Avropa tarixinin ən parlaq şəxsiyyətlərindən biri də
fransalı sərkərdə, imperator Napoleon Bonapartdır. Napoleon
Bonapartın hakimiyyətə gəlməyi, taxta yiyələnməyi və dünyaya meydan
oxuması barədə çoxsaylı faktlar, dəlillər var. Amma biz bu gün
sərkərdənin həyatı yox, ölümü barədə danışacağıq. Çünki bu günə
qədər də Napoleonun ölümü ətrafında müəyyən söz-söhbətlər gəzir,
imperatorun öz əcəli ilə yox, zəhərlənərək öldürüldüyü iddia
edilir.
Axar.az ölkə.az-a istinadən məşhur sərkərdənin ölümünə dair
faktları və iddiaları təqdim edir.
İlk öncə ondan başlayaq ki, Napoleonun vəsiyyətində belə bir
cümlə keçir: "Mən vaxtından əvvəl, ingilis oliqarxları və onların
tutduğu qatilin əlindən ölürəm". Elə bu cümlə monarxın həqiqətən də
qətlə yetirildiyi fikrini gücləndirir.
İmperatorun ölümü
İmperator Müqəddəs Yelena adasına general Anri Qasyen Bertran,
general Şarl Tristan Montolon, Lui Jozef Marşan, qraf de Las Kaz və
12 nəfər xidmətçi müşayəti ilə təşrif buyurdu. Bu adamlardan
bəziləri ailələri ilə gəlmişdilər.
Napoleon 1821-ci ildə Müqəddəs Yelena adasında vəfat edib. Onun
ölümündən sonra Avropa monarxları rahat nəfəs aldılar. Çünki hətta
əsirlikdə olan sərkərdə böyük nüfuza malik olduğu üçün real təhlükə
sayılırdı. İmperator sağlam idi və Köhnə Dünyaya qayıdaraq yenidən
özünü göstərmək fikrində idi. Bu səbəbdən Napoleonun ölümü bir
çoxları üçün arzuedilən idi.
Sərkərdənin yazdığı vəsiyyətnaməyə əsasən, onun ingilis
oliqarxları tərəfindən tutulmuş qatilin əli ilə öldürüldüyü ortaya
çıxır. Onu adaya həbs etmiş ingilislərdən qisas ala bilməyən
Napoleon ölümündə onları günahlandırır. Bu günə qədər də İngiltərə
imperatorun ölümündə günahkar olmadığı fikrini müdafiə edir.
İmperatorun ölümünü tək ingilislər
istəmirdi
Napoleonun ölümü təkcə ingilislərə yox, fransızlara da sərf
edirdi. O dövrdə Fransa Burbonların reformasiyasından keçirdi və
18-ci Lüdoviq gözəl anlayırdı ki, Napoleonun adı olan yerdə onun
hakimiyyəti əbədi deyil. Kral həmişə Bonapartdan çəkinirdi.
Eyni zamanda, Fransa kralı bilirdi ki, fransızların əksəriyyəti
sərkərdəyə sadiqdir. Amma qorxularından bunu dilə gətirə
bilmirlər.
Kralın qorxuları reallaşdı. 1820-ci ilin fevral ayında Burbonlar
sülaləsinin sonuncu nümayəndəsinə qarşı sui-qəsd təşkil edildi. O,
Fransa taxt-tacının real varisi idi. 18-ci Lüdoviqin övladı yox
idi. Onun qardaşı qraf Dartua və Dartuanın böyük oğlunun da övladı
yox idi. Bu səbəbdən Burbon hersoqu Berrinin qətli sülalə üçün
böyük faciəyə çevrildi. Hersoqu Napoleonun əsgərlərindən biri,
Luvel qətlə yetirdi. Əsgər imperatorun əmri ilə hərəkət edirdi.
Sərkərdə haqda şayiələr
Napoleon ingilislər tərəfindən Müqəddəs Yelena adasına sürgünə
göndərildikdən sonra onun taleyi barədə çoxlu şayiələr dolaşmağa
başladı. Bəziləri onun güllələndiyini, bəziləri boğulduğunu,
bəziləri də asıldığını deyirdi. Hətta bəzi şayiələrdə imperatorun
qayadan yerə atıldığını və öldüyü də deyilirdi. Bununla bərabər
Napoleonun adadan qaçaraq Türkiyədə ingilislərə qarşı ordu
topladığını deyənlərin sayı da çox idi. Bəlkə də bu səbəbdən onun
ölüm xəbərinə çox adam inanmamışdı.
