Bu gün Rusiya Prezidenti Vladimir Putin
Soçidə Yaxın Şərq böhranı ilə bağlı çıxış edərkən "Marşal planı"nı
gündəmə gətirib.
Axar.az xəbər verir ki, Putinin Yaxın Şərqin böhrandan çıxması
üçün təklif etdiyi "Marşal planı" ABŞ-ın o dövrkü dövlət katibi
Corc Marşala aiddir.
1947-ci il iyunun 5-də ABŞ Dövlət katibi Corc Marşal Harvard
Universitetindəki çıxışında sonradan "Marşal planı" kimi
məşhurlaşan planın konturlarını təqdim etmişdi. Həmin plana əsasən,
müharibədən yenicə çıxan və ağır iqtisadi durumda olan Avropaya
böyük miqdarda dəstək nəzərdə tutulurdu.
Bu plana uyğun olaraq, Birləşmiş Ştatlar Avropa dövlətlərinə 20
milyard dollarlıq yardım (həmin dövr üçün bu, çox böyük məbləğ
sayılırdı) təklif etdi. Ancaq bir şərtlə ki, Avropa dövlətləri bu
yardımdan istifadəni çevik, planlı, həm də müştərək şəkildə həyata
keçirsinlər. Avropa dövlətləri ilk dəfə idi ki, bir-biri ilə sıx
şəkildə əməkdaşlıq qurmaqla, vahid iqtisadi qurum kimi fəaliyyət
göstərəcəkdilər. Marşal həm də Sovet İttifaqına, eləcə də onun
Şərqi Avropadakı müttəfiqlərinə də yardım təklif etmişdi. Fəqət,
Stalin bu proqramın bir oyun olduğunu düşünərək, ondan imtina
etmişdi.
Marşal planı ABŞ iqtisadiyyatına da xeyir gətirdi. Çünki Avropa
dövlətlərinə yardım şəklində ayrılan pullar məhz Birləşmiş
Ştatlarda istehsal olunan məhsulların alınmasına xərclənməliydi və
həmin məhsullar amerikan ticarət gəmilərində Atlantik okeanın o
tayından bu tayına daşınmalı idi.
Bu plan həqiqətən öz işini görüb. Artıq 1953-cü ilə qədər
Birləşmiş Ştatlar Avropa iqtisadiyyatına 13 milyard dollar
köçürmüşdü, elə bununla da Avropa iqtisadiyyatı dirçəlmiş oldu.
Marşal planı Avropanın sonradan iqtisadi-siyasi birliyində də
təməl rolunu oynadı.
ABŞ belə bir planı irəli sürməklə, Avropanı və dolayısı ilə
dünyanı iqtisadi xaosdan və bu xaosun doğura biləcəyi siyasi-hərbi
fəlakətlərdən qorumağı hədəfləmişdi. Marşal planı doğrudan da bu
hədəflərə çatdı.
Putin hazırda Yaxın Şərqə güc yolu ilə deyil, böyük yardımlarla
daxil olmağı tövsiyyə edir, Yaxın Şərqin iqtisadi birliyinə və
dünya iqtisadiyyatının bir parçasına çevrilməsinə yönəli növbəti
"Marşal planı"na ehtiyac olduğunu bildirir.