri Nikol Paşinyan dördüncü respublikanın üçüncü respublikadan nə ilə fərqlənəcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yerləşdirdiyi videoda deyib.
Paşinyan bəyan edib ki, hakim partiya dördüncü Ermənistan Respublikasının yaradılmasını özünün strateji hədəfi elan edir:
“Dördüncü respublikanın yaradılması məqsəd kimi partiyanın qurultayda qəbul etdiyi bəyannamədə öz əksini tapıb. Çox adam üçüncü və dördüncü respublikalar arasında nə fərq olacağını soruşur. Fərq budur: üçüncü respublika müharibə məntiqinə, dördüncü respublika isə sülh məntiqinə əsaslanır. Üçüncü respublikada konstitusiyanın xalqın iradəsini azad ifadə etməsi və səsvermə yolu ilə qəbul edilməsi böyük şübhələr yaradır, halbuki dördüncü respublikada belə şübhələr olmamalıdır. Üçüncü respublikada xalqın hakimiyyəti nisbi və formal xarakter daşıyır, dördüncü respublikada bu, aydın və mübahisəsiz olmalıdır. Nəhayət, üçüncü respublika Vətən xəyalları, arzulanan Vətən axtarışlarıdır, dördüncü respublikada isə - Ermənistan respublikası bizim arzularımızın Vətənidir və Vətəni axtarmağa ehtiyac yoxdur”.