Napoleonun ölüm səbəbi
Napoleonun ölümünün səbəbi bu yaxın vaxtlara qədər də tam dəqiq
bilinmirdi. 1840-cı ildə onun qalıqları üzərində ekspertiza
keçirilsə də, dəqiq səbəb ortaya çıxmadı. Bəlkə də ortaya çıxan əsl
faktlar gizlədilib? Kim bilir... Ekspertizadan sonra imperatorun
nəşi Parisin mərkəzində dəfn edilib.
Xəstəlik
Napoleon sürgünə göndəriləndə çox sağlam idi. Amma 6 il ərzində
belə bir sağlam adam hansı ölümcül xəstəliyə düçar ola bilərdi? Bu
barədə də dəqiq və dolğun məlumat yoxdur. İddialara görə, imperator
mədə xərçəngindən vəfat edib. Onun atası da bu xəstəlikdən
dünyasını dəyişib. Amma Napoleonda bu xəstəliyə dair heç bir sübut
təqdim edilmir.
Saç tükü və uzun tədqiqat
Bu yaxınlarda isveç həkim Sten Forsxuvud imperatorun ölümünə
dair şok faktlar ortaya çıxarıb. Həkim və kimyagər Sten eyni
zamanda tarix elminə böyük maraq göstərir. Təsadüfən onun əlinə
imperatorun tükü keçir. Bu tükü Napoleonun sadiq xidmətçisi ailə
üzvlərinə paylayıbmış.
Sten imperatorun əsl ölüm səbəbini araşdırmağa başlayır. Onun
xərçəngdən əziyyət çəkməsi də həkimi şübhəyə salır. Buna görə də
Bonapartın həyatının son aylarını tədqiq etməyə başlayır.
İmperatorun sadiq nökəri Lui Marşan bu barədə kifayət qədər dolğun
material yazıb qoymuşdu. Marşan xatirələrində sərkərdənin xəstəlik
müddətini bütün detalları ilə təsvir edib.
Forsxuvud toksikoloq olduğu üçün Napoleonda kiçik dozalarla
hansısa zəhər vasitəsilə tədricən zəhərlənmə zamanı ortaya çıxan
simptomları aşkar etdi. Napoleon dövründə ən geniş yayılmış zəhər
siçan dərmanı idi.
Avropada bir çoxları yaxınlarını bu zəhər vasitəsilə aradan
götürürdü. Siçan zəhərini qurbanın qidasına tədricən kiçik
dozalarla qatdıqda, o, geniş yayılmış xəstəlik simptomları ilə
dünyasını dəyişirdi. Nəzərə alsaq ki, o dövrdə Avropada bütün
xəstəliklər elə dərmanla müalicə olunurdu ki, onları qəbul etdikdən
sonra orqanizmdə siçan zəhərinin izi belə qalmırdı. Ən təcrübəli
həkim də meyidi yarsa, əsl ölüm səbəbini tapa bilmirdi. Stenin
tədqiqatının nəticəsində məlum oldu ki, Napoleonun xəstəlik
simptomları tədricən zəhərlənmənin nəticəsində yaranmışdı.
Əldə edilən saçın laboratoriya analizində isə ölüm anında
imperatorun bədənində olan siçan zəhərinin miqdarı normadan 13 dəfə
çox olması aşkarlanır. Beləliklə, Napoleonun siçan zəhəri
vasitəsilə qətlə yetirildiyi üzə çıxır.
Bir sıra analizlərdən sonra, imperatorun adaya sürgündən sonra
tədricən zəhərləndiyi faktı da üzə çıxır.
Cinayətkar kim idi?
Napoleonun etibar etdiyi adam və casus korsikalı Siprianinin
müəmmalı ölümü cinayətin ilk siqnalı idi. İmperatorla korsikalı
arasında uzun illərə dayanan münasibət var idi. O, sərkərdənin
bütün tapşırıqlarını yerinə yetirirdi. Bu səbəbdən Sipriani
imperatorun qətlə yetiriləcəyini anlaya biləcəyi üçün yüksək dozalı
zəhərlə əvvəlcədən qətlə yetirilmişdi. Korsikalının cəsədi və qəbir
daşı da adadan yoxa çıxdı. Çünki sonradan onun da meyidi yarıla
bilərdi və ölüm səbəbi ortaya çıxardı. Korsikalının öümü heç adanın
kitabçasına da qeyd edilməmişdi.
Günahkar kimdir?
Bonapartın ölümündə Fransa aristokratiyasının nümayəndəsi qraf
Montolon şübhəli bilinən şəxslərdəndir. Qraf Dartua ilə əlaqələri
olan zadəgan idi və bir neçə dəfə Napoleona qarşı sui-qəsd təşkil
etmişdi.
Montolon vəzifə səlahiyyətlərindən istifadə edərək törətdiyi
cinayətlərə görə həbs edilə bilərdi. Buna görə də Dartuanın əmri
ilə Müqəddəs Yelena adasına göndərildi ki, məhkəmədən boyun qaçıra
bilsin.
Adada bütün təsərrüfat işləri qrafın boynuna düşdü. Ona görə də,
Napoleonun tədricən zəhərlənməsində şübhəli bilinən şəxslərin
başında onun adı dayanır. İmperatora xüsusi olaraq Konstansiya
çaxırı gətirilirdi. Onun yaxın çevrəsi isə başqa çaxır içirdi.
Çaxır adaya çəlləklərdə gətirilir və burada şüşələrə tökülürdü. Bu
səbəbdən qatil üçün zəhəri əlavə etmək elə də çətin deyildi.
Sərkərdənin vəfatı
1820-ci ildə imperatorun xəstəliyi kəskinləşdi. Yəqin ki,
Burbonlar hersoq Berrinin ölümünün qisasını alırdılar. Qraf Daruta
imperatordan qurtulmaq qərarını icra etdi.
İmperatorun həkimi və vəsiyyətnaməsi
1818-ci ilin 21 sentyabr tarixində Françesko Antomarki adaya,
imperatoru müayinə etməyə gəlir. O, 5 may 1821-ci il tarixinə
qədər, yəni Napoleonun son gününə qədər adada qalır.
Antomarki imperatora mədə xərçəngi diaqnozu qoymuşdu. Bir həkim
kimi o, bu xəbəri imperatora çatdırmalı idi. Onun gözlədiyinin
əksinə, sərkərdə xəbəri soyuqqanlılıqla qarşıladı. 1821-ci ildə
Napoleonun vəziyyəti pisləşdi. Əvvəlcə o, gəzməyə çalışsa da,
sonradan yatağa düşdü və ayağa qalxmadı. Ölümünü hiss edən sərkərdə
vəsiyyət yazmağa başladı. Vəsiyyətnamə 10 günə yazıldı.
İmperator 9 milyon 510 min frankı silahdaşları və xidmətçiləri
arasında bölüşdürdü.
Napoleon vəfat etdikdən sonra Françesko və üç ingilis həkimin
iştirakı ilə meyid yarıldı. Amma həkimlər sərkərdənin ölüm səbəbi
barədə ortaq qərara gələ bilmədilər.
Yuxarıda adı qeyd edilən isveç alim Napoleonun həyatını
araşdırır və məlum olur ki, Austerlisem döyüşündə də sərkərdə qusur
və mədə pozuntusundan şikayət edir. Eyni hal Borodin döyüşündə də
təkrarlanır. 1813-cü ildə Drezden qələbəsindən sonra Napoleonun
mədəsində sancı başlayır və o, ishal olur. 1815-ci ildə sərkərdə
yenə də ciddi xəstələnir. Bütün bu simptomlar siçan zəhərinin
təsirindən baş verirdi. Deməli, imperatora dəfələrlə sui-qəsd
təşkil edilmişdi və Müqəddəs Yelena adasında bu akt uğurla başa
çatdı. İmperator gizli surətdə 17 il ərzində zəhərlənib!
İmperator adadan qaçıb?
Onun ölümü ilə bağlı başqa bir versiya da var. Bu versiyaya
əsasən, Napoleon Müqəddəs Yelena adasından qaçıb. İddiaya əsasən,
onun oxşarı, əsgər Fransua-Ejen Rabo imperatorun yerinə dəfn
edilib. Bəzi iddialara əsasən, Avropaya yollanan Napoleon gəmi
qəzasında vəfat edib. Hətta onun uzun illər Veronda yaşadığı və
Revar adından istifadə etdiyi bildirilir.
Nəticə:
Rəsmi mənbələrə əsasən, Napoleon mədə xərçəngindən vəfat edib.
Həkimlər bu xəstəliyin irsi olduğunu, onun atasının da bu
xəstəlikdən vəfat etdiyini yazırdılar. Amma son illər Napoleon
Bonapartın zəhərlənərək öldürüldüyü artıq sübut edilib.